Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10599/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinin naturada ayrılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 iyul 2016-ci il tarixli qətnaməsi ilə tanınmış və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Seriya RX ******* saylı çıxarış verilmiş Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağın 0,05 hektarının naturada ayrılaraq ona təhvil verilməsi, ayrıca yolunun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB QSC-nin ona qarşı iddiası təmin edilərək ondan əsas borc olaraq 116.495 manat, faiz borcu olaraq 3.804 manat, cərimə borcu olaraq 10.000 manat, iddia ərizəsinə məhkəmədə baxılmasından ötrü dövlət rüsumu olaraq 20 manat, ümumilikdə 169.753,04 manat məbləğində kredit borcunun tutularaq iddiaçıya ödənilməsi, tələbin ona məxsus ipoteka ilə yüklü olan Bakı şəhəri Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0,05443 ha torpaq sahəsində yerləşən bir mətrəbəli, bir otaqlı, 10.4 kv metr yaşayış, 29.09 kv köməkçi sahədən ibarət olan 613A nömrəli bağ evinə və Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0.1162 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, bir otaqlı, 14.41 kv yaşayış, 39,74 kv köməkçi sahədən ibarət 613 nömrəli bağ sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin hərracdan satılması, borcun satışdan əldə ediləcək vəsait hesabına ödənilməsi və onun həmin bağ evlərindən çıxarılması qət edilmişdir. Həmin qətnamə Bakı Apelyasiya Məhkəməsində və Ali Məhkəmədə dəyişdirilmədən saxlanılmış, 01.10.2012-ci il tarixli icra vərəqəsinə əsasən icraya yönəlmişdir. Qeyd edilən 613 və 613A bağ sahələri ona atasından və dayısından miras qalmış, 616 saylı bağ sahəsinə bitişik istifadə edilmişdir. 616 saylı bağ sahəsinə onun icarə hüququ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 iyul 2016-cı il tarixli qətnaməsi ilə tanınmış və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Seriya RX ******* saylı çıxarış verilmişdir. Hər üç bağ sahəsi bu günə kimi vahid bağ sahəsi kimi onun tərəfindən istifadə edilmiş, sərhədləri müəyyən edilməmişdir. Belə bir halda bağın bir hissəsinin hərracdan satılması onun qanunla qorunan hüquqlarının kobud surətdə pozulmasına səbəb olacaqdır. Odur ki, hesab edir ki, onun üzərində icarə hüququn tanınmış və mübahisə predmeti olmayan ümumi ölçüsü 0,10 ha olan 616 saylı bağın 0,05 ha hissəsi naturada ayrılaraq ona təhvil verilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh LPO "xxxx" QSC-yə qarşı torpaq sahəsinin naturada ayrılması barədə iddia tələbinin təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanuni əsaslarla istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağ sahəsi, "xxxx" KB QSC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində istifadədə olan 0.05443 ha torpaq sahəsində yerləşən 61За nömrəli bağ evi və 0.01162 ha torpaq sahəsi olan 613 nömrəli bağ evi bir-birilərinə birləşikdir və naturada ayrılmamışlar. Həmin ipoteka predmetləri satılacağı halda 616 saylı bağ sahəsinin özgəninkiləşdirilməsi təhlükəsi yaranacaqdır. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və iş üzrə səhv nəticəyə gəlmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram ünvanlayaraq səhətində problem yarandığına görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də, bununla bağlı əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının nümayəndəsi X2 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair ekspertin rəyini sübut kimi qəbul edir və hesab edir ki, mübahisəli Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağın 0,05 hektarının naturada ayrılaraq iddiaçıya təhvil verilməsi texniki cəhətdən mümkün olmadığından, mövcud iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1 və 224.2-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının nümayəndəsi Türhan Quliyevin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə almaqla mülki iş materiallarının tədqiqindən aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 5059/2012 saylı, 01 oktyabr 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı "xxxx" KB QSC-nin İddiaçı qarşı iddiası təmin edilməklə ondan əsas borc olaraq 116.495 manat, faiz borcu olaraq 3.804 manat, cərimə borcu olaraq 10.000 manat, iddia ərizəsinə məhkəmədə baxılmasından ötrü dövlət rüsumu olaraq 20 manat, ümumilikdə 169.753,04 manat məbləğində kredit borcunun tutularaq iddiaçıya ödənilməsi, tələbin İddiaçı məxsus ipoteka ilə yüklü olan Bakı şəhəri Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0,05443 ha torpaq sahəsində yerləşən bir mətrəbəli, bir otaqlı, 10.4 kv metr yaşayış, 29.09 kv köməkçi sahədən ibarət olan 613A nömrəli bağ evinə və Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0.1162 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, bir otaqlı, 14.41 kv.m yaşayış, 39,74 kv.m köməkçi sahədən ibarət 613 nömrəli bağ sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin hərracdan satılması, borcun satışdan əldə ediləcək vəsait hesabına ödənilməsi və İddiaçı həmin bağ evlərindən çıxarılması qət edilmişdir.(İ.vər. 4 - 8) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li, 01.08.2017-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsindən ibarət 616 saylı bağ sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyesterində 745 nömrəli reyest kitabının 70528 nömrəli vərəqində qeydiyyata alınmışdır.(İ.vər. 9) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizasının 10/3042 saylı 12 aprel 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağ sahəsi bir tərəfdən qonşu torpaq sahəsi ilə, digər tərəfdən isə iddiaçının faktiki istifadəsində olan torpaq sahələri ilə əhatə olunduğuna, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daxilində 616 saylı bağ sahəsinin yerləşdiyi hissənin faktiki olaraq birbaşa giriş-çıxışı olmadığına, həmçinin mülki iş materiallarında və təqdim olunmuş mütəxəssis rəyində sənəd üzrə 616 saylı bağ sahəsinə hər hansı tərəfdən giriş-çıxışın olmasına dair məlumat mövcud olmadığına görə, həmin bağ sahəsinin naturada ayrılması texniki baxımdan mümkün deyildir. Ekspert rəyində həmçinin qeyd olunur ki, İddiaçı faktiki istifadəsində 4975 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində 128 kv.m sahəsi olan fərdi yaşayış evi mövcuddur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində 3 bağ sahəsinin (0.10 ha sahəsi olan 616A saylı bağ, 0.05 ha sahəsi olan 616 saylı bağ və 0.06 ha sahəsi olan 613K saylı bağ) və əlavə torpaq sahəsinin olduğu müəyyən olunmuşdur. İddiaçının faktiki istifadəsində olan bağ sahəsinə yalnız bir tərəfdən giriş-çıxış yolu mövcuddur. Mütəxəssis rəyinə əlavə olunmuş sxemdən göründüyü kimi 616 saylı bağ sahəsinin yerləşdiyi hissə bir tərəfdən qonşu torpaq sahəsi ilə digər tərəfdən digər sahələrlə əhatə olunmuşdur. 616 saylı bağ sahəsinin faktiki olaraq yola birbaşa çıxışı yoxdur. (İ.vər. 74 - 75) Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquq şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 224.2-ci maddəsinə əsasən əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizasının 10/3042 saylı 12 aprel 2021-ci il tarixli rəyindən görünür ki, mübahisəli Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağın 0,05 hektarının naturada ayrılaraq iddiaçıya təhvil verilməsi texniki cəhətdən mümkün deyildir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 10/3042 saylı, 12 aprel 2021-ci il tarixli eksper rəyini sübut kimi qəbul edib, mübahisəli Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağın 0,05 hektarının naturada ayrılaraq iddiaçıya təhvil verilməsi texniki cəhətdən mümkün olmadığından, mövcud iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı оlmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır. Belə ki, iddiaçı apelyasiya şikayətində göstərdiyi dəlillərini təsdiq edən heç bir mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10599/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10599/2021
07.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver