Məhkəmə qərarları › İş №2(103)-10642/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10642/2021

26.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10642/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzildən istifadəyə məhdudiyyət yaradılmasının qadağan edilməsi və kommunikasiya xətlərinin bərpa olunması barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehin hərəkətləri qanunsuz hesab edilsin, iddiaçının mülkiyyətində olan, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev № 192də yerləşən 16 №-li mənzildən istifadəyə məhdudiyyət yaradılması cavabdehə qadağan olunsun və kommunikasiya xətlərinin bərpa olunması cavabdehə həvalə edilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili Vəkil2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev № 192-də yerləşən 16 №-li mənzil iddiaçının mülkiyyətindədir, onun yerləşdiyi çoxmənzilli bina köhnə tipli tikildir. Cavabdeh həmin ərazidə yeni çoxmənzilli bina inşa edir. Cavabdeh yeni inşa edilən binada iddiaçıya mənzil təklif etsə də tərəflər bu məsələ üzrə razılığa gələ bilmirlər. İddiaçının mənzildən istifadə etməsinə cavabdeh tərəfindən məhdudiyyət yaradılması və iddiaçının mənzilinə aid kommunikasiya xətlərinin cavabdeh tərəfindən sıradan çıxarılması müəyyən olunmur. Belə ki, cavabdeh belə hərəkətlər etmədiyini bildirir, iddiaçı isə cavabdehin belə hərəkətlər etdiyini təsdiq edən sübutlar təqdim edə bilmir. Ona görə məhkəmə Mülki Məcəllənin 157.4-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnmənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar