Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1083/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxslərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxslərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «əmlakın həbsdən azad edilməsi» tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin həbsdən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin həbsdən azad edilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxslərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı iş üzrə 04 dekabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin Maraqlı şəxs5 və digərlərinin hüquqlarına toxunduğunun müəyyən edilməsi qərara alınmışdır. Maraqlı şəxslərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əliyev Şahin Saleh oğlunun (bu iş üzrə İddiaçı həyat yoldaşı) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il (İş № 1(101 )-334/16) tarixli hökmündən görünür ki, "xxxx" MTK-nın sədri vəzifəsini icra etmiş Əliyev Şahin Saleh oğlu 07 avqust 2013-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə Maraqlı şəxs4 119.500 manat, 2014-cü ilin may ayında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə Nəzərli Elmira Abdülxalıq qızından 180.000 manat, 2013-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə Niftəliyeva Şəhla Fazil qızından 55.000 manat, 05 fevral 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə Musayeva Sevil Söhbət qızından 58.800 manat, 26 fevral 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə Əsgərova Nailə Məmmədbağır qızından 32.000 manat, 12 mart 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə Abdullayev İltimas Nüsrət oğlundan 70.000 manat və 31 mart 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən 20.000 manat, 01 aprel 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə Əliyev İbadət İnqilab oğlundan 73.000 manat, 05 aprel 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə Seyidəliyev Fərid Sədra oğlundan 87.000 manat, 17 may 2014-cü il tarixli bağlanılmış alqısatqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə Mahmudov Sarvan Mirzəağa oğlundan 88.000 manat, 19 may 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə Maraqlı şəxs2 94.000 manat, 23 aprel 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə Əli-zadə İsmayıl Nağı oğlundan 128.000 manat, 27 iyul 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə Maraqlı şəxs1 100.000 manat, 31 iyul 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə Məmmədov Sadiq Hüseyn oğlundan 114.000 manat, 02 avqust 2014-cü il bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə Maraqlı şəxs5 100.000 manat, 07 avqust 2014-cü ildə bağlanılmış alqısatqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə Kəlbiyev Rahib Kəlbi oğlundan 100.000 manat, mənzil satmaq adı ilə Həsənov İskəndər Əkbər oğlundan 40.500 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. "xxxx" MTK-nın sədri vəzifəsini icra etmiş Əliyev Şahin Saleh oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cii maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli (İş № 1(101)-334/16) hökmü ilə Əliyev Şahin Saleh oğluna qarşı zərərçəkmiş şəxslərin mülki iddiaları təmin olunmuşdur. Həmin hökmlə cavabdeh Əliyev Şahin Saleh oğlundan 100.000 manat pul alınaraq Maraqlı şəxs1; 137.000 manat pul alınaraq Nəzərli Elmira Abdülxalıq qızına; 73.000 manat pul alınaraq Əliyev İbadət İnqilab oğluna; 114.000 manat pul alınaraq Maraqlı şəxs3; 75.000 manat pul alınaraq Əlizadə İsmayıl Nağı oğluna; 337.760 manat pul alınaraq Maraqlı şəxs4; 69.000 manat pul alınaraq Maraqlı şəxs2; 100.000 manat alınaraq zərərçəkmiş Niftəliyeva Şəhla Fazil qızna; 100.000 manat pul alınaraq Maraqlı şəxs5 ödənilməlidir. Hökmlə zərərin hesabına cavabdeh Əliyev Şahin Saleh oğlundan Abdullayev İltimas Nüsrət oğluna 190.000 manat; Mahmudov Sarvan Mirzağa oğluna 86.000 manat; Musayeva Sevil Söhbət qızına 58.800 manat; Seyidəliyev Fərid Sədra oğluna 81.000 manat; Kəlbiyev Rahib Kəlbi oğluna 100.000 manat alınaraq ödənilməlidir. Əsgərova Nailə Məmmədbağır qızına mülki mühakimə qaydasında məhkəməyə müraciət etməsi izah olunmuşdur (32.000 manat). Bakı Apelyasiya Məhkəməsinin 07 mart 2017-ci il tarixli qərarı ilə Həsənov İskəndər Əkbər oğlunun mülki iddiası təmin olunaraq Şahin Əliyevdən 40.500 manat pul alınaraq İskəndər Həsənova verilməlidir. Həmin hökmlə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə cavabdeh Rzayeva Sevinc Mirsəməd qızının adına rəsmiləşdirilmiş cavabdeh "xxxx" MTK-ya məxsus olan ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə İddiaçı adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülsə də, Əliyev Şahin Saleh oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə (hökmdən verilmiş apelyasiya protestinə və apelyasiya şikayətlərinin əsasında) Bakı Apelyasiya Məhkəməsinin 1(103)- 790/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə cavabdeh Rzayeva Sevinc Mirsəməd qızının adına rəsmiləşdirilmiş cavabdeh "xxxx" MTK-ya məxsus olan ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-cimərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə İddiaçı adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbs bərpa edilmiş və zərərəçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-790/19 saylı 13 iyun 2019-cu il tarixli qərarından təqsirləndirilən şəxsin müdafiəçisi kassasiya şikayəti vermiş, 22 noyabr 2019-cu il tarixində Ali Məhkəmənin Cinayət Kollegiyası (sədrlik edən V.İbayev) şikayətə baxmış, onu təmin etməmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 13 iyun 2019-cu il tarixli qərarını dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1468/2019 saylı 22 noyabr 2019-cu il tarixli qərarından Ali Məhkəmənin Plenumuna müdafiəçi tərəfindən əlavə kassasiya şikayəti verilmiş, Ali Məhkəmə sədrinin imzaladığı 12(102)31/2020 saylı 04 iyun 2020-ci il tarixli qərarla əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumunun müzakirəsinə çıxarılmasından imtina olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsi bu iş üzrə 1(101)-334/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsini 26 iyul 2019-cu il tarixdə vermişdir. Əmlakların yerləşdikləri ünvanlara aid olaraq müvafiq olaraq Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 334/2016 saylı xx.xx.2016-cı il tarixli İcra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Həmçinin Səbail Rayon İcra və Probasiya Şöbəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/2016 saylı 26 iyul 2019-cu il tarixli İcra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Ona görə də iddiaçı bu iddianın birbaşa maraqlı şəxslərin mənafeyinə toxunduğunu bildiyi halda onları işə cəlb etməmişdir. Hətta iş icraatına daxil etdikdən sonra məhkəmə də bizi marağına toxunan şəxslər kimi işə cəlb etməli olduğu halda bunu etməmişdir. Halbuki, iddia ərizəsindən bunu görmək mümkündür. Hətta məhkəmə ilk dəfə iddianın yolverilməzliyinə görə bu iddianı 2(009)-2759/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə qəbul etməkdən imtina etmişdir. Sonradan iddiaçı şikayət vermiş və iddia icraata qəbul edilərək baxılmışdır. Halbuki, həmin vaxt maraqlı şəxslər də cəlb edilərək öz müdafiə vasitələrindən istifadə edə bilərdi. Hazırda bu qətnamə bizim mənafeyimizə toxunur. Uzun müddət bu qətnamənin mövcudluğundan məlumatımız olmamışdır. Bu barədə İcra şöbəsindən məlumat verilmişdir. Dərhal məhkəməyə müraciət edərək qətnamənin surətinin verilməsini istəmişik. Bu qətnamənin qəbul edilməsi maraqlı şəxslərə böyük zərər vurmuşdur. Ona görə də hazırda biz işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə biz zərərçəmiş şəxslərin hüquq və vəzifələrinə toxunduğuna görə bu qətnamədən apellyasiya şikayəti veririk. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1 apelyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxslərin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı, cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının, cavabdehlərin və 3-cü şəxsələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı halları müəyyən etmişdir: Belə ki, iş materiallarından görünür ki, Binəqədi rayon Məhkəməsinin 19 fevral 2015ci il tarixli Qərarı ilə Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin üzərinə həbs qoyulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmünün surətindən (hökmün 54-cü vərəqəsi) görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin sənədlərindən görünür ki, bu mənzillər 1997-ci ildə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir ki, bu dövrdə də Şahin Əliyev hazırki cinayət əməlini hələ törətməmişdi. O, 2004-cü ildən "xxxx" MTK-nın sədri vəzifəsində işləmiş və cinayət işinin materiallarından görünür ki, Şahin Əliyev binada olan mənzilləri müxtəlif illərdə satsa da, o, ilk dələduzluq cinayət əməlini 2008-ci ilin yanvar ayında Zemfira Vəliyevaya qarşı törətmiş, ittiham olunduğu digər epizodlar üzrə əməlləri isə bundan sonrakı dövrlərə təsadüf etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə düzgün nəticəyə gəlməmişdir. Kollegiya qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 790/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı ilə dəyişdirilmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Binəqədi rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli Qərarı ilə Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-790/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı ilə verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin hökmü sözügedən mənzillər üzərində həbsin götürülməsi hissəsində ləğv edilmiş, beləliklə, həbs bərpa edilmiş və zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-790/19 saylı 13 iyun 2019-cu il tarixli qərarından kassasiya şikayəti verilmiş, 1(102)-1468/2019 nömrəli 22 noyabr 2019-cu il tarixli Ali Məhkəmənin Cinayət Kollegiyasının Qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 13 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 1468/2019 saylı 22 noyabr 2019-cu il tarixli qərarından Ali Məhkəmənin Plenumuna müdafiəçi tərəfindən əlavə kassasiya şikayəti verilmiş, Ali Məhkəmə sədrinin imzaladığı 12(102)31/2020 saylı 04 iyun 2020-ci il tarixli qərarla əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumunun müzakirəsinə çıxarılmasından imtina olunmuşdur. Kollegiya hesab edir ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, tələb cinayət işi üzrə məhkəmə hökmü ilə müsadirə edilmiş əmlaklarla bağlı olduğundan və mülki məhkəmə icraatının predmeti ola bilməyəcəyindən hazırki ərizənin icraata qəbulundan imtina edilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən icraata götürülərək baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 aprel 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, “beləliklə, cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsi ilə icraata xitam verilmənin əsasları müəyyən edilmiş və 261.0.1-ci maddəsində qeyd edilmişdir ki, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Lakin birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını nəzərə almadan qanunvericiliyin tələblərini pozaraq hazırki işə mahiyyəti üzrə baxaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxslərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1083/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1083/2024
28.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver