Məhkəmə qərarları › İş №2(103)-10836/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10836/2021

14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10836/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(003)-935/2021 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək (sonradan iddia tələbini dəqiqləşdirərək), cavabdehlərdən müştərək qaydada 32756 manat pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildən nağd yolla aldığı məişət əşyalarının və mobil telefonların kredit yolu ilə satışı ilə məşğul olmuş, «VEST TELEKOM» adlanan şirkətdən rəsmi olaraq aldığı mobil telefonları Zirə qəsəbəsində yaşayan Əsmər vasitəsilə tanıdığı Cavabdeh2 təqdim etmiş, o isə həmin telefonları və məişət əşyalarını aylıq ödənişlə sataraq, tərtib olunmuş cədvələ əsasən pulunu ödəmişdir. İşlədiyi 1 il müddətində Cavabdeh2 təxminən 95000 manat dəyərində mobil telefon və 5000 manat dəyərində məişət əşyası vermişdir. İlk əvvəl o, götürdüyü malları ödəniş cədvəlinə əsasən ödəsə də, sonradan ödənişləri ləngitmiş, daha sonra isə ümumiyyətlə ödəməmişdir. Sonuncu dəfə hesablanma zamanı Cavabdeh2 74852 manat borcunun olmasını müəyyən etmişdir. Ödənişlərin edilməməsinin səbəbini soruşan zaman isə Cavabdeh2 ondan Günay Canıyevanın 51000 manat, Samirə adlı şəxsin isə 10000 manat dəyərində mal götürməsini, lakin pulunu qaytarmadıqları üçün ödənişi vermədiyini bildirmişdir. Məsələ ilə bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılmış və 124 telefondan 81-nin Əfsanə tərəfindən müxtəlif mağazalara ucuz qiymətə satıldığı müəyyən edilmişdir, digər 43 telefon barədə isə araşdırma davam edir. 124 telefonun satışından əldə etdiyi pulunu Cavabdeh2 və digəri mənimsəmişdir. Göründüyü kimi, cavabdehlərin əlbir olub ondan götürdükləri külli miqdarda dəyəri olan telefonları dəyərindən aşağı qiymətə müxtəlif mağazalara satıb əldə etdikləri pulu mənimsəməklə ona külli miqdarda maddi zərər vurmaları tam sübuta yetmiş, buna baxmayaraq cəmi 5000 manat borcları olduğunu bildirmişlər. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(003)-935/2021 saylı qətnaməsi ilə (hakim Sabit Bəhrəmov) iddia təmin olunmuşdur. Cavabdeh X5, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişıdir Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, iddiaçıdan və Əfsanədən aldığı telefon və məişət əşyalarının dəyərini qarşı tərəfə tam şəkildə ödəməsi, həmin şəxslərdən götürdüyü məhsulların sayını və həmin məhsullara görə qarşı tərəfə ödədiyi ümumi məbləği xatırlamadığı və s. kimi əsaslandırmışdır. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh X5 apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçıdan müxətlif vaxtlarda mobil telefonlar və məişət avadanlıqları götürmüşdür. İddiaçı həmin malları digər cavabdeh Əfsanənin evinə gətirmiş, o da götürmüşdür. Hazırda iddiaçıdan dəqiq hansı sayda və hansı markalı məhsullar götürdüyünü və nə qədər ödədiyini xatırlamasa da, hər dəfə mal götürdükcə pulunu qarşı tərəfə ödəmiş, buna görə də hesab edir ki, iddiaçıya iddia tələbində göstərilən miqdarda borcu qalmamışdır. Onun hesabına görə iddiaçıya 5000 manat borcu vardır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 da, apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı isə, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun eyni məzmunda izahat vermiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edilməlidir ki, iddia təmin olunmuş, cavabdehlərdən yalınız X5 qətnaməni mübahisələndirmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz həmin cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, tərəflər arasında mövcud olmuş nisyə alqı-satqı münasibətlərinə əsasən, iddiaçı özünə məxsus müxtəlif markalı mobil telefonları cavabdedehlərə verməyi, cavabdehlər isə həmin malların dəyərini razılaşdırılmış vaxtda hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı, öhdəliyini icra edərək, hazırkı iş üzrə mübahisə predmeti olan iddia ərizəsində qeyd olunan markalı 81 ədəd mobil telefonu cavabdehlərə vermiş, buna baxmayaraq, sonuncular öhdəliyin icrasından yayınaraq, borcu qaytarmamışlar. Bundan sonra, iddiaçı cavabdehlərin hərəkətlərinin araşdırılması məqsədilə müvafiq hüquq mühafizə orqanlarına müraricət etmiş və müraciəti əsasında toplanmış HK- 1-1155 saylı material üzrə Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Anar Bəxtiyarov tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə 16.12.2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarın məzmundan və məhkəməyə təqdim olunmuş materiala əlavə edilmiş sənədlərdən görünür ki, araşdırma zamanı cavabdeh Günay Canıyeva izahatında bildirmişdir ki, 1 il ərzində Aydın və Əfsanədən mobil telefonlar və məişət əşyaları götürmüş, telefonların birini özü, digərini isə bacısı işlədir. Saylarını bilmədiyi hissəsini isə «28 May» metrostansiyası yaxınlığındakı mağazalara satmışdır. Həmin telefonların markaları Redmi, Samsung A, samsung J və s. olmaqla müxtəlif olmuş, onları hansı qiymətə aldığını və hansı qiymətə satdığını xatırlamır. Məişət əşyalarının pulunu Aydına, mobil telefonların pulunu isə Aydın və Əfsanəyə ödəmişdir. Lakin ümumilikdə hansı məbləğdə pulu onlara ödədiyini, onlardan ümumilikdə hansı sayda mobil telefon götürdüyünü xatırlamır. Satmış olduğu mobil telefonları Samirə ilə birlikdə nağd şəkildə satmış və nağd şəkildə pulunu ödəmişlər, keç kimə kreditlə telefon satmamışdır. Cinayət təqibini həyata keçirən orqan tərəfindən istintaq hərəkətləri nəticəsində “İMEİ” kodları İddiaçı tərəfindən təqdim olunmuş 124 ədəd mobil telefonun işlədilməsinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən məhdudiyyət qoyulmuş və aparılmış araşdırma nəticəsində 81 ədəd müxtəlif markalı mobil telefonun Günay Canıyeva tərəfindən müxtəlif qiymətlərlə nağd şəkildə «28 May» metrostansiyasının yaxınlığında yerləşən bir neçə mağazaya öz şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə satdığı müəyyən olunmuşdur (bununla bağlı həmin mağazalarda işləyən məsul şəxslərin izahatları alınmış və həmin şəxlər izahatlarında G.Canıyevadan konkret hansı markalı mobil telefonları hansı qiymətə aldıqlarını göstərmişlər). İşdə olan əmtəəşünaslıq ekspertizası üzrə «X7 və Ekspertiza Mərkəzi» tərəfindən verilmiş rəydə mübahisə predmeti olan 81 ədəd mobil telefonun 2018-2019-cu illərdə topdan satış qiymətlərinin (hər bir telefon üzrə markaları əsasında ayrıca qiymətləndirmə aparılmaqla) ümumilikdə 32756 manat olması müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh Günay Canıyeva iddiaçıdan nisyə mal aldığını etiraf etsə də, öhdəliyin icrasından yayınaraq iddiaçıdan aldığı mübahisə predmeti olan əşyaların dəyərini ödəməmişdir. Belə olan halda isə birinci instansiya məhkəməsi tərəfindən iddianın cavabdeh Günay Canıyevaya münasibətdə təmin olunması qanuni və əsaslıdır. MM-in 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə görə alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. MM-in 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Cavabdeh Günay Canıyeva isə, apellyasiya şikayətində qətnaməni özünə aid hissədə mübahisələndirərək, iddiaçıdan aldığı malların dəyərini tam ödədiyini bildirsə də, məhkəməyə bununla bağlı mötəbər sübutlar (ödəniş qəbzi, borcun ödənilməsi barədə arayış və s.) təqdim edə bilməmişdir. Halbuki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdehin izahatı da özü-özlüyündə bu halın təsdiq olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmaldıır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(003)-935/2021 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(003)-935/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar