Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10935/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3163/2021 saylı iş üzrə qəbul etdiyi 24 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyana 100.000 (bir yüz min) manat, mənəvi zərərə görə 150.000 (bir yüz əlli min) manat məbləğində - cəmi 250.000 (iki yüz əlli min) manat məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən 02 avqust 2019-cu il tarixdə saat 12:30 radələrində ünvan 1 ünvanın yaxınlığında X8 idarə etdiyi «Opel» markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı metropoliteninin Neftçilər Stansiyası istiqamətindən Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Ştutqart” avtomobil ehtiyat hissələri mağazasının yaxınlığında olan yolda qarşı istiqamətdə hərəkətdə olan Babaşov Şəfayət Məmməd oğlunun idarə etdiyi “Honda CRV” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol tərəfindən vurub toqquşaraq Bakı metropolitenin Neftçilər Stansiyası istiqamətində hərəkətdə olan iddiaçının idarə etdiyi "xxxx" MMC-nin adına qeydiyyata alınmış 49 nömrəli marşrut xətti üzrə işləyən «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusun hərəkət istiqamətinə çıxaraq toqquşması nəticəsində «Opel» markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisə yerində ölməsi faktına görə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 1(008)-441/2019 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 218 (iki yüz on səkkiz) manat İddiaçı tutulub X2 köçürülməsi, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılması hökm edilmişdir. İbtidai istintaq zamanı verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən İddiaçı 02 avqust 2019-cu il tarixdə, saat 12-30-da X3 adına qeydiyyata alınmış 49 nömrəli marşrut xətti üzrə işləyən «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsi ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini pozaraq sərnişinləri yalnız nəqliyyat vasitəsini tam dayandırdıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalı olduğu halda bu tələblərə əməl etməyərək, «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusu qapısı açıq vəziyyətdə idarə etməklə Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində yerləşən «Ştutqart» avtomobil ehtiyat hissələri mağazasının yaxınlığında olan yolda qarşı istiqamətdə hərəkətdə olan X6 idarə etdiyi «Opel» markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində onun ehtiyatsızlığından idarə etdiyi avtobusun bağlanmamış qabaq qapısından çölə yıxılmış sərnişin X1 diz oynağında medial menskin arxa buynuzunun yırtığı, təpə-ənsə nahiyəsinin dərialtı hematoması və sağ diz oynağı nahiyəsinin qançırı xəsarətləri yetirilməklə zərərçəkmiş Əfsanə Əliyevanın sağlamlığına, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət vurulmuşdur. İddiaçı təqsirləndirilən şəxs qismində Azərbaycan Respublikası CM-in 263.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişəm və ifadəsində təxminən 18 il avtobus idarə etdiyini, BD kateqoriyalı sürücülük vəsiqəsinin olduğunu qeyd etmişdir. O il yarım olar ki, "xxxx" MMC-də sürücü işləmiş, həmin MMC-də hazırda sürücü işləməyi ilə bağlı 49 saylı marşurut xətti üzrə fiziki şəxs X3 adına qeydiyyata alınmış «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusu yol vərəqəsi əsasında idarə etdiyini göstərmişdir.02 avqust 2019-cu il tarixdə saat təxminən 11-15 radələrində texniki cəhətdən saz vəziyyətdə olan içərisində təmişin olan «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtomobusla Bakı şəhəri Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsi ilə Bakıxanov qəsəbəsi istiqamətindən üzü Bakı metropolitenin «Neftçilər» stansiyası istiqamətində saatda 40 km. surətlə hərəkət edərkən qarşıda hərəkət etdiyi istiqamətdə yüksək surətlə bərəkət edən «Opel» markalı ** DJ *** dövlət nömrə nişanlı avtomobilin onun bərəkət istiqamətimə girməsini gördükdə o həmin avtomobillə toquşmamaq üçün aarə etdiyi avtobusa tormozlama edib yolun sağ tərəfmə çəksəm də həmin avtomobil onun idarə etdiyim avtobusun qabaq sol tərəfindən vuraraq toqquşması nətiəsindən üzü aşağı Bakıxanov qəsəbəsi istiqamətindən üzü metronun Neftçilər» stansiyası istiqamətində öz yolunda da dayanmışdır. Hadisə nəticəsində avtobusda xəsarət alan sərnişinlərə köməklik göstərmiş və hadisə yerinə təcili tibbi yardım çağırmışdır. Sonradan hadisə yerinə təcili yardım avtomaşınları gəlmişlər. «Opel» markalı ** DJ *** dövlət nömrə nişanlı avtomobil onun idarə etdiymi avtobusla toqquşmazdan əvvəl eyni zamanda «Honda CRV» markalı ** GA *** nömrə nişanlı avtomobili arxa sol təkərindən və qanadından vuraraq toqquşmuşdur. İdarə etdiyi avtobusla «Opel» markalı ** DJ *** dövlət nömrə nişanlı avtomobillə toqquşmağı ani vaxt ərzində baş vermişdir. Avtobusun qapısı bağlı olduğundan zərərçəkmiş şəxsin verdiyi ifadələr həqiqəti əks etdirmir. Bakı Apellyasiya Məhkəməsinin 18.03.2020-ci il tarixli 1(103) 258/2020 saylı hökmü ilə məhkum və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən və mülki cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-in 263.1 -ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1 (008)-441/2019 nömrəli, 24 dekabr 2019-cu il tarixli hökmü ləğv edilmiş, onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsinə aidiyyəti olmadığından təqsirsiz hesab edilməsi, ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə bəraət verilməsi, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməsi, təqsirləndirilən şəxs cismində cəlb edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilməsi, zərərçəkmiş şəxs X4 mülki iddia tələbi təmin edilməməsi qərara alınmışdır. Məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapmamışdır. Onun göstərilən cinayət əməlinin törədilməsində təqsirinin olmaması məhkəmə baxışında özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş çoxsaylı digər sənədlərlə kifayət qədər sübuta etirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 1(102)-302/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 18.03.2020-ci il tarixli 1(103)-258/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə cinayət prosesini həyata keçirən orqanlar ona qarşı əsassız cinayət işi qaldırmış, sübutlar saxtalaşdırılmış, Əsassız yerə məhkum olunması onun mənəviyyatına toxunmuş, eyni zamanda işsiz qalıb ağır maddi vəziyyətə düşmüşdür. Bu əsassız ittihamlar nəticəsində özü və ailəsi prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində mənəvi əzab və sarsıntılara məruz qalmış və psixikası pozulmuşdur. Eyni zamanda, məhkum olunmağı onu tanıyanların ona münasibətini dəyişmiş və ona qarşı mənfi rəy formalaşmışdır. Bu hadisədən sonra digər xərclər də çəkmişdir. Hadisədən əvvəl o avtobus sürücüsü kimi aylıq 3000 (üç min) manat gəlirim var idi, mən həmin puldan kirayə və kommunal xərcləri ödəyib qalan pulla 9 nəfər ailə üzvlərimi dolandırırdım. Lakin 02 avqust 2019-cu ildə olan hadisə onu və ailəsini çətinliklərə, borclanmağa məcbur etmişdir. Onun sürücülük vəsiqəsi istintaq orqanında qaldığı üçün ona yol vərəqəsi yazılmamış və o işimi itirmişdir. 02 avqust 2019-cu ildən bu 1 may 2020-ci ilədək 9 ay ərzində 27.000 (iyirmi yeddi min) manat gəlirdən məhrum edilmişdir. Bu aylar ərzində o və ailəsi stress keçirtmiş, 100.000 (yüz min) manatdan cox ziyan dəymişdir. Bundan başqa işsiz qaldığı ücün “FİNKA” Azərbaycan kredit təşkilatına olan 652 (altı yüz əlli iki) manat və 423 (dörd yüz iyirmi üç) manat pulu ödəyə bilməmişdir. Apellyasiya Məhkəməsi bəraət hökmü verdikdən sonra 2020-ci ilin mayın 1-dən o işlə təmin olunmuş, həmin müddətədək işsiz və gəlirsiz qalmışdır. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona küllü miqdarda ziyan dəymişdir. Cinayət prosesini həyata keçirən orqanların bu hərəkətləri nəticəsində onun hüquqları pozulmuş, ona maddi zərər dəymiş, mənəvi istirablar çəkmi, işgüzar nüfuzuna xələl gətirilmişdir. Ona dəymiş maddi, fiziki və mənəvi ziyan cinayət prosesi həyata keçirən orqanlar tərəfindən ödənilməlidir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində o əsas gəlir mənbəyi olan iş yerindən məhrum olmuşdur. Bu müddətdə mənəvi sarsıntı keçirmiş, depresiyaya düşmüş, bu isə öz növbəsində onun səhhətinə mənfi təsir göstərmişdir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3163/2021 saylı iş üzrə qəbul etdiyi 24 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilmsi, Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 2000 (iki min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırmış, həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsi cəmi 2000 (iki min) manat mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul etmişdir, lakin qətnaməsini əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən ona dəymiş mənəvi zərərin əvəzi kimi yazılan 2000 (iki min) manat məbləğ çox aşağıdır. Həmin məbləğ onun bu zaman keçirtdiyi mənəvi sarsıntının dəyərindən qat-qat aşağıdır. Məhkəmə maddi zərərin ödənilməsi hissəsini də təmin etməməklə səhv nəticəyə gəlmişdir, cünki ona bu müddət ərzində dəymiş maddi zərər açıq-aydındır, işsiz qalmışdır. İş materialları ilə tam təsdiq olunur ki, cinayət prosesini həyata keçirən orqanlar ona qarşı əsassız cinayət işi qaldırmış, sübutlar saxtalaşdırılmışdır. Əsassız yerə məhkum olunması onun mənəviyyatına toxunmuşdur, eyni zamanda işsiz qalıb ağır maddi vəziyyətinə düşmüşdür. Bu əsassız ittihamlar nəticəsində özü və ailəsi prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində mənəvi əzab və sarsıntılara məruz qalmışlar, psixikaı pozulmuşdur. Eyni zamanda, məhkum olunmağı onu tanıyanların münasibətini dəyişmiş və ona qarşı mənfi rəy formalaşmışdır. Bu hadisədən sonra digər xərclər də çəkmişdir. Cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində əsas gəlir mənbəyi olan iş yerindən məhrum olmuş, bu müddətdə ailəsi dolanmaq üçün qohumlarımdan küllü miqdarda borc pul götürmüşlər. Xüsusi olaraq qeyd edir ki, bu müddətdə mənəvi sarsıntı keçirmiş, depresiyaya düşmüş, bu isə öz növbəsində onun səhhətinə pis təsir göstərmişdir. Qeyd olunan qətnamədən həmçinin cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə istinad edərək iddiaçıya dəymiş zərərin dövlət büdcəsi hesabına ödənilməsi qərarına gəlmişdir. Halbuki, həmin maddənin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Digər tərəfdən Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən isə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Məhkəmə qətnamənin əsaslandırma hissəsində qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində iddiaçının mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərdən bəhs etsə də, iddiaçı tərəfindən məhkəməyə belə dəlillər təqdim edilməmişdir. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 2000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 2000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, o, hadisə baş verdiyi gündən işə buraxılmamış, lakin sonradan, yəni 01 may 2020-ci ildən işlə təmin olunmuşdur. İşlədiyi şirkətdə onun aylıq əmək haqqının 250 manat olması göstərilsə də, növbəli iş rejimi olmuş və evdə qaldığı günlərdə də əlavə işlə məşğul olmuşdur. Həmçinin sürücülük vəsiqəsinin əlindən alınması onun işlə təmin olunmasının qarşısını almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Ağsu RPŞ tərəfindən verilmiş 16.02.2018-ci il tarixli, AZE №******** saylı, şəxsiyyət vəsiqəsinin surətindən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 dekbar 2019cu il tarixli 1(008)- 441/2019 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadllıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-258/2020 saylı, 18.03.2020-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 dekbar 2019-cu il tarixli 1(008)-441/2019 saylı hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində aidiyyəti olmadığından təqsirsiz hesab edilərək, ona həmin Məcəllənin 263.1-ci maddəsi ilə bəraət verilmiş, ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 fevral 2021 ci il tarixli 1(102)-302/2021 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 18.03.2020-ci il ttrixli 1(103)-258/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası ilk olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsini zəruri hesab edir. İşin faktiki hallarından göründüyü kimi İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-258/2020 saylı, 18.03.2020-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikası CMin 263.1-ci maddəsi ilə cinayətin törədilməsində aidiyyəti olmaması əsası ilə bəraət verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddələrinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Həmin Məcəllənin 58.1 və 58.2-ci maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Qanunun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1101.2-ci madəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin hökmü ilə iddiaçının barəsində olan cinayət işi üzrə ona bəraət verildiyindən qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına uyğun olaraq onun hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Bu halda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi sonuncuya qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamtlərindən biridir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin - iddiaçıya vurulmuş maddi ziyanla bağlı hissəsində hesab etmişdir ki, iddiaçı ona 100.000 manat ziyanın vurulduğunu bildirsə də, qeyd olunan iddia tələbini əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də İddiaçı iddia tələbi vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri maddi ziyanın tutulması hissəsində qismən əsaslı olmuşdur. Belə ki, işin faktiki hallarından eləcə də cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktlarından görünür ki, İddiaçı 02 avqust 2019-cu il tarixdə, saat 12- 30-da X3 adına qeydiyyata alınmış 49 nömrəli marşrut xətti üzrə işləyən «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusu idarə etmişdir. İddiaçının maddi ziyanlar bağlı dəlilləri də ondan ibarət olmuşdur ki, təxminən 18 il avtobus idarə etmiş və BD kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur həmçinin il yarım olar ki, "xxxx" MMC-də sürücü işləmiş, həmin MMC-də hazırda sürücü işləməyi ilə bağlı 49 saylı marşurut xətti üzrə fiziki şəxs X3 adına qeydiyyata alınmış «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusu yol vərəqəsi əsasında idarə etmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının həmin dəlillərinə münasibətdə hər hansı araşdırma aparmadan iddia tələbini həmin hissədə bütövlükdə rədd etməklə düzgün nəticəyə gəlməmişdir. İddiaçının qeyd olunan dəlillərinə qiymət verilməsi məqsədi ilə "xxxx" MMC-yə iddiaçının həmin MMC-də işləyib işləməməsi barədə məlumatın, işlədiyi halda "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqavilənin müvafiq qaydada təsdiq edilmiş surətnin, işlədiyi dövrdə aldığı əmək haqqı barədə məlumatın və bununla bağlı müvafiq qaydada təsdiq edilmiş sənədlərin təqdim edilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin təqdim edilmiş sənədlərdən görünür ki, MMC-ilə İddiaçı arasında 02 dekabr 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmaqla İddiaçı sürücü vəzifəsinə qəbul edilmişdir və aylıq əmək haqqı 250 manat olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 02 avqust 2019-cu il tarixdən 01 may 2020-ci il tarixə qədər olan dövr üçün yəni 9 ay müddətinə olmaqla iddiaçının aylıq əmək haqqı olan 250 manat (9 ay x 250 manat= 2250 manat) hesablanmaqla iddiaçıya dəymiş maddi ziyan tutulmalıdır. İddia tələbinin maddi ziyanın qalan hissəsi ilə bağlı qalan hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin hissələrdə iddia tələbi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və iddiaçının apellyasiya şikayəti qeyd olunan hissədə əsassız olmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), ha-be-lə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı müəyyən müddət ərzində polis orqanlarında və müxtəlif instansiya məhkəmələrində cinayət təqibinə məruz qalması zamanı əsəb və stress keçirməsi, mənəvi iztirablara məruz qalması nəticəsində ona mənəvi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir və birinci instansiya məhkəməsinin mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 2000 (iki min) manat həcmində təmin olunması barədə gəldiyi nəticəədalətli olmaqla işin faktiki hallarına uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlididir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin maddi ziyanın tam rədd edilməsi hissəsində ləğv edilməklə həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli və 2250 manat maddi ziyan cavabdehdən iddiaçının xeyrinə verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə T E T D İ: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3163/2021 saylı iş üzrə qəbul etdiyi 24 may 2021-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən maddi ziyanın tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 2250 (iki min iki yüz əlli) manat məbləğində maddi zərərin əvəzi ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-10935/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10935/2021
15.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver