Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10591/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Elməddin Rəhimovun, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, zərərin əvəzi kimi subroqasiya qaydasında 4.350 manat cavabdehlədən tutularaq iddiaçya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 4.350 manat, habelə iddia ərizəsinin verilməsin görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat Cavabdeh1 tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Elməddin Rəhimov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. 02.05.2012-ci ildə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı Cavabdeh2 MMC-nin mülkiyyətində olan, Cavabdeh1 idarə etdiyi “Kamaz 54115-010” markalı, **-JP- *** dövlət qeydiyyat nişanlı avtimobil iddiaçının sığorta etdiyi ”Chevrolet Aveo” markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub, həmin avtomobil mexaniki zədə alıb və onun mülkiyyətçisinə maddi zərər dəyib. Hadisənin Cavabdeh1 təqsiri üzündən baş verməsi məhkəmə qərarı ilə müəyyənləşdirilib. İddiaçı zərərçəkənə 7.200 manat sığorta ödənişi verib. Bundan sonra iddiaçı cavabdehlərdən – “Kamaz 54115-010” markalı avtomobilin mülkiyyətçisindən və sürücüsündən zərərin əvəzinin subroqasiya qaydasında ona ödənilməsini tələb edib. İddiaçı iddia ərizəsində qeyd edir ki, 7.200 manatın cavabdeh tərəfindən sığorta şirkətinə ödənilməsi barədə razılıq əldə edilib, 2.850 manat ödənilib, qalan hissədə razılaşma yerinə yetirilməyib. Odur ki, qalan hissə - 4.350 manat ödənilməlidir. İddaçı ilə Cavabdeh1 arasında 19.07.2012-ci ildə bağlanmış “borcun etirafı barədə” müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən (iş v. 94, 95) görünür ki, tərəflər zərərə görə 3.000 manat ödənilməsini razılaşdırıblar, cavabdeh iddiaçının qarşısında həmin məbləğdə borcunun olduğunu etiraf edib və borcu hissə-hissə ödəməyi öhdəsinə götürüb. Bu müqavilə təsdiq edir ki, iddiaçı ilə Cavabdeh1 arasında Mülki Məcəllənin 882-ci maddəsində göstərilən, borcun etirafı barədə mücərrəd müqavilədən əmələ gələn öhdəlik mövcuddur. Bu öhdəlik müqavilə öhdəliyidir. İddiaçı isə mülki hüquq pozuntusundan (deliktdən) əmələ gələn öhdəliyə istinad edərək pul tələb edir. Yəni iddiaçının tələbi ona əsaslanır ki, zərərçəkənin delikt nəticəsində yaranımış hüququ (zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ) subroqasiya qaydasında ona keçib. Lakin 882-ci maddənin mənasına görə iddiaçı deliktə əsaslanıb tələb irəli sürmək hüququn malik deyil, çünki borcun etirafı barədə mücərrəd müqavilə bağlanıb, nəticədə isə müqavilədən əmələ gələn öhdəlik yaranıb. İddiaçı deliktə əsaslanaraq o halda tələb irəli sürə bilər ki, mövcud borcun etirafı barədə müqavilə etibarsız hesab olunsun. Lakin müqavilənin etibarsızlığı barədə tələb irəli sürülməyib. Cavabdeh tərəf bildirir ki, cavabdeh həmin müqavilədən gələn 3.000 manat pul öhdəliyini tam icra edib. İddiaçı isə iddia ərizəsində bildirib ki, sığorta şirkətinə cəmi 2.850 manat ödənilib. Məhkəmə müqavilə üzrə borcun tam ödənilib-ödənilmədiyini araşdırmır, çünki müqavilə üzrə borcun ödənilməsi barədə tələb irəli sürülməyib. Əgər iddiaçı hesab edirsə ki, cavabdeh 19.07.2012-ci il tarixdli “borcun etirafı barədə” müqavilə üzrə borcu tam ödəməyib, belə halda həmin müqavilə üzrə öhdəliyin Cavabdeh1 tərəfindən tam icra edilməsi üçün məhkəməyə iddia verə bilər. İddiaçı Cavabdeh1 (sürücü) ilə müqavilə bağlamaqla digər Cavabdeh2 MMCnin (avtomobilin mülikiyyətçisinin) zərərə görə məsuliyyət daşımadığı, zərərə görə yalnız Cavabdeh1 məsuliyyət daşıdığı ilə razılaşıb. Odur ki, Mülki Məcəllənin 882-ci maddəsinin mənasına görə iddiaçının Cavabdeh2 MMC-dən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yoxdur. Beləliklə, apellyasiya şikayəti əsaslıdır. Apellyasiya şikayətində ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğuna görə qətnamə tam ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə” iddiası rədd olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-10591/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10591/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver