Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1063/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin iddiası; Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası; müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı müstəqil iddiası üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X2 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanında yerləşən 1 saylı binanın 126 kv.m. sahəsi olan 1 saylı qeyri-yaşayış sahəsi 14 yanvar 2005-ci il tarixli müqavilə əsasında İddiaçı məxsusdur. Sonuncu həmin qeyri-yaşayış sahəsini Cavabdeh istifadəsinə vermişdir. Tərəflər arasında yazılı tərtib olunmuş müqavilə mövcud deyildir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(011)-796/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış obyektlərinin boşaldılması” barədə iddiasına dair mülki iş üzrə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanında yerləşən 1 saylı binanın 126 kv.m. sahəsi olan 1 saylı və 154 kv.m. sahəsi olan 2 saylı qeyri-yaşayış sahələrinin ona məxsus əşyalarla birlikdə Cavabdeh tərəfindən boşaldılması və Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanında yerləşən 1 saylı binanın sahəsi 126 kv.m. olan 1 saylı və sahəsi 154 kv.m. olan 2 saylı qeyri-yaşayış sahələrinin boş vəziyyətdə İddiaçı oğuna təhvil verilməsi qət edilmişdir.
3. Sözügedən qətnamə üzrə verilmiş icra sənədi üzrə icraata icra məmurunun 28 fevral 2023-cü il tarixli qərarı ilə xitam verilmişdir.
4. 16 yanvar 2014-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanında yerləşən 154 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi Səbuhi Məmmədova məxsusdur. Səbuhi Məmmədov həmin qeyri-yaşayış sahəsini Cavabdeh istifadəsinə vermişdir. Tərəflər arasında yazılı tərtib olunmuş müqavilə mövcud deyildir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının əmlakından qanunsuz istifadəsi nəticəsində ona vurmuş olduğu maddi zərər kimi 137.228 manat pul vəsaitinin, dövlət rüsumu kimi ödənilmiş 430 manat, ümumilikdə 137.658 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus qeyri-yaşayış obyekti uzun müddət istismar edilərək vəsait əldə edilmiş və iddiaçıya külli miqdarda zərər dəymişdir. İddiaçı tərəfindən obyektin gəlirlilik dəyəri müəyyən oluması üçün alternativ ekspertiza mərkəzinə müraciət olunmuş, 28 fevral 2023-cü il tarixli mütəxəssis rəyi alınmışdır. Cavabdehin 2021-ci ilin sentyabr ayına kimi borcu olduğu həmin məbləğin 10.500 manat olmasını nəzərə aldıqda ümumi məbləğ 137.228 manat təşkil edir. Həmin məbləğləri tam olaraq açıqlaması isə 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayına qədər aylıq icarə haqqı 6.510 manat * 7 aya=45.570 manat təşkil edir. 2022-ci ilin mart ayından hazırkı dövrə qədər aylıq icarə haqqı isə 7.378 manat * 11 aya = 81.158 manat təşkil edir. Cavabdeh ona verməli olduğu məbləğ 45.570+ 81.158+10.500=137.228 manat təşkil edir. Bu isə iddiaçının yuxarıda qeyd edilən dövrlər üzrə əldə edə biləcəyi gəlir idi. Lakin cavabdehin qanunsuz sahibliyi nəticəsində həmin vəsaitlərin əldə edilməsi mümkünsüz olmuşdur.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı mülkiyyətçisi olduğu Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanında "xxxx" MMC-yə məxsus olan 1-ci mərtəbədə yerləşən 126 kv. metrdən ibarət olan 1-ci mənzil və 154 kv. metrdən ibarət olan 2 saylı mənzilin təmiri, yenidənqurmasına və ayrıla bilən və bilinməyən yaxşılaşmalara sərf edilmiş cəmi 195.300 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, birləşdirilmiş həmin mənzillərdə olan videogörüntü ilə qeydə alınmış ağ pianonun, televizorun, kondisionerlərin, uşaq geyimlərinin, mebellərin, bəzək əşyalarının, pərdələrin, mətbəx ləvazimatlarının (sobalar, dəmir alətlər və s.) cavabdehdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli qeyriyaşayış obyektlərini iddiaçıdan təmirsiz vəziyyətdə istifadəyə götürmüş, iddiaçının mülkiyyətində olan həmin qeyri-yaşayış sahələrini faktiki olaraq 2019-cu ilin fevral ayından 6 ay ərzində təmir etmiş, icarə obyektini tam olaraq yüksək səviyyədə təmir edərək iddiaçının razılığı ilə ayrıla bilən və ayrılmayan yaxşılaşdırmalar aparmış, təmir və əşyalarla birlikdə icarə təyinatına uyğunlaşdırılmasına görə 120.000 manat sərmayə qoymuş və hətta pandemiya dövründə belə iddiaçı icarə haqqı almış və bu səbəbdən də iddia verərkən icazə haqqı verilməməsini əsas gətirsə də, icarə haqqı tələbini cavabdehdən tələb etməmiş, belə ki, hər ay iddiaçı vaxtı-vaxtında icarə haqqını əldə etmiş, bunu təsdiq edən bağça işçiləri də canlı şahid olaraq görmüşdür, təmir və yaxşılaşdırmaların aparılması cavabdehin xərci hesabına iddiaçının tam nəzarətində aparılmışdır, icarə obyekti təmir edilərək reklam edildikdən və bağçaya gələn uşaqların sayı artdıqdan sonra iddiaçı həmin sərmayəni qaytarmamaq üçün və artıq hazır obyekti özü istifadəyə vermək və ya daha baha qiymətə icarəyə vermək üçün cavabdehdən obyekti boşaltmağını tələb etmiş, cavabdeh ən azından aralarında olan 10 illik şifahi icarə müqaviləsinin şərtlərini iddiaçı pozsa da ən azından təmir və ayrıla bilinməyən yaxşılaşdırmalaraq sərf edilmiş 102.000 manat pulu iddiaçının qaytarmasını istəsə də, o, pulu qaytarmaqdan da, razılaşdırılmış icarə münasibətlərinin davam etdirilməsindən də imtina etmişdir. Ondan öncə də, həmin qeyri-yaşayış sahələri bağça kimi başqa şəxslər tərəfindən fəaliyyət göstərmiş, obyektin hazırkı vəziyyəti və əvvəlki görüntüləri instaqram facebook sahifələrində yerləşdirilmişdir. (Bağça olaraq əvvəlki icarəçi tərəfindən və hazırda cavabdeh tərəfindən reklam olunmuşdur). İddiaçı daha çox gəlir əldə etmək və qoyulmuş sərmayəni geri qaytarmamaq üçün məhkəməni yanıltmış, şifahi icarə müqaviləsinin şərtlərini pozmuşdur. İş üzrə təyin edilmiş müstəqil ekspert Talıblı Əhmədin verdiyi xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, icarəyə götürülmüş 4 otaqdan ibarət 154 kv.metrlik, ikinci mənzil isə 126 kv.metrdən ibarət olmuş, 3-cü mənzil isə istifadə edilməsə də gələcəkdə istifadə edilməsi məqsədilə onun tərəfindən təmin edilmiş və təmirə ayrıla bilməyən yaxşılaşdırmalarla birlikdə 195.300 manat pul sərf etmişdir.
9. Üçüncü şəxs X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11i saylı yaşayış binasında 1-ci giriş 1-ci mərtəbə, 154 kv.metr qeyri-yaşayış obyektini qanunsuz olaraq zəbt edərək istifadə etdiyi üçün cavabdehdən 44.968 manat əldən çıxmış fayda kimi pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 246 manat olmaqla, ümumilikdə 45.214 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Üçüncü şəxsin iddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddət icrada olmasına baxmayaraq Cavabdeh tərəfindən Xətai Rayon Məhkəməsinin qətnaməsi icra edilməmişdir. Sonda Xətai rayon İcra şöbəsi tərəfindən qətnamə tam icra edilməklə 28 fevral 2023-cü il tarixdə icraata xitam verilərək qərar qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfindən obyektin gəlirlilik dəyəri müəyyən oluması üçün alternativ ekspertiza mərkəzinə müraciət olunmuş, 28 fevral 2023- cü il tarixli mütəxəssis rəyi alınmış və hər 3 obyektin faktiki gəlirliliyi barədə suallar nəticəsində mötəbər əsaslar əldə olunmuşdur.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2800/23 saylı iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) ilkin iddia qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 45.000 (qırx beş min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137.60 (bir yüz otuz yeddi manat altmış qəpik) manat məbləğində pul vəsaiti tutulması, ödənilmiş dövlət rüsumunun qalan 292.40 manatının İddiaçı özünə aid edilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, müstəqil iddia tələbi qismən təmin edilməklə Cavabdeh müstəqil tələb irəli sürən üçüncü şəxs X1 xeyrinə 23.400 (iyirmi üç min dörd yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125.46 (bir yüz iyirmi beş manat qırx altı qəpik) manat məbləğində pul vəsaitinin tutulması, ödənilmiş dövlət rüsumunun qalan 121.54 manatının X1 özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, Cavabdeh tərəfindən ödənilmiş 485.30 manat dövlət rüsumu onun özünə aid edilməsi, mütəxəssis tərəfindən aparılmış tədqiqatın dəyəri olan 400 manat pul Cavabdeh alınıb "xxxx" MMC-yə ödənilməsi qət olunmuşdur.
12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçıya məxsus sahədən 2021-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayının 28-nə qədər hər hansı bir qanuni əsas olmadan istifadə etmişdir. Qeyd olunan hal Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş və hazırda qanuni qüvvəsini almış 21 aprel 2022-ci il tarixli 2(011)- 796/2022 saylı qətnaməsi ilə də müəyyən edilmişdir. İstinad olunan müddət ərzində Cavabdeh əmlakdan istifadə etməsinin əvəzində iddiaçıya hər hansı vəsait ödəməmişdir. Belə olan halda iddiaçı bu müddət ərzində cavabdehin istifadə etdiyi əmlakdan vəsait ödənilməsini tələb etməkdə haqlıdır. Lakin iddiaçının tələb etdiyi məbləğlə məhkəmə razılaşmayaraq qeyd edir ki, tələb edilən məbləğ yüksək olmaqla bundan öncəki dövr üçün tərəflərin razılaşdığı məbləğdən artıqdır. İddiaçı istinad olunan əmlakın daha yüksək məbləğə icarəyə verə biləcəyini və vəsait əldə edəcəyini qeyd etsə də, bundan öncəki dövr üçün məhkəmədə verdiyi izahatlarda əmlakı 2.500 manat məbləğində istifadəyə verdiyini qeyd etmişdir. Məhkəmə istinad olunan hala əsaslanaraq qeyd edir ki, Cavabdeh 2021-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayının 28-nə qədərki dövr üçün istifadəsinin əvəzi olaraq məhz tərəflər arasında razılaşdırılmış vəsait həcmində hesablama aparılmalıdır. Belə olan halda 18 ay müddətini 2.500 manata vurmaqla cavabdehdən iddiaçının xeyrinə 45.000 manat pulun tutulmasını məhkəmə ağlabatan hesab etmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilkin və müstəqil iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin razılaşmanın olmasını məhkəmə yalnız iddiaçının gətirdiyi şahidin (o şahid ki iddiaçının yaxın ailə üzvüdür və faktiki olataq əmlakı həmin şahid idarə etmişdir) ifadəsi əsasında müəyyən etmiş, tərəflər arasında yazılı icarə müqviləsinin olmamasını məhkəmə etiraf etsə də, sübuta yetirilməmiş bir məbləğ üzərindən məhkəmə dəymiş ziyan məbləği müəyyən etmişdir. Məhkəmə forsmajor olan dövrləri (pandemiya dövrü) də nəzərə almamış, halbuki, bütün ölkədə pandemiya dövründə mülki dövriyyə iştirakçıları mülki öhdəliklərdən azad olduğu bir dövrdə məhkəmə həmin dövrlərdə ilkin iddiaçının icarə münasibətlərinə girərək gəlir əldə edə bilməsini ehtimalına əsaslanaraq cavabdehin üzərində külli miqdarda hər ay 1300 manat öhdəlik müəyyən etmişdir. Halbuki, məhkəmə hətta tərəflər arasında münasibəti icarə münasibəti hesab etsəydi də belə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini nəzərə almalı idi. Məhkəmə bütün sübutları ətraflı qiymətləndirməmiş, qarşı tərəfə ziyan dəyməsini halını formal mülahizələrə əsasən hesablamışdır. Məhkəmə iş üzrə ziddiyyətli iki ekspert rəyivə 1 mütəxəssis arayışı olsa da, iş üzrə iddiaçının tərəfindən çıxış edən şahidin hakimin iştirakı ilə baxış zamanı izahatları ilə Məhərrəmov İnarənin mübahisəli icarə obyektində yaxşılaşdırma, təmir və avadanlıqların ona məxsus olması və Cavabdeh tərəfindən təmir edilməsi, eləcə də iş üzrə təyin edilmiş mütəxəssis tərəfindən həqiqətən də əvvəlki baxça olan “Siqma” tərəfindən instaqram səhifəsində olan görüntülərlə hazırkı obyektin vəziyyəti arasında fərq olması qeyd edilsə də, məhkəmə, məhkəmə ekspertiza mərkəzinin mütəxəssisləri tərəfindən ekspert tədqiqatı aparılması və rəy verilməsi ilə bağlı vəsatəti təmin etməyərək prosessual pozuntuya yol vermişdir. Məhkəmə iş üzrə maraqlı olan iddiaçı və 3-cü şəxsin yaxın ailə üzvünü şahid kimi prosesə cəlb etməklə onun ifadəsi olan yeganə sübutla tərəfin üzərində öhdəlik qoymuşdur. Müstəqil tələb irəli sürən şəxs ilkin iddia irəli sürən şəxsin tələb etdiyi kv metr sahə üçün eyni sahəyə hər iki tərəfin tələbini nəzərə almış, halbuki Xətai rayon icra şöbəsinin icraata xitam vermə qərarında cavabdehin eyni sahədən çıxrılması yalnız ilkin iddiaçının tələbi üzrə çıxarılmış və müstəqil tələb irəli sürən şəxsin mübahisəli sahəyə mülkiyyət hüququna dair ziddiyyətli müqavilər "xxxx" MMC-dən təqdim edilmişdir. Eyni zamanda məhkəmə 3-cü şəxsin ərazisi ilə ilkin iddiaçının ərazisinin sərhədlərini öz mülahizəsinə əsasən müəyyən etmiş, kv.metrlərlə müəyyyənləşdirilən sahələr üzrə MTK-dan texniki sənədləri tələb etməmiş, məhz kv.metr hesabı ilə pul öhdəliyi müəyyən etdiyi sahələrin həqiqətənmi baxış keçirdiyi sahə ilə təqdim edilmiş sənədlərlə üst-üstə düşməsini müəyyən etməmiş, gözlə baxışla özü kv.metrləri müəyyən etmiş, sərhədlər müəyyən etmiş və öz mülahizəsinə əsasən hesablama aparmışdır. Məhkəmə iddia edilən sahələrin həcmini faktiki olaraq cavabdehin yerləşdiyi sahələrlə eyniləşdirməni yalnız formal mülahizələrlə müəyyən etmişdir. Halbuki, məhkəmə iddia edən tərəflərin təqdim etdiyi müqavilə üzrə kv.sahələrin icra orqanının cavabdehi çıxardığı sahə ilə üst-üstə düşməsini müəyyən etməmişdir. Məhkəmə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası, eləcə də məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməmiş, icarə predmetinin yaxşılaşdırma məbləğini müəyən etməmişdir. Məhkəmə cavabdeh tərəfindən sərf edilmiş xərci mütəxəssis arayışı ilə öz təşəbbüsü ilə müəyyən etsə də, həmin sübutu qəbul etməkdən imtina etmiş, məhkəmə xərci kimi cavabdehin üzərinə həmin xərci qoymuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasının davam etdirilməsini mümkün saydı.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır
21. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı işdə ilkin iddia və müstəqil iddia qismən təmin edildiyindən, qarşılıqlı iddia isə rədd edildiyindən, iddiaçı və üçüncü şəxs apellyasiya şikayəti vermədiklərindən və qətnamə yalnız iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı ilkin iddianın və üçüncü şəxsin iddialarının təmin olunan və qarşılıqlı iddianın rədd olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, Cavabdeh iddiaçıya məxsus əmlakdan istifadə etməklə orada bağça fəaliyyəti ilə məşğul olmuşdur. Müəyyən müddətdən sonra ödənişlərin gecikməsinə görə tərəflər arasında münasibətlər pisləşmiş və nəticədə iddiaçı cavabdehi məhkəməyə verərək ona aid qeyri-yaşayış sahəsindən çıxarılmasını istəmişdir. Həmin iddia təmin olunmuş və qətnamə 28 fevral 2023-cü il tarixdə icra edilmişdir.
28. İddiaçı və üçüncü şəxs iddia edir ki, cavabdeh iddiaçıya məxsus sahədən 2021-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayının 28-nə qədər hər hansı bir qanuni əsas olmadan istifadə etmişdir və ona görə də həmin dövr üçün əmlakdan istifadəyə görə vəsait cavabdehdən alınaraq onlara verilməlidir.
29. İddiaçı və üçüncü şəxs tələblərini təsdiq edən sübut qismində məhkəməyə şahidlər, əmlakın icarə haqqının qiymətləndirilməsinə dair mütəxəssis rəyləri təqdim etmişlər.
30. Cavabdeh isə icarə obyektini təmirsiz vəziyyətdə icarəyə götürdüyünü, orada yaxşılaşdırmalar apardığını, sərf etdiyi məbləğləri istifadəsinə götürdüyü əmlakın istismar olunmasından əldə olunmuş vəsait hesabına tamamladıqdan sonra İddiaçı ödəməyə başlamalı olduğunu, onlar arasında əmlakın icarə haqqı olaraq hər hansı məbləğ müəyyənləşdirilmədiyini bildirərək iddiaya etiraz etmişdir.
31. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya məxsus sahədən 2021-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayının 28-nə qədər hər hansı bir qanuni əsas olmadan istifadə etmişdir. Qeyd olunan hal Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş və hazırda qanuni qüvvəsini almış 21 aprel 2022-ci il tarixli 2(011)- 796/2022 saylı qətnaməsi ilə də müəyyən edilmişdir. İstinad olunan müddət ərzində Cavabdeh əmlakdan istifadə etməsinin əvəzində iddiaçıya hər hansı vəsait ödəməmişdir.
32. Birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh 2021-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayının 28-nə qədərki dövr üçün istifadəsinin əvəzi olaraq məhz tərəflər arasında razılaşdırılmış vəsait həcmində hesablama aparılmalı olduğuna istinad etmiş, 18 ay müddətini 2.500 manata vurmaqla cavabdehdən iddiaçının xeyrinə 45.000 manat pulun tutulmasını məntiqli hesab etmişdir.
33. Məhkəmə bu qənaətə gələrkən haqlı olaraq iddiaçının bundan öncəki dövr üçün əmlakı 2.500 manat məbləğində istifadəyə verdiyinə dair izahatına əsaslanmışdır. Belə ki, iddiaçının əmlakın daha yüksək məbləğə icarəyə verə biləcəyini və vəsait əldə edəcəyi barədə dəlilləri yalnız ehtimal olmuşdur.
34. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə tərəfindən mübahisə predmetinə yerində baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Səbuhi Məmmədova aid hissə də bağça kimi fəaliyyət göstərmişdir. Belə ki, cavabdeh İddiaçı aid hissə ilə Məmmədov Səbuhiyə aid hissələr arasında qapı açılmış, sahənin bir hissəsi idman zalı kimi, digər bir hissəsi isə cavabdeh tərəfindən inşa etdirilmiş arakəsmələrlə uşaq otaqlarına çevrilmiş və istifadə edilmişdir. Məhkəmə Cavabdeh 2021-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayının 28-nə qədərki dövr üçün istifadəsinin əvəzi olaraq məhz tərəflər arasında razılaşdırılmış vəsait həcmində hesablama aparılmalı olmasına əsaslanaraq 18 ay müddətini 1.300 manata vurmaqla cavabdehdən iddiaçının xeyrinə 23.400 manat pulun tutulmasını məhkəmə ağlabatan hesab etmişdir. Kollegiya bu hissədə də məhkəmənin mövqeyini əsaslı hesab edir.
35. Cavabdehin qarşılıqlı iddiasına münasibətdə isə Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən mütəxəssisin iştirakı ilə həyata keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı aid hissə ilə Məmmədov Səbuhiyə aid hissələr arasında qapı açılmış və sahələr arasında keçid təmin edilmişdir. Məhkəmə tərəfindən mütəxəssisin iştirakı ilə həyata keçirilmiş yerli baxış zamanı Səbuhi Məmmədova aid olan sahənin bir böyük zalının alçipan arakəsmələr ilə 3 otağa bölündüyü bildirilmişdir. Görülən işlərin söküntü, daşınma, material və tikinti daxil ümumi dəyərinin 4.818 manat olduğu müəyyən edilmişdir. Cavabdeh iddia ərizəsində istifadəsində olan əmlakda əsaslı təmir-bərpa işlərinin aparıldığını qeyd etsə də, bunu hər hansı mötəbər sübutla təsdiq edə bilməmişdir. Belə ki, qeyri-yaşayış sahəsinin özünün istifadəsinə qəbul edildiyi zaman hansı vəziyyətdə olması, onun tərəfindən hansı işlərin aparılması nəticəsində bağçanın yeni vəziyyətini əks etdirən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasına Cavabdeh tərəfindən dəvət edilmiş şahidin ifadələrini məhkəmə iddianın təmin edilməsi üçün kifayət hesab etmir. Belə ki, şahidin izahatları araşdırma zamanı digər yanakı sübutlarla öz təsdiqini tapmamışdır. Eyni zamanda, Cavabdeh iddiasının əsasını müstəqil qiymətləndiricinin rəyində qeyd olunmuş rəqəmlərlə əsaslandırmışdır. Məhkəmə istinad olunan rəyi də sübut qismində qəbul etmir. Belə ki, istinad olunan əmlakın sökülüb yenidən qurulması üçün belə bu qədər vəsait tələb oluna bilməzdi. Beləliklə, məhkəmə tərəfindən cəlb edilmiş mütəxəssis rəyində təmir-bərpa işlərinin aparılması və dəyəri olaraq 4.818 manat sərf olunması qeyd olunsa da məhkəmə həmin məbləğin İddiaçı tutulmasını ağlabatan hesab etmir. Belə ki, Cavabdeh istifadəsinə verilmiş sahədən istədiyi kimi istifadə etmək üçün orada yaxşılaşdırma işləri aparmışdır. Bunu könüllü olaraq həyata keçirmişdir. Eyni zamanda, mətbəxin yerinin dəyişdirilməsi ilə bağlı xərclərin də tutulmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, Cavabdeh sahədən özünə uyğun olaraq istifadə etmiş və yerdəyişmələr aparmışdır.
36. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə iş üzrə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunmuş və həll edilməsi üçün ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) ünvan 1 ünvanında yerləşən 1 saylı binanın 1-ci giriş, 1-ci mərtəbəsində İddiaçı məxsus sahəsi 126 kv.m. olan 1 saylı 3 otaqlı və sahəsi 154 kv.m. olan 2 saylı 4 otaqlı mənzillərində (faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunmuşdur) hansı təmir və yaxşılaşdırma işləri aparılmışdır və aparılan bu işlər hansı dövrə təsadüf edir? Qeyri-yaşayış sahəsi kimi istifadə olunmuş həmin mənzillərin 1 kvm-nin və cəminin icarə haqqı 2021-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayınadək olan bazar qiymətləri üzrə nə qədər təşkil edir? 2) ünvan 1 ünvanında yerləşən 1 saylı binanın 1-ci giriş, 1-ci mərtəbəsində X3 məxsus sahəsi 154 kv.m. olan qeyri-yaşayış sahəsində hansı təmir və yaxşılaşdırma işləri aparılmışdır və aparılan bu işlər hansı dövrə təsadüf edir? Həmin qeyri-yaşayış sahəsinin 1 kvm-nin və cəminin icarə haqqı 2021-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayınadək olan bazar qiymətləri üzrə nə qədər təşkil edir?
37. Lakin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi rəy verməkdən imtina etmişdir. Həmin imtina məktubundan (qərarından) görünür ki, ekspert tərəfindən mübahisəli daşınmaz əmlaklara yerində baxış keçirilmiş, baxış zamanı mübahisəli sahələrin orta təmirli olduğu müəyyən edilmişdir. Lakin təmir-tikinti işlərinə dair smeta sənədləri olmadığından və tikinti-təmir işlərinin aparılma müddətinin müəyyən olunması üçün metodika olmadığından bununla bağlı tədqiqat aparılması və rəy verilməsi mümkün olmamışdır.
38. İşdən göründüyü kimi, cavabdeh mübahisəli sahədə təmir-tikinti işləri apardığını göstərsə də, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən bununla bağlı işə baxan məhkəməyə hər hansı mötəbər sübut, o cümlədən smeta sənədlərini təqdim etməmişdir.
39. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
40. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
41. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
42. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh öz qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir və buna görə də birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməkdə haqlı olmuşdur.
44. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.