Məhkəmə qərarları › İş №2(103)-10776/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10776/2021

24.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10776/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Qafar qızının, Cavabdeh2 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2499/2020 saylı 03.07.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçıya dəymiş maddi ziyanına görə 63000 (altmış üç min) manat, mənəvi ziyana görə 10000 (on min) manat dövlət rüsumunun ödənilməsinə görə 30 (otuz) manat, vəkilə ödənilmiş 110 (yüz on) manat, cəmi olaraq 73140 (yetmiş uç min yuz qırx) manatın alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 2003-cü il tarixdən Bakı şəhəri, Sabunçu rayonu 1-ci Zabrat qəsəbəsi ərazisində yerləşən “1 May Mədəniyyət evinin Şimal-Şərq hissəsi ünvanda yerləşən ümumi sahəsi 481 kv.m torpaq sahəsini Zabrat Bələdiyyəsi ilə uzun müddətli icarə müqaviləsi bağlayıb, icra orqanları ilə razılaşdırılmış şəkildə müvafiq sənədlər əldə etdikdən sonra xırda sahibkarlıq fəaliyyət növü olan çayxana açmışdır. Fəaliyyət göstərdiyi dövrdə vergi orqanlarından F/Ş kimi qeydiyyatdan keçərək sadələşdirilmiş vergi ödəyicisi olaraq adına VOEN açılmış, identifıkasiya kodu ilə fəaliyyət göstərdiyi obyekt iaşə obyekti olan “KAFE KLUB” kimi qeydiyyata alınmışdır. Bundan başqa iaşə “KAFE KLUB” "xxxx" ASC, Azər işıqASC ilə müqavilələr bağlamış ən yeni sayğaclarla təmin olunaraq “KAFE KLUB”-un daima işıq və su təchizatında heç zaman problemlər yaranmamışdır. Xüsusilə qeyd edir ki, Azərişıq ASC-nə 16.400 manat pul vəsaiti ödəyərək yeni standartlara uyğun naqillərlə, yarım ötürücü qurğu, sayğac və digər avadanlıqlarla təmin olunmuşdur. Daima istifadə etdiyi enerji haqqını vaxtında ödəmiş, bundan başqa Azərsu ASC ilə müqavilə bağlayıb, dövlət rüsumu ödəyərək içməli su ilə təmin olunmuş, çirkab suların axıdılması üçün kanalizasiya xəttinə qoşularaq baş kollektora çirkab suların axıdılması üçün Azərsu ASC-nə göstərilmiş xidmətə görə külli miqdarda rüsumlar ödəmişdir. Bundan başqa 2003-cü ildən başlayaraq 2018-ci il tarixədək fəaliyyət göstərdiyi dövrdə “KAFE KLUB”-a külli miqdarda - 63000 manat sərmayə yatırmışdır. Ən yeni avadanlıqdan tutmuş bahalı və qiymətli ləvazimat və aksesuarlarla təmin olunmuş çayxana “kafe-klub” kimi cəmiyyət və ictimaiyyətin xidmətində dayanmışdır. Xüsusilə qeyd edir ki, uzun müddət normal qonşuluq münasibətində olduğu, özünü 1-ci Zabrat qəsəbəsində yerləşən 1 May Mədəniyyət evinin və mini bazarın sahibi kimi təqdim edən Dövlət Gömrük Komitəsinin gömrük xidməti polkovnik Leytenantı Cavabdeh2 18 dekabr 2018-ci il tarixdə ona xəbərdarlıq edərək öz maddi vəsaiti hesabına yaratdığı obyektindən getməyini məsləhət görmüş və obyekti boşaltmağı üçün 20 gün vaxt vermişdir. Daha sonra vəzifə səlahiyyətlərini aşan, rütbəsindən, tutduğu mövqeyindən, statusundan istifadə edən Gömrük Komitəsinin yüksək çinli məmuru Cavabdeh2 ona təzyiqlər göstərmiş, obyektin su təchizatını dayandırmış, elektrik enerjisini kəsmiş, şər və böhtan xarakterli süni ittiham sübutları yaymış, nəticədə 08.01.2019-cu il tarixdə saat 15 radələrində 5 (beş) nəfər polis əməkdaşları ilə birlikdə obyektə soxularaq əşyaları sındırmış, əmlakı dağıdıb məhv etmiş, fəaliyyətini müfliz vəziyyətə salmışdır. Bundan başqa Cavabdeh2 1-ci Zabrat qəsəbəsində yerləşən 1 May Mədəniyyət evini (klub) ******* manata sataraq 500000 manat beh almışdır. Klubun qabağındakı iddiaçıya məxsus obyekt Cavabdeh2 mane olduğu üçün iddiaçıya qarşı qanunsuz hərəkətlərə yol vermiş, nəticədə obyekti dağıtmış və ona külli miqdarda ziyan vurmuşdur. İddiaçı dəfələrlə cavabdehlərə bildirmişdir ki, əgər torpaq sahəsi və fəaliyyət göstərdiyi ərazi onların mülkiyyətindədirsə, nə üçün 2003-cü ildən 2018-ci il tarixədək hərəkətsizlik edib mübahisəli torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi və çəkişməsi yaratmayıblar və ya əksinə Cavabdeh2 onun atası məhkəmə qətnaməsi olmadan, külli miqdarda ziyan vurmaqla özbaşına “KAFE KLUB”-da olan: 1) Mişar daşı ilə inşa edilmiş, bahalı arqumentlərlə işlənmiş qiyməti plastik qapı- pəncərə, stol-stul, televizor, qızdırıcı radiator naturmort yağlı boya ilə çəkilmiş divardan asılmış təbiət şəkili olmaqla 6 (altı) kabinet; 2) şənlik və digər tədbirlərin keçirilməsi üçün 40 nəfər tutumu olan Banket zalı və onun aksesuarlan 2 ədəd Samsung markalı televizor 82 diaqonal, stol-stul, qab- qaşıq, 3 ədəd qızdıncı radiatorlar, divardan asılmış 4 ədəd təbiət şəkilləri, 5 ədəd verə döşəmək üçün xalçalar; 3) 40 kv.m sahəsi olan mətbəx və mətbəx ləvazimatları, aksesuarlar, 2 ədəd iri həcmli soyuducular, 2 ədəd xarici istehsal olan “Hitachi” soyuducusu, 1 (bir) ədəd buz şakf soyuducu, 100 litr su həcmini qızdırılması uçun “Ariston”, 2 ədəd xarici istehsal olan “Soni Bravia” markalı televizor, 2 ədəd antena “Krosny” tarelkaları, 8 ədəd kabinetləri qış mövsümündə isitmək uçun qızdırıcı radiatorlar, stol-stullar, 4 ədəd kabablıq manqallar, ət məhsullarının doğranması uçun 2 ədəd fərqli ölçüdə olan palıd kötüklər, 140 ədəd kabab şişləri, paslanmayan, dür aliminium materialından olan 2 ədəd 6 kv.m stol, irili-xırdalı, böyük-balaca ölçülərinə görə fərqlənən xrustal stəkanlar, “bahema” və cini qab-qaşıqlar, servizlər, meyvə qabları, fujerlər, blud boşqablar, plastik qablar, “KAFE KLUB”un həyətyani sahəsinə və yer örtüyünə vurulmuş 300 kv.m-lik daş tamet, reklam sitləri, “KAFE KLUB”un həyətyani sahəsinə gözəllik vermək üçün salınmış gül kollan, dekorativ ağaclar və digər aksesuarlar sonuncular tərəfindən dağıdılaraq məhv edilmiş, sonunda ona 63000 (altmış üç min) manat dəyərində ziyan dəymişdir. İddiaçı eyni zamanda bildirmişdir ki, 2003-cü il tarixdən istifadə və sahibliyində olan çayxanada 4 (dörd) ailə işləyir, 4 (dörd) insan evinə çörək aparırdı. O, bu obyektə 63000 manat sərmayə yatırmışdır. Özü 3-cü qrup əlildir. Həyat yoldaşı xroniki şəkərli diabetin ağır formasından əziyyət çəkir, həm şəkərli diabet, həm də xroniki dəmir defisiti anemiya diaqnozu ilə dispanser qeydiyyatındadır. Banklara olan borcu onu çıxılmaz və acınacaqlı vəziyyətə salmışdır. Borc yiyələri gecə-gündüz öz pullarını tələb edirlər. O, cavabdehlərin qanunsuz hərəkətləri ilə bağlı prokurorluq orqanlarına şikayət ərizəsi ilə müraciət etmiş və ona hüquqlarının müdafiəsi üçün qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Belə ki, müraciət etdiyi şikayətlərlə bağlı cavabdehlər izahat verilməsi üçün hüquq-mühafizə orqanlarına dəvət olunmuş və onlar öz izahatlarında iddiaçıya məxsus “KAFE KLUBUN” onlar tərəfindən dağıdılması faktı etiraf edilsə də, nədənsə cavabdehlər törətdikləri əmələ görə məsuliyyətdən kənarda qalmışlar.Cavabdehlərin günahı üzündən ona vurulmuş zərərin məbləği ümumilikdə 73140 (yetmiş üç min yüz qırx) manat təşkil edir. Bura dəymiş maddi ziyana görə 63000 (altmış üç min) manat, cavabdehlərin qanunsuz hərəkətlərindən sonra keçirdiyi mənəvi sarsıntı şuuruna mənfi təsir, əsəb gərginliyi mənəvi və fiziki iztirablar keçirdiyi üçün - mənəvi ziyana görə 10000 (on min) manat, iddia ərizəsinə məhkəmədə baxılması üçün qabaqcadan ödənilmiş 30 (otuz) manat, məhkəmədə hüquqlarını müdafiə etmək üçün vəkilə ödənilmiş 110 (bir yüz on) manat pul vəsaiti daxildir.Bilavasitə ona maddi zərər və mənəvi ziyan vuran cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının şuruna mənfi təsir göstərmiş və səhhəti ilə bağlı müalicəyə ehtiyac yaranmışdır. Dəfələrlə cavabdehlərə bu barədə şifahi müraciətlər etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Bu səbəbdən cavabdehlərin qanunsuz və laqeyd hərəkətlərinə son qoyulması, cavabdehlərin günahı səbəbindən dəymiş ziyanın ödənilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qaldığından iddia tələbindəki zərərin məbləği ağlabatan və ədaləti olduğundan hesab edir ki iddia təmin edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilib və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yeridən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(103)-2587/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “hazırki işdə də iddiaçının cavabdehlərə qarşı zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: birincisi, törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; ikincisi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik)nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; üçüncüsü, ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddi hüquq normalarının tələbləri baxımından cavabdehlər tərəfindən iddiaçıya qarşı hər hansı hüquqa zidd əmələ (hərəkət və ya hərəkətsizliyə) yol verilib-verilməməsi; cavabdehlərin törətdikləri əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçıya ziyan və ya zərər vurulub-vurulmaması; iddiaçıya vurulmuş ziyan və ya zərərlə cavabdehlərin hüquqa zidd əməlləri (hərəkət və ya hərəkətsizlikləri) arasında hər hansı səbəbli əlaqənin olub-olmaması ilə bağlı heç bir araşdırma aparmadan və ümumiyyətlə mübahisənin mahiyyətinə varmadan birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, cavabdehlərin cinayət və ya inzibati xəta təqibi qaydasında məsuliyyətə cəlb edilməmələri, onların vurduqları ziyana və ya zərərə görə mülki məsuliyyətə cəlb edilmələrini istisna etmir. Belə ki, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının cavabdehlərə qarşı mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı hazırki tələbləri, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəlindiyi təqdirdə təmin edilə bilər. Digər tərəfdən, cavabdehlərin iddiaçıya qarşı mülki hüquq pozuntusu törətmələri mülki iş materialları ilə açıq-aşkar istisna edilmir. Belə ki, iddiaçı, mübahisəli obyektin yerləşdiyi torpaq sahəsindən bələdiyyə ilə bağladığı icarə müqaviləsi əsasında istifadə edib və orada öz vəsaiti hesabına çayxana kimi istifadə etdiyi “Kafe-klub” quraşdırmaqla həmin obyektdən 2003-cü ildən 2018-ci ilədək maneəsiz istifadə edib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, torpaq sahəsinin göstərilən vəziyyətdə bələdiyyəyə deyil, cavabdehlərə məxsus olması iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar hazırki mübahisənin həlli üçün heç bir əhəmiyyət kəsb etmir və ona məxsus “Kafe-klub” heç bir məhkəmə qərarı olmadan söküldüyündən söküntünü həyata keçirmiş şəxslər mülki hüquqi məsuliyyət daşımalıdırlar. İşdə olan və apellyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə qiymətləndirilməmiş sübutlar bu nəticəyə gəlməyə əsas verir. Belə ki, iddiaçının izahatlarından və şikayətlərindən görünür ki, cavabdehlər ondan əvvəlcə obyekti boşaltmağı tələb ediblər və bunun üçün ona 20 gün vaxt veriblər, sonra isə ona qarşı təzyiqlər göstərib, su təchizatını dayandırıb, elektrik enerjisini kəsmişlər. 08 yanvar 2019cu il tarixdə isə sözügedən obyekti söküb dağıtmışlar. İşdən göründüyü kimi iddiaçı obyektdən istifadə etdiyi təxminən 15 il müddət ərzində obyektlə bağlı heç bir konflikti olmayıb. Yalnız cavabdehlərin ondan obyekti boşaltmasını tələb etdikdən və bunun üçün verilmiş vaxt bitdikdən sonra obyektin sökülməsi və söküntünün cavabdehlər tərəfindən fotoaparatla çəkilməsi, orada olan material və avadanlıqların həmin ərazidə cavabdehlərə məxsus olan anbara yığılması baş verib. Həmin hallar sübut əhəmiyyəti daşımasına baxmayaraq məhkəmə kollegiyası tərəfindən onlara lazımınca qiymət verilməyib. İşin 101- 105-ci səhifələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli məhkəmə iclasının protokolunda əks olunmuş izahatında Cavabdeh1 iddiaçıya öz xoşu ilə tikilini sökməsini təklif etməsini, onun isə həmin təklifə məhəl qoymamasını və bir ay gözlədikdən sonra isə polis işçilərinin söküntünü həyata keçirmələrinə razılıq verməsini göstərib. Həmin protokolda olan digər Cavabdeh2 izahatından isə görünür ki, onlar tərəfindən söküntü zamanı fotoşəkillər çəkilib və iddiaçıya gəlib əşyalarını aparması təklif olunub. Apelyasiya instansiyası məhkəməsində verdikləri izahatlarında isə cavabdehlər obyektin onlar tərəfindən deyil, iddiaçının özü tərəfindən sökülməsini bildirməklə birinci instansiya məhkəməsində verdikləri izahatlarını danmışlar. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi bu ziddiyyətli izahatların səbəbini ümumiyyətlə araşdırmayıb və işin həmin halına heç bir hüquqi qiymət verməyib. Halbuki cavabdehlər birinci instansiya məhkəməsində verdikləri izahatlarında obyektin onlar tərəfindən söküldüyünü etiraf etmişlər. İş materiallarına əlavə edilmiş fotoşəkillər söküntü işləri aparılan zaman çəkilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi, sübut əhəmiyyəti daşımasına baxmayaraq şəkillərdə əks olunan şəxslərin kimliyini müəyyən etməyib və həmin sübuta da müvafiq hüquqi qiymət verməyib. Söküntü işləri aparılarkən obyektdə olmuş şahidlər Arif Abbasov və Kötəl Əliyevin ifadələrinə isə ümumiyyətlə qiymət verməyib. Apellyasiya instansiyası məhkəməsi, nəzərə almamışdır ki, obyekt sökülərkən orada iddiaçı deyil, həmin şahidlər iştirak etmişlər. X7 izahatına görə Cavabdeh1 obyektin söküləcəyini demiş və o da söküntü barədə iddiaçıya məlumat verməsinə baxmayaraq sonuncu obyektə gəlməmişdir. Bundan başqa, işdən görünür ki, iddiaçı ona dəymiş maddi zərərə görə cavabdehlərdən cəmi 63.000 manat pul tələb edir və ona məxsus əşyaların bir qismi cavabdehlərə aid anbarda saxlanılır. Apellyasiya instansiyası məhkəməsi, bu hal üzrə heç bir araşdırma aparmadan, maddi zərərin tərkibini, dəyəri iddia olunan əşyaların naturada mövcud olub-olmadığını, onların təyinatı üzrə yararlılığını, iddiaçının həmin əşyaları naturada qəbul etmək istəyibistəmədiyini və sair işin hallarını araşdırmadan, iddianın bütövlükdə əsassız olması nəticəsinə gəlmişdir”. Təkrar apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Təkrar apellyasiya baxışı zamanı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Qafar qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsi cavabdehlər tərəfindən sökülmüşdür, iddiaçının tələbi şahid ifadələri və işə əlavə edilmiş foto şəkillərlə də öz təsdiqini tapmışdır. Bundan başqa təmsil etdiyi şəxs istifadəsində olan qeyri-yaşayış sahəsinə dair müvafiq bələdiyyəyə müqavilənin ləğvi barədə ərizə yazsa da, qeyri-yaşayış cavabdehlər tərəfindən həmin ərizənin yazılmasından sonra sökülmüşdür. Təkrar apellyasiya baxışı Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Təkrar apellyasiya baxışı cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, hazırki iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür, lakin iddiaçı tərəf onun istifadəsində olduğunu qeyd etdiyi qeyriyaşayış sahəsinin cavabdehlər tərəfindən sökülməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində İddiaçı çoxdan tanıdığını və dəfələrlə kafesində olduğunu bildirdi. Eyn zamanda kafenin 2003-cü ildən fəaliyyət göstərdiyini əvvəllər həmin ərazinin dağınıq olduğunu, Mübariz tərəfindən abadlaşdırıldığını qeyd etmiş və kafenin kimin tərəfindən söküldüyünü şəxsən görmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində bidirdi ki, 8 ildir ki, Zabratda yaşayır və elə həmin vaxtdan kafenin orada mövcud olduğunu və kafenin cavabdeh və bir neçə nəfər tərəfindən söküldüyünü ifadəsində təsdiqləmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində kafenin Mübariz tərəfindən 2003-cü ildə tikdirildiyini və həmin kafedə Mübarizin yanında işlədiyini, ümumi işlərə nəzarət etdiyini bildirdi. Söküntü aparılan zaman kafedə olmuşdur. Cavabdeh1 və yanında 2 nəfər yaxınlaşaraq kafenin sökülməli olduğunu bildirmişlər. O, isə Mübarizə zəng vuraraq bu barədə məlumat vermiş, lakin Mübariz gəlməyəcəyini demişdir. Söküntüdən əvvəl əşyaları yığmaq üçün onlara vaxt verilmiş, Mübarizin göstərişinə əsasən isə əşyalar kafedən yığışdırılmamışdır. Belə olduqda Rafiqin işçiləri əşyaları səliqə ilə bir kənara yığaraq söküntü işlərinə başlamış və söküntü 15 gün davam etmişdir. İş materiallarında olan 18.06.2007-ci il tarixli 389a saylı icarə müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayon Zabrat Bələdiyyəsi tərəfindən müvəqqəti istifadəyə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında **********2 saylı arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Babək ev 1 ünvanında yerləşən “Kafe-Klub” 12.10.2011-ci il tarixdə uçota alınmışdır. İş materiallarına əlavə edilmiş Sabunçu Rayon Prokurorluğunun 10.05.2019-cu il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 müraciəti əsasında Sabunçu RPİ-nin İŞdə araşdırması aparılmış 202/19 №-li material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11.03.2019-cu il tarixli qərar ləğv edilmiş və İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 322-ci maddəsində nəzərdə tutulan özbaşınalıq cinayətinin əlamətləri olduğundan həmin maddə ilə ********* nömrəli cinayət işinin başlanılıb ibtidai istintaq aparılması üçün Sabunçu RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" MMC-nin fiziki və hüquqi şəxsə əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat və ona əlavə edilmiş tikinti və torpaq sahəsinin baş planından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 3 “Say qəzeti redaksiyası” Kiçik müəssisəsinin adına 27.05.2014-cü il tarixdə inventarlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin Mülkiyyət hüququ haqqında şəhadətnaməsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 3 ünvanında yerləşən 3022,0 kv.m qeyri-yaşayış sahəsi “Say qəzeti redaksiyası” Kiçik müəssisəsinin adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 25.08.1995-ci il tarixli aktdan görünür ki, 30 iyul 1995-ci il tarixli birgə fəaliyyət haqqında Müqaviləyə, eləcə də "Əsas vəsaitlərin ötürülməsinə dair" "Babək" fərdi kiçik müəssisəsinin 16 avqust 1995-ci il tarixli və "Say" qəzeti redaksiyası kiçik müəssisəsinin 16 avqust 1995-ci il tarixli əmrlərinə əsasən aşağıda imza edən komissiya üzvləri - "Babək" fərdi kiçik müəssisəsi tərəfdən Eyvaz İsmayıl oğlu, B.Kazımov, R.Babayev və "Say" qəzeti redaksiyası kiçik müəssisəsi tərəfindən A.İsgəndərov, A.Abdullayev bu aktı tərtib etdik. Akta əsasən Bakı şəhəri, Zabrat qəsəbəsi, Babək küçəsi, 3 ünvanında yerləşən "1 may" Mədəniyyət Sarayının ********** (üç milyard altı yüz səksən altı milyon iki yüz min) manat qalıq dəyərində olan ümumi sahəsi 3022 kv. metr olan binası və ona 1,5 hektar təhkim edilmiş torpaq sahəsi "Babək" fərdi kiçik müəssisəsinin balansından əvəzsiz olaraq "Say" qəzeti redaksiyası” kiçik müəssisəsinin balansına verilir Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Zabrat bələdiyyəsi tərəfindən 18 iyun 2007-ci il tarixli, 389 “a” saylı icarə müqaviləsinə əsasən Zabrat qəsəbəsi, 1 may klubunun şimal-şərq hissəsində yerləşən, ümumi sahəsi 481 kv.metr olan torpaq sahəsi iddiaçıya icarəyə verilib və sonuncu orada “Kafe-klub” iaşə obyekti kimi fəaliyyət göstərib. Eyni zamanda, Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 22 avqust 2005-ci il tarixli, 005824 saylı qeydiyyat Şəhadətnaməsinə əsasən, Zabrat qəsəbəsi, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 3.022 kv.metr olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə “Say qəzeti redaksiyası” kiçik müəssisəsənin adına qeydə alınıb və sonuncunun ərizəsinə əsasən "xxxx" MMC tərəfindən verilmiş 27 may 2014-cü il tarixli hesabat cədvəlinə əsasən sözügedən obyektin faktiki torpaq sahəsi 2328,60 kv.metr göstərilib. Həmçinin mülki iş materialları ilə müəyyən olunub ki, iddiaçının sahibliyində olan “Kafe-klub” iaşə obyektinin yerləşdiyi torpaq sahəsi “Say qəzeti redaksiyası” kiçik müəssisəsinin ərazisinə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Zabrat STQ, ünvan 4 ünvanda yerləşən 3.022,0 kv.metr qeyri-yaşayış sahəsinə aiddir. Beləliklə iddiaçı, cavabdehlərin təqsiri üzündən ona hər hansı maddi zərər dəyməsini sübuta yetirə bilmədi. İddiaçı tərəfdən şahid qismində dindirilmiş Kötəl Əliyevdə ifadəsində göstərib ki, kafe sökülərkən içərisindəki əşyalar səliqə ilə bir kənara yığılıb və əşyalara heç bir ziyan vurulmayıb. Eyni zamanda, cavabdehlərin hər hansı hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübuta yetirilmir. Ona görə də iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası iddianın maddi ziyanın rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, Zabrat bələdiyyəsi tərəfindən 18 iyun 2007-ci il tarixli, 389 “a” saylı icarə müqaviləsinə əsasən, Zabrat qəsəbəsi, 1 may Klubunun Şimal-Şərq hissəsində yerləşən, ümumi sahəsi 481 kv.metr olan torpaq sahəsi iddiaçıya icarəyə verilmiş və sonuncu orada “Kafe-klub” iaşə obyekti kimi fəaliyyət göstərmişdir. İcarə müqaviləsinin müddəti 18 iyun 2022-ci il tarixədək müəyyən edilib. Həmçinin “Kafeklub” bütün kommunikasiya xətləri ilə (qaz, su, işıq və s.) təmin edilib və iaşə obyekti kimi qeydiyyata alınmışdır. İddiaçı isə sadələşdirilmiş vergi ödəyicisi kimi həmin Klubdan 2003-cü ildən başlayaraq xırda sahibkarlıq fəaliyyəti üçün istifadə etmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Zabrat qəsəbəsi, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 3.022 kv.metr olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə “Say qəzeti redaksiyası” kiçik müəssisəsənin adına qeydə alınıb və sonuncunun ərizəsinə əsasən "xxxx" MMC tərəfindən verilmiş 27 may 2014-cü il tarixli hesabat cədvəlinə əsasən sözügedən obyektin faktiki torpaq sahəsi 2328,60 kv.metr göstərilib. Həmin Müəssisənin qanuni təmsilçisi Cavabdeh1 olmuşdur. İddiaçı hazırki tələbində 2018-ci ilin dekabr ayında Cavabdeh2 sözügedən obyekti boşaltmaq üçün ona 20 gün vaxt verdiyini, sonra vəzifə səlahiyyətlərindən suiistifadə edərək obyektin su təchizatını dayandırıb, elektrik enerjisini kəsdiyini, 08 yanvar 2019-cu il tarixdə saat 15:00 radələrində isə beş nəfərdən ibarət polis işçisi ilə obyektə gələrək orada olan əşyaları sındırıb dağıtdıqlarını və nəticədə cavabdehlərin təqsiri üzündən ona 63.000 manat maddi, 10.000 manat mənəvi zərər dəydiyini iddia edir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddia tələbinə hüquqi qiymət verilməsi üçün mülki hüquq pozuntusundan (deliktdən) əmələ gələn öhdəlikləri tənzimləyən maddi hüquq normaları qarşılıqlı şəkildə təhlil edilməlidir. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırda iddiaçının cavabdehlərə qarşı zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İstinad edilən normaların tələblərindən göründüyü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: birincisi, törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; ikincisi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; üçüncüsü, ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Birinci instansiya məhkəməsi isə sadalanan maddi hüquq normalarının tələbləri baxımından cavabdehlər tərəfindən iddiaçıya qarşı hər hansı hüquqa zidd əmələ (hərəkət və ya hərəkətsizliyə) yol verilib-verilməməsi; cavabdehlərin törətdikləri əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçıya ziyan və ya zərər vurulub-vurulmaması; iddiaçıya vurulmuş ziyan və ya zərərlə cavabdehlərin hüquqa zidd əməlləri (hərəkət və ya hərəkətsizlikləri) arasında hər hansı səbəbli əlaqənin olub-olmaması ilə bağlı heç bir araşdırma aparmamışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, cavabdehlərin cinayət və ya inzibati xəta təqibi qaydasında məsuliyyətə cəlb edilməmələri, onların vurduqları ziyana və ya zərərə görə mülki məsuliyyətə cəlb edilmələrini istisna etmir. Belə ki, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Məhkəmə kollegiyası hesab edir ki, istinad edilən normaların tələbləri baxımından Cavabdeh1 tərəfindən iddiaçıya maddi ziyan dəyməsi işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı, mübahisəli obyektin yerləşdiyi torpaq sahəsindən bələdiyyə ilə bağladığı icarə müqaviləsi əsasında istifadə etmiş və orada öz vəsaiti hesabına çayxana kimi istifadə etdiyi “Kafe-klub” quraşdırmaqla həmin obyektdən 2003-cü ildən 2018-ci ilədək maneəsiz istifadə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin göstərilən vəziyyətdə bələdiyyəyə deyil, cavabdehə məxsus olması iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar hazırki mübahisənin həlli üçün heç bir əhəmiyyət kəsb etmir və ona məxsus “Kafe-klub” heç bir məhkəmə qərarı olmadan söküldüyündən söküntünü həyata keçirmiş şəxslər mülki hüquqi məsuliyyət daşımalıdır. İddiaçı qeyd etmişdir ki, cavabdehlər ondan əvvəlcə obyekti boşaltmağı tələb ediblər və bunun üçün ona 20 gün vaxt veriblər, sonra isə ona qarşı təzyiqlər göstərib, su təchizatını dayandırıb, elektrik enerjisini kəsmişlər. 08 yanvar 2019-cu il tarixdə isə sözügedən obyekti söküb dağıtmışlar. İş materiallarından göründüyü kimi iddiaçı obyektdən istifadə etdiyi təxminən 15 il müddət ərzində obyektlə bağlı heç bir konflikti olmamışdır. Yalnız iddiaçıdan obyektin boşaldılması tələb edildikdən və bunun üçün verilmiş vaxt bitdikdən sonra obyektin sökülməsi və orada olan material və avadanlıqların həmin ərazidə cavabdehə məxsus olan anbara yığılması baş vermişdir. İş materiallarının 101-105-ci səhifələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli məhkəmə iclasının protokolunda əks olunmuş izahatında Cavabdeh1 iddiaçıya öz xoşu ilə tikilini sökməsini təklif etməsini, onun isə həmin təklifə məhəl qoymamasını və bir ay gözlədikdən sonra isə polis işçilərinin söküntünü həyata keçirmələrinə razılıq verməsini göstərmişdir. Göründüyü kimi Cavabdeh1 birinci instansiya məhkəməsi baxışı zamanı verdiyi izahatında iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin məhz onun tərəfindən sökülməsini bildirmişdir ki, belə olan halda da həmin qeyri-yaşayış sahəsinin sökülməsinə dair sübutlar məhz Cavabdeh1 yönəlmişdir, çünki iş materiallarında olan foto şəkillərdən eləcə də şahid ifadələrində həmin hal öz təsdiqini tapmaqdadır. Təkrar apellyasiya baxışı zamanı təqdim edilmiş fotoşəkillərə baxış keçirilərkən tərəflər söküntü zamanı orada olan şəxslərdən şahid qismində ifadəsi alınmış Kötəl Əliyevin olmasını təsdiq etmişlər. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid Kötəl Əliyev ifadəsində göstərmişdir ki, Cavabdeh1 obyektin söküləcəyini demiş və o da söküntü barədə iddiaçıya məlumat verməsinə baxmayaraq sonuncu obyektə gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillər söküntü işləri aparılan zaman çəkilməsi mübahisəsizdir, həmin söküntü işləri aparılan zaman isə orada şəkillərdə əks olunduğu şəxslər olmuşdur. Şahid ifadələrindən isə müəyyən edilir ki, söküntü işləri aparılarkən obyektdə Arif Abbasov və Kötəl Əliyev olmuşdur və həmin şahidlərin ifadələri hazırki iş üzrə sübut kimi qiymətləndirilməlidir, çünki obyekt sökülərkən orada iddiaçı deyil, həmin şahidlər iştirak etmişlər. Göründüyü kimi iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 tərəfindən sökülməsi iş materiallarında olan foto şəkillərdən eləcə də söküntü zamanı orada olmuş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə iddiaçı tərəfindən cavabdeh qismində Cavabdeh2 işə cəlb edilməsini, söküntünün həm də Vüqar tərəfindən həyata keçirilməsinə münasibətdə qeyd edir ki, söküntü işlərinin təşkil və həyata keçirilməsində Cavabdeh2 rolunun təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçnin iş materiallarının 101- 105-ci səhifələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli məhkəmə iclasının protokolunda əks olunmuş izahatında Cavabdeh2 onlar tərəfindən söküntü zamanı fotoşəkillər çəkilməsini və iddiaçıya gəlib əşyalarını aparması təklif olunması barədə izahatına qiymət verərək kollegiya bildirir ki, Cavabdeh2 söküntü işləri aparılan zaman həmin ərazidə iştirak etməsi söküntünün məhz onun tərəfindən və ya onun sifarişi ilə həyata keçirilməsi anlamına gəlmir və bununla bağlı hər hansı mötəbər sübut növü iddiaçı tərəfindən məhkməyə təqdim edilməmişdir. Buna görə kollegiya Cavabdeh2 münasibətdə iddianın əsassız olduğu qənaətinə gəlir. Məhkəmə kollegiyası hazırda iddiaçıya hansı məbləğdə ziyan dəyməsinin müəyyən edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tələbində qeyd etdiyi məbləğdə maddi ziyan dəyməsini qeyd etsə də iş materiallarında olan İddiaçı Zabrat Bələdiyyəsiniə ünvanladığı 20 dekabr 2018-ci il tarixli ərizə ilə Zabrat Bələdiyyəsi tərəfindən ona verilmiş 18 iyun 2007-ci il tarixli 389a saylı müqavilənin ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı 20 dekabr 2018-ci il tarixli ərizə ilə istifadəsində olan qeyriyaşayış sahəsindən çıxmaq barədə iradə ifadəsini bildirmişdir, belə olan halda kollegiya bildirir ki, qeyri-yaşayış sahəsində olan iddiaçının zəruri bildiyi əşyaların çıxarılması məhz onun tərəfindən təmin edilmişdir. Təqdim edilmiş foto şəkillərdən eləcə də mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddiaçının istifadəsində olmuş tikililər – ümumi sahəsi 97,96 kv.m olan kafe-zal və kabinetlərdən, 36,40 kv.m olan mətbəxdən və 43,60 kv.m olan taxta konstruksiyalı tikilidən ibarət olmaqla həmin tikililər söküntüyə məruz qalmış, həmçinin iddiaçıya məxsus yemək masası, masanın oturacağı, vitrin soyuducusu (enli və uzun olmaqla) masa, qartal heykəli, eləcə də tamet sahəsi mövcud olmuşdur. Təkrar apellyasiya baxışı zamanı iş üzrə mütəxəssis cəlb edilərək, qeyd edilən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində qeyri-yaşayış sahəsinin içində olan əşyalarla birlikdə hansı məbləğə ziyan dəyməsi müəyyən edilmişdir. X2 qeyd olunan suallara dair müətəxxəsis rəyi təqdim etməklə yanaşı izahatında bildirmişdir ki, əşyaların yeni və ya işlənmiş olması eləcə də aşınma halları nəzərə alınmaqla, sökülən tikililərin 2019-cu il yanvar ayına dəyəri 4315 manat, qeyri-yaşayış sahəsində olan daşınar əmlakların dəyəri cəm olaraq 390 manat, tamet sahəsinin dəyəri isə qeyd olunan tarixə 108 manat təşkil etmişdir. Göründüyü kimi işin qeyd olunan halları ilə iddiaçının istifadəsində olan qeyriyaşayış sahəsinin Cavabdeh1 tərəfindən sökülməsi nəticəsində iddiaçıya qeyri-yaşayış sahəsində olan daşınar əmlaklar da daxil olmaqla maddi ziyan dəyməsi öz təsdiqini tapmış, həmçinin qeyri-yaşayış sahəsində olan əşyaların anbarda saxlanması bildirilsə də, təqdim edilmiş foto şəkillərdən həmin əşyaların yararsız halda olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində Cavabdeh1 münasibətdə qismən 4813 manat vəsaitin tutulması hissəsində əsaslı olmuşdur. Bununla belə kollegiya iddia tələbinin qalan hissələrdə, yəni mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən kollegiya hesab edir ki, cavabdehlərin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmadığından həmin hissədə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Göstərilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi ziyanın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, rəylərdə nəzərdə tutulmuş tamet – 108 manat, əşyalar 390 manat, taxta konstruksiyalı tikili 4315 manat, cəm olaraq 4813 manat pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçının xeyrinə verilməli, eyni zamanda mütəxəssis xərci – 200 manat vəsaitin 100 manat hissəsi Cavabdeh1, 100 manat hissəsi isə iddiaçıdan Uniprice MMC-nin xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə T E T D İ: İddiaçınn apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2499/2020 saylı 03.07.2020-ci il tarixli qətnaməsi maddi ziyanın tam təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul ediləklə iddia qismən təmin edilsin. Rəylərdə nəzərdə tutulmuş tametin dəyəri – 108 (bir yüz səkkiz) manat, əşyaların dəyəri 390 (üç yüz doxsan) manat, tikililərin dəyəri 4315 (dörd min üç yüz on beş) manat, cəmi olaraq 4813 (dörd min səkkiz yüz on üç) manat pul vəsaiti Cavabdeh1 Məlik oğlundan tutularaq İddiaçı xeyrinə verilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Mütəxəssis xərci – 200 (iki yüz) manat vəsaitin 100 (bir yüz) manat hissəsi Cavabdeh1 Məlik oğlundan, 100 (bir yüz) manat hissəsi isə İddiaçıdan "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar