Məhkəmə qərarları › İş №2(103)-1078/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1078/2024

25.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1078/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MTK-ya qarşı mülki iş (Açar sözlər: «pul tələbi, iddia müddətinin tətbiqi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı vəkili Vəkil2 və Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-605/2023 saylı, 17 oktyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh2 MTK-nın apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İnşaatçı Cavabdeh2 MMC ilə sahib İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış mənzil inşaatı müqaviləsinə əsasən inşaatçı inşaat sənayesində mövcud olan işgüzar adətlərə və müqavilənin ayrılmaz tərkib hissəsi olan plan və spesifikaya uyğun olaraq Bakı şəhəri Nərimanov rayonu Kazımzadə kücəsindəki 802-803 saylı məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilən yeni yaşayış massivinin E1 blokunun 5-ci mərtəbəsində sahibi, 275.kv.m. sahəsi olan 4 otaqlı 19 saylı mənzil ilə təmin etməyi, sahib mənzilin dəyəri olan 820 000 ABŞ dollarını ödəməyi öhdəsinə götürmüşlər.

2. Cavabdeh2 MMC-nin təşkilatı hüquqi forması dəyişilərək MTK-ya çevrildikdən sonra İddiaçı Cavabdeh2 MTK-ya xx.xx.2015-ci il tarixdə üzv qəbul edilmiş, onun MTK-da olan 30E, E1blok 6-cı mərtəbədə yerləşən 4 otaqlı 19 saylı mənzildən ibarət olan payının dəyərini ödəməsi və Cavabdeh2 MTK-ya borcunun olmadığı MTK tərəfindən təsdiq edilmiş, MTK tərəfindən tərtib edilən sənədlərdə mənzilin sahəsi 217,14 kv.m. olaraq göstərilmişdir.

3. xx.xx.2015-ci il tarixdə İddiaçı Bakı şəhəri Nərimanov rayonu 802\803-cü məhəllə Kazım Kazımzadə küçəsi 30e saylı evin 19 saylı mənzilinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən mənzilin sahəsinin 210,5 kv.m. olması müəyyən olmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında Cavabdeh2 MMC tərəfindən inşa edilən yaşayış binasında yerləşən 4 otaqlı, 210.5 kv.m sahəsi olan 19 nömrəli mənzilə görə artıq ödədiyi 192 326 ABŞ dollarının yaxud hazırki məzənnə ilə 326 954 manatın və dövlət rüsumu əvəzi kimi ödədiyi 618 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Tələbdə göstərilir ki, xx.xx.2011-ci il tarixdə bağalanmış mənzil inşaat müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu 802/803-cü məhəllə K.Kazımzadə küçəsi ev 30E ünvanında yerləşən 4 otaqlı, 275 kv.m. sahəsi olan 19 nömrəli mənzil üçün 820 000 ABŞ dolları ödəməyi razılaşdırmışlar. Qeyd olunan məbləğ xx.xx.2011-ci il tarixdə iddiaçı tərəfindən Cavabdeh1un rəhbəri Ahmet Çetinə ödənilmiş, iddiaçıya xx.xx.2011-ci il tarixdə Cavabdeh2 MMC-nin direktoru Tamer Pektaşın imzası ilə maliyyə arayışı təqdim edilmişdir. Müqavilə tərəfi Cavabdeh2 MMC, hazırda Cavabdeh2 MTK kimi fəaliyyət göstərir və onun qanuni təmsilçisi kim göstərilən Nailə Çetin Cavabdeh1un rəhbəri Ahmet Çetinin həyat yoldaşıdır. Daşınmaz əmlakın dövlət reyestrindən alınmış xx.xx.2015-ci il tarixli RX serialı ******* nömrəli çıxarışda ünvan 2 ünvanında olan daşınmaz əmlakın ümumi sahəsi 210.5 kv.m. olması müəyyən edilmişdir. Belə olan halda artıq hesablanmış 64.5 kv.m. sahəyə görə iddiaçı tərərfindən 192 326 ABŞ dolları yaxud hazırkı məzənnə ilə 326.95 manat ödənilmişdir. Bu fakt iddiaçıya bəlli olduqda o, artıq ödədiyi məbləğin qaytarılması üçün çoxsaylı müraciətlər etməsinə baxmayaraq, onu əvəzləmək üçün cavabdehlər tərərfindən dəfələrlə vədlər verilsə də, bu günə kimi cavabdehlər tərəfindən real addım atılmamışdır. Cavabdehlərin sadəcə vaxt uzatması iddiaçıya bəlli olduqda iddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə göndərdiyi pretenziya məktublarına cavab verilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-605/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia tələbinin qismən təmin edilərək Cavabdeh2 MTK-dan maddi ziyana görə 192 326 ABŞ dolları ödənişinin icra edildiyi gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla, dövlət rüsumuna görə 618 manatın İddiaçı xeyrinə tutulması; Cavabdeh2 MTK-dan ekspertiza tədqiqatının dəyərinə görə 50 manatın dövlət nəfinə tutulması; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən 4 otaqlı sahəsi 275 kv.m. olan 19 nömrəli mənzilə görə artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir, cavabdehlərdən Cavabdeh1 MMC iddia tələbinin ona aidiyyətinin olmadığını, iddiaçının iddia müddətini ötürdüyünü, Cavabdeh2 MTK isə iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil verildiyini, xx.xx.2011-ci il tarixli müqavilənin əhəmiyyətiz əqd olduğunu, iddiaçının iddia müddətini ötürməsini bildirir. İş üzrə keçirilmiş ekspertizanın rəyi ilə sözügedən mənzilin faktiki ölçülərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilən RX seriyalı ******* saylı çıxarışda göstərilən sahə ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. İşin müəyyən edilən faktiki hallarından aydın olur ki, iddiaçının irəli sürdüyü dəlillər əsaslıdır, yəni bağladığı müqaviləyə əsasən faktiki olaraq ona 64,5 kv.m. az yaşayış sahəsi təhvil verilmiş, baxmayaraq ki, o, müqavilə bağladığı Cavabdeh2 MMC-yə (hazırda İnkom MTK) müqavilədə qeyd olunan məbləği tam olaraq ödəmişdir. İddiaçının sübut etməli hal burada bitmiş hesab olunur. Mənzilin sahəsinin müqavilədə göstəriləndən az olmamasını əsaslandırmaq artıq cavabdeh İnkom MTK üzərinə düşür. Cavabdeh İnkom MTK isə bu halı hər hansı əsaslı dəlillərlə əsaslandıra, məhkəmə iclasında iştirak edən nümayəndəsi isə inşa edilmiş mənzilin sahəsinin hansı normativ akta, qaydalara əsasən hesablanmasını məhkəməyə izah edə bilməmişdir. Bundan başqa, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Ona görə də məhkəmə cavabdeh İnkom MTK-nın mənzilin dəyərinin mənzilin hər kv.m. görə formalaşmamasına dair etirazında istinad etdiyi halları əsassız hesab edir. Məhkəmə cavabdeh İnkom MTK-nın tərəflər arasında bağlanmış əqdin etibarsız olmasına dair etirazında istinad etdiyi dəlillərə münasibət bildirib qeyd edib ki, qanuna əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi tələb olunduğundan, iddiaçını yaratdığı MTK-ya üzv olaraq qəbul edən, podrat müqaviləsi üzrə inşa edilmiş mənzilə görə ödənilmiş məbləği pay dəyəri olaraq qəbul edən cavabdehin hazırda müqaviləni əhəmiyyətsiz hesab etməsi tərəflər arasında bağlanan müqavilənin 8-ci bəndində müəyyən olunan müqavilə öhdəliklərinin lazımı qaydada icra etmədiyinə görə vurulmuş maddi ziyanı ödəmək məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə iddiaçının tələbinə iddia müddətinin təbiqinə dair ərizələrə münasibət bildirib qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: ...Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mənzilə dair mülkiyyət hüququları qeydə alındıqdan sonra iddiaçıya müqaviləyə əsasən təhvil verilmiş mənzilin sahəsinin 64,5 kv.m. az olması məlum olmuş, iddiaçı həyat yoldaşı vasitəsi ilə İnkom MTKnı yaradan üzvlərindən biri olan Ahmet Çətinə müraciət etmiş, bundan sonra MTK tərəfindən öhdəliklərin lazımı qaydada icra olunması üçün tərəflər arasında danışqlar aparılmış, MTK öhdəliyini lazımi qaydada icra etmədiyini etiraf edərək onu yaradan üzvü Ahmet Çetin vasitəsi ilə iddiaçıya başqa sahə veriləcəyini vəd etmiş, tərəflər arasında bu vədin icra olunması üçün uzun müddət danışıqlar aparılmış, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə iddiaçı İnkom MTK-ya pretenziyalar göndərmiş, həmin pretenziyalarda cavabdehə “ünvan 4 ünvanında olan daşınmaz əmlakın ümumi sahəsinin 210.5 kv.m. müəyyən edilməsi, artıq hesabladıqları 64.5 kv.m. sahəyə görə tərəfindən ödənilmiş 192326 ABŞ dolları və yaxud hazırki məzənnə ilə 326954 manat ödədiyini, bu fakt ona bəlli olduqdan sonra artıq ödədiyi məbləğin qaytarılması üçün çoxsaylı müraciətlərinə baxmayaraq onu əvəzləmək üçün ona dəfələrlə vədlər verilsədə bu günə kimi real addım atılmadığını” xatırlatmışdır. Məhkəmə qeyd edir ki, iddia müddətinin ötürülməsinə dair ərizə verən cavabdehlər ərizələrində istinad etdikləri halları sübut etmək vəzifəsi daşısalar da, İnkom MTK-nın nümayəndəsi MTK-nın üzvü olan Ahmet Çetinin iddiaçı tərəflə belə danışıqların aparılmasını xatırlamadığını bildirməklə kifayətlənmiş, ərizəsində istinad etdiyi halı sübut emək üçün Ahmet Çətinin izahatının alınması, iddiaçının pretenziyalarında qeyd olunan faktlarla bağlı MTK tərəfindən hansı cavabın verilməsini, yəni iddiaçının vəsatəti əsasında, məsuliyyəti barədə xəbardar edilməklə dindirilən şahidin ifadəsində qeyd etdiyi xüsusatları təkzib edəcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə cavabdehlərin iddia tələbinə iddia müddətinin təbiq edilməsinə dair ərizələrini əsassız hesab edib, qəbul etmir. Belə ki, müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Öhdəliyin icrası üçün möhlət istənməsi və bu kimi digər mühüm hallar, sonradan hüquqdan sui-stifadə edilərək öhdəliyin icra edilməsindən və ya vurulmuş maddi ziyanın ödənilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı müqavilə şərtlərinin məhz cavabdeh İnkom MMC (hazırda İnkom MTK) tərəfindən pozulması öz təsdiqini tapdığından, İddiaçı cavabdeh İnkom MTK-ya qarşı müqavilədə nəzərdə tutulan və iddiaçıya verilməyən 64,5 kv.m. sahəyə görə 192326 ABŞ dolları tələbi əsaslıdır. Ona görə də iddia ərizəsi bu hissədə təmin, qalan hissədə isə təmin edilməməli, məhkəmə xərcləri cavabdeh İnkom MTK-ya aid edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh2 MTK apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması xahiş edilmiş və şikayət bununla əsaslandırılmışdır ki, iddia müddətinin tətbiq edilməsi barədə müvafiq ərizələr cavabdehlər tərəfindən təqdim edildiyi halda birinci instansiya məhkəməsi İddiaçı iddiasını təmin etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qanun səhv təfsir edilərək, iş üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə yol verilmiş, bu da qanunsuz və əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. İddia müddətinin axımının kəsilməsi barədə mövqeyini əsaslandırmaq üçün birinci instansiya məhkəməsi “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına istinad etsə də, həmin qərarda qeyd olunmuş hallardan heç biri hazırkı iş üzrə mövcud olmadığı təqdirdə birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi barədə cavabdehlərin ərizələrini təmin etməmiş və iddia müddətinin keçməsi səbəbindən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etməli olduğu təqdirdə, bunu etməmişdir. Belə ki, Cavabdeh2 Mənzil - Tikinti Kooperativi tərəfindən iddiaçının tələbinin tam və ya qismən etiraf edilməsi, etirafını nəzərdə tutan hər hansı sənədin iddiaçıya göndərilməsi, öhdəliyin icrası üçün ondan möhlət istəməsi və digər bu cür hallar ümumiyyətlə mövcud deyil. Belə hallar mövcüd olmadığına görə, bunları təsdiq edə biləcək hər hansı mötəbər sübut da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi yalnız məhkəmə iclasında şahid qismində dindirilmiş, İddiaçı həyat yoldaşı X1 tərəfindən verilmiş ifadələrə əsaslanaraq iddia müddətinin axımının kəsilməsi barədə qənaətə gəlmişdir. Halbuki, iddiaçının həyat yoldaşı, şahid qismində dindirilmiş Teyyub Cəfərovun işin nəticəsində birbaşa maraqlı olması və faktiki olaraq iddiaçı ilə eyni statusda olması məhkəmədə verdiyi ifadəsindən açıq-aşkar görünür. Belə ki, T.Cəfərovun ifadələrinə görə, mənzilə dair müqavilə iddiaçı ilə bağlansa da, bütün işlər onun tərəfindən aparılmış, mənzilin pulu onun tərəfindən ödənilmiş, Cavabdeh2 MTK-nin üzvü Ahmet Çetinlə guya danışıqlar onun tərəfindən aparılmışdır. İfadəsinin sonundakı “məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdım” cümləsi isə T.Cəfərovun hazırkı işdə şahid deyil, iddiaçının tərəfində iştirak etdiyini güman etmək üçün əsas verir. Əslində isə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi üçün əsas Cavabdeh2 MTK binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının xx.xx.2015-ci il tarixli qərarı və pay haqqının ödənilməsi barədə maliyyə arayışı olmuşdur. Həmin sənədlərdə də mənzilin ümumi sahəsi 217,14 kv. metr göstərilmişdir. Mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilməsi məqsədilə iddiaçıya bu sənədlər verildiyi zaman o, mənzilin ümumi sahəsi ilə bağlı hər hansı irad və ya etiraz bildirməmişdir. Bundan əlavə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, mənzil üzərində iddiaçının mülkiyyət hüququ hələ xx.xx.2015-ci il tarixində dövlət qeydiyyatına alınmış və ona müvafiq çıxarış verilmişdir. Həmin sənəddə də mənzilin ümumi sahəsi 210,5 kv. metr göstərilmişdir. İddiaçıya bu sənəd verildiyi zaman da o, mənzilin ümumi sahəsi ilə bağlı hər hansı iradını və ya etirazını Cavabdeh2 MTK-ya bildirməmişdir. Yalnız məhkəmədə iddia qaldırmaq ərəfəsində, 2022-ci ilin sonlarında, artıq iddia müddəti bitdikdən sonra iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Beləliklə də, iddiaçı öz hüququnun güman etdiyi pozulmasının bildiyi və ya bilməli olduğu gündən ən azı 7 (yeddi) ilə yaxın müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu müddət ərzində İddiaçı Cavabdeh2 Mənzil - Tikinti Kooperativi tərəfindən iddiaçının tələbinin tam və ya qismən etiraf edilməsi, etirafını nəzərdə tutan hər hansı sənədin iddiaçıya göndərilməsi, öhdəliyin icrası üçün ondan möhlət istəməsi və digər bu cür hallar ümumiyyətlə mövcud deyil. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin axımının kəsilməsini iddia edən iddiaçıdan bu halı sübut etmək vəzifəsinin icrasını tələb etmək əvəzinə, bunun əksini sübut etmək vəzifəsinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması ədalət mühakiməsinin tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinə tamamilə ziddir. Ümumiyyətlə, mövcud olmamış və hazırda da mövcud olmayan faktın, hadisənin mövcud olmadığını sübut etmək tələbi tam absurd, nə qanuna, nə də məntiqi düşüncəyə əsaslanmayan bir tələbdir. Bundan əlavə, şahid T.Cəfərovun danışıqların apardığını iddia edən Ahmet Çetin adlı şəxsin Cavabdeh2 MTKda hansı vəzifə tutması, bu şəxsin cavabdeh adından hər hansı danışıqların aparılmasına səlahiyyətli olub-olmaması da birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Həm daşınmaz əşyalarla bağlı müqavilədən irəli gələn, həm də podrat müqaviləsi üzrə iddia tələbləri üçün qanunla müəyyən edilmiş xüsusi iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Hesab edirik ki, buna ğörə də birinci instansiya məhkəməsi mübahisənin həlli zamanı Mülki Məcəllənin 375.2-ci maddəsini tətbiq etməli olduğu halda, bunu etməmişdir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi zərərin əvəzinin ödənilməsi haqqında mülki qanunvericiliyinin normalarına istinad etsə də, cavabdehin təqsirli hərəkətləri nəticəsində ona iddia ərizəsində göstərildiyi həcmdə maddi zərərin vurulmasını təsdiq edə biləcək hər hansı sübut (pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi və s.) məhkəməyə təqdim olunmamışdır. Lakin birinci instansiya məhkəməsi bu halları sübut etmək vəzifəsinin icrasını iddiaçıdan tələb etmədən yalnız onun əsassız dəlillərinə istinad edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi xx.xx.2011-ci il tarixli mənzil inşaatı müqavilənin məzmunundan göründüyü kimi, tərəflər arasında bağlanmış Müqavilənin predmeti Cavabdeh2 MMC tərəfindən inşa edilmiş “Roseville” yaşayış massivindəki 4 otaqlı mənzil olmuşdur. Mənzilin ümumi sahəsi müqavilənin predmetinə aid deyil, yalnız mənzilin fərqləndirici əlaməti (parametri, ölçüsü) olaraq müqavilədə qeyd olunmuşdur. Yəni, Cavabdeh2 MMC “Sahib”i hansısa ümumi inşaat sahəsi ilə deyil, bütövlükdə mənzil ilə təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilədə mənzilin ümumi sahəsinin ölçüləri ilə mənzilin qiymətinin bağlılığına (əlaqəsinə) dair hər hansı müddəa mövcud deyil. Bu isə o deməkdir ki, mənzilin ümumi sahəsinin müqavilədə qeyd olunduğundan fərqli olduğu (az və ya çox olduğu) təqdirdə mənzilə görə ödənilməli olan vəsaitin (mənzilin dəyərinin) azaldılması və ya artırılması imkanı tərəflərin razılaşması ilə nəzərdə tutulmamışdır. Bundan əlavə, müqavilənin 1-ci maddəsində mənzilin ümumi sahəsinin hesablanma qaydası da müəyyən edilmişdir. Həmin maddəyə görə, mənzilin ümumi sahəsinin hesablanması zamanı mərtəbənin ümumi dəhlizinin bir hissəsinin, eyvan, sirkulyasiya boşluğu, çöl və daxili divarların və kolonların tutduğu sahənin də nəzərə alınması qeyd olunmuşdur. xx.xx.2011-ci il tarixli müqavilə hüquqi mahiyyətinə görə podrat müqaviləsidir. Odur ki, müqavilə tərəfləri arasında mübahisə yarandığı zaman podrat müqaviləsi üzrə münasibətlərini tənzimləyən Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Həmin qanun normalarının məzmunundan göründüyü kimi, podrat müqaviləsi üzrə tərəflər arasındakı hüquq münasibətlərini tənzimləyən qanunvericilikdə podratın nəticələrindən narazı qalan sifarişçinin istənilən vaxt müqavilədən imtina hüququ nəzərdə tutulmuşdur. Lakin podratın nəticələrindən narazı qaldığı halda istənilən vaxt müqavilədən imtina etmək hüququnun olduğu təqdirdə, hazırkı iş üzrə iddiaçı nəinki bu hüquqdan istifadə etməmiş, əksinə olaraq, qüsurlu hesab etdiyi mənzili qəbul edərək müqavilənin bağlanmasından sonra keçmiş uzun müddət ərzində müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi ilə bağlı qarşı tərəfə hər hansı tələb irəli sürməmiş, irad və ya etiraz bildirməmişdir. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarına və Ali Məhkəmənin qərardadına əsaslanaraq hesab edirlər ki, iddia tələbinin əsaslandırılması üçün iddiaçının istinad etdiyi xx.xx.2011-ci il tarixli “Mənzil inşaatı müqaviləsi” qanunazidd, məcburi hüquq normalarının pozulması ilə bağlanmış əhəmiyyətsiz əqd olduğuna görə (Mülki Məcəllənin 146.1 və 146.3-cü maddələrinin tələbləri pozulmaqla bağlandığına görə) həmin əqdin etibarsız hesab edilməsi üçün ayrıca tələbin irəli sürülüb-sürülməməsindən asılı olmayaraq hər hansı hüquqi nəticələrinin yaranmasına, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməsinə səbəb ola bilməz. Lakin birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun qərarında formalaşdırılmış, həmçinin Ali Məhkəmənin qərardadında ifadə olunmuş hüquqi mövqeyə zidd olaraq etibarsızlığı açıqaşkar olan əqdə əsaslanan iddia tələbini təmin etməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış və “Mənzil inşaatı müqaviləsi” adlandırılmış xx.xx.2011-ci il tarixli müqavilə isə mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanmış, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış və notariat qaydasında təsdiqlənməmiş əhəmiyyətsiz əqd olaraq etibarsızdır və hüquqi nəticələrin yaranmasına səbəb olmur. İddia tələbinin əsaslandırılması üçün iddiaçı xx.xx.2011-ci il tarixli “Mənzil inşaatı müqaviləsi”nə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə istinad etmişdir. Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə istinad edərək nəzərə alsaq ki, iddiaçının istinad etdiyi “Mənzil inşaatı müqaviləsi” xx.xx.2011-ci il tarixində bağlanmışdır, bu tarixdən 1 il 6 ay sonra, yəni 2013-cü ilin yanvarın 1-dən qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsinin normalarının hazırkı mübahisənin həlli zamanı tətbiq edilməsi Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan maddəsinin tələblərinə tamamilə ziddir. Azərbaycan Respublikasının Konstitusiyasına və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanuna əsasən, normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Hesab edirik ki, iddiaçının istinad etdiyi “Mənzil inşaatı müqaviləsi”nin bağlandığı dövrdə mövcud olmayan və uzun müddət sonra qəbul edilmiş və qüvvəyə minmiş normativ hüquqi aktın birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisənin həlli zamanı tətbiq edilməsi səhv nəticəyə gətirib çıxmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

10. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 və 386.2. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Maddə 399.3 və 399.4. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə.4431. və 443.2. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 762.1.Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur; Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə 773 Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Maddə 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi üçün əsasdır.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Cavabdehin apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yuxarıda qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Hazırki iddanın faktiki əsası (faktiki hallar) mübahisələndirilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iddia müddəti keçdiyindən düzgün olmamışdır.

20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan normaları nəzərdən keçirilə bilər. Lakin işin faktiki halları yuxarıda qeyd edilən yaxud digər maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik şikayət verən cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından, yəni iddia müddəti keçdiyindən haqlı sayılmır.

21. Tərəflər arasında hazırki mübahisənin yaranmasının səbəbi aralarında bağlanmış xx.xx.2011-ci il tarixli mənzil inşaatı müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən qüsurla yerinə yetirməsi ilə əlaqədar olmuşdur. Bu müqavilə mahiyyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi də qiymətləndirilə bilər, ancaq müqavilənin məzmunundakı şərtlər daha çox podrat münasibətlərinin elementlərini özündə əks etdirir. Göründüyü kimi, bu cür müqavilə Mülki Məcəllədə konkret nəzərdə tutulmasa belə ona zidd də deyil, hər hansı digər şəxsin hüquqlarını da pozmur. Müqavilə üzrə tərəflər üzərinə öhdəlik götürmüş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirdiyini cavabdehin isə öhdəliyini qüsurla icra etdiyini, buna baxmayaraq nə bu qüsuru aradan qaldırdığını, nədə onun aradan qaldırılması üçün aldığı muzdun qüsur həcmində hissəsini ona qaytarmadığını, bundan yayınmağa çalışdığı üçün də hazırki iddianı irəli sürdüyünü qeyd edir.

22. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"na əsasən Bakı şəhəri Nərimanov rayonu 802\803-cü məhəllə Kazım Kazımzadə küçəsi 30 e saylı evin 19 saylı mənzilin(təmirsiz vəziyyətdə əsas götürülməklə) ümumi sahəsinin 210,5 kv. m, mənzilin faktiki sahəsinin (müvafiq azalma əmsalı tətbiq olunmadıqda) 216,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin aparılmış hesablama nəticəsində sözügedən mənzilin daxili divarlarının altına düşən sahə nəzərə alınaraq hesablandıqda ümumi sahənin 232 kv. m olduğu müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov rayonu 802\803-cü məhəllə Kazım Kazımzadə küçəsi 30e saylı evin 19 saylı mənzilin ümumi sahəsi (210,5 kv.m) ilə xx.xx.2021-ci il tarixli mənzil inşaat müqaviləsində göstərilən 275.0 kv.m) sahə arasındakı 64,5 kv. m fərqin olduğu, yaranmış fərqin mənzildən kənarda(mənzilin daxilinə aid olmayan) yerləşən ümumi dəhlizin bir hissəsinin, eyni zamanda eyvanın, sirkulyasiya boşluğunun, çöl divarların, daxili divarların və kolonların tutduğu sahələr daxili edilməklə hesablanması səbəbindən olduğu müəyyən edilmişdir. Mənzilin sahəsi ilə Çıxarışda göstərilən sahə ilə eynilik təşkil etdiyi müəyyən olunmuşdur.

23. Göründüyü kimi, ekspertiza rəyi ilə tərəflərin könüllü müqavilə bağlaması və öhdəliklərini müqavilə şərtlərinə uyğun tam icra etməsi təsdiq olunur. Belə ki, cavabdeh inşaatçı müqavilə şərtlərində göstərilən ölçüdə mənzili iddiaçıya təhvil verib yoxsa yox, əlbətdə ki, onun tərəfindən öhdəliyin tam və qüsursuz icra olunması sübut edilməlidir. Bu halı sübut etmək yükü isə artıq cavabdeh tərəfin üzərinə düşürdü ki, qeyd olunduğu kimi buda ekspert rəyi ilə təsdiq olunur. Belə ki, mənzilin sahəsinin ölçüsündə yaranmış fərqlə bağlı mənzil satılarkən tərəflər arasında hansısa başqa razılaşma olmuşdursa həmin şərtlərin müqaviləyə daxil edilməsində yaxud edilməməsində hər hansı bir maneə yox idi. Çünki, tərəflər arasında onsuzda mübahisəli mənzillə bağlı razılaşmaları özündə əks etdirən yazılı müqavilə bağlanırdı. Məhz buna görə də tərəflər müqavilənin 1-ci bəndində mənzilin sahəsinin mənzildən kənarda(mənzilin daxilinə aid olmayan) yerləşən ümumi dəhlizin bir hissəsinin, eyni zamanda eyvanın, sirkulyasiya boşluğunun, çöl divarların, daxili divarların və kolonların tutduğu sahələr daxili edilməklə hesablanacağı barədə razılığa gəlmişlər. Başqa sözlə, mənzilin sahəsinin bu qaydada hesablanacağı barədə şərt müqavilədə əksini tapmışdır.

24. Cavabdeh tərəfindən müqavilə qüsurla icra olunmuşdursa, bu öhdəliyin lazımınca icra edilməməsi deməkdir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi, yəni işi qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi kimi başa düşülür. Ona görə də iddiaçı cavabdehdən müqavilə öhdəliyini qüsurla icra etdiyinə görə pul tələb edə bilər. Cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini qüsurla icra etməsi təsdiq olunmur. Çünki, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin bu qaydada, yəni mənzilin sahəsinin müqavilədə göstərilən qaydada ölçülərək hesablanmaqla icra ediləcəyi əvvəlcədən nəzərdə tutularaq yazılı müqavilədə razılaşdırılmışdır.

25. Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"nın 3.2-ci bəndindəki normaların tələbləri əslində şikayətin əsaslı olduğunu təsdiq etmir. Əvvəla ona görə ki, tərəflər arasında xx.xx.2011-ci il tarixli mənzil inşaatı müqaviləsi bağlanarkən qeyd olunan Məcəllə və Qaydalar qüvvədə olmadığından onlarda nəzərdə normaların və qaydaların məcburiliyi hazırki mübahisəyə birbaşa şamil oluna bilməz. İkincisi, həmin qaydalarda tikinti obyektinin(mənzilin) sahəsinin və həcminin hesablanması qaydasının tələblərinin nəzərə alınması üçün tərəflər müqavilənin 1-ci bəndində mənzilin sahəsinin mənzildən kənarda(mənzilin daxilinə aid olmayan) yerləşən ümumi dəhlizin bir hissəsinin, eyni zamanda eyvanın, sirkulyasiya boşluğunun, çöl divarların, daxili divarların və kolonların tutduğu sahələr daxili edilməklə hesablanacağı barədə razılığa gəlməməli idilər. Məhkəmə tərkibi isə tərəflərin müqavilə şərtlərində könüllü olaraq razılaşdırdıqları şərt əsasında hesablanmış nəticəni düzgün hesab və qəbul edir. Bu nəticə də müqavilədə nəzərdə tutulan mənzilin ümumi sahəsi ilə eyni olduğundan, yəni 275 kv.metr olduğundan cavabdehin müqavilədən irəli gələn öhdəliyini qüsursuz icra etdiyini təsdiq etmiş olur. Bu cür nəticə Ali Məhkəmənin icraatında olmuş mübahisələr üzrə də mövcud məhkəmə praktikasına uyğun sayılır.

26. Göstərilənlərdən əlavə, birinci instansiya məhkəməsi cavabdeh MTK tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərə almamaqda da səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə bu nəticəyə gələrkən Konstitusiya Məhkəməsinin Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarına istinad edərək bu nəticəyə gəlmişdir. Əvvəla, mənzilə dair mülkiyyət hüququları qeydə alındıqdan(xx.xx.2015-ci il qeydiyyat tarixi) sonra iddiaçıya müqaviləyə əsasən təhvil verilmiş mənzilin sahəsinin 64,5 kv.m. az olması məlum olduğu həqiqi olsa belə, yenə də iddia müddəti ötürülmüşdür. İkincisi, MTK-nın öhdəliyini lazımi qaydada icra etmədiyini etiraf etməsinə və iddiaçıya başqa sahə veriləcəyini vəd etməsinə dair işdə hər hansı bir mötəbər sübut mövcud deyildir. İstisna olunmur ki, bu məsələ ilə bağlı tərəflər arasında hansısa mövzuda danışıqlar aparılmış, lakin bu danışıqlar cavabdeh MTK-nın iddianı hansısa formada etiraf etməsi anlamına gəlmir. Etirafı təsdiq edən hansısa sübut mövcud idisə iddiaçı tərəf bunu məhkəməyə təqdim edə bilərdi, yaxud etməli idi, ancaq etməyib. Əksinə, apellyasiya baxışında vəkili də mənzilin sahəsinin müqavilədə göstəriləndən az ölçüdə olmasının mənzilə mülkiyyət hüququ qeydə alındıqdan sonra iddiaçıya məlum olduğunu təsdiq etmişdir, baxmayaraq ki, son məhkəmə təcrübəsinə əsasən mənzilin sifarişçiyə yaxud payçıya faktiki olaraq təhvil verildiyi andan, artıq iddia müddətinin axımı başlamış olur. Cavabdeh MTK iddia müddətinin ötürüldüyünə dair ərizəsində istinad etdiyi halları sübut etmək vəzifəsi daşımır yaxud daşıya bilməz. Çünki, iddia müddəti institutu cavabdeh üçün hüquqi müdafiə vasitəsidir və sonuncu da bu hüquqi imkandan istifadə etmişdir. Burada sübut etmə yükü əks tərəfin, yəni iddia müddətinin keçmədiyini yaxud iddia müddətinin axımının kəsildiyini iddia edən iddiaçının üzərinə düşürdü. Ancaq, qeyd olunduğu kimi iddiaçı tərəf bu halları mötəbər sübutlarla sübuta yetirə bilməmişdir.

27. Bununla belə, iddia müddətinin axımı iddiaçı tərəfin bu barədə məlumatı olduğu, yəni mənzilin ölçüsünün az olması mülkiyyət hüququnun qeydə alındığı vaxtdan başlanmış olsa belə, yenə də Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. Çünki, iddiaçı hazırki iddia ərizəsi ilə 7 il sonra, yəni 04 noyabr 2022-ci ildə məhkəməyə müraciət etmişdir. Hətta tərəflər arasında mənzilin ölçüsünün az olması ilə bağlı 2021-2022-ci illərdə danışıqlar aparılması və cavabdeh MTK-nın iddianı etiraf etməsi təsdiq olunsada belə, bu hal da iddia müddəti ərzində baş vermədiyindən iddia müddətinin axımını kəsə bilməzdi. Ona görə də, birinci instansiya məhkəməsinin iddia müddətinin axımının kəsildiyi barədə qənaəti də təsdiq olunmadığından bu mövqeyi də yanlış olmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, müqavilədən irəli gələn öhdəliklər, iddia müddəti və hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

29. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: Cavabdeh2 MTK-nın apellyasiya şikayəti qismən təmin edilməli; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-605/2023 saylı, 17 oktyabr 2023cü il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməli və həmin hissədə də iddia tələbi təmin edilməməlidir.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh2 MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-605/2023 saylı, 17 oktyabr 2023cü il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edildiyi hissədə ləğv edilsin və həmin hissədə də iddia tələbi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar