Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10890/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh və onun vəkili X2 iştirakı ilə "xxxx" MMMC-nin Cavabdeh qarşı “köməkçi otaqdan çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMMC-nin 09.03.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin X1 Reyestrində qeydiyyata alındığını, nizamnaməsində məqsədinin çoxmənzilli binanın idarə edilməsi, sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etmək olduğunun göstərildiyini, yaşayış binasının 72 mənzil mülkiyyətçilərindən 40 nəfərinin qurumun təsisçisi kimi iştiral etdiyini, Mənzil Məcəlləsinin 141.3-cü maddəsinə görə idarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarının binanın bütün sahə mülkiyyətçiləri üçün məcburilik daşıdığını, cavabdehin Bakı şəhəri, Yasamal Rayonu, Dadaş Bünyadzadə küçəsi ev 3-də yerləşən çoxmənzilli yaşayış binasının girişinin pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otaqdan qanunsuz və heç bir hüquqi əsası olmadan istifadə etdiyini bildirmiş, buna görə də onun binaya məxsus girişin pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otaqdan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv olunmasını və iddiann rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, mübahisəsi gedən sahədə "xxxx" MTK-nın sədri kimi fəaliyyət göstərdiyi, işə iştirakı olmadan baxıldığı üçün lazımi sübutları təqdim edə bilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, eyni zamanda işə kommersiya məhkəməsində baxılmalı olduğunu irəli sürərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə məhkəməyə gəlməmişdir (iddiaçı MMMC-ni təmsil etdiyini bildirməklə məhkəməyə gələn şəxs həmin MMMC-nin işçisi olduğunu təsdiq edən sənədi təqdim etmədiyindən nümayəndə qismində iştirakına icazə verilməmişdir). Məhkəmə kollegiyası cavabdehi və onun vəkilini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən "xxxx" MMMC sahə mülkiyyətçilərinin 14.09.2020-ci il tarixli təsis yığıncağının və ümumi yığıncağın 30.12.2020-ci il tarixli qərarları əsasında 09.03.2021-ci il tarixdə qeydiyyatdan keçmiş, fəaliyyət məqsədinin ünvan 1 ünvanında yerləşən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarət olduğu nəzərdə tutulmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh Bakı şəhəri, Yasamal Rayonu, Dadaş Bünyadzadə küçəsi ev 3-də yerləşən çoxmənzilli yaşayış binasının girişinin pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otaqdan heç bir hüquqi əsası olmadan istifadə etməkdədir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119-cu maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Həmin Məcəllənin 122.2.1-ci maddəsinə əsasən müştərək cəmiyyətin çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək hüququ, 122.2.2-ci maddəsinə əsasən, qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma isləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq hüququ vardır. İşin hallarından aydın olur ki, Bakı şəhəri, Yasamal Rayonu, Dadaş Bünyadzadə küçəsi ev 3-də yerləşən çoxmənzilli yaşayış binasının girişinin pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otaq heç bir qanuni əsas olmadan cavabdeh tərəfindən istifadə olunmaqdadır və birinci instansiya məhkəməsi də haqlı olaraq onun oradan çıxarılaması barədə qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya apellyatorun, işə iştirakı olmadan baxıldığı arqumentinə də münasibət bildirərək qeyd edir ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına bildiriş göndərildiyi, bildirişin “bu ünvanda yaşamır” qeydi yazılmaqla geri qaytarıldığı, bununla belə mobil telefon nömrəsinə SMS bildirişin çatdırıldığı aydın olur – cavabdehin məhkəməyə məlum olan ünvanda yaşamamasının məsuliyyəti isə məhkəməyə aid deyildir və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Mübahisənin kommersiya məhkəməsinə aid olması arqumentinə münasibətdə isə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4771/2021 saylı iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-10890/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10890/2021
18.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver