Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-106/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh3 və onun nümayəndəsi X1, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)-423/2019 saylı qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi 10A ünvanında yerləşən qeyri-yaşayış binası (çörək sexi) xx xxxxxxx 2011-ci il tarixli texniki pasporta və daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2012-ci il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçına məxsusdur. Həmin qeyri-yaşayış sahəsi “Bakı Geofizika Cihazları Təcrübə-Eksperimental” zavodu ilə bağlanmış xx.xx.1992-ci il tarixli müqaviləyə əsasən dəyəri ödənildikdən sonra İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı mülkiyyətini təsdiq etmək üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçına zavoddan alınan mülkiyyətə 1992-ci ilin oktyabr ayında texniki pasport verilmişdir. Lakin İddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinə dair istifadə və sahiblik hüquqları mövcud olsa da, uzun müddət firmanın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından firma tam mülkiyyət hüququnu həyata keçirə bilməmişdir. Bu müddət ərzində bir neçə şəxs şirkətin öz hüquqlarını tam həyata keçirə bilməməsindən istifadə edərək, şirkətə məxsus qeyri-yaşayış sahəsini zəbt etmiş, orada yaşamağa başlamış və sonradan qanunsuz olaraq qeydiyyat sənədləri düzəltmişlər. Firmanın rəhbərliyi həmin şəxslərdən dəfələrlə qeyri-yaşayış sahəsini boşaltmalarını tələb etsələr də, onlar bundan imtina etmiş və qeyd edilən ünvanda pasport qeydiyyatında olduqlarını bildirmişlər. Hazırkı iş üzrə cavabdehlərin İddiaçına məxsus qeyri-yaşayış sahəsində yaşamaları və oraya pasport qeydiyyatına düşmələri qanunsuz olduğundan, İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra, tərəflərindən qeyd edilən şəxslərin pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2-1 (82)-2149/2015 saylı qərarı ilə Cavabdeh1 ünvan 1 ev 10B ünvanı üzrə, Cavabdeh2 ünvan 1 ev 10D ünvanı üzrə, X2 və X3 ünvan 1 ev 10A ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(103)-447/2017 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı Cavabdeh2 ünvan 1 ev 10D ünvanı üzrə, X2 və X3 ünvan 1 ev 10A ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 isə ümumiyyətlə qeyri-yaşayış sahəsində qeydiyyatsız yaşayırlar. Cavabdehlərin İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsində yaşamaları qanunsuz olduğundan, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 423/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Əbdül oğlu və Cavabdeh5 İddiaçına məxsus Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi 10 A ünvanında yerləşən qeyriyaşayış binasından çıxarılmaları qət edilmişdir. İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti vermişlər. İddiaçı iddia tələbinin tam təmin olunmasını, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 isə qətnamənin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etmişlər. İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini Cavabdeh1 və Cavabdeh6 qarşı hissədə rədd edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. İddiaçı hesab edir ki, İddiaçına məxsus qeyri-yaşayış sahəsindən Cavabdeh1 və Cavabdeh6 da çıxarılmalıdır. Belə ki, Cavabdeh1 qeydiyyatı Bakı şəhəri Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi 10B ünvanına olduğu halda, onun iddiaçıya məxsus Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi 10A ünvanında yaşaması qanunsuz və əsassızdır. Bundan əlavə Cavabdeh6 yaşadığı tikili yeni inşa edilməmişdir. Həmin tikilinin İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir hissəsi olması həm vizual baxışla, həm də firmanın adına tərtib edilmiş qeyri-yaşayış sahəsinin texniki pasportundan açıq-aşkar görünür. O isə qanunsuz olaraq həmin sahəni zəbt etməklə orada yaşayır. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi tam təmin edilməlidir. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 birgə verdikləri apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, onlar İddiaçına məxsus qeyri-yaşayış sahəsini özbaşına zəbt etməklə orada məskunlaşmamışlar. Onların hər birinin yaşadığı qeyriyaşayış sahələri faktiki olaraq uzun illərdir ki, yaşayış sahəsinə çevrilmiş və oradakı təmirtikinti işlərinə külli miqdarda vəsait sərf etmişlər. Həmin qeyri-yaşayış sahəsini Nəriman Həsənov özü şəxsən hissələrə bölərək ayrı-ayrılıqda onlara satmışdır. Lakin həmin vaxtlar onun qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı üçün alqısatqı müqavilələri tərtib edilməmiş və qanunla müəyyən edilmiş formada notarial qaydada təsdiq olunmamışdır. Buna baxmayaraq firmanın direktoru onlara müxtəlif məzmunlu etibarnamələr verməklə öz iradəsini həmin sənədlərdə aydın şəkildə ifadə etmişdir. 15 ildən artıqdır ki, onlar həmin evlərdə yaşayırlar. Məhkəmə onların həmin sahələrdən çıxarılmağına qiymət verərkən iddiaçının özü tərəfindən vaxtilə həmin sahəyə onları satınalma yolu ilə köçürülmələrinə qiymət verməmişdir. Cavabdeh3 da qətnamədən ayrıca apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, o hal-hazırda yaşadığı sahəni Cavabdeh4 4000 ABŞ dolları müqabilində almışdır. İddiaçı direktoru X14 Babayevə öz imzası ilə təsdiq etdiyi bildiriş vermiş və həmin bildirişə əsasən sonuncuya həmin sahəni satmağa icazə vermişdir. O, Füzuli rayonundan məcburi köçkündür və uzun illərdir ki, burada yaşayır. Həmin qeyriyaşayış sahəsini yaşayış sahəsi halına gətirmiş və bərpa işlərinə xeyli xərc çəkmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi öz apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətlərinin təmin edilməməsini, cavabdehlər isə öz apellyasiya şikayətlərinin təmin edilməsini məhkəmədən xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 423/2019 saylı qətnaməsi qismən, yəni Cavabdeh1 qarşı hissədə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə də iddia tələbi təmin edilməli, cavabdehlərin apellyasiya şikayətləri isə təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi 10A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (çörək sexi) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2011-ci il tarixli texniki pasporta və daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2012-ci il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə cavabdehlər həmin qeyri-yaşayış sahəsinə daxil olaraq orada məskunlaşmış və iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə dair texniki pasportda öz əksini tapmayan müxtəlif təyinatlı əlavə tikililər inşa etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Əbdül oğlu və Cavabdeh5 İddiaçına məxsus Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi 10 A ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılmaları qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Əbdül oğlu və Cavabdeh5 izahatlarında və apellyasiya şikayətlərində İddiaçına məxsus olan qeyri-yaşayış sahəsinin ayrı-ayrı hissələrində firmanın direktoru X4 razılığı ilə məskunlaşdıqlarını, həmin sahələrin onlara Nəriman Həsənov tərəfindən satıldığını, qeyri-yaşayış sahələrinin faktiki olaraq yaşayış sahələrinə çevrilərək uzun müddətdir ki, orada yaşadıqlarını bildirsələr də, məskunlaşdıqları sahələrə mülkiyyət, icarə və sair hüquqlarını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişlər. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 20041 saylı rəyinə əsasən, cavabdehlərin yaşadığı tikililər faktiki vəziyyətində İddiaçı mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi 10 A ünvanında yerləşən qeyri-yaşayış obyektinin dairəsinə (hüdudları daxilinə) düşür. Cavabdehlər izahatlarında göstərmişlər ki, həmin qeyri-yaşayış sahəsində məskunlaşdıqdan sonra onlar orada əlavə artırmalar etmiş və təmir-tikinti işləri aparmışlar. Məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 20041 saylı rəyində də qeyd olunmuşdur ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi 10 A ünvanında yerləşən İddiaçına məxsus qeyri-yaşayış sahəsində müvafiq texniki pasportdan kənar, konstruktiv dəyişikliklər aparılaraq texniki pasportda öz əksini tapmamış müxtəlif təyinatlı əlavə tikililərin olduğu müəyyən edilir. İş materiallarından görünür ki, qeyri-yaşayış sahəsinin satın alınması, orada təmir-tikinti işlərinin aparılması və mənəvi ziyana görə cavabdehlər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində İddiaçına qarşı ayrıca iddia qaldırmışlar. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, gələcəkdə qətnamənin icrasında qeyri-müəyyənlik yaranmaması üçün cavabdehlərin yalnız İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılması başa düşülməlidir. Odur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməlidir. İddiaçı apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh6 qarşı hissədə rədd edərkən düzgün, Cavabdeh1 qarşı hissədə rədd edərkən isə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı şirkətinin prezidenti N.Həsənov xx.xx.2000-ci il tarixli məkubla Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək İddiaçı şirkətinə məxsus olan Bakı şəhəri S.Bəhlulzadə küçəsi 10A-da yerləşən torpaq sahəsindən 450 kvadrat metr torpaq sahəsinin Cavabdeh6 fərdi ev tikintisi üçün ayrılmasına razılığını bildirmiş, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 762 saylı sərəncamı ilə Cavabdeh6 həmin torpaq sahəsində tikilmiş 10B saylı yaşayış evinin mülkiyyətçisi kimi müəyyən edilmiş, xx.xx.2004-cü il tarixdə Cavabdeh6 həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi verilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 20041 saylı rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi 10 A ünvanında yerləşən İddiaçına məxsus qeyri-yaşayış sahəsinin texniki pasportunda əks olunmuş tikililərin Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi 10 B ünvanında yerləşən tikililərlə əlaqəsi olduğu müəyyən edilir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 10/3090 saylı rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına və arxiv məlumatlarında olan texniki pasportların baş planına əsasən, Cavabdeh6 adına verilmiş Qeydiyyat vəsiqəsində göstərilən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmış qeyri-yaşayış sahəsinin tikililəri və istifadəsində olan torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür. Beləliklə, nə qədər ki, İddiaçı adına qeydiyyata alınmış qeyri-yaşayış sahəsinin tikililəri və istifadəsində olan torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşən fərdi yaşayış evi üzərində Cavabdeh6 mülkiyyət hüququ qeydə alınmışdır, hazırkı iddia tələbi ona qarşı hissədə təmin oluna bilməz. Cavabdeh1 qarşı hissədə iddia tələbini rədd edərkən məhkəmə ona əsaslanmışdır ki, Cavabdeh1 Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi 10 B ünvanına rəsmi pasport qeydiyyatı vardır, onun həmin ünvana pasport qeydiyyatı ləğv edilməmiş və istifadə hüququ itirilməmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 həqiqətən Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi 10 B ünvanına rəsmi pasport qeydiyyatı vardır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı X4 cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh4 qarşı ona məxsus olan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi 10 A saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılma tələbi və cavabdehlərin həmin sahəyə hüquqlarının tanınması barədə qarşılıqlı iddiaları rədd edilmişdir. Məhkəmə bu qənaətə gələrkən ona istinad etmişdir ki, X7 həmin qeyri-yaşayış sahəsinin ayrı-ayrı hissələrini cavabdehlərə satmaq adı altında dələduzluq yolu ilə onların pullarını ələ keçirdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur və nə qədər ki, onlara dəymiş ziyan ödənilməmişdir, cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxarılması barədə tələb təmin oluna bilməz. Qətnamənin məzmunundan görünür ki, həmin dövrdə qeyd olunan qeyriyaşayış sahəsi Nəriman Həsənovun mülkiyyətində olmamışdır. Həmin qətnamənin qəbulundan ötən müddətdə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi 10 A saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmış və hazırkı iddianı X7 yox, İddiaçı qaldırmışdır. Cavabdeh1 isə digər cavabdehlərlə birlikdə ona vurulmuş ziyanın əvəzinin ödənilməsi üçün İddiaçına qarşı məhkəmədə ayrıca iddia qaldırmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh1 Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi 10 B ünvanına rəsmi pasport qeydiyyatının olması onun yaşayış yeri üzrə qeydiyyatını əks etdirməklə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi 10 A saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsindən istifadə hüququna əsas vermir. Buna görə də iddia tələbi Cavabdeh1 qarşı hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcləllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni adlı Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Cavabdeh1 münasibətdə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə də iddia tələbi təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 423/2019 saylı qətnaməsi qismən, yəni iddia tələbinin cavabdeh Cavabdeh1 münasibətdə rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdeh1 İddiaçına məxsus Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi 10 A ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 apellyasiya şikayətləri təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə sərf olunmuş 100 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-106/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-106/2021
10.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver