Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1059/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X9, Cavabdeh "xxxx" MMC-nin nümayəndələri X7 və X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qaşrı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli 2(010)-3652/2020 saylı qətnaməsindən iddiaçı və Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığına vurulmuş 3500 manat maddi zərərin və ona dəymiş mənəvi zərərin kompensasiyası kimi 10000 manat məbləğində pulun, ümumilikdə 13500 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də çilingər vəzifəsində işləyir, 19 iyul 2019-cu il tarixdə əmr əsasında təhkim olunduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 124 saylı marşrut xəttinin sonuncu dayanacağında yerləşən dispetçer məntəqəsində işə çıxmış, təxminən saat 13:45 radələrində 124 saylı marşrut üzrə işləyən “Daewo” markalı, 10-TE846 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X4 dispetçer X8 avtobusun əyləc sistemində nasazlıq yarandığını bildirmişdir. S.Əliyev isə ona müraciət etməsini, nasazlığın aradan qaldırılması mümkün olmadıqda isə təmir üçün qaraja göndəriləcəyini bildirmişdir. Ə.Babayev ona yaxınlaşaraq qabaq təkərlərin əyləc sistemində nasazlıq olduğunu bildirmiş və nasazlığın aradan qaldırılmasını xahiş etmişdir. O, sürücü Ə.Babayevə idarə etdiyi avtomaşının sükanını sağ tərəfə döndərməsini bildirib avtobusun əyləc sistemini tənzimləməyə başlamışdır. Bu zaman sürücü işlək vəziyyətdə saxladığı avtobusu irəli hərəkət etdirmiş və avtobusun təkəri ona dəyərək xəsarət yetirmişdir. Həmin vaxt o qışqırdıqda sürücü avtobusu arxaya vermiş və yenidən sağ əl və ayağının, eləcə də ombasının üstündən keçərək ona təkrar xəsarət yetirmişdir. X11 tərəfindən təqdim edilmiş 16.08.2019-cu il tarixli, 1760 saylı arayışda onun “Müştərək travma. Sağ sirkə kasasının arxa kənarıınn qapalı yerdəyişən sınığı və budun arxa çıxığı. Sağ mil sümüyünün tipik yerinin və sağdan V ayaq darağının sümüyünün əsasının qapalı yerdəyişməyən sınığı. Döş qəfəsinin küt travması” diaqnozu ilə xəsarət aldığı göstərilmişdir. Bundan sonra baş vermiş hadisə tədqiq edilərək 20 avqust 2019-cu il tarixdə “İstehsalatda bədbəxt hadisə haqqında” 01/2019 saylı akt tərtib edilmişdir. İstehsalatda baş vermiş qeyd olunan hadisə baş verdikdən sonra məcbur olub müxtəlif tibb müəssisələrində müayinə və müalicə keçmiş, eləcə də 26.07.2019-cu il tarixdə ATUnun X3 “sirkə kasasının osteosintezi” cərrahı əməliyyatına məruz qalmışdır. Müayinə və müalicəsinə, eləcə də əməliyyat olunmasına təxminən 3500 manat məbləğində xərc çəkmişdir. Tərəflərindən 07 avqust 2020-ci il tarixli pretenziya ilə "xxxx" MMC-yə müraciət edilərək 5 gün ərzində ona xəsarət yetirilməsi, eləcə də sağlamlığının korlanması nəticəsində dəymiş maddi zərərin məbləği olaraq 3500 manat məbləğində pulun ona ödənilməsi təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. Cavabdeh təşkilat tərəfindən müraciətinə heç bir cavab verilməmişdir. Bundan başqa cavabdehin təqsiri ucbatından onun sağlamlığına zərər vurulması, bunun nəticəsində sağlamlığını itirməsi, əməliyyata məruz qalması, məcburən uzun müddət ərzində başqalarının yardımı ilə hərəkət etməsi, əlil statusu alması, eləcə də cavabdeh təşkilatın ona vurulmuş zərərin ödənilməsi istiqamətində demək olar ki, heç bir addım atmaması və s. hallar onu mənən alçaltmış, özünə, etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Göstərilənlərə əsasən ona həm də mənəvi zərər vurulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanı simvolik olaraq 10000 manat məbləğində qiymətləndirir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli 2(010)- 3652/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən 3116 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı və Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi, iddianın bütünlükdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi hər iki cavabdehə münasibətdə təmin edilməli idi, lakin məhkəmə iddia tələbini yalnız sığorta şirkətinə münasibətdə qismən təmin etmişdir. ƏM-in 239.1-ci maddəsinə əsasən isə, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində işçiyə dəymiş zərərin bilavasitə işəgötürən tərəfindən ödənilməsi müəyyən edilmişdir. Ona görə də, sağlamlığının itirilməsi nəticəsində vurulmuş zərərin əvəzi hər iki cavabdehdən müştərək qaydada tutulmaldır. Nəzərə alınmalıdır ki, sağlamlığa vurulmuş maddi zərər iddia ərizəsində qeyd olunan məbləğdən qat-qat çoxdur. Cavabdehin təqsiri ucbatından onun sağlamlığına zərər vurulması bunun nəticəsində sağlamlığını itirməyi, əməliyyata məruz qalmağı, eləcə də cavabdeh təşkilatın ona vurulmuş zərərin ödənilməsi istiqamətində demək olar ki, heç bir addım atmaması və s. hallar onu mənəvi alçaltmış, özünə, etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Məhkəmə isə qeyd olunanları nəzərə almamışıdır. Cavabdeh2 Sığorta Şirkəti ASC apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin ona qarşı rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən ASC-yə məktubla müraciət edilərək, İddiaçı 19.07.2019-cu il tarixdə əmək vəzifəsinin icrası zamanı xəsarət aldığı bildirilmiş və Şirkətə təqdim edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair əldə edilmiş çıxarışda İddiaçı əlillik səbəbi kimi ümumi xəstəlik qeyd edilmişdir. Həmin müraciətə cavab olaraq 24.07.2020-ci il tarixli məktubda müayinə aktından çıxarışın (əlilliyin səbəbi əmək zədəsi və əmək qabiliyyətinin itirilməsi faizi qeyd olunmaqla) surəti təqdim olunduqdan sonra sığorta ödənişinin həyata keçirilibkeçirilməməsi barədə qərar qəbul ediləcəyi bildirilmişdir. Nazirlər Kabinetinin 29.10.2010cu il tarixli, 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması” Qaydalarının 2.1-ci maddəsinə əsasən, sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərərçəkmiş sığorta olunanın həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar müalicəsinə, əlavə qidalanmasına, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinə, digər peşəyə hazırlanmasına ehtiyacı olduğu və bunları pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmadığı hallarda, Tibbi Sosial Ekspert Komissiyasının qərarı əsasında təyin edilməklə hesablanır. Məhkəmə isə, bu Qaydaları nəzərə almadan TSEK-ın müvafiq qərarı olmadan iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərə əsaslanaraq onun xeyrinə cavabdeh tərəfindən 3116 manat ödənilməsini qət etmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 27.11.2020-ci il tarixli məlumatına əsasən məhkəmələrə 02.12.2020-ci il saat 06:00-dan 23.12.2020-ci il saat 06:00-dək icraatlarında olan işlərə baxılmasını müvəqqəti olaraq təxirə salınması tövsiyə edilmiş, lakin tövsiyə nəzərə alınmayaraq rayon məhkəməsi tərəfindən cavabdehə bildiriş göndərilmədən 02.12.2020-ci il tarixdə iş üzrə qətnamə qəbul edilmişdir. Qəbul olunan qətnamə şirkətə göndərilməmiş, elektron sistemdə yerləşdirilməmişdir. İddiaçının oğlunun qətnamə əsasında təmin edilmiş ödənişi almaq məqsədi ilə Şirkətin ünvanına gəldiyi zaman cavabdeh qətnamə ilə tanış olmuş və onun surətini əldə etmək imkanları yaranmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2021-ci il tarixli 2(103)- 3270/2021 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3652/2020 saylı iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsinin “Cavabdeh2 Sığorta Şirkəti ASC-dən 3116 manatın tutularaq İddiaçı verilməsi” hissəsində ləğv olunması, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” barədə iddia tələblərinin Cavabdeh2 Sığorta Şirkəti ASC-yə münasibətdə də rədd olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki kollegiyasının 04 noyabr 2021-ci il tarixli 2(102)-5062/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3270/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili təmsil etdiyi şəxsin apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi-vəkili qeyd etdi ki, hazırda tələb edilən məbləğ sığorta ödənişi məbləğinə aid deyildir, sağlamlığın bərpası üçün çəkilmiş xərcləri tələb edirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi ASC-nin apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, əlilliyə dair sənəddə əlilliyin səbəbi ümumi xəstəlik yazıldığı üçün imtina etmişlər, hazırda isə müvafiq düzəliş edilmişdir, buna görə də iddiaçının itirdiyi əmək qabilliyyətinin dərəcəsinə görə ona sığorta ödənişi aparılacaqdır, lakin iddiaçının hazırki tələbi sığorta ödənişi deyil, sağlamlığının bərpası üçün çəkdiyi xərci tələb edir, ona görə ASC-yə münasibətdə həmin tələb təmin edilə bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC nümayəndələri qeyd etdilər ki, iddiaçıya ümumilikdə 4815 manat sosial ödənişlər etmişlər, o cümlədən hər ay 330 manat əmək haqqı ödənilmişdir, lakin bü ödənişlərin iddiaçının müayinə və müalicəsinə aidiyyəti olmamışdır, müayinə və müalicə üçün ödəniş edilməsi ilə bağlı hər hansı sübut təqdim edə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Yalnız sığorta müqaviləsinin mövcud olması faktına (halbuki həmin müqavilənin icra olunması təsdiq olunmur) istinad edilərək işəgötürənin məsuliyyətdən azad edilməsi nəticəsinə gəlməklə apelyasiya instansiyası məhkəməsi haqlı olmamışdır. Apelyasiya instansiyası məhkəməsi ilkin olaraq Əmək Məcəlləsinin 191-ci maddəsində göstərilən əsasların mövcud olmasını müəyyən etməli və işəgötürənin baxılan iş üzrə irəli sürülən tələb üzrə məsuliyyəti aydınlaşdırmalı idi. Lakin məhkəmə tərəfindən belə araşdırmanın aparılması isə ümumiyyətlə təmin edilməmişdir. Digər cavabdehə münasibətdə iddia tələbini rədd edərkən məhkəmənin gəldiyi nəticəsi göstərdiyi kimi ona təyin olunan əlilliyin ümumi əsaslı olması ilə bağlı olmuşdur. İddiaçı tərəf kassasiya şikayətində göstərir ki, müvafiq olaraq ona əlilliyin təyin edilməsinə əsas olan inzibati orqanın aktını mübahisələndirmiş və inzibati məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. Bu halda həmin işin baxılıb qurtarması vaxtınadək icraatın dayandırılmalı olmasını apelyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırsa da onun vəsatəti əsaslandırılmadan təmin olunmamışdır. Qeyd edilməlidir ki, yeni apelyasiya baxışnda iddiaçının həmin vəsatəti araşdırılmalı, inzibati qaydada irəli sürmüş iddianin hazırkı işlə bağlı olması müzakirə olunmalı və əsaslandırılmış qərar qəbul olunmalıdır. Bundan sonra hər iki cavabdehə qarşı irəli sürülmüş tələblər mövcud sübutlar əsasında müstəqil olaraq qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, hər iki apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. İş materialları ilə aşağıdakılar müəyyən edilir: “İstehsalatda bədbəxt hadisə haqqında” 20.08.2019-cu il tarixli, 01/2019 nömrəli Aktdan görünür ki, İddiaçı 19 iyul 2019-cu il tarixdə əmr əsasında təhkim olunduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 124 saylı marşrut xəttinin sonuncu dayanacağında yerləşən dispetçer məntəqəsində işə çıxmışdır. Təxminən saat 13:45 radələrində 124 saylı marşrut üzrə işləyən “Daewo” markalı, 10-TE846 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X4 dispetçer X8 avtobusun əyləc sistemində nasazlıq yarandığını bildirmişdir. S.Əliyev isə ona müraciət etməsini, nasazlığın aradan qaldırılması mümkün olmadıqda isə təmir üçün qaraja göndəriləcəyini bildirmişdir. Ə.Babayev ona yaxınlaşaraq qabaq təkərlərin əyləc sistemində nasazlıq olduğunu bildirmiş və nasazlığın aradan qaldırılmasını xahiş etmişdir. O, sürücü Ə.Babayevə idarə etdiyi avtomaşının sükanını sağ tərəfə döndərməsini bildirib avtobusun əyləc sistemini tənzimləməyə başlamışdır. Bu zaman sürücü işlək vəziyyətdə saxladığı avtobusu irəli hərəkət etdirmiş və avtobusun təkəri ona dəyərək xəsarət yetirmişdir. Həmin vaxt o qışqırdıqda sürücü avtobusu arxaya vermiş və yenidən sağ əl və ayağının, eləcə də ombasının üstündən keçərək ona təkrar xəsarət yetirmişdir. X11 tərəfindən təqdim edilmiş 16.08.2019-cu il tarixli, 1760 saylı arayışda onun “Müştərək travma. Sağ sirkə kasasının arxa kənarıınn qapalı yerdəyişən sınığı və budun arxa çıxığı. Sağ mil sümüyünün tipik yerinin və sağdan V ayaq darağının sümüyünün əsasının qapalı yerdəyişməyən sınığı. Döş qəfəsinin küt travması” diaqnozu ilə xəsarət aldığı göstərilmişdir. 28 nömrəli Şəhər Poliklinikası tərəfindən 23.04.2020-ci il tarixdə verilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı 19.07.2020-ci il tarixdə alınmış travma ilə əlaqədar sol sirkə kasasının medial divarının sınığı ilə əlaqədar osteosintez (metal lövhə) əsas xəstəlik diaqnozu qoyulmuş, Aparılan stasionar və ambulator kompleks müalicələrə baxmayaraq, əmək qabiliyyəti bərpa olunmamışdır. Hazırda təkrar müalicə üçün ixtisaslaşdırılmış həkim konsultasiyasına göndərilir. “Mediland” Hospital tərəfindən verilmiş 14.07.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı ortepidya şöbəsində həkim müayinəsindən keçmək üçün 50 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Tibb Universitetinin X6 tərəfindən verilmiş 27.07.2019-cu il tarixli, ƏİA/3 seriyalı, 937397 nömrəli qəbz, 28.08.2019-cu il tarixli, ƏİA/4 seriyalı, 203157 nömrəli qəbz və 26.07.2019-cu il tarixli qəbzlərdən görünür ki, müvafiq olaraq İddiaçı tərəfindən əməliyyat üçün 1900 manat məbləğində, müayinə üçün 42 manat məbləğində və budçanaq oynaqlarının rentgenoqrafiyası üçün 24 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının qərarından elektron çıxarışdan görünür ki, İddiaçı üçüncü dərəcəli əlillik təyin edilmiş, səbəbi kimi istehsalat zədəsi göstərilmişdir. Həmçinin müəyyən edilir ki, 45% əmək qabiliyyətini itirmişdir. Cavabdeh2 Sığorta Şirkəti ASC ilə 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC arasında bağlanılmış 27.01.2014-cü il tarixli, QAL-00011106 saylı icrbari həyat sığorta müqaviləsinə PR-02 saylı Prolanqasiyadan görünür ki, İddiaçı sığorta məbləği 31648.16 manat, sığorta tarifi 1.50%, sığorta haqqı 54 manat təşkil edir. Bu prolonqasiya ilə sığorta təminatı 16 avqust 2018-ci il tarixindən 16 avqust 2019-cu il tarixinədək müddəti əhatə edir və bu təminat sığorta haqqının ödənildiyi gündən etibarən qüvvəyə minir. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanılmış 21.07.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı sığorta ödənişinin verilməsi ilə bağlı "xxxx" ASC-yə yazılı müraciət edilmişdir. Məktub sifarişli göndərilmiş, bu barədə qəbz iş materiallarına əlavə edilmişdir. İddiaçı baş vermiş bədbəxt hadisə nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sığorta hadisəsi baş vermişdir, belə olan halda sığortaçı Cavabdeh2 Sığorta Şirkəti ASC iddiaçıya sığorta ödənişi etməlidir. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sığorta hadisəsinin baş verməsi və iddiaçının xəsarət alması işin mübahisəsiz halıdır. İddiaçıya istehsalat zədəsi səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmiş və əmək qabiliyyətinin 45%-i itirilmişdir. Sığorta şirkəti də sığorta ödənişini aparmaqdan imtina etmir. Lakin iddiaçı hazırki iddia tələbində sığorta hadisəsinə görə sığorta ödənişini tələb etmir, iddiaçının tələbi vurulmuş zərərə görə, yəni müayinə və müalicəyə çəkilmiş xərclərin ödənilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Məcəllənin 192-ci maddəsinə görə, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Məcəllənin 195-ci maddəsinin «c» bəndinə görə, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, hadisə baş vermiş, hadisə əməyin təhlükəsizlik qaydalarının pozulması ilə bağlı olmuş, hadisə nəticəsində iddiaçı xəsarət almış, hadisənin baş verməsində işəgötürən (digər işçilər) təqsirli olmuş və iddiaçıya əlillik dərəcəsi təyin edilmişdir. Hadisənin baş verməsindən bilavasitə sonra və tərəflərin mübahisələndirmədiyi istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı tərtib olunmuş aktla müəyyən olunur ki, bədbəxt hadisənin səbəbi "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş «Sürücülərin marşurut xəttində təhlükəsiz işləməsinə dair Təlimat»ın 28-ci bəndinin (avtobusda olan nasazlığın aradan qaldırmağa başlamazdan əvvəl avtobusun mühərrikini söndürməli, sürətlər qutusunun dəstəyi neytral sürət ötürücüsü ilə birləşdirilməli, əl əyləcini çəkməli, avtobusa tam baxış keçirməlidir) və 29-cu bəndinin (texniki xidmət və təmir zamanı təhlükəsizlik texnikası qaydalarına əməl etməli, təkərlərin qabaq və arxasına dayaqların qoyulmasına nəzarət etməlidir) tələblərinə riayət olunmaması; "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş «Avtodəstə rəisinin vəzifə Təlimatı»nın «Vəzifə borcu» bölməsinin 13-cü bəndinin (sürücülərlə istehsalat təlimatının keçirilməsini həyata keçirir, onların istehsalat və əmək intizamı, yol hərəkəti, əməyin mühafizəsi və təhlükəsizliyi texnikası qaydalarına ciddi riayət etmələrinə nəzarət edir) tələblərinə riayət edilməməsi olmuşdur. Bu zaman isə əmək qanunverciliyinin pozulmasına yol vermiş şəxslər kimi Salah Ələsgərov və Ələkbər Babayevin olması müəyyən edilmişdir. Sadalananlara əsasən Kollegiya qeyd edir ki, iddiaçı baş vermiş hadisə nəticəsində sağlamlığına vurulmuş zərərin bərpası üçün çəkdiyi xərcləri tələb etməkdə haqlı olmuşdur, bu hissədə iddia əsaslı olmaqla qismən təmin edilməlidir. Belə ki, iddiaçı ona dəymiş maddi zərərin əvəzi kimi 3500 manat məbləğində pul tələb etsə də iş materiallarında olan qəbzlərdən maddi zərərin yalnız 3116 manat hissəsi sübut edilir. Qalan hissədə xərclərlə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Odur ki, cavabdeh "xxxx" MMC-dən iddiaçıya dəymiş maddi zərərin əvəzi kimi 3116 manat məbləğində pul tutulmalıdır. Digər cavabdehə münasibətdə isə iddia tələbi əsassızdır, belə ki, yuxarıda qeyd edildiyi kimi hazırki iddia tələbi sığorta ödənişi ilə bağlı olmamışdır, həmin cavabdehə münasibətdə iddia tələbinin təmin edilməsi qanunvericiliyin tələblərinə görə yolverilməzdir. İddia tələbinin mənəvi zərər hissəsində Kollegiya aşağıdakıları qeyd edir. Əmək Məcəlləsinin 196.5-ci maddəsinə görə işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin «Qeyd»ində göstərilmişdir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Göründüyü kimi, əmək qanunvericiliyində əmək münasibətləri prosesində vurulmuş mənəvi ziyanın əhatə dairəsi konkret olaraq müəyyənləşdirilmişdir. Hazırki iş üzrə iddiaçıya münasibətdə əmək münasibətləri prosesində işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən mənəvi ziyanın əhatə etdiyi qanunvericilikdə sadalanan hallardan hər hansı birinin baş verməsi sübuta yetirilmir və işin halları ilə müəyyən edilmir. Odur ki, bu hissədə iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya onu da qeyd edir ki, ümumi tələb 13500 manat olduğundan, iddiaçı qətnamədən kassasiya şikayəti verə bilər. Cavabdeh "xxxx" MMC-dən 3116 manat tutulmaqla mübahisləndrilən hissə 5000 manatdan az olduğu, eləcə də Cavabdeh2 Sığorta Şirkəti ASC-yə münasibətdə iddia tam rədd olunduğu üçün, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə, cavabdehlər qətnamədən kassasiya şikayəti verilə bilməzlər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 401, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apellyasiya şikayəti qismən, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin apelyasiya şikayəti tam təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli 2(010)- 3652/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 3116 manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1059/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1059/2022
13.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver