Məhkəmə qərarları › İş №2(103)-10738/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10738/2021

01.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10738/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(006)-1939/2018 saylı qərardadından cavabdehin şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18250 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli 2(006)- 1939/2018 saylı qiyabi qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh 18250 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda cavabdehin nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, 18 aprel 2018-ci il tarixinə təyin edilmiş məhkəmə iclası barədə ümumiyyətlə cavabdehin xəbəri olmamış, cavabdeh 28 mart 2017-ci il tarixdə ölkə sərhədini tərk edib və o vaxtdan bu günədək Azərbaycan Respublikasına geri qayıtmamışdır, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməmişdir. Cavabdeh qiyabi qətnamənin mövcud olması barədə 15.04.2021-ci il tarixində İcra şöbəsi tərəfindən axtarılarkən xəbər tutmuşdur. İş materiallarında olan poçt qəbzində məhkəmənin sözügedən qətnaməsini Quliyev soyadlı şəxsin imzalayaraq 10 aprel 2018-ci ildə qəbul etməsi göstərilsə də həmin soyada malik həmin ünvanda cavabdehin yalnız anası Ş.M.Quliyeva yaşamış və 06 aprel 2018-ci ildə vəfat etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(006)- 1939/2018 saylı qərardadı ilə ərizə təmin edilməmiş və qətnamədən apelyasiya qaydasında şikayət verməli olduğu cavabdehə izah edilmişdir. Cavabdehin qərardaddan verdiyi şikayəti məhkəmənin 01.10.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, məhkəmənin 18.04.2018-ci il tarixli qiyabi qətnaməsi 20.04.2018-ci il tarixli məktubla cavabdehin ünvanı üzrə göndərilmiş və 11.05.2018-ci il tarixdə poçt xəbərnaməsinə Quliyev soyadı qeyd edilərək imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin ərizədə qeyd etdiyi xəbərnamə isə 10 aprel 2018-ci il tarixində (18.04.2018-ci il tarixli məhkəmə iclası barədə bildiriş ilə əlaqədar) Quliyev soyadlı şəxs tərəfindən imzalanmışdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə xəbərnamənin başqa şəxs tərəfindən imzalandığını bildirsə də, qeyd olunan qiyabi qətnamənin özü tərəfindən 11 may 2018-ci il tarixində alınması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 249-cu maddəsinə əsasən hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. Göründüyü kimi, cavabdeh qətnamə rəsmi qaydada ona verildikdən sonra 10 gün müddətində ərizə verməli olduğu halda, bu müddəti ötürmüşdür. Kollegiya qeyd edir ki, şikayətlərin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(006)- 1939/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar