Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1075/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyan, delikt, işçinin vurduğu zərərə görə məsuliyyət, öhdəliklərə xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X10 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üşüncü şəxs qismində ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cəlb edilməklə cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “maddi və mənəvi zərər” tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1654/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 30 aprel 2008-ci il tarixli, 260 saylı kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən Bank tərəfindən iddiaçıya illik 28 faiz dərəcəsi ilə 18 ay müddətinə 5112 manat kredit verilmişdir. Eyni tarixli ipoteka müqaviləsi ilə iddiaçı Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq mülkiyyətində olan “Mercedes Benz 190” markalı, 10XT443 dövlət qeydiyyat nişanlı, buraxılış ili 1990-cı il olan avtomobili Bank qarşısında ipoteka ilə yüklü etmişdir.
2. Mübahisəli avtomobil iddiaçının verdiyi etibarnamə əsasında onun qohumu X4 faktiki sahibliyində və istifadəsində olmuşdur.
3. 2010-cu ilin sentyabr ayında Bankın Problemli kreditlər şöbəsinin müdiri Cavabdeh1 mübahisəli avtomobili götürərək Banka təhvil vermişdir.
4. 05 mart 2021-ci il tarixdə Bank tərəfindən iddiaçıya kredit müqaviləsi üzrə yaranmış 4061,82 manat əsas, 771,57 manat faiz, cəmi 4833,39 manat borcun ödənilməsi tələbi barədə bildiriş göndərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən vurulmuş mənəvi ziyanın ödənilməsini həmin banka yaranmış borcun silinməsi ilə həyata keçirillməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, Cavabdeh1 tərəfindən vurulmuş maddi ziyanın 10XT443 dövlət qeydiyyat nömrəli, tipli sedan, mühərrik **********6050, Ban- WDB2010241A535033, buraxılış ili 1990-cı il rəngli tünd göy rəngdə olan “Mercedes-190” markalı avtomobilin, xx.xx.2011-ci il tarixində olan bazar dəyər qiymətini müəyyən edərək həmin məbləği ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçının nümayəndəsi Vəkil “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozulmasına görə Cavabdeh2 ASC ilə bağlanmış 30 aprel 2008-ci il tarixli, 260 saylı kredit müqaviləsini və 30 aprel 2008-ci il tarixli, 260 saylı ipoteka müqaviləsini ləğv edərək, müqavilələr üzrə olan öhdəliklərə xitam verilməsi, cavabdehlərin hərəkətləri nəticəsində 10XT443 dövlət qeydiyyat nömrəli, tipli sedan, mühərrik **********6050, Ban-WDB2010241A535033, buraxılış ili 1990-cı il rəngli tünd göy rəngdə olan “Mercedes-190” markalı avtomobilin xx.xx.2014-cü il tarixində bank tərəfindən müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozaraq avtomobilin satılması nəticəsində ona dəymiş 7500 manat maddi ziyanı və 10.000 manat mənəvi ziyanı cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı yaxın qohumu olan cavabdeh X6 2008-ci ildə "xxxx" ASC-nin Bakı şəhərində yerləşən 5 (8) saylı filialına yaxınlaşaraq girov müqaviləsi əsasında ona kredit verilməsini xahiş etmişdir. Bank işçiləri ona bildirmişdilər ki, kredit yalnız rəsmi Bakı qeydiyyatında olan şəxsə verilir. Bu səbəblə X6 ona müraciət eləyərək onunla şifahi əqd bağlamışdır. Şifahi əqdin şərtlərinə əsasən X6, onun adında olan nömrə nişanı 10XT443, tipli sedan, mühərrik **********6050, Ban- DB2010241A535033, buraxılış ili 1990-cı il, rəngi tünd göy olan avtomobilini İddiaçı adına keçirdilmişdir. Onun isə vəzifə X6 tərəfindən ona adına keçirdilmiş avtomobili banka girov qoyaraq öz adına kredit götürüb X5 verməli və avtomobili idarə etmək uçun ona etibarnamə verməlidir. X2 arasında bağlanan şifahi əqdin şərtlərinə əsasən nömrə nişanı ** XT ***, tipli sedan, mühərrik **********6050, Ban-WDB2010241A535033, buraxılış ili 1990-cı il, rəngi tünd göy olan avtomobili 30 aprel 2008-ci ildə Cavabdeh2 ASC-nə girov qoyaraq kredit müqaviləsi bağlamışdır. 260 saylı kredit müqaviləsinin şərtlərinə əsasən sözügedən avtomobil girov şəklində qoyulmaqla 28 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 5112 AZN kredit verilmişdi və bütün pulu ona təqdim etmişdir. İlk 6 ay müddətində kreditin ödənilməsi ilə bağlı heç bir problem yaşanmamışdır. Lakin sonradan X4 maddi vəziyyəti pisləşməsi səbəbi ilə kreditin ödənilməsi ilə bağlı gecikmələr başladı. Bu gecikmələlərə görə bank ona bir neçə dəfə rəsmi və ya qeyri-rəsmi xəbərdarlıq etmişdir. 2010-ci ilin sentyabr ayında özünü sözügedən bankın əməkdaşı kimi təqdim edən daha doğrusu problemli kreditlər departamentinin müdiri Cavabdeh1 X5 yaxınlaşaraq etibarnamə əsasında idarə etdiyi nömrə nişanı ** XT ***, tipli sedan, mühərrik **********6050, Ban-WDB2010241A535033, buraxılış ili 1990-cı il, rəngi tünd göy olan avtomobili məcburi şəkildə onun əlindən almışdır. Sözügedən maşını X4 əlindən alındığından sonra ona avtomobilin idarə olunması üçün etibarnamə verilməsi tələbi ilə Cavabdeh1 tərəfindən dəfələrlə zənglər edilmişdir. O, bu tələblərə əsasən xx.xx.2011-ci ildə Bakı şəhər 6 saylı notariat ofisində Kürdəmir rayonu Xırdapay kənd sakini X7 reyestrdə 7E/6902 nömrə ilə qeyd olunmuşdur. Cavabdeh1 tərəfindən ona bildirdi ki, həmin avtomobil girov predmeti olduğuna görə hərracdan satılaraq borcun silinməsinə yönəldiləcək, X12 tərəfindən maşını onun əlindən alma və onun adında olan kreditin bağlanması haqqında ona heç bir sənəd təqdim olunmamışdır. Bu hadisələrin yaşadığından etibarən bu dəfə o bank tərəfindən heç bir şəkildə narahat olunmamışdır və ona nə yazılı, nə şifahi şəkildə verilməmiş və avtomobili girov şəklində alınması nəticəsində kreditin həqiqətən olduğuna inanmırdı. Bu hadisədən bir neçə il sonra daha dəqiq desək 2018-ci ilin dekabr ayında o, kredit götürmək üçün digər bankların birinə yaxınlaşmışdır. Lakin bankda ona Cavabdeh2 ASC-nə 5900 məbləğində borcu olması haqqında ona məlumat verilmişdir. Bu hadisəni yaxın qohumu olan Elnura danışanda onlara Cavabdeh1 tərəfindən aldadılğını başa düşmüşdür. Bu səbəblə X1 rayon polis şöbəsinə ərizə ilə müraciət etdi, polis şöbəsi qanunsuz olaraq cinayət işinin başlanılmasına rədd qərar çıxarılmış və X6 bu səbəblə Zərdab rayon prokuruluğuna şikayət eləmişdir. Zərdab rayon prokurorluğu 02 dekabr 2019-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarını çıxarmışdır. Cavabdeh1 izahatında qeyd edib ki, “Elnur Məmmədova məxsus “Mercedes 190” markalı avtomobili onun razılığı ilə idarə edərək "xxxx" ASC-nin Bakı şəhərində yerləşən baş ofisinin dayanacağına gətirmiş”, əgər o həqiqətən avtomobili dayanacağa gətiribsə niyə avtomobil həmin dayanacağda yoxdur və "xxxx" ASC tərəfindən sözügedən avtomobilin təhvil-təslim aktı həmçinin hərracdan satılmasını və əldə edən məbləğin borca yönəldilməsi sənədlər təqdim edilmir. Bundan əlavə olaraq Zərdab rayon prokurorluğun araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin avtomobil 24 dəfə etibarnamə vasitəsi ilə digər naməlum şəxslərə verilmişdi. Cavabdeh qeyd edir ki, o avtomobili gətirib banka təhvil vermiş, necə ola bilər ki, banka təhvil verilmiş avtomobil sonra 24 dəfə şəxslərə etibarnamə vasitəsi ilə verilmişdir. Hörmətli məhkəmə, hesab edir ki, Cavabdeh1 "xxxx" ASC-nin işçisi kimi özünü təqdim edərək qanunsuz olaraq dələduzluq yolu ilə sözügedən avtomobili ələ keçirdərək xeyli miqdarda maddi ziyan vurulmuşdur. Zərdab rayonun prokurorluğun araşdırma nəticəsinə qəbul etdiyi qərarı cavablardan çox suallar yaradır, bununla bağlı artıq Baş prokurorluğda müraciət qeyd etmək istəyir ki, onun fikrincə Cavabdeh1 hərəkətlərində cinayət əməlləri vardır. O, "xxxx" ASC-yə borcun olmasını yalnız ilin dekabr ayında yeni kredit götürmək istiyəndə bilmişdir, onu da bildirmək istəyir ki, əvvəllər tərəfındən kreditlər götürüləndə digər banklar tərəfindən “Bank of Azerbaijan" ASC-yə borcu barədə ona məlumat verilməmiş, məhz ona görə cavabdehin Cavabdeh1 hərəkətlərinə inanaraq həqiqətən girovda olan avtomobili borcun yönəldilməsinə ondan almasını fikirləşirdi. Lakin son araşdırmalar göstərir ki, Cavabdeh1 avtomobili götürsə də banka təhvil verməmiş və ya vermişdirsə bank tərəfindən qanunsuz olaraq girov onun borcuna yönəldilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində maddi ziyan vurulmuşdur və müştəri və bank arasında 30 aprel 2008-ci il tarixli, 260 saylı kredit müqavilələr üzrə olan öhdəliklərinə xitam verilməsi və avtomobilin satılması nəticəsində ona dəymiş 7500 manat maddi ziyanı və 10.000 manat mənəvi ziyanı cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1654/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 7500 manat maddi zərər və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulması və dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə X6 arasında olan şifahi razılaşmaya görə, X6 onun adında olan nömrə nişanı 10XT443, tipli sedan, mühərrik **********6050, Ban-WDB2010241A535033, buraxılış 1990-cı il, rəngi tünd göy olan avtomobili İddiaçı adına keçirtmişdir. Daha sonra İddiaçı 30 aprel 2008-ci ildə Cavabdeh2 ASC-nə avtomobili girov qoyaraq kredit müqaviləsi bağlamışdır. 260 saylı kredit müqaviləsinin şərtlərinə əsasən sözügedən avtomobil girov şəklində qoyulmaqla 28 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 5112 AZN kredit verilmişdi. İlk 6 ay müddətində kreditin ödənilməsi ilə bağlı heç bir problem yaşanmamışdır. Lakin sonradan maddi vəziyyəti pisləşməsi səbəbi ilə kreditin ödənilməsi ilə bağlı gecikmələr başladı. Bu gecikmələrə görə bank ona bir neçə dəfə xəbərdarlıq etmişdir. Həmin məsələ ilə bağlı bankın əməkdaşı Cavabdeh1 X6 ilə əlaqə saxlamışdır. Daha sonra cavabdeh Elnur Məmmmədovla görüşüb, mübahisəli avtomobili ondan götürmüşdür. Həmin fakt iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli Qərarında Cavabdeh1 tərəfindən verilən izahatı ilə sübut olunur. Beləliklə Cavabdeh1 iddiaçini aldatmış, avtomobili ondan almış, lakin iddiaçının borcu bankdan silinməmişdir. Həmçinin müəyyən edilmişdir ki, “Mercedes-Benz 190” markalı, 1990-cı il buraxılışı avtomobil normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2011-ci il tarixə orta bazar qiyməti təxminən 7500,0 manat təşkil edir. Beləliklə Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində iddiaçiya maddi zərər dəymişdir. Ona görə də iddiaçının həmin hissədə tələbi əsaslıdır və 7500 manat məbləğində təmin olunmalıdır. Eyni zamanda iddiaçı iddia ərizəsində cavabdehin hərəkətləri nəticəsinə ona mənəvi zərərin vurulmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mənəvi zərərin tutulması tələbi hissədə əsassızdır və təmin edilməməlidir. İddiaçı Cavabdeh2 ASC (halhazırda ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) ilə aralarında bağlanmış 30 aprel 2008-ci il tarixli, 260 saylı kredit müqaviləsini və 30 aprel 2008-ci il tarixli, 260 saylı ipoteka müqaviləsini ləğv edərək xitam verilməsi tələb etsə də, mübahisələndirilən müqavilənin ləğv edilməsi üçün hər hansı əsasın mövcud olmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi və məhkəmə araşdırması zamanı da belə əsasların mövcud olması öz təsdiqini tapmadı.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 170.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 216- 220-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1654/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir
12. Apellyasiya şikayətində göstərilmişdir ki, bank tərəfindən müqavilə öhdəlikləri əhəmiyyətli şəkildə pozulduğuna görə kredit və ipoteka müqavilələrinin ləğv edilməsinə kifayət qədər əsaslar olduğu halda, məhkəmə maddi hüquq normalarını pozaraq iddianı həmin hissədə təmin etməmişdir. Bundan əlavə, cavabdeh Bankın işçisi kimi ona ziyan vurduğundan, ziyanın əvəzinin ödənilməsinə görə Fond onunla birlikdə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə maddi hüquq normalarını pozaraq iddianı Fonda qarşı hissədə təmin etməmişdir. Delikt nəticəsində iddiaçıya mənəvi zərər vurulması da aşkar olduğu halda, məhkəmə əsassız olaraq bu hissədə də iddianı təmin etməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
13. Qətnamədən eyni zamanda Cavabdeh1 da apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1654/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya zərər vurulması sübuta yetirilmədiyi və iddia müddəti keçdiyi halda, məhkəmə işin faktiki hallarını tam araşdırmayaraq, əsassız olaraq iddianı ona qarşı hissədə təmin etmişdir. Bundan əlavə, o, Bankın işçisi kimi fəaliyyət göstərdiyindən, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən iddiaçı qarşısında mülki məsuliyyəti Bank daşıyır və iddia Banka qarşı qaldırılmalı idi.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2022-ci il tarixli, 2(103)- 2101/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi, iddia tələbinin rədd edilməsi qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iş materialları əsasında müəyyən etmişdir ki, mübahisəli avtomobil Bankın Problemli kreditlər şöbəsinin müdiri vəzifəsində işləmiş Cavabdeh1 tərəfindən qanunsuz olaraq 2010-cu ildə qanuni sahibindən götürülərək Bankın duracağına yerləşdirilmişdir. Bu hal Cavabdeh1 Zərdab Rayon Prokurorluğunda araşdırma aparılarkən verdiyi izahatı ilə təsdiq olunur. Həmin avtomobil Bankla bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın razılığı olmadan özgəninkiləşdirilə bilməzdi. Avtomobil 2010-cu ildə Bankın dayanacağına yerləşdirildikdən sonra dəfələrlə etibarnamə ilə ayrı-ayrı şəxslərin istifadəsinə verilmiş, 14 oktyabr 2014-cü il tarixdə isə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bankın kredit və ipoteka müqavilələri üzrə borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə uzun müddət məhkəmədə iddia qaldırmaması və yalnız 05 mart 2021-ci il tarixdə iddiaçıya bildiriş göndərməsi, avtomobilin harada olması ilə maraqlanmaması və nəhayət 14 oktyabr 2014-cü il tarixdə satılması Bankın həmin avtomobilin iddiaçının qanuni sahibliyindən çıxıb faktiki olaraq Bankın sahibliyinə keçməsindən məlumatlı olması barədə nəticəyə gəlməyə kifayət qədər əsas verir. Avtomobil qanunsuz olaraq iddiaçının və onun etibarnamə verdiyi Elnur Məmmədovun sahibliyindən götürülüb satılsa da, Banka olan borcunun ödənilməsinə sərf olunmamış, nəticədə ona maddi ziyan dəymişdir. İddiaçıya maddi ziyan vurulması ilə nəticələnmiş delikti Bankın işçisi olan Cavabdeh1 törətmişdir. Buna görə də Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, bank öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Kredit və ipoteka müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia bilavasitə müqavilənin tərəfi olan Banka qarşı, işçinin törətdiyi mülki hüquq pozuntusuna görə vurulmuş maddi və zərərin əvəzinin ödənilməsi barədə iddia işçinin işlədiyi Banka qarşı yönəldilməli olduğundan, iddia tələbi ona cavab verməli olmayan cavabdehə və Fonda qarşı yönəldiyindən, təmin edilə bilməz. Kollegiya hesab etmişdir ki, iddia əsl cavabdehə qarşı yönəlmədiyindən, kredit və ipoteka müqavilələrinin ləğv edilməsi, iddiaçıya maddi və mənəvi zərərin vurulması və iddia müddətinin tətbiqi barədə məsələnin araşdırılmasına lüzum yoxdur. Qeyd olunan məsələlər iddia tələbi əsl cavabdehə qarşı irəli sürüldüyü halda araşdırma predmeti ola bilərdi.
17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 21.1, 21.2, 59.4, 60.2, 61.7, 386.1, 421.1, 1096.2, 1097.1, 1099.1 və 1114.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5246/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3101/2022 nömrəli mülki iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
19. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 19.1 Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində Bankın işçisi Cavabdeh1 tərəfindən iddiaçıya ziyan vurulduğu, ona qarşı delikt törədildiyi barədə nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin dispozisiya şərtlərinə görə zərərin tam həcmdə ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. 19.2 Baxılan iş üzrə işin müəyyən edilmiş hallarının sadalanan dispozisiya şərtləri ilə uyğunluq təşkil edib-etmədiyi ilə bağlı hüquqi dəyərləndirmə aparılmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı kredit öhdəliyini yerinə yetirmədiyi üçün ipoteka predmeti olan avtomobil Bankın işçisi Cavabdeh1 tərəfindən qanunsuz götürülərək Banka təhvil verilsə və sonradan satılsa da Banka olan borcunun ödənilməsinə sərf olunmamış, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. 19.3 Məhkəmə avtomobilin iddiaçının iradəsinə zidd olaraq özgəninkiləşdirilməsində sonuncunun təqsirinin nədən ibarət olduğu və onun hərəkəti ilə iddiaçıya ziyan vurulması arasında səbəbli əlaqənin mövcud olduğunu, başqa sözlə Cavabdeh1 mülki hüquq pozuntusu törətməsi barədə gəldiyi qənaətini maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamışdır. Halbuki MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. 19.4. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən belə qənaətə gəlmişdir ki, Bankın işçisi Cavabdeh1 delikt törətmiş olsa da, onun törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün həmin şəxs deyil, məhz Bank məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzi Bank tərəfindən ödənilməlidir. 19.5 Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1099.1-ci maddəsini düzgün təfsir etməmiş və həmin maddəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən verilmiş rəsmi şərhi nəzərə almamışdır. 19.6 Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. 19.7 Lakin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işçi kimi delikt törətmiş şəxs onun əməli nəticəsində törədilmiş deliktə görə yaranmış zərərin ödənilməsi tələbinə cavab verməli olan şəxs deyil. 19.8 Hazırkı işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən, amma məhkəmələr tərəfindən hüquqi qiymət verilməmiş digər hal isə ondan ibarətdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə eyni vaxtda biri-birini istisna edən iki tələb irəli sürmüşdür. 19.9 Yuxarıda da qeyd olunduğu kimi iddiaçı öz tələbində həm ona məxsus avtomobilin qanunsuz olaraq özgəninkiləşdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsini, həm də özünə məxsus ipoteka predmeti olan avtomobili borcun əvəzi kimi ondan alınaraq Banka təhvil verildiyinə görə kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsini tələb etmişdir. 19.10 İddiaçının özünün bildirdiyinə görə irəli sürülən iki tələbin eyni anda təmin olunması qeyri-mümkündür. Çünki əgər iddiaçının bildirdiyi kimi cavabdehlərin (və ya onların işçilərinin) iddiaçıya vurduğu delikt nəticəsində məhrum olduğu əmlakın dəyəri ona ödənilməlidirsə, onda iddiaçının kredit və ipoteka predmetləri üzrə öhdəlikləri qüvvədə qalmış olur (nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam icra edilmədiyi işin mübahisəsiz halıdır). Əksinə iddiaçının bildirdiyi kimi əgər tərəflər arasında əldə edilmiş şifahi razılığa əsasən ipoteka predmeti olan avtomobilin üçüncü şəxslərə satılaraq borcun ödənilməsi şərtilə iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərinə xitam verilmişdirsə onda iddiaçıya maddi və mənəvi ziyanın vurulduğu istisna edilir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
21. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək bildirir ki, əsl Cavabdeh2 ASC-dir. Heç bir sürücülük hüququ və bank tərəfindən sərəncam verilmədən bankın əməkdaşı Cavabdeh1 tərəfindən avtomobil götürülmüşdür. Onun hüququ olmadan avtomobilin banka təhvil verilməsi düzgün deyil. Cavabdeh1 qarşı iddia tələbini indi də irəli sürür, maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edirlər. Birinci apellyasiya baxışı zamanı məhkəmə belə qənaətə gəlmişdir ki, əsl cavabdehə qarşı iddia qaldırılmayıbsa bankın nümayəndəsinə qarşı iddia qaldırıla bilməz. Ali Məhkəmənin qərarında isə qeyd edilmişdir ki, məhkəmə araşdırması digər cavabdehə münasibətdə aparılmamışdır. Cavabdeh tərəf heç bir sübut təqdim edə bilməmişdir. İki tərəf arasında razılığa əsasən avtomobil satılanda iddiaçıya bu barədə xəbər verilməli idi. Həmçinin ipotekada olan avtomobil bankın razılığı olmadan ipotekadan azad oluna bilməz. Avtomobil hərracdan satılmalı idi. Cavabdeh1 vəzifə səlahiyyətlərindən biri də hərrac məsələləri ilə bağlıdır. İddiaçı avtomobili könüllü təhvil verib ki, borc silinsin. Amma borc silinməyib, sistemdə aktiv görünür. Bankın isçisi tərəfindən vurulan ziyana görə bank da məsuliyyət daşıyır. Avtomobilin təhvil verilməsi ilə bağlı bankın razılığı olmamışdır.
22. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üşüncü şəxs qismində ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X13 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək bildirir ki, etibarnamələr iddiaçı tərəfindən verilmişdir. Bankın hansı zərərə görə məsuliyyət daşınması aydın deyil. Bankdan iddiaçının maddi və mənəvi zərərin ödənilməsini tələb etmək əsası yoxdur. Avtomobilin harada olduğunu bilmir. Bu barədə onlarda heç bir sənəd də yoxdur. Əgər iddiaçının borcu silinməyibsə MİK-ə müraciət etməlidir. Avtomobilin harada olması barədə məlumatı yoxdur. Ola bilsin ki, bankın rəhbərliyi ilə razılığa gəlinmişdir. Avtomobilin alqı-satqısında iddiaçı razı olması barədə imza edib. Avtomobilin ipotekadan azad olunub-olunmaması barədə məlumatı yoxdur.
23. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər Cavabdeh1 iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
24. Mülki Məcəllənin 21.1-ci maddəsində qeyd edilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (Maddə 21.2.) Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (Maddə 21.3)
25. Həmin Məcəllənin 421.1-ci maddəsində qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (Maddə 421.2)
26. Mülki Məcəllənin 1096.1-ci maddəsində qeyd edilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (Maddə 1096.2.)
27. Həmin Məcəllənin 1097.1-ci maddəsində qeyd edilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
28. Həmin Məcəllənin 1099.1-ci maddəsində qeyd edilir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
29. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
30. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsində qeyd edilir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
32. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
34. Belə ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir: 1. Bank of Azerbaijan” ASC ilə iddiaçı arasında bağlanmış 30 aprel 2008-ci il tarixli, 260 saylı kredit müqaviləsini və 30 aprel 2008-ci il tarixli, 260 saylı ipoteka müqaviləsini ləğv edərək, müqavilələr üzrə olan öhdəliklərə xitam verilməsi; 2. İddiaçıya məxsus 10XT443 dövlət qeydiyyat nömrəli, tipli sedan, mühərrik **********6050, Ban-WDB2010241A535033, buraxılış ili 1990-cı il rəngli tünd göy rəngdə olan “Mercedes-190” markalı avtomobilin xx.xx.2014-cü il tarixində bank tərəfindən müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozaraq avtomobilin satılması nəticəsində ona dəymiş 7500 manat maddi ziyanın və 10.000 manat mənəvi ziyanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi.
35. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda iddiaçı bir-birinə zidd olan iki iddia tələbi ilə eyni zamanda məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülən iki tələbin eyni anda təmin olunması qeyri-mümkündür, əgər iddiaçının bildirdiyi kimi cavabdehlərin (və ya onların işçilərinin) iddiaçıya vurduğu delikt nəticəsində məhrum olduğu əmlakın dəyəri ona ödənilməlidirsə, onda iddiaçının kredit və ipoteka predmetləri üzrə öhdəlikləri qüvvədə qalmış olur. Əksinə əgər tərəflər arasında əldə edilmiş şifahi razılığa əsasən ipoteka predmeti olan avtomobilin üçüncü şəxslərə satılaraq borcun ödənilməsi şərtilə iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərinə xitam verilmişdirsə onda iddiaçıya maddi və mənəvi ziyanın vurulduğu istisna edilir.
36. Birinci instansiya məhkəməsi kredit və ipoteka müqavilələrinin ləğv edilməsi və müqavilə ilə bağlı öhdəliklərə xitam verilməsi barədə iddia tələbini təmin etməmiş, ona istinad etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilələrin ləğv edilməsi üçün hər hansı əsasın mövcud olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının qeyd edilən tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırkı halda ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçının iddia tələbinə cavab verməli olan cavabdeh deyildir.
37. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, kredit və ipoteka müqaviləsinin ləğvi tələbi ləğv prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn iddia tələbi olduğundan Əmanətlərin Sığortalanması Fonduna deyil, ləğv prosesində olan banka qarşı verilməlidir.
38. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, müqavilənin ləğvi barədə iddia tələbi ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəldildiyindən rədd edilməlidir.
39. İşə təkrar apellyasiya baxışında baxılması zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehin əsl Cavabdeh2 ASC ilə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmə kollegiyası qeyd edir ki, əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi işə birinci instansiya məhkəməsində baxılması zamanı - işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, yaxud bunun üçün əsaslar məhkəmə gedişində əmələ gəlmiş olsa məhkəmə baxışı zamanı həll edilməli məsələ olduğu üçün hazırkı mərhələdə mülki prosessual qanunvericilik yol vermədiyindən ərizə təmin edilməməlidir.
40. İddiaçının maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həm Cavabdeh1, həm də ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
41. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçını aldatmış, avtomobili ondan almış, lakin iddiaçının borcu Bankdan silinməmişdir. Beləliklə Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində iddiaçiya maddi zərər dəymişdir.
42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, “...Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda Cavabdeh1 tərəfindən iddiaçıya hansı zərərin vurulması, zərərin vurulması ilə cavabdehin hərəkətləri arasında əlaqənin olması, törədilmiş əməlin hüquqazidd olması məsələsi aydınlaşdırılmalıdır.
44. İş materiallarından da göründüyü kimi, iddiaçıya məxsus 10XT443 dövlət qeydiyyat nömrəli, tipli sedan, mühərrik **********6050, Ban-WDB2010241A535033, buraxılış ili 1990-cı il rəngli tünd göy rəngdə olan “Mercedes-190” markalı avtomobil iddiaçının razılığı ilə bank qarşısında olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ondan Cavabdeh1 tərəfindən götürülmüşdür. Bu hal iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli Qərarında Cavabdeh1 tərəfindən verilən izahatı ilə təsdiq olunur. Qərarda, o cümlədən Cavabdeh1 avtomobili sataraq əldə olunan pulu öhdəliyin icrasına yönəltməyərək mənimsəməsi faktının təsdiq olunmadığı qeyd olunur.
45. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli avtomobil Bankla bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın razılığı olmadan özgəninkiləşdirilə bilməzdi. Avtomobil Bankın dayanacağına yerləşdirildikdən sonra dəfələrlə etibarnamə ilə ayrı-ayrı şəxslərin istifadəsinə verilmiş, 14 oktyabr 2014-cü il tarixdə isə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir (səhifə 55). Beləliklə, məhkəməyə kollegiyası hesab edir ki, iddiaçı bankla arasında bağlanmış 30 aprel 2008-ci il tarixli, 260 saylı kredit müqaviləsinin təminatı olaraq – müqavilə onun tərəfindən icra edilmədiyi üçün banka təhvil verilmiş və özgəninkiləşdirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilməlidir.
46. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən iddiaçıya hər hansı zərər vurulması təsdiqini tapmadığı üçün mənəvi zərərin ödənilməsi tələbinə dair hissədə də iddia tələbi təmin edilməməlidir.
47. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarında qeyd edilir ki, “...Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
48. Məhkəmə kollegiyası qeyd edir ki, maddi və mənəvi zərərin cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulması hissədə də iddia əsassız oluğundan rədd edilməlidir.
49. Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
50. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1654/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı görə Cavabdeh2 ASC ilə bağlanmış 30 aprel 2008-ci il tarixli, 260 saylı kredit müqaviləsini və 30 aprel 2008-ci il tarixli, 260 saylı ipoteka müqaviləsini ləğv edərək, müqavilələr üzrə olan öhdəliklərə xitam verilməsi, cavabdehlərin hərəkətləri nəticəsində 10XT443 dövlət qeydiyyat nömrəli, tipli sedan, mühərrik **********6050, Ban-WDB2010241A535033, buraxılış ili 1990-cı il rəngli tünd göy rəngdə olan “Mercedes-190” markalı avtomobilin xx.xx.2014-cü il tarixində bank tərəfindən müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozaraq avtomobilin satılması nəticəsində ona dəymiş 7500 manat maddi ziyan və 10.000 manat mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir.
51. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin, İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1654/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı görə Cavabdeh2 ASC ilə bağlanmış 30 aprel 2008-ci il tarixli, 260 saylı kredit müqaviləsi və 30 aprel 2008-ci il tarixli, 260 saylı ipoteka müqaviləsini ləğv edərək, müqavilələr üzrə olan öhdəliklərə xitam verilməsi, cavabdehlərin hərəkətləri nəticəsində 10XT443 dövlət qeydiyyat nömrəli, tipli sedan, mühərrik **********6050, Ban-WDB2010241A535033, buraxılış ili 1990-cı il rəngli tünd göy rəngdə olan “Mercedes-190” markalı avtomobilin xx.xx.2014-cü il tarixində bank tərəfindən müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozaraq avtomobilin satılması nəticəsində ona dəymiş 7500 manat maddi ziyan və 10.000 manat mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə” iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddiaçı tərəfindən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi, Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev