Məhkəmə qərarları › İş №2(103)-10621/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10621/2021

20.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10621/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı oğlunun Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi və mənzilin bərpa edilməsi barədə” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-85/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı oğlunun tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, mənzilin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, Bakı şəhəri Nizami rayonu M.X.Şərifli küçəsindəki 4B ünvandakı 9 saylı mənzildə ailəsi ilə yaşayır.Həmin mənzil mülkiyyət hüququ ilə ona məxsusdur.Mənzilini böyük məbləğdə,20- 25 min manat xərc çəkməklə təmir etdirmişdir.Əvvəllər yaşadığı çoxmərtəbəli evin 8 saylı mənzilində yaşayan qonşuları birgə yaşayış qaydalarına əməl ediblər.Lakin bir-neçə müddətdir ki, divar qonşusu,yəni cavabdeh öz mənzilində hansısa işlə məşğul olub və sonradan onun mənzilinə su sızmağa başlanıb.Bir müddət sonra qonşu divardan su sızması daha tez-tez olub. Ona görə də məcbur olub cavabdehə dəfələrlə xəbərdarlıq etmişdir və ondan mənzilindəki xətlərini təmir etməyi xahiş etmişdir.Mənzildən su axıdılması ilə əlaqədar dəfələrlə mənzil istismar sahəsinə müraciət etmişdir, tədbir görülməsini tələb tələb etmişdir.Mənzil istismar sahəsinin əməkdaşları dəfələrlə qonşu mənzilin sahibinə,cavabdehə xəbərdarlıq etmiş, qanunsuzluğa son qoyulmasını tələb etmişlər.Lakin heç bir nəticəsi olmayıb.Belə ki, Cavabdeh acıqlı şəkildə mənzildə təmir işləri aparmayacağını bildirirr.Ona görə də 22.07.2019-cu il tarixdə Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi Mənzil İstismar fondunun əməkdaşlarının iştirakı ilə mənzillərə baxış keçirilib və qonşunun sanitar qovşağından 9 saylı mənzilə suyun axıdılması, mənzilinin pis vəziyyətə düşməsi,mənzilində əşyaların xarab olması aşkar edilib,mənzildə divar kağızlarının qopması və ya pis vəziyyətə düşməsi,bununla əlaqədar ona böyük məbləğdə ziyan dəyməsi barədə akt tərtib olunub.Bu vaxta qədər cavabdehdən dəyən ziyanın ödənilməsi və ya mənzilin təmir olunması tələb olunsa da, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək imtina edib. Ona görə də hesab edir ki, cavabdehin hərəkətlərinə məhkəmə tərəfindən qiymət verilməli və ona vurulan maddi və mənəvi zərər ödənilməli və mənzil cavabdeh tərəfindən bərpa olunmalıdır. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona 1500 manat maddi ziyan, 500 manat mənəvi ziyan vurmuşdur. Bundan başqa, ödənilən 30 manat dövlət rüsumu da cavabdeh tərəfindən ona qaytarılmalıdır.Odur ki, qeyd olunanları nəzərə alıb, Cavabdeh qanunsuz hərəkəti nəticəsində onun Bakı şəhəri,Nizami rayonu,M.X.Şərifli küçəsindəki 4B saylı evin 9 saylı mənzilinə vurmuş olduğu 1500 manat maddi ziyanın, 500 manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-85/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-85/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermiş vəqətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-85/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. 22 noyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-85/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçının iddia tələbi qətnamənin ləğvinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq aşağıdakıları müəyyən etmişdir: “İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyul 2021-ci il tarixli,10/1649 saylı ekspert rəyində qeyd olunur ki, “Baxış zamanı cavabdehin 8 saylı mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görülə bilən hissəsində qüsur aşkar olunmadığına, su və kanalizasiya xətlərinin çox hissəsinin üzəri bağlı olduğuna,eləcə də mülki iş materiallarında olan aktların məlumatların bir-birinə zidd olduğuna görə iddiaçının 9 saylı mənzilinə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nizami rayonu M.X.Şərifli küçəsindəki 4B evin 9 saylı mənzilində əmələ gələn qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin təqribi dəyəri mövcud orta bazar qiymətlərinə uyğun olaraq 1134 manat məbləğində olduğu müəyyən olundu” İşin hallarından görünür ki, iddiaçıya məxsus olan Bakı şəhəri Nizami rayonu M.X.Şərifli küçəsindəki 4B evin 9 saylı mənzilə su sızma nəticəsində 1134 manat maddi ziyan dəymişdir. Lakin su sızmanın cavabdehin mənzilindən axmasını dəqiqləşdirmək mümkün olmadı.Belə ki, yuxarıda qeyd olunan ekspert rəyinin məzmunundan görünür ki, mütəxəssislər su sızmanın hansı mənzildən axmasını müəyyən edə bilməmişlər”. Birinci instansiya məhkəməsi aşağıdakı hüquq normalarına istinad etmişdir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı apellyasiya şikayətində onun mənzilinə su sızmasının səbəbkarı cavabdehin olmasına əsaslansa da, bununla bağlı müvafiq sübutları məhkəməyə təqdim edə bilmədiyinə görə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 85/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-85/2021 saylı, 24 avqust 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar