Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1093/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçı ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “Subroqasiya qaydasında pul tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Sığorta Şirkəti, onun tərəfindən sığortalı şəxsə ödənilmiş pulun əvəzi olaraq 797,64 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Sığorta Şirkəti ilə X1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Sığorta müqaviləsinə” əsasən sonuncuya məxsus olan “Toyota Rav 4” markalı, **-SZ-*** dövlət qeydiyyat nışanlı avtomobil xx.xx.2019-cu il tarixədək sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Ş.Mehtiyev küçəsində manevretmə qaydasını pozmuşdur. Nəticədə, onun idarə etdiyi avtomobil 2 avtomobil ilə, o cümlədən sığortalı şəxs N.Muradəliyevaya məxsus avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin araşdırma predmeti olmuş və həmin İdarə tərəfindən qəbul edilmiş TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və o, inzibati qaydada 40 manat məbləğində cərimə edilmişdir. Zərərçəkən N.Muradəliyevanın avtomobilinin zədələnməsi ilə əlaqədar iddiaçı Sığorta Şirkəti tərəfindən N.Muradəliyevaya 3.947,64 manat məbləğində sığorta ödənişi verilmişdir. Cavabdehi icbari qaydada sığorta etmiş “xxxx” ASC tərəfindən iddiaçı Sığorta Şirkətinə 3.150 manat ödəmiş, (3.947,64-3.150=) 797,64 manat məbləğində ziyan isə ödənilməmiş qalmışdır. Həmin məbləğin ödənilməsi ilə əlaqədar Sığorta Şirkəti tərəfindən Cavabdeh müraciət olunsa da, sonuncu həmin məbləği ödəməmişdir. Odur ki, göstərilənləri nəzərə alan Sığorta Şirkəti hesab edir ki, qeyd edilən məbləğ hadisəni törətmiş Cavabdeh tutularaq ona ödənilməlidir. Bu səbəbdən də, Sığorta Şirkəti hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək, iddianın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqısını ödəmək məcburiyyətində qalmışdır. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı ASC həmin qətnamədən Baki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qeyri-obyektiv araşdırma aparmış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, yol nəqliyyat hadisəsində üç avtomobil iştirak etmiş, cavabdeh iki avtomobilə ziyan vurmuşdur. Cavabdehin yarasız hala saldığı digər avtomobil, **-GT-*** dövlət qeydiyyat nişanlı, “xxxx” markalı avtomobil olmuşdur. İddiaçı Sığorta Şirkəti cəmi 5.000 manat həcmində olan sığorta məbləğini hər iki avtomobilə dəymiş ziyanın həcminə mütənasib olaraq ödəmişdir. Lakin Rayon Məhkəməsi qeyd edilən bu məsələni nəzərə almayaraq hesab etmişdir ki, cavabdehi icbari qaydada sığorta etmiş “xxxx” ASC tərəfindən cavabdehin icbari sığortasına əsasən cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsinə görə 5.000 manat ödəməli olduğu halda iddiaçı Sığorta Şirkətinə 3.150 manat ödədiyindən və iddiaçı Sığorta Şirkəti həmin məbləğ ilə razılaşaraq məbləği qəbul etdiyindən iddia rədd edilməlidir. İddiaçı Sığorta Şirkətinin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdeh apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmışdır. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, ƏN seriyalı, 957746 saylı, xx.xx.2017-ci il tarixli etibarnamədən görünür ki, “Hyundai Sonata” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir və o, həmin avtomobilin xx.xx.2027-ci il tarixədək idarə edilməsini iş üzrə iddiaçı Cavabdeh etibar edilmişdir. İş materiallarına olan icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə elektron çıxarışdan görünür ki, həmin avtomobil PAA********** saylı “İcbari Sığorta Müqaviləsi” əsasında “xxxx” ASC tərəfindən sığortalanmışdır. İşdə olan sənədlərdən görünür ki, iddiaçı Sığorta Şirkəti ilə X1 arasında xx.xx.2018ci il tarixdə bağlanmış “Sığorta müqaviləsinə” əsasən sonuncuya məxsus olan “Toyota Rav 4” markalı, **-SZ-*** dövlət qeydiyyat nışanlı avtomobil xx.xx.2019-cu il tarixədək sığortalanmışdır. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2019-ci il tarixli, ******* nömrəli “İnzibati xəta haqqında protokoldan”, həmin tarixli ******* nömrəli “İnzibati xəta haqqında qərarından” və işdə olan digər sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Ş.Mehtiyev küçəsində manevretmə qaydasını pozmuşdur. Nəticədə, onun idarə etdiyi avtomobil 2 avtomobil ilə, o cümlədən sığortalı şəxs N.Muradəliyevaya məxsus avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin araşdırma predmeti olmuş və həmin İdarə tərəfindən qəbul edilmiş qərarla Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və inzibati qaydada 40 manat məbləğində cərimə edilmişdir. “xxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş “Qiymətləndirmə aktından” görünür ki, N.Muradəliyevaya məxsus olan “Toyota Rav 4” markalı, **-SZ-*** dövlət qeydiyyat nışanlı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 4.047,64 manat pul vəsaiti tələb olunur. xx.xx.2019-cu il tarixli, 062896 nömrəli “Sığorta aktından” görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş və N.Muradəliyevaya məxsus olan “Toyota Rav 4” markalı, **-SZ-*** dövlət qeydiyyat nışanlı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 4.047,64 manat pul vəsaiti tələb olunur, sığorta ödənişin məbləği isə 3.947,64 manat təşkil edir. Həmin məbləğ N.Muradəliyevaya ödənilmişdir. İddiaçı Sığorta Şirkəti tərəfindən cavabdehə ünvanlamış xx.xx.2019-cu il tarixli məktubundan, işdə olan sənədlərdən və iddiaçı Sığorta Şirkətinin nümayəndəsinin izahatından müəyyən edilir ki, Cavabdeh icbari qaydada sığorta etmiş “xxxx” ASC tərəfindən iddiaçı Sığorta Şirkətinə 3.150 manat məbləğində ödəniş edilmişdir. (3.947,64- 3.150=) 797,64 manat məbləğində ziyan isə ödənilməmiş qalmışdır. Həmin məbləğin ödənilməsi ilə əlaqədar Sığorta Şirkəti tərəfindən Cavabdeh müraciət olunsa da, sonuncu həmin məbləği ödəməmişdir. “xxxx” görünür ki, Sığorta Şirkəti hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək, iddianın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Rüsumun ödənilməsinə görə Sığorta Şirkətindən bank xidmətinə görə 0,40 manat pul tutulmuşdur. Beləliklə qeyd edilənlərə əsasən işin mübahisəsiz halları kimi müəyyən olunur ki, cavabdehin təqsiri üzündən xx.xx.2019-cu il tarixdə sığorta hadisəsi baş vermiş, iddiaçı Sığorta Şirkəti tərəfindən sığortalanmış (iş üzrə tərəf olmayan) Nərgiz Muradəliyevaya məxsus olan avtomobil həmin hadisə nəticəsində istismara yarasız vəziyyətə düşmüş, bununla da, N.Muradəliyevaya maddi zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti onunla N.Muradəliyeva arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Sığorta müqaviləsinə” əsasən sonuncuya 3.947,64 manat məbləğində sığorta ödənişi vermişdir. Cavabdehi icbari qaydada sığorta etmiş (iş üzrə tərəf olmayan) “xxxx” ASC tərəfindən iddiaçı Sığorta Şirkətinə 3.150 manat ödəmiş, (3.947,64-3.150=) 797,64 manat məbləğində ziyan isə ödənilməmiş qalmışdır. Həmin məbləğin ödənilməsi ilə əlaqədar Sığorta Şirkəti tərəfindən Cavabdeh müraciət olunsa da, sonuncu həmin məbləği ödəməmişdir. Hazırda iddiaçı Sığorta Şirkəti qanunda nəzərdə tutulmuş subroqasiya hüququndan istifadə edərək 797,64 manatı cavabdehdən onun xeyrinə tutulması xahiş edir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəlləsinin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məcəllənin 884.3-cü maddəsinə görə, sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Məcəllənin 897.4-cü maddəsinə görə, icbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinə görə, sığortalının, təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğindədir. İddiaçı Sığorta Şirkətinin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddia ərizəsində qeyd edilən yol-nəqliyyat hadisəsində üç avtomobil iştirak etmiş, cavabdeh iki avtomobilə ziyan vurmuşdur. Cavabdehin yarasız hala saldığı digər avtomobil, **-GT-*** dövlət qeydiyyat nişanlı, “xxxx” markalı avtomobil olmuşdur. İddiaçı Sığorta Şirkəti cəmi 5.000 manat həcmində olan sığorta məbləğini hər iki avtomobilə dəymiş ziyanın həcminə mütənasib olaraq ödəmişdir. Lakin Rayon Məhkəməsi qeyd edilən bu məsələni nəzərə almayaraq hesab etmişdir ki, cavabdehi icbari qaydada sığorta etmiş “xxxx” ASC tərəfindən cavabdehin icbari sığortasına əsasən cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsinə görə 5.000 manat ödəməli olduğu halda iddiaçı Sığorta Şirkətinə 3.150 manat ödədiyindən və iddiaçı Sığorta Şirkəti həmin məbləğ ilə razılaşaraq məbləği qəbul etdiyindən iddia rədd edilməlidir. Məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, işdə olan “Yolnəqliyyat hadisəsinin sxemindən” görünür ki, yol nəqliyyat hadisəsində üç avtomobil iştirak etmişdir. Belə ki, hadisənin sxemi və baş vermə vəziyyəti haqqında protokoldan görünür ki, **-EF-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobil piyadaya yol verən (hazırki iş üzrə tərəf olmayan) Vüsal Qarabağlıya məxsus birinci “xxxx” markalı **- GT-*** dövlət qeydiyyat nişanlı avtomobilə, sonuncu isə onun qarşısında olan ikinci, yəni (hazırki iş üzrə tərəf olmayan) Nigar Muradəliyevaya məxsus “Toyota Rav4” markalı, **- SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuşdur (iş v. 21). Bundan başqa, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Vüsal Qarabağlının da izahatı alınmışdır (iş v. 25). Lakin qeyd edilən bu sənədlər işə baxmış Rayon Məhkəməsinin diqqətindən yayınmışdır. Apellyasiya baxışı zamanı iddiaçı Sığorta Şirkətinin nümayəndəsi tərəfindən Məhkəməyə təqdim edilmiş, “xxxx” ASC-nin iddiaçı Sığorta Şirkətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə Ş.Mehdiyev küçəsində baş vermiş hadisə ilə bağlı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə PAA********** saylı şəhadətnamə ilə “xxxx” ASCdə sığortalanmış “Hyundai Sonata” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin “xxxx” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə xx.xx.2019-cu il tarixli, 19-01414/02/AA-904/19 saylı sığorta aktı üzrə 1.750 manat məbləğində sığorta ödənişi, “Toyota RAV 4” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə xx.xx.2019-cu il tarixli, 19-02534/03/AA-904/19H saylı sığorta aktı üzrə 3.150 manat məbləğində sığorta ödənişi və könüllü sığorta növü üzrə azadolma məbləğinə görə 100 manat məbləğində olan ödənişi “xxxx” ASC tərəfindən həyata keçirilmişdir. İstər qeyd edilən bu məktubdan, istər Rayon Məhkəməsinə təqdim edilmiş yuxarıda qeyd edilən sənədlərdən müəyyən edilir ki, cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi zamanı iş üzrə tərəf olmayan 2 şəxsə - N.Muradəliyeva və V.Qarabağlıya məxsus avtomobillərə ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti də cəmi 5.000 manat həcmində olan sığorta məbləğini hər iki avtomobilə dəymiş ziyanın həcminə mütənasib olaraq ödəmişdir. Cavabdehi icbari qaydada sığorta etmiş “xxxx” ASC tərəfindən isə cavabdehin icbari sığortasına əsasən cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsinə görə iddiaçı Sığorta Şirkəti tərəfindən sığortalanmış N.Muradəliyeva ödənilmiş sığorta ödənişinə görə iddiaçı Sığorta Şirkətinə 3.150 manat ödəmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, “xxxx” ASC qanunla ödəməli olduğu sığorta məbləğini tam həyata keçirmişdir, 797,64 manat məbləğin də, “xxxx” ASC-dən tələb edilməsi əsassızdır və həmin məbləği cavabdehdən tələb etmək üçün iddiaçı Sığorta Şirkətinin subroqasiya hüququ yaranmışdır. Subroqasiya hüququnun qanunvericilikdə təsbit olunmasının məqsədi onunla bağlıdır ki, başqasının əmlakına zərər vurulmasında təqsiri olan şəxslər maddi məsuliyyətdən kənarda qalmasın. Lakin Rayon Məhkəməsinin mövqeyi ilə N.Muradəliyevanın avtomobilinə təqsirli olaraq zərər vurmuş cavabdehin maddi məsuliyyəti yaranmamışdır. Məhkəmə isə Mülki Məcəllənin 936.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, N.Muradəliyevaya zərər vurulmasında bilavasitə təqsiri olan şəxs Cavabdeh olduğundan onun maddi məsuliyyəti yaranmışdır. Odur ki, iddiaçı Sığorta Şirkətinin subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququ reallaşdırılmalı və iddiaçı Sığorta Şirkəti tərəfindən dəymiş ziyana görə ödənilmiş 797,64 manat cavabdehdən tutularaq iddiaçı Sığorta Şirkətinə ödənilməlidir. Beləliklə göstərilənləri nəzərə alan Məhkəmə MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiası təmin edilsin. Dəymiş ziyanın əvəzi olaraq 797 (yeddi yüz doxsan yeddi) manat 64 (altmış dörd) qəpik, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat 40 (qırx) qəpik, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-1093/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1093/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver