Məhkəmə qərarları › İş №2(103)-107/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-107/2022

09.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-107/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Cavabdeh vəkili və nümayəndəsi Hüseyn-zadə Vüqar Səbuhi oğlunun iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-328/2019 saylı, 29 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X7 və X8 Cavabdeh qarşı iddia ərizəsi, iddia həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilin açıq hərraca çıxarılmaqla satılaraq, satışdan əldə olunmuş pulun paylarına mütənasib formada bölünməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-328/2019 saylı, 29 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X1 və X6 iddia tələblərinin təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 51 a saylı evin, 2 saylı mənzilinin açıq hərracda satılması, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 51 a saylı evin, 2 saylı mənzilin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni 1/10 (onda bir) hissəsi İddiaçı ogluna, 1/10 (onda bir) hissəsi X4, 1/10 (onda bir) hissəsi İsmayılova (Hacızadə) Günel Ələkbər qızına və 7/10 (onda yeddi) hissəsinin Cavabdeh verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh Haşim qızı mübahisə predmeti olan paylı mülkiyyət üzərində 7/10 paya malikdir, mənzil rəsmi nikah dövründə əldə olunmuş və o, həmin ünvanda 15 ildən artıq yaşamış və digər mülkiyyətçilərdən fərqli olaraq həmin mənzildən istifadə edərək hələdə orda yaşayır. Cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X7 və X8 ilə görüşmək və onlara kompensasiya ödəmək niyyəti hər zaman olmuş və bunu həyata keçirtməyə hazır olmuşdur. Lakin xəstəliyi ilə əlaqədar Cavabdeh məhkəmə iclaslarında iştirak edə bilmədiyindən qeyd olunanları məhkəmənin nəzərinə çatdıra bilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2019-cu il tarixli 27768 nömrəli ekspert rəyi ilə müvafiq mənzilin qeyd edilən paylara uyğun naturada təcrid mənzillər şəklində 4 hissəyə paylara uyğun şəkildə bölünüb ayrılması texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsində işə baxılan zaman mənzilin qeyd edilən paylara uyğun naturada təcrid mənzillər şəklində 4 hissəyə paylara uyğun şəkildə bölünüb ayrılması texniki cəhətdən mümkün olmadığı ekspert tərəfindən müəyyən edilmiş və Cavabdeh məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak etmədiyindən digər payçılara kompensasiya ödəyərək mübahisənin həll olunmasına hazır olduğunu və əmlakın açıq hərraca çıxarılmamasına dair iradəsini bildirməmişdir. İş materiallarından göründüyü kimi, "xxxx" MMC-nin 22 fevral 2019-cu il tarixli LP-018/19 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 51 nömrəli evin 2 nömrəli mənzilinin hazırki dövrə olan bazar dəyəri 55.000 manat təşkil etmişdir. Cavabdeh hal hazırda mövqeyi payçılara kompensassiya verilməsidir və qanun buna imkan verir. Cavabdeh mövqeyi məhkəmə tərəfindən dinlənilməyib. Məhkəmə qətnaməsinə əsasən mənzilin açıq hərracdan satılması onun və müdafiəçisinin mövqeyinə ziddir və qətnamə H.İsmayılovanın üstün paya malik oldüğu halda, mənzildə digər mülkiyyətçilərdən fərqli olaraq məhz onun yaşaması halında sahiblik, istifadə və sərəncam vermə hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X1 və X6 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə xəbərdar edilmiş Vəkil2 teleqramla məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehlə paylı mülkiyyətdə olan əmlakdakı paylarına görə 30000 manat verilməklə xitam verilməsini təklif etsə də bu təklifləri qəbul olunmamışdır. Bu baxımdan 30000 manat kompensasiyanın cavabdehdən alınaraq iddiaçı və üçüncü şəxslərə verilməsinə, bu mümkün olmadıqda mənzilin açıq hərracda çıxarılaraq satılması və əldə olunan gəlirin bölünməsinə, eləcə də işə iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Hüseynzadə Vüqar Səbuhi oğlu apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli, 2(005)-4071/2014 nömrəli qətnaməsi ilə Bakı şəhəri 9 nömrəli Dövlət Notariat Kontoru tərəfindən verilmiş 20 noyabr 2013cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 24 oktyabr 2013-cü il tarixdə vəfat etmiş X2 miras qalmış **-VJ-*** dövlət qeydiyyat nişanlı “Nissan-Teana” markalı avtomobilin üzərində qanun üzrə vərəsələr mərhumun həyat yoldaşı Cavabdeh 7/10 hissədə, İddiaçı 1/10 hissədə, X1 1/10 hissədə və X6 1/10 hissədə paylarının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 9 nömrəli notariat kontorunun notariusuna həvalə edilməsi qət edilmişdir.Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 21 yanvar 2015-ci il tarixli, 2(103)-569/2015 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli, 2(005)-4071/2014 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2015-ci il tarixli, 2(102)- 2364/2015 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 21 yanvar 2015-ci il tarixli, 2(103)-569/2015 nömrəli qətnaməsi ləğv edilmiş və iş apelyasiya qaydasında yenidən baxılması üçün göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 22 sentyabr 2017-ci il tarixli, 2(103)-66/2017 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2018-ci il tarixli 2(102)-454/2018 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 51a, 2 nömrəli mənzil İddiaçı adına 1/10 hissədə, X3 adına 1/10 hissədə, X1 adına 1/10 hissədə və X5 adına 7/10 hissədə (açıq qalır) daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2239 nömrəli reyestr kitabının 208270 nömrəli vərəqində 18 noyabr 2014-cü il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 fevral 2019-cu il tarixli müvafiq mütəxəssis rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 51a nömrəli evin 2 nömrəli mənzilinin hazırkı dövrə olan bazar dəyəri 55.000(əlli beş min) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2019-cu il tarixli 27768 nömrəli ekspert rəyi ilə müvafiq mənzilin qeyd edilən paylara uyğun naturada təcrid mənzillər şəklində 4 hissəyə paylara uyğun şəkildə bölünüb ayrılması texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, müvafiq mənzilin qeyd edilən paylara uyğun naturada təcrid mənzillər şəklində 4 hissəyə paylara uyğun şəkildə bölünüb ayrılması mümkün deyildir, eləcə də tərəflərin birinin digərinə kompensasiya ödəməklə mülkiyyət hüququna xitam ilə bağlı razılaşmaları yoxdur. Bununla belə məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 51a nömrəli evin 2 nömrəli mənzili açıq hərracda satılmalı, həmin əmlakların satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun şəkildə bölünməlidir. Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-cü maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür Qeyd olunan qərarda Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı... Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halları maddi hüquq normalarının dispozisiya şərtlərinə hazırki mərhələdə uzlaşmadığından, yəni ardıcıllığa riayət edilmədiyindən, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün də iddia haqlı sayıla bilməz. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.4, 213.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1,119.1, 217.2, 217.4-cü maddələrinə istinad edərək iddianı təmin etsə də Mülki Məcəllənin 220.3-cü maddəsinin tələblərini səhv təfsir etmiş və Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarının məcburi olmasını nəzərə almamışdır. İkincisi, payın naturada ayrılması mümkün olmasa da, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər cavabdehə qarşı pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malik idi. Lakin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən cavabdehə qarşı məhkəmədə nəinki belə tələb irəli sürülməsi, hətta hansısa təklifləri də iş materialları ilə təsdiq olunmur. Demək, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin cavabdehə qarşı pul kompensasiyasının ödənilməsinə dair nə iddia tələbi şəklində, nədə hər hansı digər yazılı formada təklifi olmamış, həmçinin bu təklifin şifahi də olsa cavabdehə çatması və sonuncunun belə bir müraciətə(əgər olmuşdursa) rəsmi cavabı olmamışdır. Üçüncüsü, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər cavabdehə qarşı iddia tələbi üzrə dəqiqləşdirmə aparmaqla və iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək(bax.i.v.156) birbaşa mübahisəli mənzilin açıq hərraca çıxarılmaqla satılaraq paylara uyğun əldə olunacaq pulun bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Demək, mənzilin naturada bölünməsi texniki cəhətdən mümkün deyildirsə iddiaçı tərəf ən azından cavabdehə kompensasiya tələbini(təklifini) irəli sürməli idi, ancaq belə bir tələb olmamışdır. Buna görə də, birinci instansiya məhkəməsi də öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməzdi. Belə ki, bu halda məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməzdi. Bundan başqa, cavabdehin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərə kompensasiya vermək imkanı olmadıqda və ya kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilərdi. Eyni zamanda, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər payın naturada ayrılması mümkün olmasa da, onlar, payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin, iddiaçı birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi bütün bu qeyd olunanları nəzərə almamış, iddia tələbinin həcminin azaldılmasına dair ərizə məhkəməyə daxil olan gün, bu ərizəni cavabdehə göndərmədən qətnamə qəbul etmişdir. Ona görə də məhkəmənin qətnamədə göstərdiyi- “tərəflərin birinin digərinə kompensasiya ödəməklə mülkiyyət hüququna xitam ilə bağlı razılaşmaları yoxdur” qənaətinin nəyə əsasən formalaşdığı bəlli deyildir. Dördüncüsü, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamaq məqsədi ilə iddiaçı tərəfin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin tərəfindən mənzilin yenidən qiymətləndirməsi keçirilmiş və "xxxx" MMC-nin 29 saylı, 11 noyabr 2020-ci il tarixli rəyin əsasən ünvan 1 ünvanda yerləşən mənzilin real bazar dəyəri 60000 manat təşkil etdiyi göstərilmişdir. Bu qiymətlə də razı olmadığına görə iddiaçı tərəfin təkrar qiymətləndirmə keçirilməsinə dair vəsatəti təmin olunaraq bu dəfə qiymətləndirmə Daşınmaz Əmlakın Dövlət Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş, həmin İdarə mənzilin bazar dəyərinin hesablanması üçün qabaqcadan 180(yüz səksən) manat xidmət haqqı ödənilməsinin nəzərdə tutulduğunu məhkəməyə ünvanladığı məktubda göstərsə də tərəflər həmin məbləği ödəmədikləri üçün İdarə tərəfindən rəy verilməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin mübahisəni barışıq sazişi ilə tamamlamalarına nail olmaq məqsədilə dəfələrlə cəhd edilsə də məhz tərəflərin bu təklifdə maraqlı olmadıqlarına və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun addım atmadıqlarına görə bu baş tutmamışdır. Apellyasiya baxışı zamanı iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin nümayəndəsi və vəkilinin qarşı tərəfdən 30000 manat kompensasiya tələb etməsi isə hazırki iddianın təmin edilməsinin əsaslı olduğuna dəlalət etmir. Çünki, bu tələb yaxud təklif birinci instansiya məhkəməsinə verilməli idi. Apellyasiya baxışı zamanı bu tələbin yaxud təklifin irəli sürülməsi isə Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyil. Yəni, prosessual normaların mahiyyətindən və sistematik təhlilindən də görünür ki, bu qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçı və müstəqil tələb irəli üçüncü şəxslərin bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25- ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-328/2019 saylı, 29 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X7 və X6 mənzilin açıq hərraca çıxarılmaqla satılması və satışdan əldə olunmuş pulun paylarına mütənasib formada bölünməsi tələbinə dair iddiaları təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-328/2019 saylı, 29 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X7 və X6 mənzilin açıq hərraca çıxarılmaqla satılması və satışdan əldə olunmuş pulun paylarına mütənasib formada bölünməsi tələbinə dair iddiaları təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar