Məhkəmə qərarları › İş №2(103)-1063/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1063/2023

18.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1063/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı - cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilən) qarşı iş üzrə (Açar sözlər: müavinətin tam ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5, X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1983/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan 02 iyun 2022-ci il tarixli İddiaçı ərizəsindən görünür ki, İddiaçı verilmiş birdəfəlik müavinətdən gəlir vergisini ona qaytarılması barədə müraciət etmişdir.

2. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh 05 noyabr 2021 və 10 oktyabr 2022-ci il il tarixli arayışlardan görünür ki, Azneft İB-nin işçisi olmuş İddiaçı 07 aprel 2008-ci il tarixində bağlanmış Əmək müqaviləsinə 11 fevral 2021-ci il tarixində öz ərizəsinə (AR Əmək məcəlləsinin 69.3-cü maddəsilə yaşa görə təqaüdə çıxması ilə əlaqədar) əsasən xitam verilmişdir. İddiaçı ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19a nömrəli Əmr-qərarın 4-cü bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22ə nömrəli dəyişikliyə əsasən, orta aylıq əmək haqqının beş misli 10.514,75 (on min beş yüz on dörd manat 75 qəpik) məbləğində işdənçıxma müavinəti ödənilmişdir. Ödənilmiş müavinətdən tutulan gəlir vergisi 2.103.69 (iki min yüz üç manat 69 qəp) təşkil edir.

3. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” X3 İrina Fatixovnaya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 2021–ci də ərizə yazaraq öz təşəbbüsü ilə işdən azad olunmuş və həmin vaxt ona ARDNŞ-in və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına əsasənda aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsini nəzərə alaraq hesablanmış müavinətin 1000 (min) manat hissəsi qədər güzəşt tətbiq edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1 A maddəsinə əsasən işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsin müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır. Sizin əmək müqaviləsinə xitam verilməsi işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olmadığına görə, Siz ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarın əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində ödənilmiş birdəfəlik müavinətə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4. maddəsində nəzərdə tutulaq güzəştin tətbiq edilməsi Cavabdeh səlahiyyətləri xaricində olduğu bildirilmişdir.

4. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi yaşa görə təqaüdə çıxdıqda) xitam verilmişdir.

5. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh xx.xx.2008-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə işçi arasında razılaşmadan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” X3 İrina Fatixovna ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi yaşa görə təqaüdə çıxdıqda) xitam verilmiş, orta aylıq əmək haqqının 5 misli məbləğində işdən çıxma müavinəti ödənilməsini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh öhdəsinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı - cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müavinətdən gəlir vergisi kimi tutulan 2103,69 manat məbləğində pulun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ARDNŞ-nin stuktur təşkilatı olan “X6”nin xx.xx.2021 ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. “ARDNŞ”-də işçilərin əməyin ödənilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X10 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli birgə Əmr Qərarında göstərilmişdir ki, “Bu Əmr - Qərar verildiyi tarixdən, habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu Əmr Qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Həmin qərara əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və ona orta aylıq əmək haqqının 5 misli miqdarında birdəfəlik müavinət ödənilmişdir. Lakin, müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq, həmin məbləğdən gəlir vergisi tutmuşdur. O, dəfələrlə cavabdehə müraciət edərək ödənilən müavinətdən gəlir vergisinin tutulmasının qanunvericilikdə nəzərdə tutulmadığını və qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsəm də, cavabdeh təşkilat müxtəlif bəhanələr gətirməklə müavinəti tam şəkildə ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci “Əmək haqqından tutmaiara yol verilən hallar və bunun icrası qaydası” maddəsinin 4-cü hissəsinə əsasən “İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq, vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən “Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları” maddəsinin 6-cı hissəsinə əsasən “ Kollektiv müqavilələrdə,əmək müqaviləsində bu maddənin 3, 4 və 7-ci hissələrində göstərilmiş ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti olaraq itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında "dövlət büdcəsinin vəsaiti hesabına birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Ona müəssisə tərəfindən ödənilən orta aylıq əmək haqqının beş misli miqdarında birdəfəlik maliyyə vəsaiti işdənçıxma müavinətidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinə əsasən işdənçıxma müavinətindən vergi tutulmur. İşdən çıxma ilə bağlı Dövlət Neft şirkəti tərəfindən ödənilən müavinətdən gəlir vergisi tutulmalı və qanundeyildir və Dövlət Neft Şirkətinin sabiq əməkdaşları çoxsaylı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə artıq onlardan qanunsuz tutulmuş məbləğlər geri qaytarılmış, Dövlət Neft Şirkətinin bəzi idarələri isə məhkəmə araşdırmasını gözləmədən könüllü olaraq müavinətdən tutulmuş məbləği işçilərə geri qaytarmışlar. Hesab edir ki, qanunvericiliyin tələbinə əsasən ona ödənilmiş müavinatdan gəlir vergisinin hesablanaraq çıxılması qanunsuz və əsassızdır və qanunsuz tutulmuş həmin məbləğ cavabdeh tərəfindən geri qaytarılmalıdır.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1983/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddianın təmin edilməsi, İddiaçı ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 2103,69 (iki min bir yüz üç manat altmış doqquz qəpik) manat məbləğində gəlir vergisinin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi, Cavabdehndən 41 (qırx bir manat) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69cu maddəsinin İİİ hissəsinə, 70-ci maddəsinin “a” və “b” bəndlərinə, 77-ci maddəsinin 1-ci hissəsinə, 77-ci maddəsinin 6-cı hissəsinə, 175-ci maddəsinin 1-ci və 4-cü hissəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1 və 102.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tətbiqində ciddi səhvə yol vermiş, eyni zamanda iş üçün əhəmiyyətli olan halları tam şəkildə aydınlaşdırmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmənin iş üzrə yekun qənaətə gələrkən işin faktiki hallarını düzgün araşdırmamış və tətbiq edilməli maddi hüquq normalarının tələblərini əhəmiyyətli şəkildə pozmuşdur. Başqa sözlə, məhkəmə işin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, hüququn tətbiq edilməsində səhvə yol verərək, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmişdir. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsi Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən baş vermişdir. Məlum olduğu kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərin təşəbbüsüdür. Başqa sözlə, iş materiallarından aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Halbuki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi yalnız konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Göründüyü kimi vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bu müavinət həmin Məcəllənin 77-ci maddəsinin 3- cü hissəsi ilə müəyyən edilmişdir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Başqa sözlə, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə xüsusi olaraq bildiririk ki, həmin maddə özü-üzlüyündə vergi azadolması müəyyən etmir və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulan vergi azadolmasını tamamlayır. Başqa sözlə, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir və həmin normanın məhkəmə tərəfindən genişləndirici şəkildə təfsir olunması yolverilməzdir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçıya ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Bu fikrin davamı olaraq məhkəmə qeyd edir ki, istinad olunan ANQSİHİRK-in xx.xx.2009-cu il tarixli 57/06- 19Ə№-li əmr-qərarına əsasən iddiaçıya ödənilmiş 5 misli məbləğində müavinətin ödənilməyən hissəsi olan 2.103,69 manat vəsait iddiaçıya qaytarılmalıdır. Məhkəmənin qeyd etdiyi hazırkı nəticə yuxarıda qeyd edilən ilk dəlil ilə ziddiyyət təşkil edir. Belə ki, bundan əvvəl məhkəmə işçiyə ödənilmiş məbləğin vergidən azad olunduğu barədə nəticəyə gəlməsinə baxmayaraq sonradan həmin məbləğdən verginin tutulması ilə bağlı işçi ilə işəgötürən arasında razılaşmanın olmadığını qeyd etmişdir. Eyni zamanda bildirilir ki, məhkəmənin məsələyə dair ifadə etdiyi mövqe kökündən yanlış olmaqla Azərbaycan Respublikası Konstitusiyasına və Vergi Məcəlləsinin bir sıra müddəalarına ziddir. Azərbaycan Respublikasında vergilərin müəyyən edilməsi və ödənilməsi qaydaları, habelə vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir. Hazırkı mübahisə çərçivəsində Dövlət Neft Şirkəti tərəfindən iddiaçıya ödənilmiş məbləğ onun muzdlu işdən gəlirinə aiddir və məlumdur ki, həm Konstitusiyaya, həm də Vergi Məcəlləsinə əsasənhər bir şəxs əldə etdiyi gəlirindən müvafiq vergiləri dövlət büdcəsinə ödəməlidir. Burada işəgötürən qismində çıxış edən Dövlət Neft Şirkəti həm də vergi agenti hesab olunur və qanunla müəyyən edilmiş vəzifəsinə uyğun olaraq iddiaçıya ödədiyi vəsaitdən Vergi Məcəlləsinin 101-ci maddəsində qeyd edilən faizləri tətbiq etməklə gəlir vergisini tutub büdcəyə ödənilməsini təmin etmişdir. Qeyd olunanlardan göründüyü kimi Dövlət Neft Şirkəti ilə iddiaçı arasında vergitutma ilə bağlı bütün münasibətlər yalnız qanunla, yəni Vergi Məcəlləsi ilə tənzimlənir, həmçinin tətbiq edilən güzəştlər də yalnız həmin Məcəllədə əks olunur. Vergi Məcəlləsindən kənar heç bir işəgötürən və işçi arasında bağlanmış müqavilə, işəgötürənin hər hansı bir qərarı və tərəflərin qarşılıqlı razılaşması əsasında ödənilən vəsaitdən verginin tutulub tutulmaması, yəni vergi azadolması və güzəşti nəzərdə tutula bilməz. İşə baxan birinci instansiya məhkəməsi Dövlət Vergi Xidməti tərəfindən verilmiş etirazın dəlillərini, istinad olunan qanunvericilik aktlarını, habelə etiraza əlavə edilmiş sübutları tam və hərtərəfli araşdırmadan və qiymətləndirmədən, cavabdeh və 3-cü şəxsin dəlillərinə münasibət bildirmədən və formalaşmış məhkəmə təcrübəsini nəzərə almadan iş üzrə yekun qərar qəbul etmişdir. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi son nəticədə qanunsuz və əsassız qərarın qəbul edilməsinə səbəb olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini təmin edilib-edilməməsini məhkəmə kollegyasının mülahizəsinə buraxdığını bildirdi.

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

16. Maddə 69.3 işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

17. 77.1 işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətlərində rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. (2-ci hissə)

18. Maddə 77.3 əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında məbləğlərdə işdənçıxarma müavinəti ödənilir.

19. Maddə 77.6 kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər.

20. Maddə 77.7 Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.

21. Maddə 175.1 və 175.4 əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin

22. Maddə 98.1 fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir.

23. Maddə 102.1.4 əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1983/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, 2021-ci ildə yaşa görə təqaüdə çıxma ilə əlaqədar işdən azad olunmuş və həmin vaxt ona ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına və tərəflər arasında əldə edilmiş yazılı razılaşmaya əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Bununla belə əmək müqaviləsinə xx.xx.2021ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi yaşa görə təqaüdə çıxdıqda) xitam verilmişdir.

33. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 57 nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft və X10 Həmkarlar İttifaqı Respublika Komitəsinin 57/06-19ə nömrəli, 22 aprel 2009cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Həmin əmrqərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir. Cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr- qərarın verildikdən sonra iddiaçının təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və onunla olan əmək müqaviləsinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndinə əsasən işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən ona orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğlərinin 5 misli məbləğində müavinətin verilməsi hazırkı işin mübahisəsiz hallarındandır.

34. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 57 nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft və X10 Həmkarlar İttifaqı Respublika Komitəsinin 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" Qərarı və tərəflər arasında imzalanmış yazılı razılaşma da bu halı təsdiq edir.

35. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçilərin özlərinin təşəbbüsü rəsmləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt iş materiallarına əlavə edilmiş 22 aprel 2009-cu il tarixli əmr-qərarın və razılaşmanın surəti ilə, həmçinin tərəflərin izahatları ilə sübut olunur. İddiaçının əmrində və əmək kitabçasında nəzərdə tutulmuş “Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü ilə” əsası formal xarakter daşıyır, iddiaçı tərəfindən yazılmış ərizə işəgötürənlə əvvəlcədən əldə olunmuş razılıq əsasında və 22 aprel 2009-cu il tarixli əmr-qərara uyğun olaraq tərtib olunmuşdur və onun müstəqil iradə ifadəsini əks etdirmir.

36. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4- cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğlərinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz.

37. Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək qeyd edir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğlərin işdən çıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş arayışa əsasən iddiaçıya ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. İşəgötürənin yalnız belə məbləğin tutulması zamanı işçinin razılığı ilə həyata keçirmək imkanı olmuşdur. Lakin istinad etdikləri əmr qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Bundan başqa, cavabdeh iddiaçıya ödənilən işdən çıxma müavinətindən vergi tutularkən ilkin olaraq onun münasibətlərini nizamlayan maddi hüquq normalarını tətbiq etməli və bundan sonra əlaqəli hüquq normalarının tətbiqinin mümkünlüyünü araşdırmalıdır.

38. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh xx.xx.2022-ci il tarixli arayışından görünür ki, müavinətdən tutulan gəlir vergisi 2.103.69 (iki min bir yüz üç manat 69 qəpik) təşkil edir.

39. Qanunvericiliyin tələbindən irəli gələrək iddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, müavinətdən tutulan 2.103.69 (iki min bir yüz üç manat 69 qəpik) manat məbləğində gəlir vergisi iddiaçıya qaytarılmalıdır.

40. Beləliklə məhkəmə kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

41. Məhkəmə kollegiyası həmçinin izah edir ki, apellyatorun apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1983/2022 saylı, 20 oktyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar