Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10745/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2262/2021 saylı iş üzrə 14 sentyabr 2021ci il tarixli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində 0.05126 ha torpaq sahəsində yerləşən iddiaçıya məxsus 330a nömrəli bağ evinin 1 mərtəbəli, 3 otaqlı, 41,7 kv.m yaşayış, 36,8 kv.m. köməkçi sahədən, 28,4 kv.m. meydançadan ibarət olan B tikilisindən istifadənin cavabdehə qadağan edilməsi, B tikilisindən istifadə ilə bağlı cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, B tikilisinə giriş üçün cavabdeh tərəfindən yol verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehin nümayəndəsi 14.09.2021-ci il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Buzovna qəsəbəsi 330a saylı bağ sahəsində yerləşən İddiaçı mülkiyyətinə verilmiş B tikilisinə dair çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsi ilə birgə məhkəməyə iddianı təmin etmək üçün tədbirlər haqqında ərizə təqdim edərək, həmin bağ sahəsinin B tikilisində yerləşən əmlakın özgəninkiləşdirilməsinin, habelə həmin əmlakdan hər hansı formada istifadə edilməsinin İddiaçı və üçüncü şəxslərə qadağan edilməsi, qeyd edilən bağ sahəsi ilə bağlı hər hansı sənədləşmə aparılması, iddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 2(003)- 2262/2021 saylı qərardadı ilə cavabdehin ərizəsi qismən təmin edilərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 330a saylı bağ sahəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Həmin qərardaddan ayrı-ayrılıqda hər iki tərəfin nümayəndələri şikayət vermişlər. İddiaçının nümayəndəsi qərardadın ləğv edilməsini, cavabdehin nümayəndəsi isə qərardadın ləğv edilib ərizənin tam təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(003)- 2262/2021 saylı qərardadı ilə hər iki şikayət təmin edilməmiş və şikayətlər mülki işlə birlikdə baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini və işin materiallarını müzakirə edərək hesab edir ki, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 2(003)- 2262/2021 saylı qərardadı və iddianı təmin tədbiri ləğv edilməli, cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət isə təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli 2(003)-2262/2022 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, iddianı təmin tədbirinin (müvəqqəti təminat tədbirinin) məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. İddianı təmin etmə tədbirinin məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədiyi təqdirdə iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 157-158, 162, 398-400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. İddianı təmin etmə tədbirinin tətbiq olunması haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2262/2021 saylı iş üzrə 14 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 330a saylı bağ sahəsinin özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi növündə iddianı təmin tədbiri ləğv edilsin. Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10745/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10745/2021
02.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver