Məhkəmə qərarları › İş №2(103)-10624/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10624/2021

26.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10624/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin əldə edilməsinə görə artıq ödənilmiş pulun geri qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, mənzil əldə edilərkən iddiaçı tərəfindən cavabdehə artıq ödənilmiş 12.216 manat cavabehdən alınarq iddiaçıya qaytarılsın, habelə cavabdehin həmin məbləği 2 il 11 ay 5 gün özündə qanunsuz olaraq saxlamaqla faydalanmasına görə 2.981,91 manat faiz cavabehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, artıq ödənilmiş 9.296 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasındakı 149 №-li mənzillə bağlıdır. İddiaçı mənzili 10.04.2018-ci il tarixli müqavilə əsasında cavabdehdən əldə edib. Müqavilədə mənzilin ümumi sahəsi 102,54 kv.m, hər kv.m-in qiyməti 800 manat, cəmi qiymət 82.032 manat göstərilib. İddiaçı həmin pulu cavabdehə ödəyib. İş üzrə keçirilmiş ekspertizasnın rəyi ilə müəyyən olunub ki, mənzilin ümumi sahəsi 87,27 kv.m təşkil edir, bu isə müqavilədə göstərilən sahədən 15,27 kv.m azdır. İddiaçı 15,27 kv.m sahəyə görə ödınilmiş pulu - 12.216 manatı (15,27 kv.m x 800 manat = 12.216 manat) geri tələb edir. Lakin birinci instansiya məhkəməsi hesab etmişdir ki, mənzilin sahəsi 90,92 kv.m təşkil edir. Həmin sahə ilə müqavilədə göstərilən sahənin (102,54 kv.m sahənin) fərqi isə 11,62 kv.m təşkil edir. Odur ki, 11,62 kv.m sahəyə görə ödənilmiş 9.296 manat (11,62 kv.m x 800 manat = 9.296 manat) artıq ödənilib. Birinci instansiya məhkəməsi mənzilin sahəsini 90,92 kv.m müəyyən edərkən hesab edib ki, 2 saylı sanitar qovşaq, 4 saylı mətbəx və 9 saylı balkonun səhələri ekspert rəyinqə qeyd olunan əmsallar nəzərə alınmadan hesablamalıdır. Məhkəmə həmin sahələri ekspert rəyində qeyd olunan əmsallar nəzərə alınmadan hesablamış və bunun izahını qətnamədə göstərmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırıb ki, Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş qaydalar müqavilədən əmələ gələn münasibətə şamil oluna bilməz. Bu, düzgün mövqedir. Məhkəmə Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinin göstərişlərinə əsalanaraq hesab edir ki, artıq ödənilmiş 9.296 manat pul əsassız varlanma qaydalarına uyğun olaraq geri qaytarılmalıdır. Qalan hissədə tələb əsassızdır. Birinci instansiya məhkəməsi həmin hissədə tələbi rədd etməklə düzgün nəticəyə gəlib. İddiaçı Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edərək cavabdehin həmin pul vasitindən faydalanmasına görə faizin ödənilməsi tələb edir. Bu tələb əsassızdır. Belə ki, Mülki Məcələnin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Cavabdehin iddiaçıya pul qaytarmaq vəzfəsinə hazırkı iş üzrə qəbul olunmuş qətnamə ilə müəyyənlik gətirilib. Ona görə də qətnaməyə qədər olan dövr üçün 449.1-ci maddədə müəyyən edilmiş maliyyə sanksiyasının tətbiq edilməsi hüquqi müəyyənlik prinsipinə uyğun deyil. Beləliklə, mübahisləndirilən hissədə, yəni iddianın rədd edilməsinə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddianın təmin edilməsinə aid hissədə qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar