Məhkəmə qərarları › İş №2(103)-10774/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10774/2021

22.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10774/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh-yə (hazırda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC) qarşı “istehsalatda bədbəxt hadisə nəticəsində sağlamlığın pozulmasına görə müavinətin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli 2(008)-7780/2017 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 noyabr 1991-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işdə aldığı xəsarətə görə ona təyin olunmuş müavinətin, kompensasiyanın və digər ödənişlərin dayandırıldığı vaxtdan, yəni 1992-ci ildən etibarən cavabdeh ASC tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Kənd Tikinti Birliyinin 57 nömrəli X1 (PMK-57) fəhlə işlayərkən 25 noyabr 1991-ci ildə iş vaxtı baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış, bu barədə istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt tərtib olunmuşdur. O, aldığı xəsarət nəticəsində həkim ekspert komissiyasının rəyinə əsasən əmək qabiliyyətini 60% itirməklə İİİ qrup əlil hesab edilmişdir. İşdə aldığı xəsarətə görə ona aylıq müavinət təyin edilmişdir. Lakin 1992-ci ildən etibarən ona kompensasiyanın ödənilməsi dayandırılmışdır, ödənclərin alınması üçün yenidən müraciət etsə də, Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi ona təyin olunmuş ödənişləri ödəməkdən imtina etmiş və səbəbi kimi 57 nömrəli SMD-nin özəlləşdirilməsini göstərmişdir. Belə olduğu halda, o, Cavabdeh-yə müraciət etmişdir. Lakin oradan ona bildirilmişdir ki, qeyd olunan ödənişləri yalnız məhkəmə qərarından sonra ona ödəyə bilərlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 25 noyabr 1991-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işdə aldığı xəsarətə görə İddiaçı təyin olunmuş müavinətin, kompensasiyanın və digər ödənişlərin dayandırıldığı vaxtdan, yəni 1992-ci il tarixdən etibarən Cavabdeh-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ASC Azərbaycan Respublikası Prezidentinin “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli sərəncamı əsasında yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2005-cı il tarixli Sərəncamına əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin yerləşdirilməsi, texnikanın qəbulu, saxlanması, lizinqə verilməsi, habelə texniki servis xidməti işinin təşkili məqsədilə “Yevlax Kəndtikinti” 57 nömrəli X6 Cəmiyyətin balansına verilmişdir. İddiaçı aldığı xəsarət nəticəsində həkim ekspert komissiyasının rəyinə əsasən əmək qabiliyyətinin 60%-ni itirməklə əlil hesab edilmiş və ona aylıq müavinət təyin edilmişdir. 1992-ci ildən etibarən ona kompensasiyanın ödənilməsi dayandırılmış, Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi ona təyin olunmuş ödənişləri ödəməkdən imtina etmiş və səbəb kimi müəssisənin özəlləşdirilməsini göstərmişdir. Halbuki “Yevlax Kəndtikinti” 57 nömrəli X6 Cəmiyyətin balansına 21 oktyabr 2005-ci il tarixdə verilmişdir. Bu barədə məhkəmə prosesləri dövründə məhkəmənin nəzərinə çatdırılsa da, buna hüquqi qiymət verilməmişdir. 1992-ci ildən, yəni kompensasiyanın dayandığı vaxtdan müəssisənin özəlləşdiyi 2005-ci il tarixədək iddiaçının hərəkətləri və ödəməni aparacaq dövlət müəssisəsinin hüquqi dairəsi müəyyənləşdirilməmişdir. Digər tərəfdən kompensasiyanın verilməsinin dayandırılması qeyri-müəyyən vaxt olaraq 1992-ci il göstərilmiş, bu barədə qətnamədə hər hansı tarix göstərilməmişdir. Həmin müəssisə Cəmiyyətin balansına keçərkən təhvil-təslim keçirilərkən üzləşmə sənədlərində İddiaçı həmin müəssisədə işləməsi və ya müavinət alması barədə məlumat olmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qətnaməsinin qət etdi hissəsində ödəniləcək məbləğin ödənilməsi proseduru, məbləği göstərilməmiş və qeyri-müəyyən pul məbləğinin tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(103)-2187/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli 2(008)-7780/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 iyul 2018-ci il tarixli 2(102)- 4905/2018 saylı qərarı ilə Cavabdeh-nin kassasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 04 fevral 2019-cu il tarixli 2(103)-1052/2019 saylı qətnaməsi ilə Cavabdeh-nin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7780/2017 saylı 06 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(102)- 3935/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2019- cu il tarixli 2(103)-1052/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 2(103)-9781/2019 saylı qətnaməsi ilə Cavabdeh-nin apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7780/2017 saylı 06 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(102)- 2335/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli 2(103)-9781/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2(103)-6584/2020 saylı qətnaməsi ilə Cavabdeh-nin apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7780/2017 saylı 06 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(102)- 3935/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2019- cu il tarixli 2(103)-1052/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə Əmək Məcəlləsinn 239-cu maddəsini tətbiq edərkən Mülki Prossesual Məcəllənin 217.2-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarından görünür ki, mübahisəli hüquq münasibəti 25 noyabr 1991-ci ildə yaranmış, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsi isə 1 fevral 1999-cu ildə qəbul edilmiş və 1999-cu il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi hazıkı iş üzrə mübahisəli hüquq münasibətinin yarandığı zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsi qəbul edilməmişdi və qeyd edilən dövrdə 10 dekabr 1971-ci il tarixli Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi qüvvədə olmuşdur. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə həmin Məcəllənin müddəalarını tətbiq etməklə hüquqi qiymət verməlidir. Bundan başqa işin hallarından görünür ki, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik araşdırılmalı məsələlərdən biri Cavabdeh-nin Yevlax Kəndtikinti” 57 nömrəli SMD-nin hüquqi varisi olubolmaması olduğu halda apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamışdır. ” Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı “Yevlax Kəndtikinti” 57 nömrəli X4 fəhlə işləyərkən 25 noyabr 1991-ci ildə iş vaxtı baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış, ona 24 iyun 1992-ci ildən 2-ci qrup əlillik, 06 iyul 1994-cü ildən isə 3-cü qrup əlillik təyin edilmiş və hal-hazırda əmək qabiliyyətini 60% itirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2005-ci il tarixli 314 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Cavabdeh ilə razılaşdırılmış təklifi qəbul edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sərəncamına verilmiş digər idarələrlə yanaşı ünvan 1 ünvanında yerləşən “Yevlax Kəndtikinti” 57 nömrəli SMD Cavabdeh-nin balansına verilmişdir. Sərəncamın 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Cavabdeh-nin və digər maraqlı tərəflərin iştirakı ilə bu sərəncamın 1-ci bəndində Cəmiyyətə təhvil verilməsi nəzərdə tutulan obyektlərin debitor və kreditor borcları barədə mövcud qanunverciliyə uyğun qaydada tədbir görülməsi tapşırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinin 13 iyun 2017-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı 57 nömrəli SMD-də fəhlə işləmişdir. Hal-hazırda göstərilən idarə Cavabdeh kimi fəaliyyət göstərir, idarə özəlləşdiyi üçün DSMF-nin Yevlax rayon şöbəsi “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisəsinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə, himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”nın 5.5-ci bəndinə uyğun olaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı üçün ona verilən müavinət ödənilə bilməz. Müavinət özəlləşdirilən Cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 03 dekabr 2018-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2005ci il tarixli 314s saylı sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən “Yevlax Kəndtikinti” 57 nömrəli X6 Cavabdeh-nin balansına verilmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işdə aldığı xəsarətə görə İddiaçı təyin olunmuş müavinət, kompensasiya və digər ödənişlərin ödənilib-ödənilməməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 14 avqust 2019-cu il və 11 oktyabr 2019-cu il tarixli məktubları ilə müəyyən olunmuşdur ki, “Yevlax Kəndtikinti” 57 nömrəli SMD-nin özəlləşdirilməsi həyata keçirilməmiş, həmin müəssisə Cavabdeh-nin balansına verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş arayışla müəyyən olunmuşdur ki, Yevlax Kəndtikinti 57 nömrəli X2 hüquqi varisi olmamışdır. İddiaçı hazırki tələbində 1991-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işdə aldığı xəsarətə görə ona təyin olunmuş müavinətin, kompensasiyanın və digər ödənişlərin dayandırıldığı vaxtdan, yəni 1992-ci ildən etibarən ödənilməsini tələb edir. Kollegiya əvvəla qeyd edir ki, tərəflər arasında mübahisəli hüquq münasibəti 25 noyabr 1991-ci ildə yarandığından hazırki mübahisə həmin vaxt qüvvədə olan 10 dekabr 1971-ci il tarixli Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin müddəaları ilə tənzimlənməlidir. 10 dekabr 1971-ci il tarixli Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 148-ci maddəsinə əsasən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraiti yaradılır. Sağlam və təhlükəsiz əmək şəraiti təmin etmək müəssisələrin, idarələrin, təşkilatların müdriyyətinə həvalə olunur. Müdriyyət istehsalatda zədələnmə hallarının qarşısını alan müasir təhlükəsizlik texnikası vasitələrini tətbiq etməyə, fəhlə və qulluqçular arasında peşəxəstəlikləri əmələ gəlməsinə yol verməyən sanitariya-gigiyena şəraiti təmin etməyə borcludur. Həmin Məcəllənin 157-ci maddəsinə görə fəhlə və qulluqçular istehsalat binalarında və tikinti meydançalarında işlərin görülməsi və davranış qaydalarını müəyyən edən əmək mühafizəsi üzrə təlimatlara riayət etməyə borcludurlar. Fəhlə və qulluqçular, həmçinin maşın və mexanizmlərlə işləmək üçün müəyyən edilmiş tələblərə riayət etməyə, onlara verilmiş fərdi mühafizə vasitələrindən istifadə etməyə borcludurlar. Əmək kollektivləri müəssisələrdə, idarələrdə, təşkilatlarda əməyin mühafizəsinə dair qaydalara və təlimatlara bütün işçilər tərəfindən riayət olunmasına nəzarət edirlər. Məcəllənin 171-ci madddəsinə görə müəssisələrin, idarələrin, təşkilatların müdriyyəti istehsalatda baş verən bədbəxt hadisələri müəssisənin, idarənin və təşkilatın həmkarlar ittifaqı komitəsi nümayəndələrinin iştirakı ilə, qanunla müəyyən edilmiş hallarda isə başqa orqanların da nümayəndələrinin iştirakı ilə vaxtında və düzgün təhqiq etməyə və uçota almağa borcludur. Müdriyyət zərər çəkmiş şəxsin tələbi ilə bədbəxt hadisə haqqındakı aktın təsdiq olunmuş surətini təhqiqat qurtardıqdan ən geci üç gün sonra ona verməyə borcludur. Müdriyyət bədbəxt hadisə haqqında akt tərtib etməkdən boyun qaçırdıqda və ya zərər çəkmiş şəxs bədbəxt hadisənin aktda yazılmış təfsilatı ilə razılaşmadıqda, zərər çəkmiş şəxsin müəssisənin, idarənin və təşkilatın həmkarlar ittifaqı komitəsinə müraciət etmək hüququ vardır; bu halda aktın tərtib edilməsi və ya məzmunu barəsində müəssisənin, idarənin, təşkilatın həmkarlar ittifaqı komitəsinin qərarı müdriyyət üçün məcburidir. Bədbəxt hadisələrin təhqiq və uçot materialları əsasında müdriyyət bədbəxt hadisələr doğuran səbəbləri aradan qaldırmaq üçün vaxtında lazımi tədbirlər görməyə borcludur. Məcəllənin 172-ci maddəsinə görə fəhlə və qulluqçular öz əmək vəzifələrini yerinə yetirərkən şikəst olduqda və ya səhhətləri pozulduqda müəssisə, idarə və təşkilat onlara dəyən zərər üçün SSR İttifaqlarının və Azərbaycan SSR-in qanunvericiliyinə uyğun olaraq maddi məsuliyyət daşıyır. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən işçilər əməyin mühafizəsi qaydalarına və bu barədə təlimata riayət etməyə borcludur. Baxılan iş üzrə tərtib edilmiş istehsalatda baş vermiş bədbəxt hadisəyə dair 25 noyabr 1991-ci il tarixli aktdan (cild 2, i.v.18-20) görünür ki, həmin tarixdə nahardan sonra saat 14:50-də fəhlələr dəmir beton monolit sütuna beton tökərkən birinci blokun ikinci mərtəbəsində işləyən İddiaçı birdən ayağı büdrəyib 2 metr hündürlükdən yıxılmış və başından zədə almışdır. Həmin aktda hadisənin səbəbi kimi İddiaçı təhlükəsizlik texnikası qaydalarına düzgün riayət etmədiyi göstərilmişdir. Aktdan müəyyən edilir ki, iddiaçı əməyin təhlükəsizliyi qaydalarına düzgün riayət etməmiş və hadisə də bu səbəbdən baş vermişdir. Hadisənin baş verməsində işəgötürənin hər hansı təqsiri müəyyən edilməmişdir. İddiaçı bu aktda göstərilənlərlə razılaşmış, aktı mübahisələndirməmiş, qeyd edilənlərlə bağlı həmkarlar ittifaqı komitəsinə müraciət etməmişdir. Məcəllənin 172-ci maddəsində maddi məsuliyyətin müəyyən edilməsi üçün hadisənin baş verməsində işəgötürənin təqsirinin olub-olmaması birbaşa göstərilməsə də, qanunvericiliyin qeyd edilən müddəlarından müəyyən edilir ki, işçi özü əməyin mühafizəsi qaydalarına riayət etməyə borcludur, işçi tərəfindən bu vəzifənin pozulması halında baş vermiş hadisəyə görə işəgötürənin məsuliyyət daşıması yolverilməzdir. 29 sentyabr 1992-ci il tarixli “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən istahsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sağlamlığının korlanması ilə əlaqədar əmək qabiliyyətini itirmiş işçilərə qanunla müəyyən edilmiş qaydada zərərin ödənilməsindən əlavə, təqsirkar müəssisənin və təşkilatın hesabına, peşəkar əmək qabiliyyətinin itirilmiş hər faizinə görə bir aylıq orta əmək haqqı hesabı ilə, lakin zərərçəkənin orta illik qazancından az olmamaqla birdəfəlik müavinət ödənilir. Qeyd edilən normadan görünür ki, müəssisənin təqsirkar olması zəruri şərtdir. Qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 15.07.2011-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa müvafiq olaraq işəgötürənin təqsiri oldugu halda təqsirinin dərəcəsindən asılı olmayaraq, o, tam məsuliyyət daşıyır.» Göründüyü kimi işəgötürənin məsuliyyəti yalnız təqsirli olduğu halda yaranır. Hazırki iş üzrə işəgötürənin təqsiri müəyyən edilməmişdir, tərtib edilmiş aktdan görünür ki, hadisə işçinin təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş vermişdir. Belə olan halda işəgötürənin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır, iddiaçının hazırki tələbi əsassız olduğundan rədd edilməlidir. Həmçinin iddiaçının işdə olan əmək kitabçasının surətindən müəyyən olunur ki, o, 18.10.1991-ci ildə 57 saylı PMK-ya 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş, 28.10.1992-ci il tarixdə isə öz xahişi ilə işdən çıxmışdır. İddiaçı aldığı xəsarətə görə iş yerindən hər hansı məbləğdə və dövrdə ödənc alması barədə heç bir sübut təqdim etməmişdir, nə də işdən belə bir hal müəyyən olunmur. Kollegiyanın qənaəti ondan ibarətdir ki, 25 noyabr 1991-ci il tarixdə iddiaçı iş yerində özünün təqsiri üzündən xəsarət aldığı üçün ona heç bir ödənc təyin olunmamışdır. Təyin olunmamış ödəncin bərpa edilməsi isə mümkün deyildir. Belə olan halda isə Cavabdeh-nin Yevlax Kəndtikinti 57 nömrəli SMD-nin hüquqi varisi olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Bununla belə, qeyd edilən halla bağlı mübahisə mövcud deyil, Cavabdeh-nin Yevlax Kəndtikinti 57 nömrəli SMD-nin hüquqi varisi olması şübhə doğurmur. Belə ki, Mülki Məcəllənin 56.2-ci maddəsinə görə, hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Eləcə də qüvvədə olan Şəki Apelyasiya Məhkəməsinin 13.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə verilmiş X7 13.02.2020-ci il tarixli **********7 nömrəli məktubunun məzmundan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 3.10-cu bəndinə əsasən iddiaçının xəsarət aldığı “Yevlax Kəndtikinti” 57 saylı X5 Nazirlər Kabinetinin 21.05.2005-ci il tarixli 314 s nömrəli Sərəncamı ilə Cavabdeh-nin balansına verildiyindən, həmin müəssisə zərər dəyməsində təqsirkar olan müəssisə yenidən təşkil edildiyi halda onun hüquqi varisi olaraq zərərçəkənə zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 401, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli 2(008)- 7780/2017 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı Cavabdeh-yə (hazırda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC) qarşı “istehsalatda bədbəxt hadisə nəticəsində sağlamlığın pozulmasına görə müavinətin ödənilməsi tələbinə dair” iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar