Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10731/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı Fərrux oğlunun nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh1 Fərux oğluna qarşı “mülkiyyət hüquqlarının müdafiəsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərardadından Cavabdeh1 Fərux oğlunun nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Fərux oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17.02.2005-ci il tarixli 125 N-li Sərəncamı əsasında ona verilmiş Azon zavodunun nəqliyyat sahəsinin ərazisində 120 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin cavabdehin adına rəsmiləşdirilmiş 51,2 kv.m hissəsinin naturada ayrılması və qeyri-yaşayış sahəsinin qalan hissəsindən cavabdehin çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq özünün sahiblik və istifadəsinə verilməsi, habelə 13.12.2013-cü il tarixli texniki pasportun, qeyri-yaşayış sahəsinin cavabdehin adına rəsmiləşdirilmiş hissəsi - 51,2 kv.m - istisna olmaqla əmlakın qalan hissəsinə münasibətdə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı, iddianı təmin tədbiri barədə ərizə də təqdim edərək, DƏDRXin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehin adına verimiş çıxarışa əsasən sonuncunun adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını istəmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) 23.06.2021ci il tarixli qərardadı ilə mübahisə məhkəmədə mahiyyəti üzrə həll olunana qədər Daşınmaz Əmlakın Reyestrində 12.02.2020-ci il tarixdə **********38-06301 reyestr nömrəsi ilə Cavabdeh1 Fərux oğlunun adına qeydiyyata alınmış ünvan 2 ünvanında, 0,1083 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 51,20 kv.m olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin Cavabdeh1 Fərux oğluna qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdehin nümayəndəsinin verdiyi şikayət məhkəmənin 15 iyul 2021-ci il tarixli qərardadı ilə təmin olunmuş, qərardad ləğv edilərək İddiaçı iddianın təmini tədbirinin tətbiqinə dair ərizəsi rədd olunmuşdur. Qeyd olunan qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət məhkəmənin 26 iyul 2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozmuş, iddianı təmin tədbirinin tətbiqinə əsaslar mövcud olmasına baxmayaraq öz qanuni qərardadını əsassız olaraq ləğv etmişdir. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə1, görülməsi tələb olunan tədbirin iddia tələbinə uyğun və gələcəkdə çıxarılacaq qətnamənin icrasını təmin etməyə yönəldiyini vurğulamaqla şikayətin məzmununa uyğun izahat vermiş və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2 şikayətin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 51,20 kv.m olan qeyri-yaşayış sahəsi 03 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılmış və artıq onun mülkiyyətindədir, buna görə də əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulması üçün əsas mövcud deyildir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə görə, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Kollegiya hesab edir ki, göstərilən növdə iddianı təmin tədbirlərinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən mübahisə obyektinin qorunması MPM-nin 157.2-ci maddəsində göstərilən məqsədlər baxımından zəruri olsun. Bu mənada nəzərə almaq lazımdır ki, iddiaçının iddiası mübahisəli qeyri-yaşayış sahəsinin cavabdehin adına rəsmiləşdirilmiş 51,2 kv.m hissəsinin naturada ayrılması və qeyriyaşayış sahəsinin qalan hissəsindən cavabdehin çıxarılması, qeyri-yaşayış sahəsinin texniki pasportunun cavabdehin mülkiyyətindəki 51,2 kv.m istisna olmaqla əmlakın qalan hissəsinə münasibətdə etibarsız hesab edilməsi barədədir; yəni iddiaçı cavabdehə məxsus 51,2 kv.m. sahəyə hüquq iddia etməməkdədir və bu səbəblə cavabdehin əmlakının özgəninkiləşdirilməsinə qadağa qoyulmaması iddiaçının hüquqlarının qorunmasını mümkünsüz edən vəziyyətin ortaya çıxmasına səbəb ola bilməz. Digər tərəfdən qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün ərizəçi iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar təqdim etməli və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Yəni qanunvericilik tələb edir ki, birincisi, ərizədə iddia tələbinin əsaslılığına dair ilkin sübutlara istinad olunmalıdır, digər tərəfdən isə həmin ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etməlidir. Başqa sözlə qanunverici "kifayət qədər" ifadəsindən istinad etməklə ilkin sübutlarla bağlı standartı da yüksək tutmuşdur. Bu isə onu tələb edir ki, ilkin sübutların mövcudluğu ilə bağlı məsələyə qiymət verilərkən həmin sübutların iddia tələbinin əsaslılığına adi deyil, kifayət qədər dəlalət etmiş olması nəticəsinə gəlmək mümkün olmalıdır. Beləliklə, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və iddianın əsaslılığına dair ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Bu baxımdan nəzərə almaq lazımdır ki, iddiaçının ərizəsində görülməsi xahiş edilən müvəqqəti təminat tədbirinin zərurilik meyarları da kifayət qədər əsaslandırılmamışdır. Həmçinin qeyd edilməlidir ki, iş materiallarından Cavabdeh1 Fərux oğluna məxsus əmlakın 03 iyun 2021-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satıldığı və onun mülkiyyətinə keçdiyi aydın olur; bu isə o deməkdir ki, həmin əmlakın özgəninkiləşdirilməsinin Cavabdeh1 qadağan olunması faktiki olaraq mümkün deyildir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsassız olaraq iddiaçının iddianı təmin tədbirinə (müvəqqəti təminat tədbirinə) dair ərizəsinin təmin edilməli olduğu qənaətinə gəlmiş, bununla belə cavabdehin şikayətini təmin edərək həmin mövqeyini dəyişməklə qanuni qərar qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4313/2021 saylı iş üzrə 15 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-10731/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10731/2021
21.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver