Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10911/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və əmlak üzərindən həbsin götürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5622/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Suraxanı rayon İcra və probasiya Şöbəsinə qarşı “icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi və əmlak üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Suraxanı rayon İcra və Probasiya Şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11176/2019 saylı, 29.100.2019-cu il tarixli icra sənəndinin icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə göndərilməsindən ibarət hərəkətinin qanunsuz hesab edilməsi və İddiaçı məxsus “Suzuki İntruder VL 1500 BTL3” markalı, 99A109 dövlət nömrə nişanlı motosikl üzərindən həbsin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməsi qərara alınmış, həmin qərardaddan iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət 08.10.2021ci il tarixli qərardadla təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə həmin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Suraxanı Rayon Məhkəməsinin qəbul etdiyi 30 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadı və həmin qərardaddan verilmiş şikayət əsasında işə baxmış (şikayət təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin 02.07.2021-ci il tarixli qərardadında göstərilmişdir ki, motosikletin üzərinə məhdudiyyətin qoyulması barədə heç bir məhkəmə qərarı mövcud deyil və mövcud olmayan bir qərar ləğv edilə bilməz. Qeyd edilən Bakı Apellyasiya Məhkəməsinin 02.07.2021-ci il tarixli qərardadında açıq şəkildə qeyd edilmişdir ki: “...əgər şikayətdə göstərilən kimi motosikletin üzərinə məhdudiyyət əsas olmadan, yəni qanunsuz olaraq qoyulmuşdursa, onda ərizəçi həmin qanunsuz hərəkəti etmiş orqana qarşı müvafiq iddia qaldıra bilər”. Buna baxmayaraq, İddiaçı yenidən - bu dəfə iddia icraatı qaydasında məhkəməyə müraciət etmiş (hansı ki, daha əvvəl də eyni qaydada məhkəməyə müraciət etmiş və ərizəsi geri qaytarılmışdır), heç bir məhkəmə qərarı ilə üzərinə həbs qoyulmamış motosikletin üzərindən həbsin götürülməsini yenidən ümumi məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, artıq mübahisəyə nə iddia, nə də məhkəmə qərarlarının icrası qaydasında (ərizəyə bu qaydada bir dəfə baxılaraq qanuni qüvvəyə minmiş məhkəmə qərardadı çıxarılmışdır) ümumi məhkəmədə baxılması mümkün deyil. Əgər iddiaçı mülkiyyətində olan motosikletin üzərinə qanunsuz olaraq həbs qoyulduğunu hesab edirsə, bununla bağlı ilk növbədə, motosikletin üzərinə həbsi qoyan orqana müraciət edə, müraciəti yerinə yetirilməzsə, həmin orqana qarşı iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiaların məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati İcraat” haqqında Qanunun 2.0.1-ci maddəsinə, habelə həmin Qanunun tədbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli 345 nömrəli Fərmanına əsasən inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (yəni Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları), onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizəni yolverilməzliyinə görə qəbul etməkdən imtina etmişdir və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyil. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qəbul etdiyi 2(010)-5622/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-10911/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10911/2021
03.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver