Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1085/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə borc pul” tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “birtərəfli əqdin etibarsızlığı” barədə qarşılıqlı iddiasına dair iş üzrə (Açar sözlər: «icarə müqaviləsi üzrə borc pul, əqdin etibarsızlığı») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı vəkili Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3913/2022 saylı, 19 oktyabr 2022ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Notarial qaydada təsdiq edilmiş 02 sentyabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən X1 ilə icarəçi Cavabdeh arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, icarəyə verən mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ümumi sahəsi 500 kv.metr olan anbar sahəsi, 75 kv.m ofis sahəsi və orada quraşdırılmış bütün avadanlıqları (generator, stablizator, matorxana, transformator və s.) icarəçinin istifadəsinə vermişdir. Müqavilənin predmetini təşkil edən 500 kv.m qeyri-yaşayış (anbar) sahəsi və 75 kv.m ofis sahəsinə görə icarə haqqı xx.xx.2019-cu ildən hesablanmaqla 2.400 manat təşkil etmiş, icarəçi anbar sahəsinə görə 2 aylıq icarə haqqının 4.800 manat olmaqla icarə verənə ödəyir.
2. Notarial qaydada təsdiq edilmiş 25 noyabr 2020-ci il tarixli xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında Razılaşmaya əsasən İddiaçı ilə Cavabdeh MMC aralarında dəyişiklik edilməsi razılığına gəlmişlər- icarəyə verən İddiaçı və icarəçi Cavabdeh MMCnin direktoru tərəfindən X2 razılaşma bağlanmış, həmin razılaşma xx.xx.2020-ci il tarixdən qüvvəyə minib, müqavilənin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixinə kimi müəyyən edilib, müqavilənin predmetini təşkil edən 500 kv. m anbar sahəsinə görə icarə haqqı bundan sonra 1.200 manat təşkil edib, xx.xx.2019-cu il tarixli müqavilənin yenilənməyən şərtləri razılaşmada dəyişdirilmədən dəyişdirilmədən saxlanılıb və müqavilənin ayrılmaz hissəssini təşkil edib.
3. 12 may 2022-ci il tarixli fiziki şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vahid Bilalov tərəfindən Cavabdeh direktoru İmran Əhmədova ünvanlanan Pretenziyaya əsasən icarəyə verən fiziki şəxs müqavilə üzrə öz öhdəliklərini tam icra etsə də, Cavabdeh MMC xx.xx.2021-ci il tarixinədək yaratdığı 22.394 manat borcunu ödəməməklə öhdəliklərini qərəzli şəkildə pozmaqda davam edir. Borcun yaxın müddətdə ödənilməsi, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsi üzrə borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən (VÖEN: **********) İddiaçı xeyrinə 19.940 (on doqquz min doqquz yüz qırx) manat əsas borc, 157.20 (yüz əlli yeddi manat iyirmi qəpik) manat məhkəmə xərci, ümumilikdə isə 20.097,20 (iyirmi min doxsan yeddi manat iyirmi qəpik) manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İlkin iddiada göstərilir ki, Cavabdeh MMC, xx.xx.2021-ci il tarixinədək yaratdığı 22.394 (iyirmi iki min üç yüz doxsan dörd) manat borcunu ödəməməklə öhdəliklərini qərəzli şəkildə pozmaqda davam etmişdir. Bu məsələ ilə bağlı Cavabdeh MMC-nin direktoru İmran Əhmədovla keçirilən görüşlər və telefon zəngləri müsbət nəticə verməmişdir. Halbuki, MMC rəhbəri olaraq xx.xx.2021-ci il tarixində öz xətti ilə yazdığı və möhürlə təsdiq etdiyi müraciətdə, həmin tarixə müqavilə üzrə “İcarəyə verən”ə borcunun olduğunu rəsmi qaydada etiraf edilmişdir, lakin ödəniş aparılması istiqamətində müsbət nəticə əldə olunmamışdır. Bundan sonra tərəflərindən Cavabdeh MMC-nin hüquqi ünvanı üzrə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu ünvanlanmış və cavabdeh şirkətin direktoru İmran Əhmədov qəbzə imza ataraq onu şəxsən qəbul etmişdir. Daha sonra o, əməkdaşlarına yaxınlaşaraq yaratdığı borcdan 2.400 (iki min dörd yüz) manat hissəsini ödəmişdir. Tərəflər arasında bağlanmış İcarə müqaviləsinin tələblərinə əsasən fiziki şəxs İddiaçı ilə Cavabdeh Məhdud Msəuliyyətli Cəmiyyəti arasında bağlanmış icarə müqavilələrinin 4-cü maddəsinin 4.3-cü bəndinin tələblərinə əsasən, “İcarəçi” icarə ödənilməsinin gecikdirdiyi hər gün üçün 0.5% məbləğdə dəbbə pulu ödəyir.
6. Cavabdeh MMC İddiaçı qarşı birtərəfli əqdin etibarsızlığı tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli əyazmaların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddiada göstərilir ki, İddiaçı iddiasının hüquqi əsası kimi göstərdiyi xx.xx.2021-ci il tarixli əlyazmalar özlüyündə əhəmiyyətsizdir və etibarsızdır. Belə ki, həmin əlyazmanı 3 nəfərin, yəni iddiaçının etibarnamə üzrə nümayəndəsi olan Vahid Bilalovun, Sabir Məmmədovun, İlkin Əsədullayevin dedikləri sözlər, ifadələr əsasında yazmışdır. Yəni, o, həmin əlyazmaları məcburiyyət qarşısında hədə-qorxu və təsir altında, məcburiyyət qarşısında yazmışdır. Həmin icarə obyektini sahibkarlıq fəaliyyəti məqsədilə icarəyə götürmüşdür və orada özünə məxsus olan malların satışı ilə məşğuldur. Qeyd edilən əlyazmalar yazılmamışdan qabaq Vahid Bilalov, Sabir Məmmədov, İlkin Əsədullayev onu icarə obyektinə buraxmayaraq bildirdi ki, bu əlyazmaları yazmasa, mallarına əl qoyacaq və onu icarə obyektinə buraxmayacaqlar. Mallarını itirməmək və öz sahibkarlıq fəaliyyətini həyata keçirə bilmək üçün məcburiyyətdən həmin əlyazmaları yazmalı oldu. Əlyazmalara fikir versələr, malların dəyəri icarə borcundan dəfələrlə çoxdur. Malları batmasın deyə onları imzalamalı oldu. Müqavilə bağlandığı tarixdən dəyişdirilən anadək hər ay 2.400 manatdan olmaqla pul ödəmişdir. İddiaçı isə bütün müqavilə müddətinə olan icarə haqlarını tələb edir ki, bu tamamilə reallığı əks etdirmir və hazırkı iddia ilə hüquqdan sui-istifadə edir. Əgər, həmin əlyazmalar mötəbər sübut olsa idi, o zaman həmin əlyazmaların sübut kimi bir nüsxədə tərtib olunmuş və eyni tarixdə hər biri digərindən fərqli məzmunda tərtib olunmaqla ziddiyyətlidir. Bu isə həmin əlyazmaların mötəbərliyini şübhə altına alır. İddiaçını nə məcbur edirdi ki, 2 fərqli məzmunda əlyazma yazdırsın? Həmçinin, əgər əsaslı idisə, onlar bunu sadə əlyazma ilə deyil, notarial qaydada təsdiq etdirə bilərdilər. Bundan əlavə, əlyazmalara diqqət yetirsələr, mallarını xilas etməkdən ötrü demək olar ki, Vahid Bilalovun, Sabir Məmmədovun, İlkin Əsədullayevin qarşısında “yalvarmışam”. Lakin iddiaçının “addımları” sırf onu özündən asılı vəziyyətdə saxlamaq üçün yazdırmışdır. Bir sözlə, həmin əlyazmalar qəti surətdə onun iradə ifadəsini əks etdirmir. Hazırda, o, obyektdən istifadə edə bilmir, sahibkarlıq fəaliyyətindən faktiki olaraq məhrum olunmuşdur və keçən gün o, gözləntilərindən, gəlirlərindən məhrum olur. Ona vurulan zərər artmaqda davam edir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3913/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) ilkin iddia tələbinin qismən təmin edilərək Cavabdehndən (VÖEN: **********) iddiaçı fiziki şəxs, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xeyrinə 19.420 (on doqquz min dörd yüz iyirmi) manat əsas borc məbləği, 157 (yüz əlli yeddi) manat 20 (iyirmi) qəpik məhkəmə xərci, ümumilikdə 19.577 (on doqquz min beş yüz yetmiş yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul tutulması; ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi və qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, mülki işin materiallarında olan 03 avqust 2021-ci il tarixli X2 tərəfindən yazılan əlyazmadan görünür ki, onunla İddiaçı ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən, iyul ayı daxil olmaqla ümumi borcunun 19.420 manat olduğu etiraf edilmiş, həmin məbləğin 25 avqust tarixinə qədər 10.000 manat, 30 avqust tarixə kimi isə 9.420 manatı ödəyəcəyinə şəxsi olaraq öz üzərinə götürmüşdür. İcarəyə verən öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, icarəçi icarə haqqını vaxtlı-vaxtında ödəməyərək, icarəyə verən qarşısında öz öhdəliklərini pozmuşdur. Nəticədə, qarşı tərəfin müəyyən məbləğdə borcu yaranmışdır, hansı ki bunu tərəf öz əlyazmasında da etiraf etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh MMC tərəfindən verilmiş və qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 354.1.Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2.Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
14. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 7. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Maddə 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini ilkin iddia qismən təmin edildiyi, qarşılıqlı iddia isə təmin edilmədiyi üçün qətnamənin bir hissəsi, yəni ilkin iddianın təmin edilən, qarşılıqlı iddianın isə təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni yuxarıda qeyd edilən hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Əvvəla, mübahisələndirilən hissələrdə ilk iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, qarşılıqlı iddanın faktiki əsası (faktiki hallar) isə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissələrdə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə ilk və qarşılıqlı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan normaları nəzərdən keçirilə bilər. Lakin ilk iddia ilə bağlı iddianın faktiki halları Mülki Məcəllənin və “İcarə haqqında” Qanunun icarə və kirayə münasibətlərini tənzimləyən müddəalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik ilk iddia üzrə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından haqlı sayılır, qarşılıqlı iddia isə həmin yaxud digər normaların dispozisiya şərtləri ilə uzlaşmır, eləcə də qarşılıqlı iddia üzrə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından qarşılıqlı iddia haqlı sayıla bilməz.
23. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
24. İlk iddia ilə bağlı qeyd olunur ki, ilk iddiaçı cavabdehlə notarial qaydada təsdiq olunaraq bağlanmış icarə müqaviləsi və ona əlavə razılaşmaya əsasən öhdəliklər yerinə yetirilmədiyinə görə icarə haqqını tələb edir. İcarə haqqının məbləği və digər mühüm şərtlər müqavilələrdə razılaşdırılmışdır. Müqavilənin hansısa şərtlərini tərəflər mübahisələndirmir. İlk iddia üzrə bağlı cavabdehin mübahisələndirdiyi hal icarə haqqının ödənilməsi ilə bağlıdır. Yəni, ilk iddia üzrə cavabdeh bəyan edir ki, icarə haqqı onun tərəfindən ödənilmişdir. Şübhəsizdir ki, bəyan edilən bu halı sübut etməlidir. Başqa sözlə icarə haqqını ödədiyini sübut etmək yükü onun üzərinə düşdüyündən məhz cavabdeh bu halı sübuta yetirməlidir. Ancaq cavabdeh təmin olunan məbləğdə icarə haqqını ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim etmir. Bu cür vəziyyətdə onun gətirdiyi bu dəlil necə təsdiq oluna bilər. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də cavabdeh bu dəlilinin nə dərəcədə əhəmiyyətli və keçərli olmasını qabaqcadan özü üçün müəyyən etməli idi. Yəni, qarşılıqlı iddianın nə dərəcədə əsaslı olub-olmamasından asılı olmayaraq ilk növbədə icarə haqqının ödənilməsi təsdiq olunmalı idi. Cavabdeh icarəçi kimi icarə müqaviləsi üzrə öhdəliyini icra etmişdirsə icarəyəverəndən icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd almalı idi. Bu halda öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsas ola bilərdi. 25.Bununla yanaşı, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Digər mənada, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar formada). Bununla da tərəflər əvvəlki qeyrimüəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Məhz buna görə Mülki Məcəllənin 882-ci maddəsindəki mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici(MM.m.882.2) mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur. Borcun etirafına dair əqdə istinad edən kreditor(lar) müqavilədə göstərilən məbləğdə alacaqlarının olduğunu sübut etmək yükündən azad olurlar. Borcunu etiraf edən borclu isə mübahisə halında öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır. Demək, qarşılıqlı iddiaçı borcunu etiraf etdiyi sənədin etibarsızlığını tələb edirsə icarə müqaviləsi üzrə öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Lakin qeyd olunduğu kimi qarşılıqlı iddiaçı öhdəliyini icra etdiyini sübut edə bilmir.
26. Qarşılıqlı iddiaçı icarə müqaviləsi üzrə borcunu etiraf etməsinə dair xx.xx.2021-ci il tarixdə yazdığı sənədin(əqdin) etibarsızılığını tələb etsə də ilk növbədə həmin sənədi sərbəst və könüllü iradə ifadəsi əsasında tərtib etmədiyi sübut olunmalıdır. Qarşılıqlı iddiaçı israr edir ki, bu əqd iradə ifadəsinə uyğun olmayıb, başqa sözlə iradə ifadəsi zədəli vəziyyətdə baş verib. Səbəb kimi, iddiaçının etibarnamə üzrə nümayəndələri olan şəxslərin hədə-qorxusu və təsiri ilə məcburiyyət qarşısında yazdığını göstərir. Təsirin və hədənin xarakteri və konkret nədən ibarət olduğu işdən bəlli olur. Yəni, anbarda olan mallarına əl qoyacaqları və icarə obyektinə buraxmayacaqları üçün mallarıni itirməmək və sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün icarə haqqı üzrə borcunun olduğunu yazdığını göstərir. Qarşılıqlı iddiaçı ilk iddiaçı tərəfin ona hansı qaydada, formada və həcmdə təsir etdiyinə dair bildiyi bütün məlumatları məhkəməyə bildirmiş, lakin hansısa mötəbər(hüquq mühafizə orqanlarına şikayət etməsi və.s)sübut hesab etdiyi sənədi isə təqdim etməmişdir. İstisna etmək olmaz ki, iddiaçı tərəf icarə haqqını tələb edərkən hüquqmühafizə orqanlarına şikayət edəcəyini yaxud məhkəməyə müraciət edib icarə müqaviləsini ləğv edəcəyini bildirsin. Yəni, qarşılıqlı iddiaçı həqiqətən də icarə haqqını tam ödəmişdirsə və ya borcu qalmamışdırsa, onda niyə və nədən çəkinməli idi ki, bunun da nəticəsi olaraq məcburən bu etirafı yazmış olsun. İcarəyə verənin hansı hədələri (əslində icarə haqqının ödənilmədiyi təqdirdə şikayət ediləcəyi, məhkəməyə müraciət olunacağı, icarə müqaviləsini ləğv etdirəcəyi və.s kimi ifadələr həqiqi olsa belə bunlar real hədə kimi qiymətləndirilə bilməz və heç bir halda iradəni zədələyən faktlar kimi qəbul oluna bilməz ) qarşılıqlı iddiaçını qoxuda bilərdi? Bu ritorik sual olsa da qarşılıqlı iddiaçı iddiasını irəli sürərkən buna məhkəmə tədqiqi zamanı cavab verməyə hazır olmalı idi. Ancaq qarşılıqlı iddiaçı nəinki buna hazır olmuş, əslində obyektə buraxılmamasına görə bu əqdi bağlamağa məcbur olduğunu deməklə, iddiasının da real və tutarlı arqumentlərə söykənmədiyini biruzə vermiş olur. Ona görə də iddiaçı tərəfin bu cür sözləri istifadə etmiş olması belə onların hədə və təsir olması və qorxu yaratması ağlabatan olmamaqla yanaşı, qarşılıqlı iddiaçının iradəsini zədələməsi də qətiyyən inandırıcı və ağlabatan deyildir.
27. Qarşılıqlı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 339.1 və 339.4-cü maddəsi nəzərdə tuta bilər.Yəni, həmin maddəyə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə(zorakılıq və ya hədələmə) ona hüquq verir ki, hədənin üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin, özü də Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə bunu etmiş olsun. Ancaq qarşılıqlı iddia tələbinin faktiki əsası(faktiki hallar) da həmin maddənin şərtlərinə uyğun olmalı, yəni dispozisiya əlamətləri ilə uzlaşmalıdır. Ancaq hazırki iddia üzrə qarşılıqlı iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlmir, başqa sözlə mübahisələndirilən əqd hədələmə nəticəsində bağlanmamışdır. Hansısa əqd bağlanarkən yaxud borc etiraf edilərkən bir insanı hiss olaraq insan buna heyfislənə bilər, lakin bu cür hiss onun sərbəst və könüllü iradə ifadəsinin təzahür etməməsi kimi qiymətləndirilə bilməz və bu səbəbdən həmin əqdin sonradan etibarsız hesab edilməsini tələb etmək üçün də əsas ola bilməz. Çünki, bu cür iddianın təmin edilməsi üçün əsas olmalıdır. Əks halda mülki dövriyyənin azad və sərbəst iştirakçıları kimi iradəsi zədələnmədən bağladıqları əqdləri sonradan mübahisələndirmə zamanı qanuni əsas olmadan etibarsız sayılması mülki dövriyyəni iflic vəziyyətə salar.
28. Məhkəmə tərəfindən prosessual hüquq normalarının pozulmasına da yol verilməmişdir. Əlbətdə, qarşılıqlı iddiaçı hesab edə bilər ki, birinci instansiya məhkəməsi mübahsiəni həll edərkən sübutları tam və hərtərəfli tədqiq etməyərək araşdırmamış, onları obyektiv qiymətləndirməmiş, borcun etirafı barədə sənədi könüllü iradə ifadəsi əsasında imzalaması nəticəsinə gəlməkdə səhvə yol vermiş və öz nəticəsini qanuni sübutetmə vasitələri ilə deyil, subyektiv və formal mülahizələrlə əsaslandırmışdır. Ancaq qarşılıqlı iddiaçı bu hissədə də haqlı olmamışdır.
29. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, qarşılıqlı iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür qarşılıqlı iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, borcun etirafı və hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
30. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 3913/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3913/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.