Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10832/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı Nəsrulla qızı, Cavabdeh iştirakı ilə, İddiaçı Nəsrulla qızının Cavabdeh qarşı “maddi və mənəvi zərər tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(007)- 2066/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Nəsrulla qızı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10500 manat və 4200 ABŞ dollarının manata olan məzənnəsi ilə 7140 manat məbləğində əsas borcun, hazırki gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəmə qətnaməsi çıxarıldığı gün üçün müəyyən eldiyi bank uçot dərəcəsinə uyğun olaraq hesablanmış 3307,5 manat faizlərin, 5000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi qızıl-zinət əşyalarının təmiri ilə bağlı Nizami rayonu ərazisində yerləşən “Laçın” Ticarət Mərkəzinin qızıl təmiri şöbəsinə gedib-gələrkən tanımış, münasibətləri yaranmışdır. Murad ona bildirmişdir ki, Krım yarımadası ilə Türkiyə Respublikasının İstanbul şəhəri arasında kalkan balığının ticarəti ilə bağlı yaxşı təklif almış, bir neçə şərik var, hər şey razılaşdırılıb. Bu işə qoşumaq üçün pul lazımdır. Onun işlərin içərisində olacağını, işlərin idarə edilməsində onun iştirak edəcəyini, bütün sənədlərdə imzasını olacağını bildirmişdir. Cavabdehin ailə üzvlərinin iştirakı ilə onların evində görüşüb, danışıb razılaşmış, səhərisi gün özünə məxsus 20000 manatlıq qızıl-zinət əşyalarını 10000 manata hesablayıb ona vermiş, pulu Murada verəndən sonra hər gün onunla əlaqə saxlamışdır. Bir müddət sonra Murad əlavə 10000 ABŞ dollar pul lazım olduğunu bildirmiş və onu təhdid edərək, əgər verməsə pul vermək istəyənlərin çox olmasını deyərək ona hədə-qorxu gəlmişdir. Artıq o, 20000 manatlıq qızılını 10000 manata hesablayaraq ona vermişdir. Həm də Murad bildirmişdir ki, 1 ay ərzində verdiyin pullları götürəcəkdir. Ona görə də naəlac qalaraq oğlunun dostundan 4200 manat ABŞ dolları pul borc alıb Murada vermişdir. Əlavə olaraq Murada 500 manat da pul vermişdir. Murad müxtəlif bəhanələrlə pulu verməkdən yayınmağa başlamışdır. Növbəti dəfə Murad ona 1 ay vaxt verməyini, pul qaytaracağını bildirəndə artıq ona inanmadığını, bununla bağlı yazılı kağız verməsini tələb etmişdir. Murad ondan aldığı pulu 1 ay ərzində qaytaracağı barədə 14 mart 2018-ci il tarixdə yazılı iltizam vermiş, lakin növbəti dəfə onu aldatmışdır. Dəfələrlə evinə, ailəsinin üstünə getsə də Muraddan pulunu ala bilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(007)- 2066/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 10500 manat, 4200 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dolların manata məzənnəsi nəzərə alınmaqla və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilmiş hissələrində ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı öz razılığı ilə onun təklifini qəbul etmiş və sərmayə qoymaq qərarına gəlmişdir və qeyd edilən məbləğdə pulu vermişdir. Pulu verməmişdən əvvəl aralarında belə bir şifahi razılaşma olmuşdur ki, biznesin xeyri və şəri özlərinə aid olacaqdır. Şəriklərin hamısına zərər dəymişdir. Onun iştirakı olmadan işə baxılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia qismən təmin olunsa da, ondan iddiaçı şikayət verməmişdir. Ona görə də qətnamə yalnız cavabdehə münasibətdə iddianın təmin olunmuş hissəsinə aid hissədə yoxlanılır. Kollegiya tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh tərəfindən yazılmış 14.03.2018-ci il tarixli əlyazma iltizamdan görünür ki, Əhmədov X1 Nazilə Nəsrulla qızından oktyabrın 07-si aldığı 10000 manat və 4200 ABŞ dolları pulu 14 aprel 2018-ci il tarixə qədər qaytaracağını, əgər bu müddət ərzində qaytarmasa, onun barəsində tədbirlər görülməsinə etirazı olmadığını qeyd etmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16.09.2020-ci il tarixli Qərardan görünür ki, Əhmədov X1 Nazilə Nəsrulla qızından balıq ticarəti ilə bağlı aldığı 10500 manat və 4200 ABŞ doları məbləğində pulu qaytara bilmədiyini, bu barədə 14.03.2018-ci il tarixli qəbz yazdığını bildirmişdir. İddiaçı hazırda cavabdehə vermiş olduğu həmin pulu tələb edir. Göründüyü kimi, İddiaçı Nəsrulla qızının Krım yarmadası ilə Türkiyə Respublikasının İstanbul şəhəri arasında kalkan (xamsa) balığının ticarəti ilə bağlı Cavabdeh 10500 manat və 4200 ABŞ dolları məbləğində pul verməsi faktı işin mübahisəsiz hallarını təşkil edir. Cavabdeh iddiaçıdan bu məbləğlərdə pulu aldığını etiraf etmiş, yazılı iltizamla da pulu qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçının tələbini qəbul etməyərək, pulu iddiaçının öz razılığı ilə sərmayə olaraq qoyduğunu, iddiaçı qarşısında öhdəliyinin olmadığını qeyd etmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh özü 14.03.2018-ci il tarixli iltizamla iddiaçıya borclu olduğunu etiraf edərək, borcunu qaytaracağını öhdəsinə götürmüşdür. Həmin borcun birgə biznes fəaliyyətindən əmələ gəlib-gəlməməsinin heç bir əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iclaslarında onun iştirakının təmin edilməməsi, ona rəsmi məlumat verilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə (tərəfindən verilmiş apelyasiya şikayətində qeyd edilən ünvan) məhkəmə bildirişləri göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə cavabdeh tərəfindən apelyasiya şikayətinin dəlilləri əsassızdır və apelyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2066/2021 saylı iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10832/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10832/2021
22.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver