Məhkəmə qərarları › İş №2(103)-10672/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10672/2021

15.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10672/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin və qətnamənin icra olunduğu zaman həmin ünvanda icra məmuru tərəfindən müəyyən olunan bütün şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin tam şəkildə boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova, iş № 2(010)-190/21) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı BOKT ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin tam şəkildə boşaldılması, cavabdehlərdən 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 iyun 2015-ci il tarixli İstehlak Krediti Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 30 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakını ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə İpoteka Müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan iddiaçı tərəfindən ona qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” Suraxanı Rayon Məhkəməsində iddia qaldırılmışdır. Suraxanı Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh1 yaranmış borcun tutulması və tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan pul hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 25 aprel 2018-ci il tarixli 2(103)-458/2018 saylı qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)- 237/2017 saylı, 01 mart 2017-ci il tarixli qətnaməsi faiz borcu, cərimə borcu və ilkin satış qiyməti hissəsində dəyişdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2018-ci il tarixli 2(103)-458/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən, ipoteka predmeti açıq hərracda satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. "xxxx" MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və X1 Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və X1 yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır. İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq cavabdehlər hal-hazırda da həmin ünvanda qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də hazırkı iddianın qaldırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən cavabdehlərin həmin mənzildən istifadə hüquqularına xitam verilməli, cavabdehlər və digər şəxslər həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalı və mənzil boşaldılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, hərrac onlara bu barədə məlumat verilmədən keçirilmiş və həmin əmlak açıq hərraca çıxarılmış və guya satılmadığından İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və X2 Yekun Protokol imzalanmışdır. Halbuki, onların mənzilləri bank tərəfindən sadəcə qanunsuz yolla ələ keçirilmişdir. Məhkəmə buna qiymət verməyərək üzərindən keçmişdir. Birinci instansiya məhkəməsinin hazırkı qətnaməsi işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. Qətnamənin ləğv, iddia tələbinin rədd olunmasını xahiş edir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin hallarından məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 25.04.2018-ci il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli qətnaməsi «cavabdehdən 10042,38 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimənin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi» hissələrində dəyişdirilmiş, Cavabdeh1 faiz borcuna görə 5001,68 ABŞ dolları (beş min bir ABŞ dolları, 68 sent), cərimə borcuna görə 100 (yüz) ABŞ dolları məbləğində borcun ödəniş gününə manata olan məzənnə ilə tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 80000 (səksən min) manat müəyyən edilməsi qət edilmişdir. 08.10.2019cu il tarixli Hərracın yekunların üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən ünvan 1 “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” tərəfindən keçirilən açıq hərrac vasitəsilə alıcı İddiaçı BOKT ASC tərəfindən 51000 manata əldə edilmişdir. İddiaçı BOKT ASC-nin mübahisəli mənzil üzərində mülkiyyət hüququ 08.07.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq cavabdehlər həmin ünvanında qeydiyyatda qalmaqda və yaşamaqda davam edirlər. İddiaçı BOKT ASC bu səbəbdən də mübahisəli mənzil üzərində qeydiyyatdan keçmiş mülkiyyət hüququnun olmasına əsaslanaraq 04.08.2020-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin və qətnamənin icra olunduğu zaman həmin ünvanda icra məmuru tərəfindən müəyyən olunan bütün şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin tam şəkildə boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi hazırda İddiaçı BOKT ASC-nin mülkiyyətində olduğundan cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verilməli, onlar mənzildən əşyaları ilə birlikdə çıxarılmalı və mənzil tam olaraq boşaldılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Mülki Məcəllənin 317, 319, 385, 433, 448, 465, 739-cu və “İpoteka haqqında” Qanunun 33, 34, 41-ci maddələri və s. normalarla əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdehlər faktiki olaraq əmlakın ilkin satış qiymətini və hərracın nəticələrini mübahisələndirirlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir və o, hazırkı icraatda mübahisələndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya şikayətinin hərracın nəticələrinin etibarsızlığı ilə bağlı digər dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, hərracın nəticələri və hərrac protokolu cavabdehlər tərəfindən ayrı icraatda müstəqil iddia verməklə mübahisələndirilmiş və Səbail Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli qətnaməsi ilə iddia əsassız sayılaraq rədd olunmuşdur. Həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı işin icraatının dayandırılması barədə vəsatət göndərsə də, məhkəmə kollegiyası həmin vəsatəti əsassız sayaraq rədd etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdehlər öz etirazlarının əsası kimi istinad etdikləri halları sübut edə bilməmişlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar