Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10686/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(001)-4649/2021 saylı qərardadından cavabdeh X3 tərəfindən verilən şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı tikinti inşaat materiallarının yığışdırılması və daş hasarın bərpası tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. 07.06.2021-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehə məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmasının cavabdehə və kənar şəxslərə (ustalara) qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(001)- 4649/2021 saylı qərardadı ilə iddianın təmin tədbiri barədə ərizə əsaslandırılmadığına görə İddiaçı iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməmişdir. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 08 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən inşa edilmiş daş hasarın uçmaq təhlükəsi vardır. Belə ki, cavabdeh tərəfindən həmin daş hasarın yanına torpaq və tikinti materialları tökülmüşdür. Daş hasarın uçması nəticəsində onun evinin zədələnməsi və ya dağılması qaçılmaz olacaqdır, ona görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(001)-4649/2021 saylı qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında cavabdeh X2 məxsus torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahələrini bir-birindən ayıran daş hasarın aşmasının qarşısının alınması məqsədilə hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh X2 məxsus torpaq sahəsində təmir-tikinti işlərinin aparılması cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh X3 tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(001)-4649/2021 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 05 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətdə qeyd edir ki, məhkəmə hazırki qərardadı qəbul etməklə onun mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh X3 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti qəbul etməyərək, onun təmin edilməməsini və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(001)- 4649/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(001)-4649/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra-MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər (maddə 158.1.2). İddianı təmin etmək üçün mübahisə predmetinə aid müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər (madd 158.1.3). İddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarı ilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Ona görə də, pozulmuş hüquqların real bərpasına, başqa sözlə iddianı təmin etmiş qətnamənin icrasına nail olmaq baxımından iddianı təmin tədbirləri mühüm prosessual vasitələr kimi çıxış edirlər. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, hasarla iddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı ev arasında olan məsafə azdır və daş hasar uçduğu təqdirdə, bu bərpa olunmaz nəticələrə gətirib çıxara bilər. Kollegiya hesab edir ki, hazırki halda, birinci instansiya məhkəməsi idianı təmin etmə tədbiri barədə ərizəni təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. “X6rşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Binəqədi rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(001)-4649/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-10686/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10686/2021
27.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver