Məhkəmə qərarları › İş №2(103)-10933/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10933/2021

30.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10933/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(006)-1256/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qız Cavabdeh MMC-yə qarşı “müqavilənin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin kommunal ödənişi ilə bağlı məbləğin yaşayış sahəsinin hər kv.metrinə görə 30 qəpik hesabi ilə hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(006)- 1256/2021 saylı qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia təmin edilməmişdir. İddiaçı qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, məhkəmə tərəfindən qətnamənin əsaslandırıcı hissəsində iddiaçının müqaviləni dəyişdirmək barədə cavabdehə müraciət etmədiyi göstərilsə də, nəticə hissəsində iddianın rədd olunması, halbuki, pretenziya qaydasına riayət olunmadığı halda işə mahiyyəti üzrə baxılmayaraq, MPM-in 259-260-ci maddələrinin tələblərinə əsasən ərizənin baxılmamış saxlanılmalı olması, qeyd olunan qətnamənin iddiaçını eyni iddia tələbi ilə yenidən məhkəməyə mürcaiət etmək hüququndan məhrum etməsi və s. kimi əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili, apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun eyni məzmunda izahat vermiş, həmçinin bildirmişdir ki, tərəflər arasında kommunal xidmət haqlarının ödənilməsi ilə bağlı müqavilə mövcud olmuş, lakin qarşı tərəf sakinlərin müraciətlərini nəzərə almayaraq ödənişlərin məbləğini istədiyi kimi müəyyən etmişdir. İddiaçı birinci intansiya məhkəməsində vəkillə təmsil olunmadığından iddia ərizəsini prosessual qaydalara riayət etmədən vermişdir. Pretenziya qaydasına riayət etməklə, imtina olunacağı halda yenidən iddia ilə müraciət etmək niyyətindətik. Odur ki, qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul ediməsini xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, məruzəni, iddiaçının vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə ləğv olunmalı, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizənin məzmunundan belə aydın olur ki, tərəflər kommunal xidmətlərə dair müqavilə münasibətlərində olmuş və aralarındakı razılaşmaya əsasən cavabdeh iddiaçının mənzilinə müəyyən kommunal xidmətlər göstərməyi, iddiaçı isə əvəzində müvafiq haqq ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı hazırkı iddia ərizəsi ilə cavabdehlə aralarındakı müqavilənin kommunal xidmət haqqının hesablanması qaydaları ilə bağlı şərtlərinin onun üçün əlverişsiz olduğunu bildirərək, dəyişdirilməsini tələb edir. Kollegiya, vurğulayır ki, qanunverici mülki hüquq subyektləri arasında qüvvədə olan müqavilələrin dəyişdirilməsinin, o cümlədən ləğv edilməsinin xüsusi qaydasını müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 421.1-ci və 421.2-ci maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-ci və 423.2-ci maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, tərəflər arasında rmüqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı razılaşma olmadıqda müqavilə bir tərəfin tələbi ilə yalnız qanunla müəyyən edilmiş pretenziya qaydasına riayət olunmaqla (müqaviləni dəyişdirmək təklifindən digər tərəfin imtinasını almaqla) məhkəmə qaydasında dəyişdirilə və ya ləğv edilə bilər. Baxılan işdən isə görünür ki, iddiaçı qeyd olunan qaydaya riayət etmədən, yəni müqavilənin dəyişdirilməsi təklifi ilə cavabdehə müraciət etmədən birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (apellyasiya şikayətinin məzmunundan və iddiaçının vəkilinin izhatından görünür ki, iddiaçı bu halı mübahisələndirmir). Belə olan halda isə MPM-in 259.0.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanılmalıdır. Həmin maddəyə görə, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 saylı qərarında göstərilmişdir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Birinci instansiya məhkəməsi isə eyni mövqedən (iddiaçının müqaviləni dəyişdirmək barədə cavabdehin imtinasını almaması) çıxış etsə də, prosessual nomaların tələblərini kobud şəkildə pozaraq işə mahiyyəti üzrə baxmış və iddianı qeyd olunan əsasla rədd etmişdir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.8-ci və 387.3-cü maddələrinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. MPM-in 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(006)-1256/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(006)- 1256/2021 saylı qətnaməsi ləğv edilsin, iddia baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar