Məhkəmə qərarları › İş №2(103)-1097/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1097/2023

30.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1097/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:əmlakın naturada bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı «əmlaka olan payın naturada ayrılması tələbi»nə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(010)-1873/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən ev nənəsi X8 miras qalmışdır. Nənəsinin 4 övladı olmuşdur, X4 (onun atası), X12 (Cavabdeh1 əri və Cavabdeh2 atası), X5 və ərinin soyadı ilə X2. Nənəsinin həyat yoldaşı olmuş X9 1943-cü ildə vəfat etmişdir, nənəsi - X19 1972-ci ildə vəfat etmişdir. Onların övladları X17 1987-ci ildə, X4 1997-ci ildə, X12 1995-ci ildə, X13 1993- cü ildə vəfat etmişlər. Nənəsindən miras qalmış əmlakı - ünvan 1-nı miras əmlak kimi faktiki olaraq X1 vərəsələri o, yəni, İddiaçı (oğlu) və anası (arvadı) Elmira Mirzəyeva və X7 vərəsələri olan arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 qəbul etmişlər. O, bildirdi ki, nənəsindən miras qalmış əmlakla bağlı 2021-ci ildə 34 saylı notariat ofisinə müraciət etmişlər və miras pay aşağıdakı kimi müəyyən olunmuşdur: X1 vərəsəsi kimi 2/4 pay onun (anası Nağıyeva Elmira da öz payından onun xeyrinə imtina etmişdir), X7 vərəsəsi kimi ¼ pay arvadı Cavabdeh1 müəyyən edilmiş və qalan 1/4 pay açıq qalmış, belə ki, X12 mirası faktiki qəbul edərək miras əmlakda yaşamasına baxmayaraq bu hüququnu rəsmiləşdirməkdən imtina etmişdir. Həmin miras paya notarius tərəfindən verilmiş şəhadətnaməni Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etdikdən sonra onlara elektron qaydada xx.xx.2021-ci il tarixli Çıxarış verilmiş, həmin çıxarışa əsasən Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmir Nizaməddin küçəsi, ev 16 ünvanında yerləşən ev paylı mülkiyyət hüququ üzrə 2/4 hissəsi onun adına, 1/4 hissə Cavabdeh1 adına qeydiyyatdan keçirilmişdir. Mənzilə dair digər 1/4 hissə pay (hüquq sahibinin adı X19, faktiki Cavabdeh2 istifadəsindədir) açıq saxlanılmışdır. Həmin payı Cavabdeh2 (nənəsinin oğlu Mirzəyev Sabirin övladı) faktiki qəbul etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı «əmlaka olan payın naturada ayrılması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumilikdə 193,50 kv.m. ölçüdə olan evin ********** nömrə ilə xx.xx.2021-ci ildə qeydiyata alınmış ona məxsus olan 2/4 hissəsinin həmin çıxarışa əsasən Cavabdeh1 və ilkin mülkiyyətçisi X14, faktiki sahibi Cavabdeh2 aid olan hissəsindən natura formasında ayrılması və ona məxsus olan hissəni müəyyən etməklə ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hal-hazırda qeyd olunan evdə o, öz ailəsi ilə, Cavabdeh1 və onun oğlu Cavabdeh2 öz ailəsi ilə birlikdə yaşayır. Onların üçünün evi bir ünvanda olsa da onun payına düşən ev ayrıca dam altında yerləşir, ayrıca hasara alınmışdır, qapısı və giriş çıxışı da ayrıdır, o, nənəsindən miras qalmış evin qanuni sahibidir, evin yerləşdiyi torpaq sahəsi də qanuni istifadəsindədir. Hazırda öz şəxsi məqsədləri üçün evin ona aid olan hissəsinə o, sərəncam verə bilmir və həmin hissəyə də ayrıca çıxarış ala bilmir. O, qeyd etmişdir ki, həm onun evi, həm də cavabdehlərin evinin küçəyə çıxışları ayrıdır. Evlər bir damın altında deyillər. Tamam ayrı-ayrı evlərdir. O, ünvan 1 ünvanda yerləşən ümumilikdə 193, 50 kv.m. ölçüdə olan evin ********** nömrə ilə xx.xx.2021-ci ildə qeydiyata alınmış ona məxsus olan 2/4 hissəsinin həmin çıxarışa əsasən Cavabdeh1 və ilkin mülkiyyətçisi X14, faktiki sahibi Cavabdeh2 aid olan hissəsindən natura formasında ayrılması və ona məxsus olan hissəni müəyyən etməklə ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 noyabr 2022-ci il tarixli, 2(010)-1873/2022 saylı qətnaməsi ilə (hakim Qasımov Anar) iddia tələbi rədd edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə obyektiv həqiqətin aşkar olunması üçün işin bütün faktiki halları araşdırılmamış, məhkəmə yalnız ekspert rəyini əsas götürərək qətnamə qəbul etmişdir. Halbuki, Аzərbаycаn Rеspubliкаsı Mülкi Prоsеssuаl Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspert rəyi məhkəmə ücün məcburi deyildir. İş materiallarından görünür ki, hal-hazırda qeyd olunan evdə o, öz ailəsi ilə, Cavabdeh1 və onun oğlu Cavabdeh2 öz ailəsi ilə birlikdə yaşayır. Onların üçünün də evi bir ünvanda olsa da onun payına düşən ev ayrıca dam altında yerləşir, ayrıca hasara alınmışdır, qapısı və giriş çıxışı da ayrıdır, o, nənəsindən miras qalmış evin qanuni sahibidir, evin yerləşdiyi torpaq sahəsi də qanuni istifadəsindədir. Hazırda evin yerləşdiyi torpaq sahəsi də qanuni istifadəsindədir. Hazırda öz şəxsi məqsədləri üçün evin ona aid olan hissəsinə sərəncam verə bilmir və həmin hissəyə də ayrıca çıxarış ala bilmir. Evlər bir damın altında deyillər. Tamam ayrı-ayrı evlərdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini medafiə edərək onun təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında Cavabdeh1 Cavabdeh2 onunla birlikdə yaşadığını, iddiaçının da evinin ayrıca olduğunu, faktiki vəziyyətə uyğun olaraq bölünməyə razı olduğunu bildirdi.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərni bildirməmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.

12. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

13. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya şikayəttinin məzmunundan göründüyü kimi, cavabdeh qətnamənin məhz iddianın təmin olunmuş hissəsinə münasibətdə ləğv olunmasını istəyir.

20. İddiaçı qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsassızdır. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. İş materiallarında olan iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmir Nizaməddin küçəsində yerləşən 16 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə İddiaçı 2/4 hissə, Cavabdeh1 ¼ hissə və hüquq sahibinin adı X19, faktiki Cavabdeh2 istifadəsində olan ¼ hissəsi açıq qalan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır.

24. İş materallarında olan iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 oktyabr 2022-ci il tarixli 10/5251 saylı ekpertiza rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmir Nizaməddin küçəsində yerləşən 16 nömrəli fərdi yaşayış evinin, ümumilikdə, 193.50 kv.m olan evin İddiaçı payı 2/4 hissə, Cavabdeh1 payı ¼ hissə və Cavabdeh2 payı ¼ hissə olmaqla, payların naturada ayrılması təcrid mənzillər şəklində bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.9, bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.

25. Apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 07 aprel 2023-cü il tarixli 10/843 saylı ekpertiza rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmir Nizaməddin küçəsində yerləşən 16 nömrəli fərdi yaşayış evin faktiki olaraq qeyri-bərabər olmaqla iki hissəyə bölündüyünü, iddiaçının faktiki istifadəsində olan tikililərin ümumi sahəsinin payına düşən sahəyə uyğun olmadığını nəzərə alaraq, sözügedən fərdi yaşayış evinin İddiaçı 2/4 hissə, Cavabdeh1 payı ¼ hissə olmaqla, payların naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2,9 bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafq olaraq texniki cəhətdən mümkün deyildir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının daşınmaz əmlaka olan 2/4 payının naturada ayrılması mümkün olmadığından iddia tələbi təmin edilə bilməz.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

27. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutulmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimlədndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olubolmamasına bağlı deyildir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. 16 noyabr 2022-ci il tarixli, 2(010)-1873/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli manat) İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar