Məhkəmə qərarları › İş №2(103)-10753/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10753/2021

26.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10753/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-663/2021 saylı, 17.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya dəymiş maddi ziyanın əvəzi kimi 5000 manat məbləğində pulun, mənəvi ziyanın əvəzi kimi 5000 manat məbləğində pulun, 28 yanvar 2019-cu il tarixdən qətnamə icra olunan günə qədər hər ay 600 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğu 28 yanvar 2019- cu il tarixdə saat təxminən 08:40 radələrində etibarnamə ilə idarə etdiyi “OPEL ASTRA minik” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Qaradağ rayon Polis İdarəsindən Binə Ticarət Mərkəzi istiqamətində “Kənd təsərrüfatı yarmarkası”nın qarşısında piyada zolağı ilə hərəkətdə olarkən vurularaq ağır bədən xəsarəti almışdır. Hadisə zamanı iddiaçının başı maşının podpresinə dəydiyindən və patpres qırılmış, başından xəsarət almış, başından və boğazının altından tikişlər qoyulmuşdur. Həmçinin iki ayağından xəsarət almış, sol ayağının baldırdan iki qırığı, sağ ayağından sümük sınığı, iki yerdən baldırdan sınıq, duz qapağının qırığı, sol qolunda iki qırıq, sinirləri əzilmiş, sağ qolu da isə iki ədəd qırıq olmuş, əməliyyat olunaraq hər iki ayağına və qoluna mil qoyulmuşdur. Yol nəqliyyat hadisəsi zamanı iddiaçını Təcili tibbi yardım maşını ilə “Semaşko” adına xəstəxanaya aparılmış, orada iddiaçının sağ bazu sümüyümün orta 1/3nin, hər iki baldır sümüyünün qırığı, 1/3- nin qapalı dairəvi düz dirsəkdən sınığı və s. xəsarətlər müəyyən edilmiş, iddiaçıya ilkin yardım göstərilmiş baş beyin travması aldığına görə başına tikiş qoyulmuş, iki qolu və iki ayağından sınıq olmuş, əməliyyat olunmuş, qoluna və ayaqlarına mil qoyulmuşdur. Təxminən 3 aya yaxın xəstəxanada yatmış, əlil arabasında xəstəxanadan çıxmışdır. Ayağa qalxmağı üçün mütəmadi müalicələrin labud olduğunu bildirmişlər. İstintaq zamanı Cavabdeh iddiaçıya 3000 manat pul verib yardım etməklə müalicə xərclərini çəkməyi öhdəsinə götürmüşdür. İddiaçının müalicəsinin hələ davam edəcəyini bildirsə də müstəntiqin təkidi ilə barışıq ərizəsi yazmışdır. Lakin Cavabdeh öz dediyinin əskinə olaraq sonradan iddiaçıya heç bir yardım göstərməmiş və müalicəsinə heç bir köməklik etməmişdir. Həmin 3000 manat iddiaçının xəstəxanada yatarkən müalicə və digər xərclərinə xərclənmişdir. Belə ki, iddiaçı tək qadındır, öhdəsində iki azyaşlı uşaqları var, günəmuzd işləməklə uşaqlarını saxlamışdır. Cavabdeh təqsiri üzündən iş qabiliyyətini itirdiyinə görə işləyə bilməmişdir. İddiaçı yol nəqliyyat hadisəsi zamanı şikəst olduğundan iş qabiliyyətini itirmişdir. İddiaçının qoluna və ayaqlarına mil qoyulmuş, ikinci dəfə əməliyyat olunması zəruri olsa da Cavabdeh həmin əməliyyatın edilməsinə heç bir maddi yardım göstərməmişdir. Həmçinin sifətində şüşə qırıqları qaldığından yenidən əməliyyat olunmalı həmin şüşə qırıları çıxarılmalı idi. Buna görə də iddiaçı, “Lanset” klinkasına müraciət etmiş, sol bazu sümüyünün və sol qamış sümüyündə olan millər çıxarılmış, bunun üçün müəyyən tibbi ləvazimatlar lazım olmaqla həmin tibbi ləvazimatların alınması və əməliyyat üçün 2800 manat pul xərcləmişdir. Təkçə sümüklərin bitişməsi üçün istifadə edilən boltlara 2000 manat pul vermişdir. Hal-hazırda da əl ağaclarının vasitəsi ilə hərəkət edir. Ayağa qalxması üçün fizio terapiya almalıdır. Lakin maddi imkansızlığı səbəbindən həkim qəbuluna belə gedə bilmir. Belə ki, iddiaçının yerinə qabiliyyəti olmadığından hər dəfə taksidən istifadə edir, əlavə terapiya üçün müəyyən məbləğdə pul ödəməlidir. Cavabdehə bildirmişdir ki, heç olmasa onu taksi ilə həkimlərə aparsın. O, iddiaçıya bildirmişdir ki, iddiaçının pulunu vermiş və daha heç bir pul verə bilməz. Göründüyü kimi iddiaçı ağır xəsarət aldığından, uzun müddətə sağlamlığını itirdiyindən iş qabiliyyəti yoxdur. Hazırda da hərəkət etmək imkanı məhdud olmaqla kənar şəxsin qulluğuna ehtiyacı vardır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığından işçi qüvvəsini itirmişdir. Belə ki, tək ana olmaqla günəmuzad olaraq 20 manata işləməklə ayda 600 manata yaxın pul qazanmış, uşaqlarına baxmışdır. Öz sağlamlığından əlavə həmin qazancdan da məhrum olmuşdur.

3. Sonra iddiaçı iddia tələbinin həcminin arıtılması barədə ərizəylə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya dəymiş maddi ziyanın əvəzi kimi 5000 manat məbləğində pulun, mənəvi ziyanın əvəzi kimi 5000 manat məbləğində pulun, 28 yanvar 2019-cu il tarixdən qətnamə icra olunan günə qədər hər ay 600 manat məbləğində pulun, indiyə kimi iddiaçının müalicəsinə sərf etdiyi 4611,58 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-663/2021 saylı, 17.08.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh maddi zərər qismində 1761,58 (bir min yeddi yüz altmış bir manat, əlli səkkiz) manat, mənəvi zərər qismində 500 (beş yüz) manat, ümumilikdə 2261,58 (iki min iki yüz altmış bir manat, əlli səkkiz qəpik) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Ramin Xəlilov).

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-663/2021 saylı, 17.08.2021-ci il tarixli qətnaməsinin dəyişdirilərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh oğu 28 yanvar 2019cu il tarixdə saat təxminən 08:40 radələrində etibarnamə ilə idarə etdiyi “OPEL ASTRA minik” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən Qaradağ rayon Polis İdarəsindən Binə Ticarət Mərkəzi istiqamətində “Kənd təsərrüfatı yarmarkası”nın qarşısında piyada zolağı ilə hərəkətdə olarkən vurularaq ağır bədən xəsarəti almışdır. Hadisə zamanı iddiaçının başı maşının podpresinə dəydiyindən və patpres qırılmış başından xəsarət almış, başından və boğazının altından tikişlər qoyulmuşdur. Həmçinin iki ayağından xəsarət almış, sol ayağının baldırdan iki qırığı, sağ ayağından sümük sınığı, iki yerdən baldırdan sınıq, diz qapağının qırığı, sol qolunda iki qırıq, sinirləri əzilmiş, sağ qolu da isə iki ədəd qırıq olmuş, əməliyyat olunaraq hər iki ayağına və qoluna mil qoyulmuşdur. Belə ki, iddiaçı uzun müddət müalicələr alır. Qeyd etdiyi avtoqəza zamanı aldığı xəsarətlərə görə 25 may 2021-ci il tarixdə sağ baldırda və diz oynağında olan ağrı və hərəkət funksiyasının qismən pozulması şikayətləri ilə yenidən xəstəxanaya daxil olmuşdur. Sağ baldır sümükləri metal fiksatorlu bitişməyən sınığı, sağ qamış sümüyünün yalançı oynağı diaqnozu ilə həmin tarixdə sağ qamış sümüyünü reosteosintezi ilə əməliyyat olunmuşdur. 28 may 2021-ci il tarixdə nisbi kafi vəziyyətdə cərrahın ambulalor nəzarəti ilə evə yazılmışdır. Əməliyyatda impland üçün 1600 manat pul ödəmişdir. Bundan sonra iddiaçının fizioterapiya üçün 1500 manat əlavə vəsait lazım ki, bərpa olunsun. Lakin imkanı olmadığına görə müalicəni davam etdirə bilmir. Əməliyyata qədər və əməliyyatdan sonra müalicə üçün dərmanlar almışdır. Əməliyyata qədər 08.02.2021-ci il tarixdə “ Tibbi labaratoriya”da analizlər üçün 97 manat pul ödəmişdir. Bundan başqa müalicə üçün dərmanlara 51 manat, 65.40 manat, 10 manat, 112 manat, 63 manat, 4.92 manat,26 manat,9.15 manat,40 manat, 60 manat, 86,60 manat, 12.70 manat, 57,16 manat, 11,75 manat, 6,82 manat, 15,80 manat 59,76 manat,6,94 manat,20 manat, 5,60 manat, 29,70 manat.,4,80 manat,4 manat,40,40 manat, 16,10 manat,9,50 manat,4 manat,68,88 manat.54,90 manat, 17.20 manat25 manat, 75 manat,80 manat,31 manat,6 manat,! manat,13,50 manat, 105 manat, 50 manat və 54 manat pul xərcləmişdir. Göründüyü kimi cavabdehin təqsiri üzündən iddiaçıya xeyli məbləğdə ziyan dəymişdir. Hazırkı vaxta kimi müalicələri davam edir və ona tam olaraq ayağa qalxmağı üçün bundan sonra da xeyli məbləğdə vəsait lazımdır. İddiaçı ağır xəsarət aldığından uzun müddət sağlamlığını itirdiyindən iş qabiliyyti yoxdur. Hazırda da hərəkət etmək imkanı məhdud olmaqla kənar şəxsin qulluğuna ehtiyacı vardır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçı xəsarət aldğından iş qüvvəsini itirmişdir. Belə ki, o tək ana olmaqla günəmuzad olaraq 20 manata işləyirdi və ayda 600 manata yaxın pul qazanıb uşaqlarına baxırdı. Öz sağlamlığından əlavə həmin qazancdan da məhrum olmuşdur. Lakin məhkəmə öz qətnaməsində yalnız iddiaçının təqdim etdiyi qəbzlərə istinaq edərək iddiaçının müalicəsinə 6611,58 manat məbləğində pulun xərclənməsini, cavabdeh tərəfindən 4850 manat pulun ödənilməsi nəticəsində cəmi 1761.58 manat pul hesablanmışdır. Məhkəmə nəzərə almamışdır ki,iddiaçı uzun müddət xəstə olmuş, həkim müayinələrinə getmək üçün taksi xidmətlərindən istifadə etmişdir. Aldığı xəsarətlə bağlı iddiaçı təkçə müalicəsinə deyil, eyni zamanda müalicəni davam etdirmək üçün digər xərcləri də çıxmışdır. Tərəflərin izahatları:

7. Kollegiya iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

8. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdeh tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf kollegiya iclasında iştirak etməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılamşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi:

11. Belə ki, işdən olan “Boston Bone” Medicalın 2 ədəd qaimə fakturasından görünür ki, iddiaçıya satılmış boltların dəyəri 2000 manat təşkil etmişdir.

12. İş materiallarındakı qəbzlərin surətlərindən görünür ki, iddiaçı tərəfindən müalicə üçün müxtəlif vaxtlarda ümumilikdə 1511,58 manat məbləğində pul vəsaiti ödənilmişdir.

13. İşə əlavə olunmuş 24 aprel 2019-cu il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi və icraatına xitam verilməsi barədə” qərarın surətindən müəyyən olunur ki, Cavabdeh oğu 28 yanvar 2019-cu il tarixdə saat təxminən 08:40 radələrində etibarnamə ilə idarə etdiyi “OPEL ASTRA minik” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Qaradağ rayon Polis İdarəsindən Binə Ticarət Mərkəzi istiqamətində “Kənd təsərrüfatı yarmarkası”nın qarşısında yolda yerləşən dairədən Lökbatan dairəsinə istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq idarəetməni itirməsi nəticəsində piyada zolağı ilə hərəkətdə olan İddiaçı ehtiyatsızlıqdan vurmuş, nəticədə İddiaçı sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almaqla X3 yerləşdirilmişdir.

14. İşə əlavə olunmuş “Lanset-Cərrahlıq Klinikası” məhdud məsuliyyətli cəmiyyətinin arayışından görünür ki, iddiaçı 26.05.2021-ci il tarixdən 28.05.2021-ci il tarixədək “LansetCərrahlıq Klinikası”nda müayinə və cərrahi əməliyyat olunmuş və implant üçün 1600 manat vəsait istifadə edilmişdir. İşdə olan “Lanset-Cərrahlıq Klinikası” məhdud məsuliyyətli cəmiyyətinin arayışından görünür ki, sağ bazu sümüyünün, sağ qamış sümüyünün metal fiksatorlu bitişməkdə olan sınığı, sağ radial sinirin postranmatik nevriti, hər iki tərəfli qonarfioz müayinə və müalicə üçün 1500 manat lazımdır.

15. Məhkəmə qərardadına əsasən təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X1" X2 503/KEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı mütəxəssis müayinəsi zamanı hal-hazırda onda sağ bazu sümüyünün metal fiksatorlu bitişməkdə olan sınığı, sağ qamış sümüyünün yuxarı 1/3-nin metal fiksatorlu bitişməyən sınığı (yalançı oynaq) və metal fıksatorların sınmasının olduğu müəyyən edilmişdir. Qeyd olunan patoloji dəyişikliklərlə əlaqədar, İddiaçı sağ qamış sümüyündən metal fıksatorun çıxarılması və təkrari metallofikseosintezi cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. Hüquqi dəyərləndirmə:

16. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, Cavabdeh oğu 28 yanvar 2019-cu il tarixdə saat təxminən 08:40 radələrində etibarnamə ilə idarə etdiyi “OPEL ASTRA minik” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Qaradağ rayon Polis İdarəsindən Binə Ticarət Mərkəzi istiqamətində “Kənd təsərrüfatı yarmarkası”nın qarşısında yolda yerləşən dairədən Lökbatan dairəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq idarəetməni itirməsi nəticəsində piyada zolağı ilə hərəkətdə olan İddiaçı ehtiyatsızlıqdan vurmuş, nəticədə İddiaçı sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir.

17. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri hesab edir:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

22. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

24. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

26. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinə əsasən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biridir.

27. Həmin Qanunun 51-ci maddəsinin 5-ci cümləsinə əsasən peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

28. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

29. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 26.05.2021-ci il tarixdən 28.05.2021-ci il tarixədək “Lanset-Cərrahlıq Klinikası”nda müayinə və cərrahi əməliyyat olunmuş və implant üçün 1600 manat, boltların alınması üçün 2000 manat, müalicə üçün müxtəlif vaxtlarda ümumilikdə 1511,58 manat məbləğində pul vəsaiti xərclənmişdir. Eyni zamanda sağ bazu sümüyünün, sağ qamış sümüyünün metal fiksatorlu bitişməkdə olan sınığı, sağ radial sinirin postranmatik nevriti, hər iki tərəfli qonarfioz müayinə və müalicəsi üçün 1500 manat tələb olunur.

30. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh öz izahatında iddiaçının müalicəsi üçün müxtəlif vaxtlarda 3000 manat, 1450 manat və 400 manat olmaqla, ümumilikdə 4850 manat pul ödədiyini bildirmişdir. İddiaçı isə apellyasiya instansiyası məhkəməsində icraat zamanı verdiyi izahatında cavabdeh tərəfindən ödənilən məbləği danmadığını bildirmişdir.

31. Kollegiya maddi zərərlə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, hesab edir ki, mənəvi zərər hissəsində qətnamə dəyişdirilməlidir. Belə ki, iddiaçının müalicəsi üçün çəkdiyi xərclərin iş materiallarında mövcud olan qəbzlərə əsasən cavabdehdən tutulması qət edilmişdir.

32. Lakin iddiaçı apellyasiya şikayətində yalnız tibbi xidmətlərə görə çəkilən xərclərin deyil, həmçinin xəstə olduğu müddətdə taksi xidmətindən istifadə etməsini, işsiz qalmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, 2 azyaşlı övladını tək böyütməsini də nəzərə alınmasını xahiş edir. Kollegiya işin hallarına əsasən hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.

33. Belə ki, iddiaçının uzunmüddətli müalicələr zamanı keçirdiyi mənəvi və fiziki sarsıntı, ailədə yeganə qazanc gətirən şəxs olaraq əmək qabiliyyətini itirməsi, 2 azyaşlı övladını təkbaşına böyütməsi hallarını nəzərə alaraq kollegiya hesab edir ki, mənəvi zərərin məbləği artırılaraq 1500 manat məbləğində müəyyən edilməsi işin hallarına, qanunvericiliyin tələblərinə və tərəflərin mənafeyinə uyğundur.

34. İddiaçı apellyasiya şikayətində Mülki Məcəllənin 1119-cu maddəsinə istinad edərək, ona işləmədiyi müddət üçün əldə etdiyi qazancın 6 manatdan az olmamaqla nəzərə alınmasını xahiş etmişdir.

35. Mülki Məcəllənin 1119.4-cü maddəsinə əsasən, zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır.

36. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının rəsmi iş yerinin olmaması həm iş materialları ilə, həm də apellyasiya şikayətinin məzmunu ilə öz əksini tapır. Yəni, iddiaçı xəsarət alan dövrədək rəsmi olaraq hər hansı iş yerində çalışmamış, əmək müqaviləsi olmamaışdır. İddiaçı yalnız qeyri-rəsmi olaraq günəmuzd işlərdə çalışmışdır. Bu səbəbdən də onun xəsarət aldığı dövr üçün qazancının 1119-cu maddənin tələblərinə uyğun olaraq hesablanması istisna olunur.

37. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərər hissəsində dəyişdirilərək, mənəvi zərərin məbləği 1500 (bir min beş yüz) manat məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Nəticə:

38. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini və işin hallarını nəzərə alaraq apellyasiya şikayəti qismən təmin edilməsini, mənəvi zərər hissəsində qətnamənin dəyişdirilərək mənəvi zərərin 1500 (bir min beş yüz) manat məbləğində müəyyən edilməsini işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun hesab edir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-663/2021 saylı, 17.08.2021-ci il tarixli qətnaməsi mənəvi zərərin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh mənəvi zərər qismində 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar