Məhkəmə qərarları › İş №2(103)-1092/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1092/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1092/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh2 və «X10» MMC-yə qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 4290/2019 saylı qətnaməsindən cavabdeh «X10» MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı «xxxxxxxxxxxx» ASC cavabdehlər Cavabdeh2 və «X10» MMC-yə qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh2 və «X10» MMCdən müştərək qaydada 4350 manat məbləğində verilmiş sığorta ödənişinin, 30 manat ödənilmiş dövlət rüsumunun və 1 manat bank xərcinin əvəzinin iddiaçı «xxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «X10» MMC-yə məxsus **-PB-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Niva» markalı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixində «xxxxxxxxxxxx» ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığorta növü üzrə şığortalanmışdır. xx.xx.2018-ci il tarixində Cavabdeh2 idarə etdiyi **-PB-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Niva» markalı avtonəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi nəticəsində **-OL-*** dövlət qeydiyyat nişanlı «Kia Cadenza K7» markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. «xxxxxxxxxxxx» ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, **-OL- *** dövlət qeydiyyat nişanlı «Kia Cadenza K7» markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyan ümumi miqdarı 4350 manat məbləğində müəyyən edilmişdir. «xxxxxxxxxxxx» ASCnin xx.xx.2018-ci il tarixli şığorta aktına əsasən, dəymiş ziyana görə «xxxxxxxxxxxx» ASC tərəfindən 4350 manat məbləğində şığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün şəxsin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 4290/2019 saylı qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh «X10» MMC-dən 4350 manat məbləğində şığorta ödənişi, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 4380,40 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı «xxxxxxxxxxxx» ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Cavabdeh «X10» MMC birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, **-PB-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Niva» markalı avtonəqliyyat vasitəsinin gözətçi Cavabdeh2 tərəfindən idarə olumasına hüququnun olması, sığorta ödəninin verilməsi zamanı məlumatlandırılmaması, zərərin qiymətləndirilməsi imkanında məhrum olunması və s. kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstrəmişdir ki, sözügedən avtomobil istirahət və bayram günləri zərurət yaranan zaman idarə edilməsi «X10» MMC-nin X6 xx.xx.2018-ci il tarixli, 23 saylı əmri ilə gözətçi Cavabdeh2 həvalə edilmiş, lakin etibarnamə və ya yol vərəqi verilməmişdir. Hətta, baş vermiş yol-nəqliyyat hadisəsinə görə «X10» MMC mülki hüquqi məsuliyyət daşısa belə, iddiaçı «xxxxxxxxxxxx» ASC onları əvvəldən məlumatlandırmamış, sığorta araşdırması, eləcə də digər avtomobilə dəymiş zərərin qiymətləndirilməsində iştirakları təmin olunmamışdır. Hesab edirlər ki, dəymiş ziyanın məbləği xx.xx.2019-cu il tarixli hesabat göstərilən 4350 manat həddində ola bilməzdi, qiymətlər yüksək göstərilmişdir. Bu səbəbdən də, apellyasiya icraatı zamanı dəymiş zərərin qiymətinin obyektiv müəyyən olunması üçün müvafiq ekspertizanın təyin olunması zəruridir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq,iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki,baş vermiş yol nəqliyüyat hadisəsində «X10» MMC-nin işçisi Cavabdeh2 təqsirli bilinmiş, həmçinin sonuncunun avtomobili idarə etmək hüququ olmamışdır. xx.xx.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, **-OL-*** dövlət qeydiyyat nişanlı Kia Cadenza K7 markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqadarı 4350 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, qiymətləndirmə obyektiv aparılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki,iddia ərizəsi qismən təmin olunmuş,iddiaçı qətnaməni mübahisələndirməmişdir.Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək,hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli X3 əsasən **-PB-*** dövlət qeydiyyat nişanlı Chevrolet Niva markalı avtonəqliyyat vasitəsi «xxxxxxxxxxxx» ASC tərəfindən sığortalanmışdır. İşdə olan İnzibati tənbeh vermə haqqında TP seriyalı, ******* saylı qərardan görünür ki, Cavabdeh2 tərəfindən İXM-nin 327 və 332.1-ci maddələri ilə inzibati xəta törədilmişdir. İşdə olan zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair «xxxxxxxxxxxx» ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli hesabatdan görünür ki, **-OL-*** dövlət qeydiyyat nişanlı Kia Cadenza K7 markalı avtonəqliyyat vasitəsinə dəymiş zəririn dəyəri ümumilkdə 4350 manat müəyyən edilmişdir. İşdə olan plastik kartların təhvil-təslim aktına əsasən, xx.xx.2018-ci il tarixdə baş sığorta hadisəsi nəticəsində zərər məruz qalmış **-OL-*** dövlət qeydiyyat nişanlı Kia Cadenza K7 markalı avtonəqliyyat vasitəsi üzrə «xxxxxxxxxxxx» ASC tərəfindən 4350 manat sığorta ödənişinin alınması üçün **********714714 nömrəli plastik kart faydalanan şəxsə təhvil verilmişdir. İşdə olan Cavabdeh2 məxsus vəsiqənin surətindən görünür ki, o, «X10» MMC-nin X7 gözətçi vəzifəsində işləyir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən «X10» MMC-yə məxsus **-PB-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Niva» markalı avtomobil «xxxxxxxxxxxx» ASC tərəfindən sığortalanmışdır. Sığorta müddətində xx.xx.2018-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 idarə etdiyi **-PB-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Niva» markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində **- OL-*** dövlət qeydiyyat nişanlı «Kia Cadenza K7» markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Şamaxı rayon DYPŞ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və müəyyən olunmuşdur ki, Cavabdeh2 həmin avtonəqliyyat vasitətəsinin idarə etmək hüququ olmamışdır. Qanunun tələblərinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Vurulmuş maddi ziyanın əvəzi olaraq, 4350 manat məbləğində sığorta ödənişini plastik kart vasitəsi ilə iddiaçı tərəfindən zərərçəkən X4 verilmişdir. Odur ki, iddiaçı haqlı olaraq, cavabdeh «X10» MMC-yə münasibətdə tələb irəli sürmüşdür. Göründüyü kimi, işdə olan sübutlara əsasən Cavabdeh2 işlədiyi «X10» MMC-yə məxsus **-PB-*** dövlət qeydiyyat nişanlı, «Chevrolet Niva» markalı avtomobili xx xxxx 2018-ci il tarixdə etibarnamə olmadan idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə **-OL-*** dövlət qeydiyyat nişanlı «Kia Cadenza K7» markalı avtonəqliyyat vasitəsinə zərər dəymişdir. Cavabdeh2 törətdiyi əmələ görə səlahiyyətli orqan tərəfindən təqsirli bilinərək inzibati xəta tənbehinə cəlb olunmuşdur. Eyni zamanda, işdən görünür ki, «X10» MMC-yə məxsus **-PB-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Niva» markalı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixində iddiaçı «xxxxxxxxxxxx» ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığorta növü üzrə şığortalanmışdır. Məhkəmə kollegiyası cavabdeh «X10» MMC-nin içsinin (digər Cavabdeh2) törətdiyi deliktə (yol-nəqliyyat hadisəsi) görə mülki məsuliyyət daşıması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. MM-nin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. «İcbari sığortalar haqqında» Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinin qeydində «nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs» dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Cavabdeh «X10» MMC apellyasiya şikayətində yol-nəqliyyat hadisəsini törətmiş olan işçisi (gözətçi) Cavabdeh2 **-PB-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Niva» markalı avtonəqliyyat vasitəsini idarə etmək hüququnun olmasını göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut (etibarnamə və s.) təqdim etməmişdir. Cavabdeh «X10» MMC-nin nümayəndəsi apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına xx xxxxx 2018-ci il tarixli əmr təqdim edərək istirahət və bayram günlərində **-PB-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Niva» markalı avtonəqliyyat vasitəsinin idarə edilməsinin gözətçi işləyən Cavabdeh2 həvalə olunmasını göstərmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş həmin sübutla bağlı ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh «X10» MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etmiş və sübutlarını təqdim etmək imkanında olmuşdur. Bununla yanaşı, həmin sübut apellyasiya şikayətinə də əlavə olunmamışdır. MPM-nin 371-ci maddəsinin tələbinə görə yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təqdim etdiyi əmr özü-özlüyündə Cavabdeh2 müvafiq avtomobili idarə etmək səlahiyyətini ehtiva etmir (etibarnamə və s. təqdim olunmamışdır). Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi səlahiyyətli inzibati orqanın (Şamaxı RPŞ) xx xxxx 2018-ci il tarixli qərarından da görünür ki, Cavabdeh2 İXM-nin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətmişdir (İXM-nin 34.3-cü madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir). Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinin dispozitiv şərtinə görə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi inzibati xəta tərkibi yaradır. Göründüyü kimi, iddiaçı dəymiş maddi zərərlə bağlı ödənilmiş sığorta haqqına görə subroqasiya hüququndan istifadə edərək, cavabdehə qarşı müvafiq iddianı irəli sürməkdə sübyektiv hüquqlara malik olmuşdur. İşdə olan zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair «xxxxxxxxxxxx» ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli hesabatdan görünür ki, **-OL-*** dövlət qeydiyyat nişanlı «Kia Cadenza K7» markalı avtonəqliyyat vasitəsinə dəymiş zəririn dəyəri ümumilkdə 4350 manat müəyyən edilmişdir. Cavabdeh tərəfin mövqeyindən, həmçinin aydın olur ki, avtomobilə dəymiş zərərin məbləği mübahisələndirlir, xx.xx.2018-ci il tarixli hesabatın mötəbərliyini şübhə altına alınır. Eyni zamanda işdən görünür ki, həmin qiymətləndirmə hesabatı məhz iddiaçı təşkilatın mütəxəssisləri tərəfindən tərtib olunmuş, birinci instansiya məhkəməsi də zərərin məbləğini müəyyən edərkən xx.xx.2018-ci il tarixli hesabata əsaslanmış, lakin onun mötəbərliyini (zərərin real məbləği, orta bazar qiymətlərinə uyğunluq və s.) əlavə subutlarla yoxlamamışdır. Bu səbəbdən də, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması istiqamətində apellyasiya icraatı zamanı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə daxil olmuş ekspertiza rəyindən (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxx 2020-cu il tarixli, 9/100 nömrəli rəy) görünür ki, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı **-OL-*** dövlət qeydiyyat nişanlı «Kia Cadenza K7» markalı avtomobilin təmirbərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3867 manat müəyyən edilir. Göründüyü kimi, ekspertiza rəyi ilə müəyyən olunmuş zərər məbləği (3867 manat) iddiaçının tələb etdiyi məbləğdən (4350 manat) daha az təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərin məbləğinin obyektiv müəyyən olunmasında ekspertiza rəyi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə baxışı zamanı ekspertiza rəyinin əsaslılığına şübhə yaranmamış, tərəflər bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki,baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə cavabdehin hazırki vaxtda iddiaçıya ödəməli olduğu zərərin məbləğinin 3867 manat müəyyən edilməsi obyektiv və ədalətlidir. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə qismən ləğv olunmalıdır (apellyasiya şikayətinin dəlilləri qeyd edilən hissədə əsaslıdır), iddia qismən təmin olunmalıdır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən, yəni 3867 manat hissədə əsaslı olmuş, lakin birinci intansiya məhkəməsi işdə olan sübutları düzgün qiymətlənlirməmiş, iddianı zərər hissədə tam təmin etməkdə haqlı olmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qalan hissədə əsassızdır, iddianın tam rədd olunmasına hər hansı qanuni əsas mövcud deyildir. Çünki, cavabdeh etirazının əsası kimi istinad etdiyi digər halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı 100 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdeh «X10» MMCyə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh2 və «X10» MMC-yə qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 4290/2019 saylı qətnaməsindən cavabdeh «X10» MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4290/2019 saylı qətnaməsi «cavabdeh «X10» MMC-dən 4350 manat məbləğində şığorta ödənişinin tutularaq iddiaçı «xxxxxxxxxxxx» ASC-yə ödənilməsi» hissədə ləğv edilsin, iddia həmin hissədə qismən təmin olunsun. Cavabdeh «X10» MMC-dən 3867(üç min səkkiz yüz altmış yeddi) manat pul vəsaiti tutularaq iddiaçı «xxxxxxxxxxxx» ASC-nin xeyrinə verilsin. Qətnamə qalan hissədə apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci cavabdeh «X10» MMC-yə aid edilsin.Həmin cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100(bir yüz) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab –Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar