Məhkəmə qərarları › İş №2(103)-10877/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10877/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10877/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 sentyabr 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə iddiaçı Şirkətin nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi (arvadı) X1, cavabdehin vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şirkəti iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək dəymiş ziyanın əvəzi olaraq 3.500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şirkət ilə (hazırki iş üzrə tərəf olmayan) X3 arasında bağlanmış PİM1900096 №-li müqaviləyə əsasən R.Sadıqov özünə məxsus və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, bina № 82-də yerləşən 42 №-li mənzili baş verə biləcək bəzi hadisələrdən, o cümlədən qonşu mənzildən onun mənzilinə suyun axıdılması hadisəsindən sığortalamışdır. Sığorta müddəti 22.05.2019-cu il tarixdən 21.05.2022-ci il tarixədək müəyyən edilmişdir. Sığorta müddətində, yəni 09.03.2020-ci il tarixdə, cavabdehə məxsus və binanın yuxarı mərtəbəsində yerləşən 55 №-li mənzilindən R.Sadıqovun mənzilinə su axmış, onun mənzilini su basmış və nəticədə mənzilin tavanı, döşəməsi, divar kağızları yarasız hala düşmüş, R.Sadıqova maddi zərər dəymişdir. Qeyd olunan hadisə ilə bağlı binanı idarə edən şəxsin nümayəndələrinin tərtib etdiyi 09.03.2020ci il tarixli arayışa əsasən, R.Sadıqovun mənzilinə suyun axıdılmasının səbəb kimi cavabdehə məxsus mənzilin su borusunun partlaması göstərilmişdir. R.Sadıqovun mənzilinə baxış keçirmiş mütəxəssislər tərəfindən müəyyən edilmişdir ki, R.Sadıqovun mənzilində yaranmış qüsurları aradan qaldırmaq üçün 5.000 manat vəsait tələb olunur. Şirkət, onunla R.Sadıqov arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq 20003 №-li, 01.05.2020-ci il tarixli “Sığorta ödənişi aktına” əsasən R.Sadıqova 3.500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh suyun axıdılmasında təqsirkar olsa da, Şirkətin çəkdiyi xərcin əvəzini Şirkətə ödəməmişdir. Bu səbəbdən də, Şirkət, hazırki iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmək və bu zaman, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alan Şirkət hesab edir ki, çəkdiyi xərclərin əvəzi cavabdeh tərəfindən ona ödənilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 07.09.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, maddi zərərin əvəzi olaraq 3.500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən iddiaçı Şirkətin xeyrinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 50 manat məbləğində pulun isə dövlət nəfinə tutulmasını qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin faktiki hallarına uyğun yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müstəqil sığorta eksperti tərəfindən tərtib olunmuş 16.03.2020-ci il tarixli qiymətləndirmə rəyində cavabdehin mənzilindən aşağı mərtəbədə yerləşən və R.Sadıqova məxsus mənzilə suyun axması nəticəsində sonuncunun mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün 5.000 manat məbləğində vəsaitin tələb olunması qeyd edilsə də, həmin rəyin özündə göstərilir ki, qiymətləndirmə, təqdim olunmuş sənədlərlə tanışlıq, obyektə vizual baxış, əmlak sahibi ilə söhbət mərhələsindən ibarət olmaqla aparılmışdır. Qiymətləndirmə qeyri-obyektiv, qərəzli və cavabdehin iştirakı olmadan, iddiaçı Şirkətin xeyrinə aparılmış, rəydə qeyd olunan məbləğlər şişirdilmişdir. İşə baxmış Rayon Məhkəməsi isə işin bu hallarını nəzərə almamışdır. Cavabdehin nümayəndəsi (arvadı) və vəkili apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. İddiaçı Şirkətinin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Şirkət ilə (hazırki iş üzrə tərəf olmayan) R.Sadıqov arasında bağlanmış PİM1900096 №-li müqavilədən görünür ki, həmin müqaviləyə əsasən R.Sadıqov özünə məxsus və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, bina № 82-də yerləşən 42 №-li mənzili baş verə biləcək bəzi hadisələrdən, o cümlədən qonşu mənzildən onun mənzilinə suyun axıdılması hadisəsindən sığortalamışdır. Sığorta müddəti 22.05.2019-cu il tarixdən 21.05.2022-ci il tarixədək müəyyən edilmişdir. İşdə olan sənədlərdən görünür və cavabdeh tərəfindən mübahisələndirilmir ki, sığorta müddətində, yəni 09.03.2020-ci il tarixdə, cavabdehə məxsus və binanın yuxarı mərtəbəsində yerləşən 55 №-li mənzilindən R.Sadıqovun mənzilinə su axmışdır. Bunun nəticəsində R.Sadıqovun mənzilini su basmış, mənzilin tavanı, döşəməsi və divar kağızları yarasız hala düşmüşdür. R.Sadıqova maddi zərər dəymişdir. R.Sadıqovun və cavabdehin yaşadıqları binanı idarə edən şəxsin nümayəndələrinin tərtib etdiyi 09.03.2020-ci il tarixli aktdan görünür və cavabdeh tərəfindən mübahisələndirilmir ki, R.Sadıqovun mənzilinə suyun axıdılmasına səbəb cavabdehə məxsus mənzilin su borusunun partlaması olmuşdur. Müstəqil qiymətləndirici ekspert tərəfindən tərtib olunmuş 16.03.2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, R.Sadıqova məxsus mənzilə suyun axması nəticəsində sonuncunun mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün 5.000 manat məbləğində pul vəsaiti tələb olunur. 01.05.2020-ci il tarixli “Sığorta ödənişi aktından” görünür ki, iddiaçı Şirkət, onunla R.Sadıqov arasında bağlanmış müqavilənin şərtlərinə əsasən R.Sadıqova 3.500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İşin hallarından görünür və cavabdeh tərəfindən cavabdeh tərəfindən mübahisələndirilmir ki, cavabdeh həmin məbləğin əvəzini iddiaçı Şirkətə ödəməmişdir. “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı Şirkət tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hazırki iş üzrə tərəflər arasında yaranmış mövcud mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həm şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə görə, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İddiaçı Şirkəti 3.500 manat sığorta ödənişi məbləğinin subroqasiya qaydasında cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdehdən iddiaçı Şirkətin xeyrinə həmin məbləğ tutulmalıdır. Cavabdeh apellyasiya şikayətində zərərin məbləğinin şişirdilmiş olduğunu bildirir. Lakin o, bu halı təsdiq edə biləcək sübutları (məsələn: qeyd edilən sahə üzrə xüsusi və ya zəruri biliyə malik olan mütəxəssisin rəyini) məhkəmələrə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu səbəbdən də Məhkəmə bu qənaətə gəlir ki, cavabdehin dəlili əsassızıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 sentyabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar