Məhkəmə qərarları › İş №2(103)-1085/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1085/2025

05.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1085/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4665/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulazadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 3184/3187 məhəllə ev 2 mənzil 105 ünvanında yerləşən ev İddiaçı Rasul qızına məxsusdur.

2. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 2024/111/25368 nömrəli məktubdan görünür ki, 643929698, ********* və ********* nömrəli qəbzlər üzrə ödənilmiş vəsaitlər X1 istifadəsində olan 416379******5871 nömrəli plastik kart hesabına köçürülmüşdür.

3. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, 5193 manat ödəniş edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Rasul qızının Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 12500 manat ondan aldığı nağd pulun və 128 manat dövlət rüsumunun, cəmi 12628 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bundan sonra İddiaçı Rasul qızı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh qarşı pul tələbi ilə bağlı qaldırdığı iddiada təmir olunan ünvanın ünvan 1llə ev 2 mənzil 105 hesab edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, şəxsi gəliri əsasında Bakı şəhəri Binəqədi rayonu Mədən 3 küçəsi korpus 120 mənzil 14-də təmir etdirmək üçün usta Cavabdeh ilə şifahi danışıb qiymətləşərək razılaşmışlar. Həmin şəxs mənzilin təmir işlərinə başlamaq üçün ondan 12000 manat pul almışdır və işlərə başlamışdır. O, qızı (ŞV AA2787231, FİN 6BYWXZ0, xx.xx.1997) X6 vasitəsi ilə cavabdehə nəqd 5500 manat kartına köçürmüş, 6500 manat isə şəxsən pul vermişdir. Cavabdeh bir müddət sonra onun etibarından sui-istifadə edərək işləri yarımçıq qoymuş, pulunu ələ keçirib çıxıb getmişdir. Gedərkən hətta evində olan 500 manat pulu da oğurlayıb aparmışdır. İndi də telefonunu (055 675-69-31, 070 329-91-97) söndürərək qaçıb gizlənir və pulunu qaytarmaqdan imtina edir. Onun barəsində polisə şikayət etsə də, polis bu şikayətin mülki xarakterli olduğunu bildirib məhkəməyə müraciət edilməsini izah etmişdir. Evin təmirinə mütəxəssis dəvət etdirərək sərf olunmuş xərci hesablatmış, bəlli olmuşdur ki, 9980 manat pulu ələ keçirilmişdir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4665/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddianın rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 115, 119.1, 124.2, 217.4-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə xx.xx.2007-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008- ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti verərək qətnaməni ləğv edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə işi tam araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadəetmək hüququna malikdirlər. Məhkəmə bu hüquqlarını pozmaqla sübutlar təqdim edilməsinə maneçilik yaratmışdır. Məhkəmə pulun Cavabdeh tərəfindən ələ keçirilməsi xüsusatına diqqət yetirməmiş, mülkiyyət hüququnu pozaraq qanunsuz olaraq iddianı işdə olan sübutlara əhəmiyyət vermədən təmin etməmişdir. Cavabdeh 12000 manat pulu evi təmir etmək adı ilə ələ keçirib mənimsəmişdir. İşdə tutarlı sübutlar olmasına baxmayaraq məhkəmə fərqli nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində aparılmış araşdırmanın nəticəsinə dair xx.xx.2024-cü il tarixli qərarı məhkəməyə təqdim edilməsinə baxmayaraq, sistemə yerləşdirilməmiş, işə əlavə olunmamışdır. Həmin qərar apellyasiya şikayətinə əlavə edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

14. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008- ci il tarixli qərarına əsasən, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. Maddə 218.3 hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

20. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4665/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır: Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin). İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

28. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

30. Belə ki, iş materiallarında olan İddiaçı məhkəməyə təqdim etdiyi qəbzlərə əsasən pulun kim tərəfindən kimə ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Kollegiya hesab edir ki, təqdim olunan qəbzlərə əsasən pul məbləğinin iddiaçı tərəfindən cavabdeh tərəfə ödənilməsi öz təsdiqini tapmadığından həmin qəbzlər mötəbər sübut kimi qəbul oluna bilməz.

31. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

32. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı halda iddiaçı tələb etdiyi 12500 manat pul məbləğinin cavabdehə verilməsini sübut edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən həmin pulun cavabdehə verilməsi ilə bağlı birinci instansiya məhkəməsində icraat zamanı və apellyasiya icraatı zamanı mötəbər və inandırıcı sübut təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və onun nümayəndəsi və vəkili X5 məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər və mötəbər sübut təqdim etməmişlər. Halbuki, qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

33. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilmə bilməz.

34. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

35. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

36. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008- ci il tarixli qərarına əsasən, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

37. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4665/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar