Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1076/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: İddia tələbinin qanuni əsası. Sübutetmə yükü. Pərakəndə alqı-satqı zamanı ümumi oferta, istehlakçıların hüquqlarının müdafiəsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(006)-380/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə alqı-satqı etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi ilə Zahid Xəlilov küçələrinin kəsişməsində yerləşən Cavabdeh MMC-yə (bundan sonra - cavabdeh və ya MMC) məxsus süpermarketdə olmuşdur.
2. Həmin vaxt iddiaçının almaq istədiyi məhuslun mobil telefon vasitəsi ilə video və ya fotoçəkilişin aparılması ilə bağlı iddiaçı ilə MMC-nin işçiləri arasında mübahisə yaranmışdır.
3. İddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə qeyd edilmişdir ki, marketdə hüquqlarının pozulmasına və məhdudlaşdırılmasına səbəbkar olmuş şəxslərin şəxsiyyətinin müəyyən edilməklə onlar barədə müvafiq araşdırma apararaq və təqsirli şəxslər barəsində qanunla müvafiq tədbirlər görülməsini, həmçinin həmin supermarketdə həmin gün kameraya çəkilmiş video görüntülərə baxış keçirilməsinə və daxili qaydalar ilə tanış olmasına şəraitin yaradılması, görülmüş işlər barədə ona məlumat verilərək hüquqlarının pozulması və məhdudlaşdırılması nəticəsində qanunvericiliyə uyğun olaraq mənəvi ziyanın ödənilməsi məqsədilə məhkəməyə müraciət etmək imkanından yararlanmaq hüququnun təmin edilməsi xahiş edilmişdir.
4. xx.xx.2021-ci il tarixdə MMC-nin idarə heyətinin sədri Rəşad İbrahimov tərəfindən iddiaçıya ünvanlanmış məktubda göstərilmişdir ki, “apardığımız araşdırma zamanı işçi heyətimiz tərəfindən yalnız Cəmiyyətimizin daxili qaydaları izah olunmaqla Sizə qarşı fiziki zorakılıq, habelə hörmətsizlik ifadə edən hər hansı qərəzli hərəkətlərə yol verilmədiyi müəyyən edilmişdir. Hər bir qurum digər bazar istehlakçılarının hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə almaqla özünün mülkiyyətində və ya istifadəsində olan ərazilərdə şəxslərin davranışına və fəaliyyətinə dair daxili qaydalar müəyyən etmək hüququna malikdir. Bu baxımdandır ki, Cəmiyyətimiz müştərilərinin, eləcə də işçi heyətinin şəxsi toxunulmazlıq hüququ və qanuni mənafelərinin, həmçinin özünün kommersiya maraqlarının qorunması prinsipi əsasında özünə məxsus mağazalarda video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarını müəyyən etmişdir. Mağazanın vitrinlərində, piştaxtalarında, habelə digər yerlərində olan pərakəndə satış məqsədi üçün nəzərdə tutulmuş yeyinti məhsulları müvafiq qaydada istehlakçıya satılması anınadək həmin yeyinti məhsullarının üzərində mülkiyyət hüququ Cəmiyyətimizə məxsusdur və mülkiyyət hüququnun müdafiə vasitəsi olaraq Cəmiyyətimiz tərəfindən bu kimi daxili qaydaların müəyyən edilməsi qanunvericiliklə qadağan edilməmişdir. Müəssisədaxili qaydalar işəgötürən və işçilər arasında olan münasibətləri tənzimlədiyindən, sözügedən qaydaların üçüncü şəxslərə (istehlakçı) bəyan edilməsi, o cümlədən onların daxili qaydalarla tanış edilməsi şəraitinin yaradılması, eləcə də video görüntülərə baxış keçirilməsinə razılıq verilməsi mümkün deyildir”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir istehlakçı (müştəri) kimi çox kobud rəftara məruz qalaraq qida məhsullarına olan tələbatlarını ödəmək üçün Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona verilmiş hüquqları məhdudlaşdırılmışdır. Belə ki, marketdə öz şəxsi telefonu ilə vitrində yerləşdirilmiş və kütləvi şəkildə satış məqsədilə açıq nümayiş olunan müxtəlif istehlakçılara məxsus pendir məhsullarının şəklini çəkərək hansını almaq barədə öz ailə üzvləri ilə (həmin vaxt marketə himayəsində azyaşlı uşaq olduğuna görə gələ bilməyərək evdə olan ailə üzvləri) “WhatsApp” proqramı vasitəsilə məsləhətləşdikdə özünü təqdim etməyən marketin əməkdaşı ona yaxınlaşaraq marketin daxili qaydalarına əsasən marketdə satışa çıxarılan malların vitrində şəklinin çəkilməsinin qadağan olduğunu bildirərək, həmin şəkilləri telefonundan silməsini tələb etmişdir. Nəyə görə vitrində malın şəklini çəkə bilmədiyini soruşduqda isə həmin vitrində malın telefonla çəkilən foto şəkillərdə həmçinin malın qiymətinin də əks olunduğunu əsas gətirərək bunun qadağan olduğunu bildirmişdir. Bu tələbin qanunsuz olduğunu bilsə də, konfliktin yaranmaması üçün şəkilləri pozacağını bildirmiş və ondan ailə üzvləri ilə məsləhətləşə bilmədiyi halda onun vitrində olan mallar barədə məlumat verərək, lazım olan malın seçilməsində köməklik edilməsini xahiş etmişdir. Lakin, həmin əməkdaş yenidən ona kömək etmək, vitrində olan mallar barədə müvafiq məlumatları vermək əvəzinə israrla onun şəxsi telefonuna müdaxilə etməyə cəhd edərək göstəriş və imperativ formada əvvəlcə telefondan şəkilləri pozmasını, eləcə də xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlərə yol verməklə qanunla qorunan hüquqlarını pozmağa yönəlmiş tələblər irəli sürərək həqiqətən də şəkilləri pozduğuna əmin olmaq üçün telefonunun yaddaş hissəsinə (şəxsi və ailə məlumatlarının olduğu) baxmağı tələb etmişdir. Həmin əməkdaşın hərəkətlərindən haqlı olaraq narazı qaldığı səbəbindən marketin menecerinin dəvət edilməsini xahiş etmişdir. Lakin yaxınlaşan menecer ətrafında olan marketin mühafizəçiləri ilə birlikdə təzyiq edərək, mühafizəçilər isə onunla sanki bir cinayətkar kimi davranaraq “əllə” danışaraq yenidən hüquqlarını pozmağa davam etdilər. Bu məqamda yaranmış xoşa gəlməz və iddiaçı üçün mənəvi sarsıntı ilə nəticələnmişdir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq, MMC-nin rəhbərliyinə onlayn müraciət etmiş, lakin heç bir nəticə olmamışdır. Təkrar xx.xx.2021-ci il tarixdə MMC-yə məxsus marketdə hüquqlarının pozulmasına və məhdudlaşdırılmasına səbəbkar olmuş şəxslərin şəxsiyyətinin müəyyən edilməklə onlar barədə müvafiq araşdırma apararaq və təqsirli şəxslər barəsində qanuna müvafiq tədbirlər görülməsini, həmçinin həmin supermarketdə həmin gün kameraya çəkilmiş video görüntülərə baxış keçirilməsinə və daxili qaydalar ilə tanış olmasına şərait yaradılması xahiş edilmişdir. Lakin həmin qaydalar ona təqdim edilməmişdir. Beləliklə marketin meneceri və digər əməkdaşları tərəfindən bir istehlakçı (müştəri) kimi qida məhsullarına olan tələbatlarını ödəmək üçün Azərbaycan Respublikasının qanunvericiliyində ona verilmiş hüquqları məhdudlaşdırılmış, onu maraqlandıran malın (işin, xidmətin) qiyməti barədə zəruri məlumat almaq, düzgün, müstəqil və sərbəst seçim və aldığı malla baxış keçirməklə həmin mallarla tanış olmaq, qiymətini yoxlamaq imkanlarından məhrum edilmişdir.
7. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının heç bir hüququ pozulmamışdır. Üzr istəmək, əslində, problemli və ya ayıb bir məsələ deyil, lakin üzr istədikləri iddianı qəbul etməkləri deməkdir, onlar isə qəbul etmirlər. Həmin tarixdə aparılmış videogörüntülər saxlanılmamışdır. İddiaçı öz hüquqlarının pozulmasını sübut edə bilməmişdir.
8. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-380/2022 nömrəli iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya iddianı sübut etmək yükü düşür ki, iddiaçı məhkəmədə qeyd olunan hadisənin həqiqətən də olmasını (şahid ifadələri, özünün çəkmiş olduğu audio-video yazı və s. ilə ) sübuta yetirə bilməmişdir. İddiaçının ilkin tələbi əsaslı olsaydı da belə bu tələb sonunda heç bir hüquqi nəticə ilə yekunlaşmayacaqdır. İddia ərizəsində göründüyü kimi, iddiaçının cavabdehdən heç bir maddi və mənəvi tələbi də mövcud deyildir. Tələb yalnız cavabdehin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsindən ibarət olmuşdur ki, buda məhkəmə prosesi zamanı sübuta yetirilə bilməmişdir.
10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiya məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbləri MMC-nin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi və video və foto çəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi barədə daxili qaydaların təqdim olunması barədə qətnamə qəbul edilməsi idi. Lakin məhkəmə nədənsə yalnız xüsusi qaydaların müəyyən edilməsi ilə kifayətlənmişdir. Məhkəmə qeyd etmişdir ki, tələb yalnız cavabdehin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsindən ibarət olmuşdur ki, bu da məhkəmə prosesi zamanı sübuta yetirilə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh tərəf MMC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, şirkət tərəfindən aparılmış daxili araşdırma zamanı işçi heyəti tərəfindən iddiaçının yalnız Cəmiyyətinin daxili qaydaları izah olunmaqla ona qarşı fiziki zorakılıq, habelə hörmətsizlik ifadə edən hər hansı qərəzli hərəkətlərə yol verilmədiyi müəyyən edilmişdir. MMC xx.xx.2021-ci il tarixli məktubu ilə özü etiraf edir ki, mülkiyyətində və ya istifadəsində olan ərazilərdə şəxslərin davranışına və fəaliyyətinə dair daxili qaydalar müəyyən etmək hüququna malikdir və bu səbəbdən video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarını müəyyən etmişdir. Belə olan halda iddiaçı tərəfindən MMC-nin əməkdaşlarının ona cəmiyyətin daxili qaydalarına əsasən telefondan istifadə etməklə foto və video çəkilişin aparılmasının qadağan edilməsi sübuta yetirilmiş və məhkəmədən buna dair iddiaçıdan MPM-nin 106.3-cü maddəsinə görə əlavə sübutların tələb edilməsi qanunsuzdur. Odur ki, cavabdeh tərəfindən cəmiyyətin daxili qaydalarına əsasən mağazada telefondan istifadə etməklə foto və video çəkilişin aparılmasının qadağan edilməsi sübuta yetrildiyindən məhkəmə həmin daxili qaydaların qanuni və ya qanunsuz olmasını araşdırmalıdır. Məhkəmə araşdırması zamanı əldə edilərək işə əlavə edilməmiş cavabdehin şifahi bildirdiyi daxili qaydaları - cavabdehin xx.xx.2021ci il tarixli məktubunda da göstərildiyi kimi müəssisədaxili qaydalar işəgötürən və işçilər arasında olan münasibətləri tənzimlədiyindən (belə olan halda istehlakçı kimi həmin qaydaların ona nə kimi aidiyyəti olması aydın deyil) və qanunvericilik aktlarında nəzərdə tutulmadığından istehlakçı kimi hüquqları birbaşa və ya dolayısı ilə məhdudlaşdırdığından qanunsuzdur.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2340/2022 nömrəli iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində sadalanan halların baş verməsini sübut etmə yükü iddia edənin üzərinə düşür. Lakin iddiaçı bu halların baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən belə bir hadisənin olması barədə video görüntünün təqdim edilməsi təklif edilmiş, lakin cavabdehin nümayəndəsi onlarda belə bir görüntü saxlanılmadığını bildirmişdir. Bununla da, iddiaçıya qarşı cavabdeh MMC-nin əməkdaşları tərəfindən iddia ərizəsində göstərilən davranışa yol verilməsi halı öz təsdiqini tapmamışdır.
15. İddianın video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi ilə bağlı daxili qaydaların verilməsinə dair hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, market cavabdehin qanuni sahibliyində olmuş və qeyd olunan qaydaların müəyyən edilməsi də mülkiyyətçiyə (qanuni sahibə) məxsus olan hüquqdur ki, buna digər şəxslərin müdaxilə etməsi yolverilməzdir.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, satıcı - cavabdeh qanuni əsaslarla pərakəndə ticarət fəaliyyətini həyata keçirdiyi ticarət zalında yerləşdirilmiş malların foto və videoçəkilişlərin aparılmasının qadağan edilməsini müəyyən etmək hüququna malikdir və MMC-nin əməkdaşları tərəfindən iddiaçıya satılan malların foto və videoçəkilişinə icazə verilmədiyi barədə məlumat verilmişdir.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, nə Mülki Məcəllənin pərakəndə alqı-satqı münasibətlərini nizama salan normalarında, nə də istehlakçı hüquqlarının müdafiəsi haqqında qanunvericilik normalarında satıcının müəyyən etdiyi daxili qaydalarla bağlı istehlakçıya yazılı şəkildə məlumat vermək öhdəliyi nəzərdə tutulmamışdır. Ona görə də, video və ya fotoçəkililş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi barədə daxili qaydaların verilməsinə dair iddia tələbinin qanuni əsası olmamışdır.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi hər hansı bir hüquqi nəticənin əldə edilməsinə yönəlməmişdir və bu tələbin təmin olunacağı təqdirdə iddiaçının hansı pozulmuş hüququnun və ya qanuni marağının bərpa ediləcəyi müəyyən edilmir. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçının cavabdehdən heç bir maddi və mənəvi tələbi də mövcud deyildir. Tələb yalnız cavabdehin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsindən ibarət olmuşdur ki, bu da məhkəmə araşdırması zamanı sübuta yetirilə bilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 152, 567, 614, 617-ci maddələrinə, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 14.1, 14.3-cü maddələrinə, MPM-in 4.1, 14.2, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. c) Kassasiya instansiya məhkəməsindəki icraat
20. İddiaçı (vəkil İddiaçı) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli 2(102)-4083/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2340/2022 nömrəli iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Proses iştirakçılarının izahatı:
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.
24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Hazırki apelyasiya baxışının hədləri:
25. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, qətnamə tam yoxlanilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
29. Maddə 614.1. Pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür.
30. Maddə 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir.
31. Maddə 617.1. Satıcı satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur.
32. Maddə 617.2. Pərakəndə alğı-satqı müqaviləsi bağlananadək alıcının malı gözdən keçirmək, öz yanında malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını tələb etmək ixtiyarı vardır, bir şərtlə ki, bu, malın xarakterinə görə istisna edilməsin və pərakəndə ticarətdə qəbul edilmiş qaydalara zidd olmasın.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:
33. Maddə 13.1. Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
34. Maddə 13.4. İstehlakçı aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını,malın qiyməti haqqında sənədləri təqdim etməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”
35. Bənd 5.10.1. Satışda olan malların adı, onların qiyməti haqqında məlumatlar müvafiq qaydada istehlakçıların nəzərinə çatdırılmalıdır.
36. Bənd 5.31. Bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı, qiymət kağızının arxa tərəfində isə maddi məsulşəxsin imzası (və yatəşkilatın möhürü) və onun doldurulma tarixi olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
41. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında qeyd edilən hüquqi mövqeyi müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
44. Baxılan işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı cavabdeh MMCyə məxsus süpermarketdə məhsul almaq istəyərkən mobil telefonu vastiəsi ilə məhsulun fotoşəklini (və ya videosunu) çəkərək “WhatsApp” mobil tətbiqetməsi vasitəsi ilə başqa şəxsə göndərmək istəmiş, lakin MMC-nin əməkdaşları bunun daxili qaydalara əsasən qadağan olduğunu bildirərək iddiaçıya mane olmuşlar.
45. İddiaçı həmin qaydaların və süpermarketdə olduğu günün video görüntülərini cavabdehdən ona təqdim edilməsini xahiş etmiş, cavabdeh isə həm iddiaçıya ünvanlanmış məktubda, həm də məhkəmə iclaslarında videogörüntülərin saxlanılmadığını, qaydaların isə başqa şəxslərə təqdim olunmasının mümkün olmamasını bildirmişdi.
46. Bu səbəbdən tərəflər arasında hazırki mübahisə yaranmışdır.
47. İddiaçının tələbi iki hissədən ibarətdir.
48. Tələbin birinci hissəsində MMC-nin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi;
49. Tələbin ikinci hissəsi isə video və foto çəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi barədə daxili qaydaların təqdim olunması barədədi.
50. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsinə və eyni zamanda cavabdehin mülkiyyət və sahiblik hüquqlarının müdafiə edilməli olmasına istinad etmişdir.
51. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı hesab etmir.
52. Belə ki, hər hansı bir iddia tələbi üzrə ilk növbədə müəyyən edilməli məsələlərdən biri iddia tələbinin qanuni əsasının tapılmasıdır.
53. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən.
54. Baxılan iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsasının hansı hüquq norması olduğunu və onun dispozisiya əlamətlərinin nədən ibarət olduğunu göstərməmişdir. Məhkəmə maddi hüquq norması kimi Mülki Məcəllənin 152-ci maddəsinə istinad etsə də, həmin normanın dispozisiya şərtlərinin hansı işin halları baxımından əlaqəsini əsaslandırmamışdır. Məhkəmə yalnız iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsini qeyd etmişdir. Lakin məhkəmə sübutetmə yükünü müəyyən edə bilməsi üçün ilk növbədə iddia tələbinin qanuni əsasını müəyyən etməli, bundan sonra qanuni əsasa uyğun gələn dispozisiya şərtləri baxımından hansı tərəfin hansı halı sübut etməli olduğunu təsbit edə bilərdi.
55. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə tərəflər arasında olan pərakəndə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərdən yaranmışdır.
56. İddiaçı cavabdeh MMC-yə məxsus supermarketdən məhsul almaq istəyərkən malın foto və video çəkilişinin çəkilməsi ona qadağan edilmişdir.
57. Ona görə də, məhkəmə kollegiyası iddia tələbini həlli baxımından Mülki Məcəllənin pərakəndə alqı-satqı münasibətləri tənzimləyən normalarına istinad edilməsinin zərurliyini vurğulayır.
58. Belə ki, Mülki Məcəlləyə görə, pərakəndə alqı-satqı zamanı satıcı satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur. Pərakəndə alğı-satqı müqaviləsi bağlananadək alıcının malı gözdən keçirmək, öz yanında malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını tələb etmək ixtiyarı vardır, bir şərtlə ki, bu, malın xarakterinə görə istisna edilməsin və pərakəndə ticarətdə qəbul edilmiş qaydalara zidd olmasın. Məcəllənin 616-cı maddəsinə əsasən malın qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış reklamda, kataloqlarda və malların təsvirlərində təklif edilməsi, əgər bu, pərakəndə alğı-satqı müqaviləsinin bütün mühüm şərtlərini əhatə edirsə, ümumi oferta sayılır. Satış yerində (piştaxtalarda, vitrinlərdə və i.a.) malların qoyulması, onların nümunələrinin nümayiş etdirilməsi və ya satılan mallara dair məlumatların (malların təsvirlərinin, kataloqlarının, fotoşəkillərinin və i.a.) təqdim edilməsi qiymətin və pərakəndə alğı-satqı müqaviləsinin digər mühümşərtlərinin göstərilibgöstərilmədiyindən asılı olmayaraq ümumi oferta sayılır.
59. Sadalanan qanun normalarının təhlilindən müəyyən edilir ki, pərakəndə alqı-satqı zamanı alıcının almaq istədiyi malı gözdən keçirmək, malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını tələb etmək ixtiyarı vardır. Qanunverici bu hala istisna kimi yalnız bu halın malın xarakterinə görə və pərakəndə ticarətdə qəbul edilmiş qaydalara zidd olması ilə məhdudlaşdırmışdır.
60. Cavabdeh marketin vitrinində yerləşdiyi mal barədə qeyri-müəyyən şəxslər dairəsinə ümumi oferta ünvanlamışdır.
61. İddiaçı isə həmin məhsulun onun seçiminə uyğun mal olub-olmamasını müəyyən etmək hüququna malik olmaqla bərabər, həmin malın onun almaq istədiyi məhsul olub-olmamasını müəyyənləşdirmək üçün başqa şəxslə məsləhətləşmək istəmişdir.
62. Cavabdeh bu hala etiraz edərkən malın qiymətinin də üzərində olmasını əsas gətirmişdir.
63. Məhkəmə kollegiyası qeyd edir ki, məhsulun qiyməti müqavilənin mühüm şərtlərindən olmaqla bu barədə istehlakçıya (alıcıya) ətraflı məlumt verilməlidir. Məhsulun qiymətinin yayılmasının, başqa şəxslərə göndərilməsinin qadağan edilməsi ilə bağlı mülki qanunvericilikdə hər hansı bir qadağa müəyyən edilməmişdir.
64. Cavabdeh MMC isə həmin halın MMC tərəfindən qəbul etdiyi öz daxili qaydalarına uyğun olaraq qadağan edildiyini göstərmişdir.
65. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi ilk növbədə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməmişdir.
66. Belə ki, məhkəmə iddiaçının iddia tələbinin əsas kimi istinad etdiyi halları sübut edə bilməməsini qeyd etmişdir.
67. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilik sübutetmə yükünü tərəflərin üzərinə qoymuşdur.
68. Belə ki, MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, eyni zamanda sübutsuz məyyən edilən halları müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
70. Qanunvericilikdə bəzi hallar vardır ki, həmin hallarda qanunvericilik tərəfləri sübutetmə yükündə azad edir.
71. Bu hallara tərəfin faktı və ya iddia tələbini etiraf etməsi (106.3, 191 maddələr), preyudisial qərarlarla müəyyən edilən hallar (82.3, 82.4 maddələr) hamıya bəlli olan hallar (maddə 82.1) aiddir və belə hallarda tərəflər sübutetmə yükündən azaddır.
72. Baxılan işdə cavabdeh tərəf iddia tələbini qəbul etməsə də, iddiaçının istinad etdiyi faktı, yəni məhsul alarakən ona telefon vastisi ilə çəkilişin aparılmasını qadağan etməsi faktını etiraf etmişdir.
73. Ona görə də iddiaçı bu halı sübutetmə yükündən azaddır. Buna baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi qanunvericiliyin qeyd edilən prinsiplərini və normalarını pozaraq, iddiaçının hər hansı bir sübut təqdim etmədiyini göstərmişdir.
74. İşdən müəyyən edilir ki, cavabdeh çəkilişin qadağan edilməsi ilə bağlı iddiaçıya və məhkəməyə təqdim etmədiyi daxili qaydaların olmasını göstərmişdir.
75. Belə olan halda alqı-satqı zamanı alıcıya üzərində qiyməti göstərilmiş məhsulun çəkilşinin aparılmasının və başqa şəxsə göstərilməsinin qadağan edilməsinin qanuniliyini və əsaslılığını sübutetmə yükü iddiaçının deyil, cavabdehin üzərinə düşür.
76. Məhz iddia tələbinin əsaslılığı da həmin qaydaların təqdim edilməsi ilə mümkündür.
77. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi iddiaçının tələbi iki hissədən ibarətdir.
78. Məhkəmə kollegiyası qeyd edir ki, ilk öncə tələbin ikinci hissəsinin əsaslığı yoxlanılmalı, yalnız bundan sonra tələbin birinci hissəsinə qiymət verilməlidir.
79. Belə ki, işin mübahisə edilməyən halına görə cavabdeh bir alıcı kimi iddiaçıya məhdudlaşdırma tətbiq edərkən marketin daxili qaydalarının olmasına istinad etmişdir. Belə olan halda həmin məhdudlaşdırmanın qanuni və əsaslı olmasının müəyyən, eyni zamanda belə bir qaydalar həqiqətən mövcuddursa bu qaydaların Azərbaycan Respublikası qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlara uyğun olubolmamasının müəyyən edilməsi həmin qaydaların təqdim edilməsi ilə mümkündür ki, cavabdeh MMC bu qaydaları iddiaçıya təqdim etməkdən imtina etmişdir. Nəticədə iddiaçı hüquqlarının müdafiəsini məhkəmədən kənar qaydada həll edə bilməmişdir. Ona görə də, iddiaçı qanuni mənafeyinin müdafiəsi üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmək məcburiyyətində qalmışdır.
80. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
81. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu hala (tələbin ikinci hissəsinə) hüquqi qiymət verildikdən sonra tələbin birinci (cavabdehin hərəkətlərinin qanuni olubolmamasının müəyyən edilməsi) hissəsinin qanuniliyinə və əsaslılığına qiymət verilməsi mümkündür.
82. Digər tərəfdən cavabdeh tərəf həmin qaydaları və eyni zamanda hadisə baş verən anın marketdə yerləşdirilmiş kameralar vasitəsi ilə yazılmış videogörüntülərini də məhkəməyə təqdim etməmişdir.
83. Lakin işə baxan birinci instansiya məhkəməsi mübahisəni həll edərkən sübutları Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsinin tələbləri baxımından qiymətləndirməli olduğu halda bunu etməmişdir.
84. Həmin normaya görə, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
85. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh öz hərəkətlərinin qanuni olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi cavabdehin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsində əsaslı hesab olunmalıdır.
86. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin ikinci hissəsi olan video və foto çəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi barədə daxili qaydaların təqdim edilməsi məhz iddia tələbinin birinci hissəsinin əsaslı olub-olmamasının müəyyənləşdirilməsi məqsədini daşıyır.
87. Məhkəmə kollegiyası iddia tələbinin birinci hissəsinin əsaslı olması barədə nəticəyə gəldiyindən, iddia tələbinin ikinci hissəsinin təmin olunması üçün əsas görmür.
88. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbi cavabdehin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsində təmin olunmalı və Cavabdeh MMC-nin əməkdaşlarının İddiaçı qarşı xx.xx.2021-ci il tarixdə etdikləri hərəkətlər qanunsuz hesab olunmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır.
89. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(006)-380/2022 saylı qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MMC-nin əməkdaşlarının İddiaçı qarşı xx.xx.2021-ci il tarixdə etdikləri hərəkətlər qanunsuz hesab olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.