Məhkəmə qərarları › İş №2(103)-10826/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10826/2021

09.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10826/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(007)-856/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.10.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda əks olunan Cavabdeh1 və Cavabdeh2 Rahil oğlundan 37100 ABŞ dolları (63070 manat) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Türkiyədən Azərbaycan Respublikasına aspiratir elektrik cihazı gətirmək məqsədilə gömrük rəsmiləşdirilməsi işini bilən şəxs axtararkən Nəcəfli Azərlə məsləhətləşmiş, Azər ona belə bir tanışının olmasını bildirmiş, onu və onunla bu işdə əməkdaşlıq edən X1 Cavabdeh1 ilə tanış etmişdir. Daha sonra, X3 ilə birlikdə Cavabdeh1 Xətai rayonu ərazisində yerləşən “Ağa center” biznes mərkəzində yerləşən ofisinə gedərək, həmin mərkəzin 7-ci mərtəbəsinin 705 saylı otağında Cavabdeh1 ilə tanış olaraq malların gətirilməsi ilə əlaqədar sifariş vermişlər. Ayrıayrı vaxtlarda Anar 20.000 ABŞ dolları və 18.000 ABŞ dolları məbləğində ödəniş edərək, Cavabdeh1 vasitəsilə Azərbaycana malların gətirilməsini təmin etmişdir. Üçüncü dəfə Anar və İlham gömrüklə bağlı işlərini ona həvalə etdiyi zaman cavabdeh əminliklə, əvvəllər olduğu kimi işi vaxtı-vaxtında, həmçinin köçürmələri də vaxtında edəcəyini və malları rəsmiləşdirərək təhvil verəcəyini vəd etmişdir. X3 13 avqust və 16 avqust 2020-ci il tarixlərdə “Ağa center” biznes mərkəzinə gedərək, həmin mərkəzin 7-ci mərtəbəsinin 705 saylı otağında müvafiq olaraq 20.000 ABŞ dolları və 17.100 ABŞ dolları olmaqla, ümumilikdə 63.000 manat gömrük rəmilədirilməsi üçün Cavabdeh1 ödəniş etmişdir. Həmin məbləği Cavabdeh1 özünün mühasibi kimi təqdim etdiyi Ramilə adlı şəxsə vermişdir. Bununla yanaşı qeyd etmişdir ki, bütün bank köçürmələri Cavabdeh2 Rahil oğlunun Cavabdeh1 verdiyi etibarnamə əsasında edilmişdir. Həmin şəxslə əlaqə saxlandıqda isə həqiqətən Cavabdeh1 etibarnamə verdiyini təsdiqləmişdir. Cavabdeh1 pulu aldıqdan sonra ilkin olaraq bank köçürmələrində problemlər olduğunu bildirmiş, daha sonra telefon zənglərinə cavab verməyərək, atasının ölümünü əsas gətirərək məsələnin yaxın zamanda həll ediləcəyini bildirmişdir. Lakin onun bankla əlaqədar təqdim etdiyi sənədlərin saxta olması, ardıcıl olaraq yalan danışması və daha sonra bütün telefon nömrələrini söndürərək, ünsiyyətdən qaçması ciddi şübhələr yaratmışdır. Bakı şəhəri Xətai rayon Polis İdarəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, həqiqətən də Cavabdeh1 malların dəyərini ödəmək məqsədilə 37.100 ABŞ dolları məbləğində pul vəsaitini ondan almış, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ödəniş tapşırığını icra etməmişdir. Bu səbəbdən məhkəmədən, Cavabdeh1 və Cavabdeh2 Rahil oğlundan 37.100 ABŞ dolları (63.070 manat) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(007)-856/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 37.100 (otuz yeddi min yüz) ABŞ dolları qətnamənin icra edildiyi günə olan manata məzənnəsi ilə tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək qətnaməsini ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçı qarşısında öhdəliklərinin icrası məqsədilə zəruri tədbirlər görmüşdür, lakin iddiaçı onunla yeni razılaşma olmadan “Kırğın Ankastri” şirkətinə ödəniş etdiyi üçün həmin pulun əvəzinin ondan tələb edilməsinin hüquqi əsası yoxdur. Çünki qeyd olunan yeni hüquq münasibətləri ilə əlaqədar o, iddiaçı qarşısında heç bir öhdəlik götürməmişdir. Həmçinin, iddiaçıya qarşı heç bir qanunsuzluq və cinayət xarakterli hərəkət etməməsi Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 12 oktyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla təsdiq edilir. Hesab edir ki, məhkəmənin iddianın təmin edilməsi ilə bağlı mövqeyi tamamilə qanunsuz və əsassız olmuşdur. Məhkəmə öz mövqeyini əsaslandırmamış və işin faktiki hallarını nəzərə almamışdır. O, heç bir mülki hüquq pozuntusuna yol verməmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu olmadığı üçün ondan ziyanın ödənilməsinin tələb edilməsinin hüquqi əsası olmamışdır. Lakin məhkəmə qeyd olunan halı nəzərə almamışdır. Həmçinin hesab edir ki, məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutları əlaqələndirməmişdir. Bundan sonra Cavabdeh2 apellyasiya şikayətinə əlavə verərək göstərmişdir ki, Cavabdeh1 onun sahibkarlıq fəaliyyəti ilə bağlı mühasibatlıq xidmətləri göstərmişdir və bu məqsədlə onun tərəfindən Cavabdeh1 etibarnamə verilmişdir. Hazırkı məhkəmə mübahisəsi zamanı ona məlum olmuşdur ki, Cavabdeh1 onun verdiyi etibarnamədən suiistifadə edərək İddiaçı ilə sövdələşmələr aparmış, onun adına malların idxal edilməsi ilə əlaqədar razılığa gəlmişdir. Reallıqda o, İddiaçı tanımamış və onunla malların gətirilməsi ilə bağlı hər hansı bir razılaşması olmamışdır. Eləcə də, Cavabdeh1 guya 13-16 avqust 2021-ci il tarixlərdə 37.100 ABŞ dolları onun bank hesabına köçürməsi, malların pulunun onun bank hesabında sərəncam olması səbəbi ilə vergi borcuna silinməsi və ona görə də İddiaçı pulunun «Kırgın Ankastri» şirkətinin bank hesabına köçürülə bilməməsi ilə bağlı qeyd olunanlar həqiqəti əks etdirmir və məhkəmə bu hissədə araşdırma aparmamışdır. Belə ki, onun 16.08.202-ci ildə dövlət büdcəsinə 10510,60 manat vergi borcu olmuş və həmin məbləğ 02.10.2020-ci il tarixdə təqdim edilmiş ƏDV bəyənnaməsinə uyğun olaraq aparılmış əvəzləşdirmə əməliyyatı ilə silinmişdir. Bildirir ki, Cavabdeh1 tərəfindən iddiaçıdan alınmış 37.100 ABŞ dolları məbləğində pul vəsaiti onun bank hesabına mədaxil edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi, əlavə olaraq göstərdi ki, onun təmsil etdiyi Cavabdeh2 ailə üzvləri ilə birlikdə biznes fəaliyyəti ilə məşğul olur və mebel istehsalı, idxalı və satışı, habelə elektronika məhsullarının satışı ilə məşğul olan "xxxx" MMC-nin sahibidir. Digər Cavabdeh1 isə Rəşadın, habelə onun atasının müəssisəsində mühasibatlıq xidmətləri göstərir. Bu xidmətin göstərilməsi ilə əlaqədar Rəşad, onun atası və MMC tərəfindən Cavabdeh1 etibarnamələr verilmişdir və o, həmin etibarnamələr əsasında fəaliyyət göstərmişdir. Habelə Cavabdeh2 məxsus olan elektron imza da Cavabdeh1 olmuşdur. Cavabdeh1 Cavabdeh2 və onun ailə üzvlərinin etimadını qazandığından ona həmişə etibar etmişlər. Lakin son vaxtlar aparılmış audit yoxlamaları nəticəsində Cavabdeh1 fəaliyyətində pozuntular aşkar edilmiş, bununla bağlı hazırda Cavabdeh2 ailəsinə məxsus müəssisələrdə audit yoxlaması aparılır. Həmçinin, məlum olmuşdur ki, Cavabdeh1 Cavabdeh2 ona verdiyi etibarnamədən istifadə edərək, onun xəbəri olmadan, özünə məxsus olan və Xətai rayonu ərazisində yerləşən ofisində hazırkı iş üzrə İddiaçı müxtəlif vaxtlarda iri məbləğlər alaraq ona xidmət göstərmiş, yəni Türkiyədən ona məxsus olan malların Azərbaycana gətirilməsini təşkil etmişdir. Bütün bunlardan Cavabdeh2 xəbəri olmamışdır. Cavabdeh1 Cavabdeh2 adından istifadə edərək iddiaçıdan aldığı pulu əslində Cavabdeh2 hesabına köçürməmiş, onu mənimsəmişdir. Həmin pulun guya Cavabdeh2 bank hesabına köçürülməsi və vergi xidməti tərəfindən onun üzərinə sərəncam qoyulması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Belə ki, pulun verildiyi vaxtda Cavabdeh2 deyilən məbləğdə, yəni 37.100 ABŞ dolları ekvivalentində vergi borcu olmamışdır. Onun daha az məbləğdə borcu olmuşdur ki, bu borc da digər ödənişlərlə əvəzləşdirmə yolu ilə silinmişdir. Bu səbəbdən hesab edir ki, Cavabdeh2 iddiaçı qarşısında heç bir öhdəliyi olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz etdi və onun dəlilləri ilə bağlı bildirdi ki, onunla cavabdehlər arasında həyata keçirilən bütün əməliyyatlardan Cavabdeh2 xəbəri olmuşdur. Hətta borc məbləği yarandıqdan sonra o, bir neçə dəfə Cavabdeh2 təşəbbüsü ilə onunla görüşmüş, hər görüşdə Cavabdeh2 vergi ilə bağlı problemləri olduğunu, qısa müddətdə onu həll edib borcu qaytaracağını demiş, onlardan heç yerə şikayət etməməsini xahiş etmişdir. O da, inanaraq bir müddət gözləmiş, lakin pulu qayıtmadığına görə məhkəməyə müraciət etməli olmuşdur. O, həqiqətən də pulları Cavabdeh1 vermişdir. Əvvəllər də bir neçə dəfə Cavabdeh2 vasitəsilə həmin mallardan gətirdikləri zaman pulları Cavabdeh1 vermişdilər. Belə ki, Cavabdeh1 Cavabdeh2 işçisi olmuş və onun adından etibarnamə əsasında işləmişdir. Onları ilk dəfə tanış edən şəxs də Cavabdeh2 böyük biznes fəaliyyəti ilə məşğul olduğunu, Gəncə şəhərində elektronika mağazalarının, Bakı şəhəri Babək prospektində mebel salonlarının olduğunu, Cavabdeh1 isə onun işçisi olduğunu demişdir. Hazırda Cavabdeh2 guya bu işlərdən xəbərsiz olması barədə dediklərini qəbul etmir. Belə ki, onların arasında dəfələrlə görüşmələrlə yanaşı, bu mövcuda telefon danışıqları da olmuşdur və bu danışıqların səs yazıları onda qalmaqdadır. Cavabdeh birinci instansiya məhkəməsində pulun alındığını etiraf etdiyinə görə, həmin səs yazılarını sübut kimi təqdim etməyə ehtiyac görməmişdir. Bundan başqa, Cavabdeh2 vasitəsilə onların malları ikinci dəfə Türkiyədən Azərbaycana gətirilən zaman vergi nəzarətinə düşdüyündən və vergi orqanlarının əməkdaşları tərəfindən izləndiyindən, həmin malların hamısı cavabdehlər tərəfindən Gəncə şəhərində Cavabdeh2 məxsus olan mağazaya aparıb yerləşdirilmiş, orada bir gün saxlanıldıqdan sonra isə gətirib ona təhvil verilmişdir. Bütün bunların isə Cavabdeh2 xəbəri olmadən həyata keçirilməsi mümkün deyildi. İş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddiaçı ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya şikayəti cavabdehlərdən biri olan Cavabdeh2 tərəfindən verildiyindən və şikayətdə birinci instansiya məhkəməsinin qətnamənsinin ona aid hissəsi mübahisələndirildiyindən, hazırkı apellyasiya baxışının predmetini qətnamənin apellyatora münasibətdə təmin olunmuş hissəsi təşkil edir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı üçün Türkiyə Respublikasından aspirator elektrik cihazlarının gətirilməsi məqsədi ilə fiziki şəxs Cavabdeh2lə “Girgin Ankastre (“Kırğın Ankastri”) şirkati ilə müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən Cavabdeh2 həmin müqavilə üzrə gətiriləcək mallara görə Türk şirkətinin hesabına 37.100 ABŞ dolları pul köçürülməli olduğundan, həmin məbləğ İddiaçı tərərindən Cavabdeh1 vasitəsi ilə Cavabdeh2 hesabına ödənilmişdir. Daha sonra qeyd olunan məbləğdə pulu türk şirkətinin hesabına köçürmək istəyərkən Cavabdeh2 fiziki şəxs olaraq üzərinə vergi sərəncamı yaranmış və o, bu pulu şirkətə köçürə bilməmişdir. Malın dəyəri sonradan İddiaçı tərəfindən “Girgin Ankastre (“Kırğın Ankastri” ) şirkatinə ödənilmişdir. Hazırda İddiaçı Cavabdeh2 ödənilmiş pul vəsaitini tələb etməkdə haqlı olduğundan iddiaçının iddia tələbi ona münasibətdə təmin edilməli Cavabdeh1 münasibətdə isə təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə Cavabdeh1 Cavabdeh2 təmsil etmiş, sonuncunu təmsil edərkən köçürməni təyinatı üzrə icra edə bilməməsi onun təqsirli hərəkəti nəticəsində baş verməmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, tərəflər arasında yaranmış münasibətlərin xarakterindən görünür ki, iddiaçı Türkiyə Respublikasından almaq istədiyi malların gömrük rəsmiləşdirilməsini asanlaşdırmaq məqsədi ilə cavabdehlərlə razılaşmış, bu razılığa əsasən cavabdeh iddiaçının sifarişi ilə Türkiyə Respublikasından iddiaçının Azərbaycan Respublikasına gətirmək istədiyi malları istehsalçıdan götürməyi, onu ölkə ərazisinə gətirərək gömrük rəsmiləşdirməsini həyata keçirməyi və iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun müqabilində razılaşdırılmış pul məbləğini cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşmaya uyğun olaraq sifariş etdiyi malların gətirilməsi üçün cavabdehə 37.100 ABŞ dolları pulu cavabdehə ödəsə də, həmin pul malın alınması üçün malı göndərən müəssisəyə göndərilməmiş, iddiaçı məcbur olub həmin məbləği özü malı göndərən şirkətə ödəmişdir. Göründüyü kimi, tərəflər arasında şifahi şəkildə bağlanmış tapşırıq müqaviləsi mövcud olmuşdur. Tərəflər mübahisə etmirlər ki, iş üzrə iddiaçı Cavabdeh1 tapşırığın yerinə yetirilməsi ilə bağlı hərəkətləri iddiaçının ona verdiyi etibarnamə əsasında və onun adından həyata keçirmişdir. Cavabdeh2 digər Cavabdeh1 iddiaçı ilə razılaşmaları onun adından aparsa da, bundan xəbərsiz olduğunu, Cavabdeh1 etibarnamənin mühasibatlıq xidmətlərinin göstərilməsi üçün verildiyini, lakin Cavabdeh1 bu etibarnamədən sui-istifadə edərək onun xəbəri və razılığı olmadan fəaliyyət göstərdiyini bildirmişdir. Məhkəmə kollegiyası bu dəlilləri inandırıcı hesab etmir. Belə ki, həm apellyasiya şikayətində, həm də məhkəmə kollegiyasının iclasında nümayəndəsinin verdiyi izahatdan görünür ki, Cavabdeh2 iddiaçının tələb etdiyi pulun Cavabdeh1 verilməsini qəbul edir, sadəcə Cavabdeh1 bu pulu mənimsədiyini bildirir. Həmçinin, Rəşad Əliyev digər Cavabdeh1 onun verdiyi etibarnamə əsasında fəaliyyət göstərməsini və mühasibatlıq xidmətləri göstərməsini bildirir. İş materiallarından görünür ki, Cavabdeh1 da, həmin pulun iddiaçı tərəfindən Cavabdeh2 işçisi kimi ona verildiyini, lakin Cavabdeh2 vergi borcunun olması səbəbindən pulun köçürülməsinin mümkün olmadığını bildirmişdir. Belə olan halda, məhkəmə kolegiyası hesab edir ki, Cavabdeh1 Cavabdeh2 adından istifadə etməklə iddiaçıdan aldığı 37.100 ABŞ dolları məbləğində pulu mənimsəməsi və bundan Cavabdeh2 xəbərsiz olması ilə bağlı dəlilləri sübut etmək vəzifəsi cavabdehin öz üzərinə düşür. Lakin Cavabdeh2 bununla bağlı məhkəməyə hər hansı mötəbər dəlil təqdim edə bilməmiş, yalnız Günay Əliyevin fəaliyyəti ilə bağlı onlara məxsus müəssisələrdə audit yoxlamasının aparıldığını bildirməklə kifayətlənmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən normaları təşkil edir. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İşin hallarından və göstərilən hüquq normalarının dispozisiya şərtlərindən çıxış edərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış şifahi razılıq müqaviləsinə uyğun olaraq iddiaçı Cavabdeh2 adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 ödəmiş olduğu 37.100 ABŞ dolları pulu Cavabdeh2 geri tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(007)-856/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar