Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1065/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 Firmasının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh2 və qeyrisinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 saylı, 20.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 Firması tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh1 Firmasına və digərinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13.800 (on üç min səkkiz yüz) manat maddi ziyan, 10.000 (on min) manat mənəvi zərər, 111,50 (yüz on bir manat əlli qəpik) manat vəkil orderi və etibarnamənin alınması üçün ödənilmiş xərc, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul vəsaiti olmaqla ümumilikdə 23.941,50 (iyirmi üç min doqquz yüz qırx bir manat əlli qəpik) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 9725 manat maddi ziyan, 10.000 manat mənəvi zərər, 111,50 manat vəkil orderi və etibarnamənin alınması üçün ödənilmiş xərc, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaiti olmaqla ümumilikdə 20.146,50 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi AC 817645 №-li, 14 mart 2017-ci il tarixli texniki pasporta əsasən 99KU645 dövlət nömrə nişanlı, “Mitsubishi Attrage” minik markalı avtomaşın ona məxsusdur. 10 iyul 2020- ci il saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində özünə məxsus olan avtomaşını idarə edən zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi FORD TRANSİT markalı, 90XK927 dövlət nömrə nişanlı üzərinə "Binə Çörək" zavodu yazılmış Cavabdeh1 sürücüsü Cavabdeh2 tərəfindən törədilmişdir. Cavabdeh yol hərəkəti qaydasını pozaraq ara məsafəsi gözləmədən onun avtomaşınını arxadan vurmuş və o da qarşı tərəfdən hərəkətdə olan X5 məxsus FORD TRANSİT markalı, 99DE774 dövlət nömrə nişanlı avtomaşına çırpılmışdır. Hadisə nəticəsində onun avtomaşınının arxa və qabaq buferi, arxa baqaj, kapot qabaq sol disk qabaq hissəsi tam yararsız hala düşmüş, arxa deformasiyaya uğramışdır. X13 hadisə yerinə gələrək yol nəqliyyat hadisəsinin sxemini çəkmiş, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edərək, 12.06.2020-ci il tarixli, TP ******* nömrəli protokol tərtib etmişdir. Hadisədən sonra sığorta şirkətinə zəng olunmuş, sığorta şirkətinin mütəxəsissi hadisə yerinə gələrək avtomaşınların şəkillərini çəkərək sənədləşmə işlərini aparmışlar. Sığorta şirkətinin araşdırması nəticəsində onun avtomobilinə 4050 (dörd min əlli) manat məbləğində sığorta ödənişi ayrıldığını bildirdilər. Çünki, hadisə zamanı başqa bir avtomaşına da ziyan dəymişdir. Sığorta şirkəti tərəfindən sığorta ödənişi ayrılsa da, şirkətin lisenziyası ləğv edildiyi üçün ödəniş olunmamış, lakin məhkəmə prosesləri gedişatı zamanı sığorta şirkəti tərəfindən ödəniş edilmişdir. Həmçinin, Cavabdeh2 el arasında "Binə Çörək" zavodu kimi tanınan hüquqi sənədlərdə adı "İLKİN92" firmasında sürücü işləyir və onun çörək zavodu ilə 16.04.2020-ci il tarixdə bağladığı əmək müqaviləsi hazırda qüvvədədir. Həmin zavod rəsmi olaraq dövlət qeydiyyatından Cavabdeh1 adı altında keçmişdir. Cavabdeh2 əmək vəzifəsini yerinə yetirərkən, yəni əvvəlcədən müəyyən olunmuş məntəqələrə çörək paylayarkən iş vaxtı işəgötürənin tapşırığı ilə hərəkət edən zaman bu hadisəni törətmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş daxili əmr sonradan hazırlanmışdır və həmin əmrdə Cavabdeh2 hansı növbədə işləməsi də öz əksini tapmamışdır. Ona görə də, "xxxx" firması öz işçisinin hüquqazidd hərəkətinə görə məsuliyyət daşıdığı üçün cavabdehlik daşıyır və işçisinin törətdiyi əmələ görə delikt öhdəliyi vardır. 12 iyun 2020-ci il tarixdə müstəqil ekspert X8 (VÖEN:**********) onun avtomobilinə dəymiş real ziyanı qiymətləndirmiş və qüsur aktı çıxararaq “Mitsubishi Attrage” MİNİK markalı 99KU645 dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyana görə ehtiyyat hissələri 11.500 (on bir min beş yüz) manat, xidmət haqqı 2.300 (iki min üç yüz) manat olmaqla ümumilikdə 13.800 (on üç min səkkiz yüz) manat məbləğində ziyan dəymişdir. Həmçinin, o, hadisə baş verən zaman "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində işlədiyi üçün nəqliyyat vasitəsi ilə ərazi üzrə ticarət şəbəkələrində satış təmsil edirdi. Hazırda da həmin vəzifədə işləsə də, indi ticarət şəbəkələrinə nəqliyyat vasitəsi olmadığından taksi və digər ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində qalmışdır. Bu da ona əlavə maddi xərclər yaradır. Avtomobilsiz qalması, işə taksiylə getməsi, hadisədən xeyli müddət keçsə də dəymiş ziyanın ödənilməməsi ona psixoloji olaraq mənfi təsir göstərir. Cavabdehin qanunsuz hərəkəti nəticəsində ona mənəvi zərər dəymişdir. Belə ki, hadisə baş verəndən üç ay vaxt keçməsinə baxmayaraq, cavabdehin təqsiri ucbatından onun avtomobili təmir edilməmiş qalmışdır. Əgər onlar bu müddət ərzində avtomobilə dəymiş real ziyanın məbləğini versəydilər onun avtomobili vaxtında təmir edilərdi. Lakin bu vəziyyətdə avtomobilin qalması onu çox narahat edir, hər dəfə stres keçirir, bu hal onu əsəbləşdirir və keçirdiyi iztirabı daha da dərinləşdirir. Odur ki, o, bu keçirdiyi sarsıntıların və mənəvi ziyanın qarşılığını 10.000 manat məbləğində qiymətləndirmişdir. Ekspert rəyinə münasibət bildirərək qeyd etdi ki, ekspertdən maşına baxmasını tələb etsə də, işinin bu olmadığını bildirərək imtina etmişdir. Həmçinin, ekspert tərəfindən ehtiyat hissələrinə də amortizasiya tətbiq edilsə də, onun fikrincə bu hal düzgün deyildir. Çünki, maşın 2015-ci ilin maşınıdır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 saylı, 20.05.2021ci il tarixli qətnaməsi ilə iddia Cavabdeh1 firmasına münasibətdə qismən təmin olunaraq, Cavabdeh1 firmasından 7202 manat məbləğində dəymiş zərər və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 7702 (yeddi min yeddi yüz iki) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddianın qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat və vəkilə göstərilmiş yardıma görə 111,50 (bir yüz on bir manat əlli qəpik) məbləğində pulun Cavabdeh1 firmasından İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 20 (iyirmi) manat hissəsinin İddiaçı özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pulun Cavabdeh1 firmasından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (sədrlik edən: Təranə Mahmudova).
5. Həmin qətnamədən narazı qalan Cavabdeh1 Firması apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın Cavabdeh1 Firmasın münasibətdə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisəsi Cavabdeh2 əməli nəticəsində törənmişdir. Cavabdeh2 Cavabdeh1 Firmasında sürücü vəzifəsində çalışsa da, hadisə o, öz əmək funksiyalarını yerinə yetirərkən baş verməmişdir. Belə ki, ölkədə yaranmış karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər X7 Qərargahın tələblərinə əsasən, həmin dövrdə Bakı şəhərində fəaliyyət göstərən bütün müəssisələr növbəli iş rejiminə keçmişdir. Bu rejim eyni zamanda Cavabdeh1 Firmasında da tətbiq olunmuş və iki növbəli iş rejiminə keçilmişdir. Bundan əlavə, məhkəmə iclasında Cavabdeh2 hadisənin əmək funksiyasını yerinə yetirən zaman baş vermədiyini, hadisə baş verən saatda artıq iş vaxtı olmadığını bildirsə də, əlavə olaraq Cavabdeh1 X1 qoyduğu qaydalara uyğun olaraq növbəli iş rejimində fəaliyyət göstərməsini təsdiq edən əmr məhkəməyə təqdim olunsa da, məhkəmə bunları nəzərə almamış və Mülki Məcəllənin 1099.1-ci maddəsinə istinad edərək qətnamə qəbul etmişdir. Qətnamədə qeyd olunur ki, Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatı və məhkəməyə təqdim olunmuş əmr hadisənin Cavabdeh2 əmək funksiyasını yerinə yetirərkən baş vermədiyini sübuta yetirmək üçün kifayət deyil. Təqdim olunan sübutlar kifayət etmədikdə və ya zərurət olduğu halda məhkəmə Cavabdeh2 növbəli iş rejimində hansı növbədə işləməsi barədə əlavə sübut təqdim etməyi təklif edə bilərdi.
7. Tərəflərin izahatları:
8. Kollegiya iclasında iştirak edən Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili .Zeynalov və nümayəndəsi S.Babayev apellyasiya şikayətini müdafiə edərək, iddianın Cavabdeh1 Firmasın münasibətdə təmin olunmamasını xahiş etdilər.
9. Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
10. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
12. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan TP ******* saylı 12.06.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir.
13. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 12.01.2016-cı il tarixdə verilmiş AC seriyalı 615185 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “Ford Transit” markalı **-XK-*** dövlət nömrə nişanlı avtomaşının sahibi X3r. 07.01.2020-ci il tarxli etibarnamədən müəyyən olunur ki, X6 “Ford Transit” **-XK-*** dövlət nömrə nişanlı avtomaşını Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək üçün etibar etmişdir və etibarnamə 28.08.2029-cu il tarixədək qüvvədədir.
14. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 21.01.2021-ci il tarixli cavab məktubundan görünür ki, X6 01.04.2013-cü il tarixli əmək müqaviləsi əsasında 01.07.2016-cı tarixədək Cavabdeh1 firmasında fəhlə, 25.08.2020-ci il tarixli əmək müqaviləsi əsasında 28.08.2020-ci il tarixədək ekspeditor vəzifəsində işləmişdir.
15. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 17.07.2020-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 13.04.2020-ci il tarixli əmək müqaviləsi əsasında Cavabdeh1 firmasında işləyir.
16. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 11.12.2020-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 13.04.2020-ci il tarixli əmək müqaviləsi əsasında 04.08.2020-ci il tarixədək Cavabdeh1 firmasında işləmiş və iş vaxtı 5 günlük iş həftəsi, iş vaxtları isə 08:00-17:00-dək, istirahət vaxtları 12:00-13:00-dək olmuşdur.
17. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 14.03.2017-ci il tarixdə verilmiş AC seriyalı 817645 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “Mitsubishi Attrage” minik markalı, **-KU-*** dövlət nömrə nişanlı avtomaşının sahibi İddiaçıdur.
18. Müstəqil ekspert X8 tərəfindən tərtib edilmiş 12.06.2020-ci il tarixli qüsur aktından müəyyən olunur ki, “Mitsubishi Attrage” minik markalı, **-KU-*** dövlət nömrə nişanlı avtomobilə təmir işlərinə sərf olunan ehtiyyat hissələri və usta işləri ümumilikdə 13800 manat məbləğində təşkil edir.
19. "xxxx" MMC tərəfindən tərtib edilmiş 08.01.2021-ci il tarixli qüsur aktından müəyyən olunur ki, “Mitsubishi Attrage” minik markalı, **-KU-*** dövlət nömrə nişanlı avtomobilə təmir işlərinə sərf olunan ehtiyyat hissələri və usta işləri ümumilikdə 14030 manat məbləğində təşkil edir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 fevral 2021-ci il tarixli, 9/5951 №-li ekspert rəyində qeyd olunmuşdur ki, müstəqil ekspert X8 tərəfindən təqdim edilmiş 12.06.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Mitsubishi Attrage” minik markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11277,0 manat müəyyən edilir.
21. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 18.12.2020-ci il tarixli kassa məxaric qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına 4075 manat məbləğində sığorta ödənişi edilmişdir.
22. İş materiallarında olan 06.07.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Vəkil1 hesabına 110 manat məbləğində pul köçürülmüşdür.
23. İş materiallarında olan 04.08.2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən Vəkil1 etibarnamə verilməsi üçün 11.50 manat dövlət rüsumu ödənilmişdir.
24. İş materiallarında olan 25.08.2020-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizə ilə müraciət olunarkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
25. Cavabdeh1 Firmasının vəkili və nümayəndəsi Vəkil2 tərəfindən məhkəməyə təqdim edilmiş 01.04.2020-ci il tarixli, 37 №-li “karantin dövründə növbəli iş rejiminin tətbiqi haqqında” əmrdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.03.2020-ci il tarixli 122 №-li qərarının 1 nömrəli əlavəsinə əsaslanaraq qapalı və açıq yerlərdə COVİD- 19 virusunun yayılması təhlükəsinin qarşısının alınması və işçilərin sağlamlığının qorunması məqsədilə, 01 aprel 2020-ci il tarixdən karantin müddəti bitənədək müəssisədə xüsusi iş rejimi tətbiq edilməsi, yəni müəssisənin işçilərinin 2 növbəli iş rejiminə keçirilməsi və buna uyğun iş saatı bölgüsünün tətbiq edilməsi əmr edilmişdir: 1. İşçilərin bir qisminin iş saatı 08:00-dan 14:00-dək, 2. İşçilərin digər qisminin iş saatı 14:00-dan 18:00-dək (fasilə 1 saat). Bu rejim müəssisədə çalışan bütün işçilərə şamil olunmuşdur. Hüquqi dəyərləndirmə:
26. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:
27. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
28. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
31. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
32. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi X4 məxsus “Ford Transit” markalı, **-XK-*** dövlət nömrə nişanlıavtomaşını ilə 10 iyul 2020-ci il, saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçının idarə etdiyi “Mitsubishi Attrage” minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomaşınına maddi ziyan dəymişdir. Həmin zərərin aradan qaldırılması ilə bağlı iddiaçıya 4075 manat manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə iddiaçının idarə etdiyi avtomaşınına vurulan zərərin aradan qaldırılması ilə bağlı təmir-bərpa xərci hadisə baş verən tarixə 11277,0 manat təşkil etmişdir.
33. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə, tərəflərin izahatlarına əsasən qeyd edir ki, Cavabdeh2 əmək müqaviləsi əsasında Cavabdeh1 firmasının işçisi olmuş və həmin avtomobili Cavabdeh1 firması ilə aralarında mövcud olan əmək müqaviləsi əsasında idarə etmişdir. Cavabdeh1 firması apellyasiya şikayətində avtoqəzanın Cavabdeh2 əmək funksiyalarının icrası vaxtında deyil, başqa vaxt törətdiyini bildirsə də, bu halı təsdiq edəcək hər hansı sübutu məhkəmə təqdim etməmişdir. Cavabdeh birinci instansiya mhkəməsinə əmr təqdim etmişdir ki, həmin əmrdə sözügedən dövrdə işçilərin növbəli iş rejimində çalışması öz təsdiqini tapsa da, həmin əmrdən Cavabdeh2 hansı növbədə, yəni, günün birinci və ya ikinci yarısında işləməsini müəyyən etmək mümkün deyildir. Belə olan halda, Cavabdeh2 avtoqəzanı törətdiyi zaman əmək funksiyalarını icra etməməsi halı öz təsdiqini tapmır.
34. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, təqdim olunan sübutlar kifayət etmədikdə və ya zərurət olduğu halda məhkəmə Cavabdeh2 növbəli iş rejimində hansı növbədə işləməsi barədə əlavə sübut təqdim etməyi təklif edə bilərdi.
35. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddənin də tələbindən göründüyü kimi, məhkəmənin tərəflərə hansısa sübutu məhkəməyə təqdim etməyi təklif etmə vəzifəsi yoxdur. Bundan başqa, cavabdehin Cavabdeh2 növbəli iş rejimində hansı növbədə işləməsi barədə sübutu məhkəməyə təqdim etməsi üçün kifayət qədər imkanları olmuş və ona hər hansı maneə yaradılmamışdır.
36. Kollegiya qeyd edir ki, yuxarıda qeyd edilmiş qanunvericilik normalarının məzmunundan da göründüyü kimi, işçinin vurduğu ziyana görə işəgötürənin məsuliyyəti xüsusi növ məsuliyyət olmaqla, iddianın həm işçi, həm də işəgötürənə eyni vaxtda yönəlməsinə baxmayaraq, subsidiar cavabdehlik yaranmır. Bu halda işəgötürən iddianı təklikdə qarşılamaqla, ödədiyi ziyan müqabilində və məbləğində işçiyə qarşı reqres iddia ilə çıxış edə bilər.
37. Vurulmuş zərərin məbləği ilə bağlı kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hadisə ilə bağlı iddiaçıya "xxxx" ASC tərəfindən 4075 manat sığorta ödənişi ödənildiyindən həmin məbləğ 11277 manat kimi müəyyən olunan zərərin ümumi məbləğdən çıxılmalı və son nəticədə Cavabdeh1 firmasından iddiaçının xeyrinə 11277-4075=7202 manat tutulmalıdır.
38. Belə ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərərin əvəzini təqdim etdiyi qüsur aktına əsasən 9725 manat məbləğində tələb etsə də, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etməkdə, avtomobilə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab etməkdə haqlı olmuşdur.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115.-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
40. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə kollegiya “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad edilməsini zəruri hesab edir.
41. Həmin Qərara görə, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verir.
42. İddiaçı iddia tələbində mənəvi zərərə görə 10000 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsini tələb etmişdir. Kollegiya hesab edir ki, mənəvi zərərə görə Cavabdeh1 Firmasından 500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
43. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
46. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
48. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
49. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh1 Firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 saylı, 20.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev