Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1090/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(006)-3675/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmuş Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsində yerləşən 96 nömrəli evin 38 saylı mənzilinin dəyərindən az qiymətləndirilməsinə görə vurulmuş maddi ziyanın əvəzi kimi 90000 manat, həmin mənzil Cavabdeh BOKT ASC tərəfindən ələ keçirilərkən mənzildə qalmış əşyaların – dəyəri 15000 manat olan Rumıniya istehsalı olan “D-10” markalı mebel dəstinin, dəyəri 600 manat olan 2 ədəd 3x4 metr ölçüdə İran xalçalarının, hərəsi 1000 manat dəyərində olan “Toshiba” və “LG” firmalarının istehsalı olan soyuducuların, 700 manat dəyərində 2 dəst yemək servisinin, dəyəri 200 manat olan 1 dəst çay servisinin, dəyəri 150 manat olan 1 dəst qəhvə servisinin, dəyəri 400 manat olan mətbəx mebelinin ələ keçirilməsi nəticəsində dəymiş ziyanın əvəzi kimi 18050 manat, həmçinin mənəvi zərərin əvəzi kimi 10000 manat pulun, cəmi 108050 manat pulun və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Cavabdeh BOKT ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia ərizəsində riyazi hesablamalarda səhvlərə yol verilmişdir). İddia tələbi belə əsaslandırılmışdır ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 3 sentyabr 2010-cu il tarixli qətnaməsinə əsasən İddiaçı 34376,73 ABŞ dolları məbləğində əsas borc, 20567 ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu, 27856,50 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 82800,23 ABŞ dolları məbləğində pulun, habelə hüquqi yardıma görə 500 manat və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASCyə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə tutma ipoteka predmeti olan iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsində yerləşən 96 nömrəli evin 38 saylı mənzilinə yönəldilmişdir. Mənzil açıq hərraca çıxarılmış, "xxxx" MMC tərəfindən dəyərindən xeyli aşağı qiymətə---64000 manata (həmin dövrün məzənnəsinə uyğun olaraq 82051 ABŞ dolları) qiymətləndirilərək hərracda "xxxx" ASC tərəfindən əldə olunmuşdur. Sonradan əldə etdiyi “X5” MMC-nin qiymətləndirmə rəyinə əsasən həmin mənzilin real dəyərinin 140000 manat olması müəyyən edilmişdir. Cavabdeh təşkilat mənzili ələ keçirdikdən sonra 13 dekabr 2014-cü il tarixdə X2 60000 manata satmışdır. İddiaçı hesab edir ki, mənzil dəyərindən xeyli aşağı qiymətə hərraca çıxarılaraq bank tərəfindən ələ keçirildiyinə görə mənzilin real dəyəri olan 140000 manat puldan "xxxx" ASC-yə ödənilməli olan 60000 manat çıxılmaqla qalan 90000 manat (?) pul cavadehdən alınıb ona ödənilməlidir. Bundan əlavə, mənzil bank tərəfindən ələ keçirilərkən orada iddia ərizəsində qeyd etdiyi dəyərli əşyalar qalmışdır ki, həmin əşyaların dəyəri olan 18050 manat pulu da cavabdehdən tələb edir. Bundan əlavə, cavabdeh təşkilatın hərəkətləri nəticəsində ona mənəvi zərər vurulmuş, həmin zərərin həcmini isə 10000 manat məbləğində dəyərləndirir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(006)- 3675/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin nümayəndəsi isə məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(006)-3675/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı dövriyyə vəsaitlərini artırmaq məqsədi ilə 12 sentyabr 2008-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən (indiki adı Cavabdeh BOKT ASC) 32 faiz dərəcəsi ilə 24 ay müddətinə qaytarmaq şərtilə 49000 ABŞ dolları məbləğində kredit götürmüş, borcun qaytarılmasının təminatı kimi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsində yerləşən 96 nömrəli evin 38 saylı mənzilini ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə bank məhkəməyə müraciət etmiş, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 3 sentyabr 2010-cu il tarixli qətnaməsinə əsasən İddiaçı 34376,73 ABŞ dolları məbləğində əsas borc, 20567 ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu, 27856,50 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 82800,23 ABŞ dolları məbləğində pulun, habelə hüquqi yardıma görə 500 manat və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə tutma ipoteka predmeti olan iddiaçının mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsində yerləşən 96 nömrəli evin 38 saylı mənzilinə yönəldilmişdir. Mənzil açıq hərraca çıxarılaraq "xxxx" MMC tərəfindən 17 mart 2011-ci il tarixli rəyə əsasən 64000 manata qiymətləndirilmiş, mənzil hərracda satılmadığına görə 40800 manata "xxxx" ASC-yə təklif olunmuş, bank tərəfindən təklif qəbul olunaraq borcun əvəzinə qəbul edilmişdir. İddiaçı hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh BOKT ASC-nin apellyasiya şikayəti təmin edilərək həmin qətnamə ləğv edilmiş və iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair işə baxılarkən “X5” MMC tərəfindən verilmiş 22 oktyabr 2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsində yerləşən 96 nömrəli evin 38 saylı mənzilinin dəyərinin 2011-ci ilin mart ayına 140000 manat, qiymətləndirmə aparılan dövrə isə 130000 manat müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsində yerləşən 96 nömrəli evin 38 saylı mənzilinin real dəyərinin hərrac keçirilən dövrdə 140000 manat olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bu barədə «X5» MMC tərəfindən verilmiş 22 oktyabr 2018-ci il tarixli qiymətləndirmə rəyini məhkəmə kollegiyası mötəbər sübut kimi qəbul etmir. İş materiallarında olan 28 aprel 2004-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı həmin mənzili 90650000 manata (AZM), yəni 18130 yeni Azərbaycan manatına almışdır. (i.v.87) Həmin mənzilin qiymətləndirilməsi barədə 17 mart 2011-ci il tarixli rəydən (i.v.70-71) və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12 dekabr 2011-ci il tarixli müqavilədən (i.v.65) görünür ki, mənzilin təmirə ehtiyacı vardır. İşin faktiki hallarından görünür ki, mənzilin qiymətləndirilməsi və hərrac 2011-ci ildə keçirilsə də, İddiaçı hərracın yekunlarını ilk dəfə bundan 7 il sonra, yəni 2018-ci ildə mübahisələndirmişdir. Bundan əlavə, İddiaçı bankın mülkiyyətinə keçmiş mənzildə ona məxsus əşyaların qalması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsinin əsaslarını müəyyən edən 21-ci maddəsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386-cı maddəsi ilə zərər vurulma öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh BOKT ASC tərəfindən ona maddi və mənəvi zərər vurulmasını sübuta yetirə bilmədiyinə görə birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(006)- 3675/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1090/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1090/2022
15.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver