Məhkəmə qərarları › İş №2(103)-10629/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10629/2021

07.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10629/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4706/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh oğulları X1 Nərimanov rayonu ərazisində bir 1 otaqlı mənzilin alınıb verilməsinin yerinə yetirilməməsi səbəbindən əvəzi olaraq 60.000 manat məbləğində pulun alınıb ona verilməsinə, mənəvi zərərə görə 2000 manat və ödənilmiş 30 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 1990-cı ilin oktyabr ayında faktiki nikaha daxil olaraq evlənib ailə qurmuş, faktiki nikahlarından 24 avqust 2003-cü il tarixdə X2 anadan olmuşdur. Faktiki olaraq bir yerdə ər-arvad kimi yaşamağa başladıqları müddətədək onun obyektləri, qeyryaşayış sahələri, mənzilləri olmuşdur. Cavabdeh daş karxanası işlətməsi ilə əlaqədar olaraq ona xeyli miqdarda vəsait lazım olduğunu, belə ki, texnika alınması və s. üçün vəsaiti olmadığını bildirmiş və ondan, ona məxsus obyektləri və mənzili satmasını xahiş etmiş və götürdüyü gəlir ilə onların əvəzini ödəyəcəyinə vəd vermişdir. O da aldanaraq obyektlərini, mənzillərini satmağa razılıq vermiş və cavabdehin verdiyi vədi yerinə yetirəcəyini düşünmüşdür. Belə ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzili və ünvan 2 mənzili sataraq əldə edilmiş pulları tam şəkildə cavabdehə vermis, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq texnikalar almış, daş karxanasını işlədərək külli miqdarda gəlir əldə etmişdir. Cavabdeh iş qurmaq adı ilə ona məxsus 1 ədəd iki otaqlı mənzilini və 1 ədəd də bir otaqlı mənzilini və dükanını, işlətdiyi obyektini sataraq mənimsəmiş, cavabdeh onu aldadaraq məqsədli şəkildə ona məxsus əmlaklardan əldə edilmiş külli miqdarda pul vəsaitini öz şəxsi məqsədləri üçün istifadə etmiş, həmin vaxtlar müxtəlif bəhanələrlə verdiyi vədləri yerinə yetirməkdən yayınmışdır. 2008-ci ildə faktiki olaraq ayrılmışlar və 2011-ci ildə barışaraq yenidən birlikdə yaşamağa başlamışlar. Barışıb yaşadıqdan sonra o satıb verdiyi əmlakların əvəzinin qaytarılmasını tələb etmiş, cavabdeh bunun bütünlüklə həll edəcəyini bildirmiş və 2011-ci ildə “mən Cavabdeh bu gün uşağımın anası İddiaçı vəd verirəm ki, oğlum Zaman üçün bir 1 otaqlı Nərimanov rayonunda bir il ərzində oğlum üçün alıb verəciyəm” iltizam yazaraq vermişdir. 2016-cı ilədək faktiki olaraq birlikdə yaşamışlar və 2016-cı ildə ayrılmışlar və cavabdeh bu vədini də yerinə yetirməmişdir. Cavabdeh hətta ayrıldıqdan sonra da vədi yerinə yetirəcəyini uşağa bildirirmiş, lakin sonda verdiyi sözlərə əməl etməmişdir. Göründüyü kimi o, cavabdehin təqsiri ucbatından külli miqdarda maddi ziyana məruz qalmışdır. Halhazırda Bakı şəhəri Nərimanov rayonu ərazisində bir otaqlı mənzilin qiyməti 50-60 min manat civarındadır və cavabdeh bir otaqlı evi alıb vermədiyindən qeyd edilən məbləğ cavabdehdən tutulmalıdır. Uşağın gələcəkdə mənzil şəraitinin yaxşılaşdırılması üçün bu vacibdir. Həmçinin cavabdehin əməli nəticəsində onun ailəsi mənəvi zərərə də məruz qalmışdır, cavabdehin onu dəfələrlə aldatması, əmlaklarını ələ keçirərək öz şəxsi məqsədlərinə istifadə etməsi, maddi zərərə məruz qoyması, psixikasına ciddi şəkildə təsir etmiş, stress keçirmişdir. O, özü dəfələrlə stress keçirmiş və müalicə etdirə bilmir. Ona görə də cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 2000 manat məbləğində dəyərləndirir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4706/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4706/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə razılaşmır, qeyri-qanuni və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır. Məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə əvvəlcədən məhkəməyə məlumat vermiş, belə olan halda məhkəmə işi təxirə salmaq əvəzinə onun iştirakını təmin etmədən işə baxaraq birtərəfli qətnamə qəbul etmişdir. Bununlada onun Konstitusion hüququ pozulmuş, əlavə sübutlar təqdim etmək, şahidlər dəvət etmək, vəsatət vermək və s. hüquqlardan məhrum edilmişdir. O, cavabdehi alimenti ödəməməsi və alimentlə bağlı tələblər üzrə məhkəməyə vermiş və cavabdehə qarşı hər hansı bir digər iddia irəli sürməmişdir. İltizama isə şəxsən özü imza atmış və vəd vermişdir. Məhkəmə tərəfindən 11 mart 2011-ci il tarixdə cavabdeh tərəfindən yazılaraq imza edilmiş iltizam əsassız olaraq sübut kimi qəbul edilməmişdir. Halbuki bu iltizamla cavabdeh tərəf öhdəlik götürmüş və bu iltizam sadə yazılı müqaviləyə bərabər tutulmalıdır. Təqdim edilən iltizamla cavabdehin öhdəlik götürdüyü və bu öhdəlikdən yayındığı sübuta yetirilir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4706/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4706/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən oğulları X1 Nərimanov rayonu ərazisində bir 1 otaqlı mənzilin alınıb verilməsinin yerinə yetirilməməsi səbəbindən əvəzi olaraq 60.000 manat məbləğində pulun alınıb ona verilməsini iddia etsə də, tələbin təsdiqi üçün heç bir mötəbər sübutları təqdim edə bilməmiş, həmçinin iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmiş, vurulmuş mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, 24 mart 2004-cü il tarixli, AZ-İ № 466263 saylı Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 24 avqust 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 2004-cü ilin mart ayının 24 günündə 289 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır.(İ.vər. 5) İş materiallarında olan, sadə yazılı formada qəbzin surətindən görünür ki, Cavabdeh əlyazma ilə yazaraq bildirmişdir ki, “mən Cavabdeh bu gün uşağımın anası İddiaçı vəd verirəm ki, oğlum Zaman üçün bir 1 otaqlı Nərimanov rayonunda bir il ərzində oğlum üçün alıb verəciyəm”.(İ.vər. 6) Məhkəmə kollegiyası, maddi və mənəvi zərərlə bağlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair cavabdehin apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Həmin Məcəllnin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllnin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Odur ki, maddi zərər hissəsində məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Lakin iddiaçı cavabdehdən 6.0000 manat maddi ziyanın, 2.000 manat mənəvi ziyanın alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Plenumun tövsiyəedici qərarını müqayisəli təhlil edərək hesab edir ki, iddiaçı iddia tələbində qeyd edilən maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Ona görə ki, bu xüsusda olan iddiaların təmin edilməsi üçün ilk növbədə o sübut etməlidir ki, həqiqətən də cavabdehin hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmiş, müalicə almış, bunlar cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqə olmuşur. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə hər hansı sübut təqdim etməmişdir. Odur ki, apelyasiya şikayətinin həmin dəlilləri əsasizdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə kollegiyası həmşinin qeyd edir ki, qanunvericilik iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən 60.000 manat maddi ziyanın cavabdehin təqsirli hərəkəti nəticəsində vurulması halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən zərər vurulmasını sübut etməsi yükü iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi bu nəticə ilə razılaşır və apelyatorun maddi və mənəvi zərərlə bağlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair apelyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4706/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar