Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10694/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili X6 iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(004)-1789/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rəfi qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.000 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qızı X2 ilə kəbin əsasında faktiki münasibətlərdə olmuş, dəfələrlə onun və onun digər qohumlarının evində qonaq olmuşdur. Cavabdeh ondan 2020-ci ilin fevral ayında 210 manat, 11.06.2020-ci il tarixdə isə 790 manat məbləğində pulu borc almışdır. Sonradan cavabdehin onun qızı ilə münasibətləri pozulmuş və onlar ayrılmışlar. Cavabdehdən borcun qaytarılmasını tələb etsə də, cavabdeh ondan aldığı borcu qaytarmaqdan yayınmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(004)-1789/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 1000 (min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(004)-1789/2021 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, işə baxan məhkəmə cavabdehin iddiaçıya olan borcunu formal mülahizələr əsasında öz daxili inamını qanunlardan üstün tutaraq şahid ifadələri və “Azercell” Telecoma verilmiş sorğu əsasında iddiaçının qızı tərəfindən ona yazılmış smslərə istinad edərək qanunsuz qərar qəbul etmişdir. Cavabdeh məhkəmə iclasında da izahat verərəkən iddiaçının qızı ilə ailə qurmaq niyətində olduğunu bildirmişdir, lakin cavabdehin valideynləri iddiaçının qızı ilə ailə qurmağına etiraz etdikləri üçün o, bu fikirdən yayınmışdır. Buna əsas olaraq iddiaçı və onun qızı Cavabdeh qisas almaq məqsədi ilə məhkəmədən əvvəlki günlərdə 500 manat məhkəmədə iddia qaldırarkən isə 1000 manat tələb etmişdirlər. Bundan əlavə, cavabdeh Şirvan Apellyasiya Məhkəməsində hakim köməkçisi kimi işlədiyi vaxt iddiaçı və onun qızı bu müddət ərzində daima cavabdehi yalanlarla şantaj edəcəklərini bildirmişlər. Məhkəmə iddiaçı tərəfindən borcun cavabdehə verilməsi ilə bağlı onun iddiaçının qızına sms yazdığını və həmin smslərin çıxarılması ilə bağlı “Azercell” Telecomun məhkəmə sorğusuna cavabından da görünür ki, iddiaçının qızı X3 tərəfindən istifadə olunan ***-***-**-** nömrəsindən cavabdehin atasının adına qeydiyyatdan keçmiş, lakin həmin müddət ərzində istifadə olunmayan (borcdan bağlanmış) ***-***- **-** mobil telefonuna sms gələrək “gətir pullarımı ver, göndər yoxsa məndən incimə, get o sübut edəcəyin bacındır, atandır hər kimdir mənim pulumu al göndər, faizidə bağla” kimi sözlər yazmışdır. Həmin smslərdə cavabdehin borcu etiraf etməsi ilə bağlı qeyd olunan smslərdə heç bir yazı qeyd göstərilməmişdir. Göründüyü kimi, iddiaçı bilərəkdən cavabdehin istifadə etmədiyi telefon nömrəsinə sms yazaraq gələcəkdə onu borcla şantaj etmək istəmişdir. Lakin işə baxan məhkəmə qeyd olunanları kəskin şəkildə iddiaçının xeyrinə birtərəfli formada təhrif edərək iddia ərizəsini təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh onun nümayəndəsi və vəkili X11 apellyasiya şikayətini müdafiə edərək, göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(004)-1789/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Talıbova X1 rayonunda yaşayır. İddiaçı Cavabdeh doğma qızı X2 vasitəsi ilə tanımışdır. Belə ki, iddiaçının qızı ilə cavabdeh ailə qurmaq məqsədi ilə ünsiyyətdə olmuşdular. Hazırda iddiaçı cavabdehin onun qızı X2 ilə kəbin əsasında faktiki münasibətlərdə olduğunu, dəfələrlə onun və onun digər qohumlarının evində qonaq olduğunu, cavabdehin ondan 2020-ci ilin fevral ayında 210 manat, 11.06.2020-ci il tarixdə isə 790 manat məbləğində pulu borc aldığını, sonradan cavabdehin onun qızı ilə münasibətlərinin pozulduğunu və onların ayrıldığını, cavabdehdən borcun qaytarılmasını tələb etsə də, cavabdeh ondan aldığı borcu qaytarmaqdan yayındığını bildirir və cavabdehdən ümumilikdə 1.000 manat borcun tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçının qızı X2 ilə iddiaçının bildirdiyi səviyyədə yaxın münasibətlərdə olmadığını, aralarında kəbin bağlanmadığını, iddiaçının qızı ilə ailə qurmaq niyyətində olduğunu və bu məqsədlə onunla ünsiyyətdə olduğunu, iddiaçını da bu münasibətlər nəticəsində tanıdığını, lakin sonradan ailəsinin razılığı olmadığından, onunla ailə qura bilmədiyini, nəticədə münasibətlərinin pozulduğunu, iddiaçıdan heç vaxt hərhansı məbləğdə borc almadığını, ümumiyyətlə 2020-ci ilin iyun ayının 11-də əmək qabiliyyətinin müvəqqəti itirilməsi əsası ilə nəinki iş yerində, ümumiyyətlə iddiaçının yaşadığı Hacıqabul rayonunda olmadığını, həmin vaxt Bakı şəhərində olduğunu bildirir və göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının qızı olan X2 şahid qismində verdiyi ifadəsində onunla Cavabdeh rəsmi olaraq nikaha daxil olmaq və ailə qurmaq niyyətinin olduğunu, bu məqsədlə aralarında kəbinin də bağlandığını və 1 il 8 ay ərzində belə münasibətlərdə olduqlarını, bu səbəbdən cavabdehin onun ailə üzvü kimi qəbul olunduğunu və dəfələrlə onların və onların qohumlarının evində qonaq olduğunu, bir yerdə olan dövrdə, cavabdehin müraciətinə əsasən iddiaçı cavabdehə 2020-ci ilin fevral ayında 210 manat, 11.06.2020-ci il tarixdə isə 790 manat məbləğində pulu borc verdiyini, sonradan münasibətlərinin pozulduğunu və əlaqələrinin kəsildiyini, əsəbindən kəbini cırdığını, anası tərəfindən cavabdehə borc qismində verilmiş pulu anası ilə yanaşı cavabdehdən tələb etdiyini, cavabdehin istifadəsində olan telefon nömrəsinə bununla bağlı yazılı ismarıclar da (sms) göndərdiyini, lakin onların müraciətlərinin cavabsız qaldığını və cavabdehin bu günədək onun anasına olan borcu qaytarmadığını bildirir. Digər şahid X4 məhkəməyə verdiyi ifadəsində iddiaçının qardaşının həyat yoldaşı olduğunu, cavabdehi iddiaçının qızının nişanlısı kimi tanıdığını, cavabdeh onların da evində iddiaçı və onun qızı ilə birlikdə qonaq olduğunu, 2020-ci ilin yay ayında 500 manat borc almaq niyyəti ilə cavabdehin və iddiaçının qızının onlara gəldiyini, lakin onda pul olmadığından borc verə bilmədiyini və onları faizlə borc verən şəxsin yanına apardığını, lakin həmin şəxsin də onlara borc vermədiyini, həmin pulun ondan cavabdeh tərəfindən istənildiyini, borcla bağlı söhbətlərin də iddiaçının qızı tərəfindən aparıldığını, cavabdeh tərəfindən iddiaçıya borcun verilməsini görmədiyini bildirir. Məhkəmənin 16.04.2021-ci il tarixli qərardadının icrası qaydasında "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd diskdə ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə göndərilən sms-lər barədə məlumat əks olunmuşdur. Məhkəmə Azərbaycan Respblikası Mülki Məcəlləsinin 5.3, 385.1, 425.1, 427.2, 427.4, 442, 443.1, 448.1, 448.2, 739.1, 740.1, 740.2-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Bu baxımdan İddiaçı iddia tələbinə uyğun olaraq ilk növbədə Cavabdeh 2020-ci ilin fevral ayında 210 manat və 11.06.2020-ci il tarixdə 790 manat məbləğində pulu borc verməsi halının mövcud olduğunu sübut etməli idi. Lakin iddiaçı bu halı rəsmiləşdirilmədiyini (hər hansı iltizam almayıb, sadə formada kağız üzərində qeydiyat aparılmayıb və s.) bildirir. Onun tərəfindən cavabdehə 210 manat məbləğində pulun verilməsini yalnız onun cavabdehlə hazırda prinsipial münasibətlərdə olan qızı X2 təsdiq edir. Cavabdeh isə ümumiyyətlə iddiaçıdan hər hansı məbləğdə pulu borc almadığını bildirir. Belə olan halda, hazırki iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, habelə iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh ilk öncə ümumiyyətlə iddiaçının qızı X2 ilə münasibətlərinin səviyyəsini açıqlamamış, onunla ailə qurmaq niyyəti ilə ünsiyyət saxladığını bildirmişdir. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh təfələrlə iddiaçının və ididaçının qohumlarının evində qonaq olmuş, iddiaçının qızı ilə digər müxtəlif tədbirlərdə də iştirak etmişdir. Cavabdeh iddiaçının qızı ilə kəbin bağladığını da etiraf etmir. Halbuki, həm iddiaçı, həm də şahid qismində ifadəsi alınmış onu qızı cavabdehlə kəbinin olduğunu vurğulayırlar. Eyni zamanda, "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd diskdə əks olunmuş ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə 17.06.2020-ci il tarixdə göndərilən sms-lərdə də “kəbini geri oxutdur gəl. Mən ailə qururam” məzmunlu sms mövcuddur. ***-***-**-** mobil telefon nömrəsi iddiaçının qızının istifadəsindədir. Cavabdeh ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmədiyini bildirir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının qızının hər hansı başqa bir şəxslə 17.06.2020-ci il tarixdə kəbin bağlaması barədə məlumat yoxdur. Cavabdeh də bu barədə hər hansı fikir söyləmir. Hər bir halda, həmin vaxt iddiaçının qızı ilə cavabdehin “ailə qurmaq niyyəti ilə” davam edən münasibətləri yeni pozulmuş və bu tarixdən əvvəlki 1 ildən artıq müddət ərzində onlar həmin münasibətlərdə olmuşdular. Belə olan halda, iddiaçını qızının hər hansı başqa şəxslə kəbini olsa idi, cavabdeh bu barədə məlumatlı olmuş olardı və belə olan halda çətin ki, iddiaçının qızı kəbini olan şəxslə deyil, cavabdehlə münasibət saxlamış olardı. Kəbinin olmadığı bir halda da, iddiaçının qızının ***-***-**-** mobil telefon nömrəsinə “kəbini geri oxutdur gəl. Mən ailə qururam” məzmunlu sms göndərməsi də məntiqsiz və mənasızdır. Bu səbəbədn məhkəmə hesab edir ki, iddiaçının qızının məhz cavabdehlə kəbini olmuş və ***-***-**-** mobil telefon nömrəsi cavabdehin istifadəsində olmuşdur.İddiaçının qızının istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə 17.06.2020-ci və 24.06.2020-ci il tarixlərdə həmçinin, “gətir pullarımı ver”, “gönder yoxsa məndən incimə”, get o sübut eləcəyin bacındı her kimdi ondan alırsan ya atandan alırsan al pulumu”, “faizi də bağla” məzmunlu smslər göndərilmişdir. Bu da öz növbəsində cavabdehin pul öhdəliklərinin olmasına dəlalət edir. Belə ki, borc olmadığı halda, iddiaçının qızı tərəfindən belə məzmunlu smslər göndərilməzdi. Məhkəmə qeyd etmişdir ki, 16.04.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia etdiyi məbləğin cavabdehdən həm şifahi qaydada, həm də onun qızı tərəfindən telefon vasitəsi ilə göndərilmiş yazılı ismarıclarla dəfələrlə tələb etdiyini, lakin həmin ismarıcların telefonda saxlanılmadığını bildirmiş və məhkəməyə şifahi vəsatətlə müraciət edərək, 2020-ci ilin iyun ayının 1-dən sonra onun qızının istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Cavabdeh istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə və həmin nömrələrdən qızının istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə göndərilmiş SMS mətnlərin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəsatətin təmin edilibedilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Yuxarıda qeyd edilən məlumatlar da məhz vəsatətə uyğun olaraq məhkəmənin 16.04.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC-dən götürülmüşdür. Cavabdeh bu nömrənin onun adına qeydə alınmadığını, bu nömrədən istifadə etmədiyini və nömrəni tanımadığını bildirir. Məhkəmə də öz növbəsində qeyd edir ki, bu nömrə həqiqətə də cavabdehin adına qeydə alınmamışdır. Belə ki, elektron məhkəmə portalından əldə edilmiş məlumata əsasən ***-***-**-** mobil telefon nömrəsi cavabdehin atası X5 adına qeydə alınmışdır. Hər bir halda, bu nömrənin cavabdehlə bağlılığı mövcuddur. Bununla belə, məhkəmə, aparılmış araşdırmanın nəticələrini əsas götürüb, tərəflərin izahatı və şahid ifadələri arasında olan uyğunluq və uyğunsuzluqları müqayisəli şəkildə təhlil edib və daxili inamına əsaslanıb belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında şifahi borc müqavilələri bağlanmışdır. Həmin borc müqavilələrinə əsasən iddiaçı cavabdehə 2020-ci ilin fevral ayında 210 manat və 11.06.2020-ci il tarixdə 790 manat məbləğində pulu borc vermiş və bununla da həmin müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğlərdə pulu iddiaçıdan almış, lakin bu məbləğlərin qaytarılması barədə vəd versə də bugünədək qaytarmamış və bununla da həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, hüquqi nəticə etibarı ilə müqavilələrin şərtlərini pozmuşdur. İddiaçının pulu ondan tələb etməsi də bir nəticə veməmişdir. Buna görə, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(004)- 1789/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-10694/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10694/2021
01.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver