Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10661/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı X2, Cavabdeh və onun vəkili X3 iştirakı ilə X2 Cavabdeh qarşı “mənzilə su axıdılması nəticəsində dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Nurlan Seyran oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının 166 saylı mənzilinin mülkiyyətçisi olduğunu, binanın 6-cı mərtəbəsində 169 saylı mənzildə yaşayan cavabdehin su kranını açıq qoyması nəticəsində mənzilinin elektrik xətlərinin, mebel dəstinin, xalça-palazların, mənzilinin tavanının, hamamın, mətbəxin, dəhlizin divar örtüklərinin cırılıb-dağıldığını, divarların nəmişlikdən göyərdiyini, nəticədə ona 5000 manat maddi, 3000 manat mənəvi ziyan dəydiyini bildirmiş, ümumilikdə 8000 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 1503 (bir min beş yüz üç) manatın tutularaq X4 ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertiza mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun qismən ləğv olunmasını və iddianın iddiaçının mənzilinin yaşayış otağı və mətbəxinə dəymiş zərərə görə müəyyən edilmiş məbləğ həddində rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, ekspert rəyinin həqiqəti əks etdirmədiyini və iddiaçının mənzilnə dəymiş ziyanın şişirdildiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili apellyasiya şikayətini müdafiə edərək iddiaçıya 500 manat ödəməyə razı olduqlarını bildirmiş, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh isə qətnamənin yalnız iddianın qismən təmin edilməsi ilə bağlı hissədə dəyişdirilməsini istəmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının 166 saylı mənzili iddiaçının mülkiyyətindədir; cavabdeh isə onun mənzilinin üst mərtəbəsində yerləşən 169 saylı mənzildə yaşayır. Tərəflər arasında mübahisə, iddiaçının mənzilinə su sızıntısının baş verməsi səbəbi ilə yaranmış, iddiaçı həmin sızıntının cavabdehə məxsus mənzildən qaynaqlandığını irəli sürərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq su sızmanın səbəbi və zərərin həcmi soruşulmuş, ekspertin 23 iyun 2021-ci il tarixli rəyində, tədqiq olunan mənzillərin planlı yerləşməsi, yəni iddiaçıya məxsus 166 saylı mənzilin binanın 5-ci mərtəbəsində, cavabdehə məxsus 169 saylı mənzilin binanın 6-cı mərtəbəsində yerləşdiyi, 166 saylı mənzilin yaşayış otağında, dəhlizində və mətbəxində yaranmış qüsurların olduğu nəzərə alınaraq 166 saylı mənzilə yuxarı mərtəbədən suyun sızmasının xarakterik olduğu, 166 saylı mənzilə dəyən ziyanın təqribən 1503 manat olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsi məhz qeyd olunan ekspert rəyini əsas götürərək və Mülki Məcəllənin 1096-cı, 1097-ci və 21-ci maddələrinə istinad etməklə iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür, apellyasiya baxışı zamanı yaranmış xərclər isə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1856/2021 saylı iş üzrə qəbul etdiyi 28 iyul 2021-ci il tarixli qətnamə mübahisələndirilən hissədə, yəni iddianın qismən təmin olunaraq Cavabdeh 1503 (bir min beş yüz üç) manatın tutularaq X4 ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertiza mərkəzinin hesabına köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-10661/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10661/2021
11.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver