Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1093/2020 10.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X1 nümayəndəsi X3 cavabdeh «X4 Mərkəzi» MMC-nin nümayəndəsi X6 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)-2803/2019 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 cavabdeh «X4 Mərkəzi» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı “X4 Mərkəzi” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə keçirilmiş təkrar hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)-2803/2019 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh «X4 Mərkəzi» MMC-yə qarşı xx.xx.2019-cu il tarixdə keçirilmiş təkrar hərracın nəticələrinin ləvğ edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə bütün sübutları araşdırmamışdır. Məhkəmə qətnamədə “Birja” qəzetində hərrac barədə məlumatın dərc olunmamasını qeyd etsə də, digər kütləvi informasiya vasitələrində dərc edilməsinə dair hər hansı sübuta istinad etməmişdir. Təqdim etdikləri “Birja” qəzetində “X4 Mərkəzi” MMC tərəfindən təşkil edilmiş mübahisəyə aidiyyəti olmayan digər hərraclara dair elanların olması məhkəməyə bildirilərək qeyd edilmişdir ki, “X4 Mərkəzi” MMC, hərraclarla bağlı elanları məhz “Birja” qəzetində yayımladır. Belə olan təqdirdə mübahisələndirilən hərracın nəticələrinin ləğvinə dair elanda məhz həmin qəzetdə elanı verilməli idi. Göründüyü kimi, məhkəməyə əsaslı sübultar təqdim edilmişdir. Lakin məhkəmə sübutları əsaslı hesab etməmişdir və sübutları təgzib edəcək hər hansı bir əsaslı arqument belə göstərməyərək iddiaları təmin edilməmişdir. Hesab edir ki, keçirilmiş hərraclar ipoteka haqqında qanunun tələblərinə zidd olaraq keşirildiyindən hərracın nəticələri etibarsız hesab edilməklə ləğv edilməlidir. Göründüyü kimi “X4 Mərkəzi” MMC ipoteka haqqında qanunun tələblərinə riayət etmədən hərrac keçirtmişdir.Belə ki qanunda hərracın keçirilməsi ilə bağlı məlumatın kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirilməsi göstərilsədə qanunun qeyd etdiyi tələbi kobud şəkildə pozulmuş nə kütləvi informasiya vasitəsində nə də özünün rəsmi internet saytında hərracı təşkil edilmiş İmişli şəh, H.Əliyev pr, 1-də yerləşən “Taleh” ATSC-yə məxsusu olan 3.2414 ha torpaq sahəsi, ü/s 4477 kv.m olan qeyri-yaşayış sahəsi barədə elanlar verilməmişdir. Birja yenilikləri qəzetinin 30 avqust -12 sentyabr tarixli tirajında ümumiyyətlə “X4 Mərkəzi” MMC tərəfindən elan verilməmişdir. Qəzetin növbəti tirajı olan 06-12 sentyabr trajında isə “X4 Mərkəzi” MMC tərəfindən elanlar yerləşdirilsədə mübahisələndirdiyi hərracla bağlı elan yerləşdirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndləsi X7 bildirdi ki, “İpoteka Haqqında” Qanunun hərracın keçirilməsi ilə bağlı tələblərinin kobud şəkildə pozulması hərracın nəticələrinin ləğv edilməsini tələb edir. Hərracla bağlı kütləvi informasiya vasitələrində məlumat yayımlanmayıb. Bankın hazırda lazımi vəsaiti yoxdur və hərracdan əldə olunan pul onlara lazımdır. İpoteka predmeti olmasa da icra üsulunun dəyişməsi qaydasında hazırki əmlak satılması üçün hərrac mərkəzinə verilib. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının təqdim etdiyi “Birja” qəzetində təkrar hərrac barədə məlumatın dərc olunmaması, “İpoteka haqqında” Qanunun tələblərinə cavabdehin riayət etməməsi demək deyildir. Belə ki, “MARKET” qəzetinin xx xxxxxx 2019-cu il tarixli buraxılışının 11-ci səhifəsində təkrar hərrac barədə, yəni İmişli şəhəri, H.Əliyev prospekti, 1 yerləşən “Taleh” ATSC-yə məxsus olan 3,2414 ha torpaq sahəsi, ü/s 4477 kv.m. olan qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 5.495.800 manata satılması ilə bağlı xx.xx.2019-cu il tarixdə keçirilən ilkin hərracın baş tutmaması, təkrar hərracın xx xxxxxxxx 2019-cu ildə keçiriləcəyi, təkrar hərracda satış qiymətinin ******* AZN olması və digər məlumatlar göstərilmişdir. Kütləvi informasiya vasitələri dedikdə konkret olaraq hansısa qəzet, o cümlədən “Birja” qəzeti nəzərdə tutulmur. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməlidir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadın baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, “X4 Mərkəzi” MMC tərəfindən İmişli rayon icra və probasiya şöbəsinə, İddiaçı ASC-yə, “X13” MMC-yə və “xxxxxxxxxxxxxxx” MMC-yə göndərilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, onlara İmişli rayon İcra Şöbəsinin 14 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən İmişli şəhəri, H.Əliyev prospekti, 1 yerləşən “Taleh” ATSC-yə məxsus olan 3,2414 ha torpaq sahəsi, ü/s 4477 kv.m. olan qeyri-yaşayış sahəsinin satış qiyməti 4.671.430 manata satılması ilə bağlı xx.xx.2019-cu il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. “İpoteka Haqqında” Qanunun 42.1 -ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İpoteka Haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.[72] «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydalan pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Birinci instansiya məhkəməsi iş üzrə qənaətini belə əsaslandırmışdır ki, hərrac mərkəzi tərəfindən keçirilən təkrar hərracda Mülki Məcəllədə və «İpoteka haqqında» Qanunda müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən, həmçinin keçirilmiş təkrar hərracın qanunun tələblərinin pozulması ilə keçirilməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi əsaslı hesab edilə bilməz... İddiaçı təkrar hərracın keçirilməsi zamanı qanun pozultusuna yol verilməsini qeyd edərək “Birja” qəzetində hərrac barədə məlumatın dərc olunmamasını əsas gətirmişdir. “İpoteka haqqında” Qanunda məlumatın kütləvi informasiya vasitələrində dərc edilməsi nəzərdə tutulmuşdur. Yalnız bir qəzetdə məlumatın verilməməsi, cavabdeh tərəfindən qanunvericiliyin tələblərini pozulması halı kimi qəbul edilə bilməz. Apellyasiya isntansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası, tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, cavabdeh tərəfindən istər ilkin, istərsə də təkrar hərracın keçirilməsi barədə tələbkarın və borclunun məlumatlandırılması işin mübahisəsiz halıdır. Bunu iddiaçı da mübahisələndirmir. İşin mübahisəli halı isə cavabdehin “İpoteka Haqqında” Qanunun 42.1-ci və 43.5-ci maddələrinin tələblərinə riayət etməməsi, konkret olaraq təkrar hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirməməsi ilə bağlıdır. Əvvəla, iddiaçının təqdim etdiyi “Birja” qəzetində təkrar hərrac barədə məlumatın dərc olunmaması, “İpoteka haqqında” Qanunun tələblərinə cavabdehin riayət etməməsi kimi qiymətləndirilə bilməz. Çünki, cavabdehin nümayəndəsinin apellyasiya baxışına təqdim etdiyi “MARKET” qəzetinin xx xxxxxx 2019-cu il tarixli buraxılışının 11-ci səhifəsində təkrar hərrac barədə, yəni İmişli şəhəri, H.Əliyev prospekti, 1 yerləşən “Taleh” ATSC-yə məxsus olan 3,2414 ha torpaq sahəsi, ü/s 4477 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 5.495.800 manata satılması ilə bağlı xx.xx.2019-cu il tarixdə keçirilən ilkin hərracın baş tutmaması, təkrar hərracın xx xxxxxxxx 2019-cu ildə keçiriləcəyi, təkrar hərracda satış qiymətinin ******* AZN olması və digər məlumatlar dəqiq elan edilmişdir. “İpoteka haqqında” Qanunda kütləvi informasiya vasitələri dedikdə konkret olaraq hansısa qəzet, o cümlədən “Birja” qəzeti nəzərdə tutulmamışdır. Ona görə də iddiaçının gətirdiyi dəlillər əsaslı ola və iddianın təmin edilməsi üçün əsas ola bilməzdi. İkincisi, cavabdeh tərəfindən “MARKET” qəzetinin istər ilkin hərracla bağlı xx.xx.2019-cu il tarixli buraxılışında, istərsə də xx xxxxxx 2019-cu il tarixli buraxılışında hərraca çıxarılmış əmlak barədə elan verilməsi, istər-istəməz bu əmlakı almaq istəyən fiziki və hüquqi şəxslərin geniş dairəsinə bəlli olmuşdur. Ümumiyyətlə hər hansı bir əmlakı almaq niyyəti olan şəxslər bu xarakterli qəzetləri əldə etməkdə həmişə maraqlı olurlar. Lakin mübahisə predmeti olan əmlakla bağlı təkrar hərracın baş tutmaması və həmin əmlakın təkrar hərracda satıla bilməməsi hazırki iddianın əsaslı olmasına qətiyyən dəlalət edə bilməz. Çünki, həmin əmlakın təkrar hərraca çıxarılması ilə bağlı onsuzda kifayət qədər məlumat olmuşdur. Üçüncüsü, işdən o da görünür ki, hərraca çıxarılmış əmlak bilavasitə ipoteka qoyulmamış, ipoteka predmeti, eləcə də iddiaçı da ipoteka saxlayan olmamışdır. Yəni, həmin əmlak icra üsulunun dəyişdirilməsi nəticəsində başqa əmlakın əvəzinə hərraca çıxarılmışdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə, ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)- 2803/2019 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza Vüqar Həsənov Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1093/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1093/2020
10.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver