Məhkəmə qərarları › İş №2(103)-1076/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1076/2020

06.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1076/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Maqsud qızı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-yə və digər klinikalara olunmuş ödənişlərin əvəzi qismində 13 800 manatın, cavabdeh tərəfindən ona vurulmuş zərərlə əlaqədar gələcəkdə çəkiləcək xərclə bağlı 300 000 manatın, mənəvi zərərin əvəzi qismində 20 000 manatın və 30 manat dövlət rüsumunun MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh MMC-də həkim işləyən Mahirə İsmayılovanın sonsuzlara və hamilə qadınlara yardım etməsini eşidərək uşağının gələcəkdə sağlam doğulması üçün Klinikaya müraciət etmiş, xx.xx.2017-ci il tarixdən etibarən həkimin göstərişi ilə müayinələrdən keçirilmiş, müayinələrdən keçmək üçün ümumilikdə 3800 manat məbləğində ödənişlər həyata keçirmiş, həkimin özünə də "şirinlik" kimi hörmət etmişdir. Həmçinin həkim M.İsmayılovanın göstərişi əsasında “Referans” klinikasına, “Modern Hospital”a, “Düzen” klinikasına laborator müayinələrdən və digər müayinələrdən keçmək üçün göndərilmiş, həmin klinikalarda da müayinələrdən keçmək və analizlər verilməsi ilə bağlı xeyli vəsait sərf etmişdir. Həkimin özü tərəfindən müayinə edilərkən və digər klinikalardan müayinlərin nəticələrinə baxan həkim hər şeyin qaydasında olduğunu, uşağın norma daxilində inkişaf etdiyini, uşağın sağlam olduğunu və heç bir qüsur aşkar edilmədiyini bildirmiş, dəfələrlə rentgen və USM müayinlərindən keçirilmişdir, həkim tərəfindən uşaqda hər hansı qüsur olması barədə ona heç bir şey deyilməmişdir. Uşaq doğulan müddətədək Cavabdeh və digər özəl klinikalarda müayinələrlə bağlı 10 000 manata yaxın vəsait sərf olunmuş, uşaq xx xxxxxx 2018-ci il tarixdə keyser üsulu ilə doğulmuş, hətta uşaq doğularkən M.İsmayılova onlardan şirinlik almışdır. Uşaq doğulandan sonra məlum olmuşdur ki, o, fiziki qüsurludur və sol əli yoxdur. Halbuki doğuşa qədər həkim tərəfindən məqsədli şəkildə bir ana kimi ona bu barədə məlumat verilməmişdir. Bunun nəticəsində çox güclü psixoloji stress vəziyyətinə düşmüş və əsəb gərginliyi keçirmişdir. Halbuki vaxtında məlumat verilsəydi hər hansı bir tədbir görülə bilərdi, müalicələr almaq olardı və ya uşağı götüzdürə bilərdi və bu gün bu problemlərlə qarşılaşmalı olmazdılar. Aydın olmuşdur ki, həkim tərəfindən aldadılmış, əlavə gəlir və qazanc əldə etmək məqsədilə uşağın qüsurlu olması ona vaxtında bildirilməmişdir, yalnız dolayı yolla gəlir əldə etmək naminə müxtəlif kilinikalara göndərilmişdir. Hesab edir ki, həkim digər kilnikalarla əlbir işləmiş, “Mərkəzi Klinka”da müayinələr aparılması üçün hər bir şərait olduğu halda onu özəl kilinikalara göndərmişdir. Uşağın müalicə edilməsi, yəni əlinin bərpa edilməsinin yalnız xarici klinikalarda mümkün olduğu və bunun üçün 300 000 manata yaxın vəsait lazım olduğu barədə öyrənmişlər. Uşağın əlinin bərpa edilməməsi onun gələcəkdə əlil kimi böyüməsinə, daima insanlar və yaşıdları arasında sıxıntılı vəziyyətdə yaşamasına və psixoloji durumuna təsir göstərəcəkdir. Uşağın sağlamlığı və gələcəkdə normal inkişafı naminə onun xaricdə müalicə edilməsi, yəni əlinin bərpa olunması zəruridir. Bu cür əməliyyatların Azərbaycanda aparılması mümkün deyildir. Lakin onların bu vəsaiti düzəltmək imkanları yoxdur, həkimin səhlənkarlığı ucbatından bu vəziyyətə düşmüşlər, problemlə üzləşmişlər, vaxtında bu barədə məlumatları olsaydı onun qarşısını alardılar. Bu cür hadisə ilə qarşılaşmaları ailələrində və yaxın qohumlarında da ciddi narahatlıq yaratmış, uşaq doğulduğu andan gərgin psixoloji vəziyyətdə yaşamağa başlamışlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, işin bütün hallarını aydınlaşdırmadığını, qeyri-obyektiv ekspertiza rəyinə istinadla ədalətsiz nəticəyə gəldiyini irəli sürmüşdür. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməklə Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının bildirdiyi faktiki hallara görə o, hamiləliyi dövründən uşaq doğulanadək Cavabdeh MMC-nin ginekologiya şöbəsində və həmin şöbənin həkiminin göstərişi ilə digər klinikalarda müayinələrdən keçirilmiş, lakin uşaq fiziki qüsurla doğulmuş, doğuşa qədər həkim tərəfindən məqsədli şəkildə bir ana kimi ona bu barədə məlumat verilməmişdir; halbuki, vaxtında məlumat verilsəydi hər hansı bir tədbir görülə bilər, müalicələr almaq olar və ya uşaq götürülə bilərdi. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir; 1099.1-ci maddəsinə görə isə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin göstərilən müddəalarına əsasən müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni müalicəsini həyata keçirən cavabdeh MMC-nin həkiminin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi və dünyaya gətirdiyi uşağın fiziki qüsurla doğulmasının onun təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olduğu öz təsdiqini tapmamışdır. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən ekspertiza təyin olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli 136/KEŞ saylı rəyində aşağıdakılar göstərilmişdir: “İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən onun hamiləliyi Cavabdehnın ginekologiya şöbəsində izlənilmiş və müxtəlif vaxtlarda instrumental (ultrasəs) müayinələr aparılmışdır. Diaqnoza uyğun olaraq müvafiq müayinə və müalicələr təyin edilmiş, eyni zamanda instrumental müayinələrdə döldə normal fizioloji inkişafdan başqa hər hansı bir patoloji dəyişikliklər aşkar edilməmişdir. Ginekoloji təcrübəyə əsasən, hamiləliyin müşahidəsi klinik, laborator və instrumental müayinə tədqiqatlarına istinad etməklə aparılır. İddiaçı yenidoğulmuş uşağında doğuşdan sonra əl anomaliyasının olduğu müəyyən edilmişdir ki, bunun da hamiləlik zamanı dölün inkişaf xüsusiyyətlərindən və instrumental müayinələrin informativliyindən asılı olaraq aşkar edilməməsi mümkündür. Dölün ana bətnində inkişafı zamanı meydana çıxmış bu kimi ağır inkişaf qüsurlarının tibbi avadanlıqlarla və ya müalicə metodları ilə aradan qaldırılması halhazırda mümkünsüz hesab edilir”. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri əsas götürülərək əlavə məhkəmə-tibbi ekspertizası təyin olunmuş, həmin təyinat əsasında verilmiş rəydə isə əvvəlki rəydə göstərilənlər təkrarlanaraq “...İddiaçı hamiləliyi ilə əlaqədar ona Cavabdeh aparılmış müayinə və müalicələr uşaqda fiziki qüsurların əmələ gəlməsinə səbəb olmamışdır” nəticəsi vurğulanmışdır. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-321/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar