Məhkəmə qərarları › İş №2(103)-10970/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10970/2021

04.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10970/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “tikilinin şəxsi vəsait hesabına sökülməsi faktının müəyyən olunması və tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “tikilinin şəxsi vəsait hesabına sökülməsi faktının müəyyən olunması və tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmış, qərardad belə əsaslandırılmışdır ki, iddia ərizəsində cavabdehin dəqiq ünvanı və telefon nömrəsi göstərilməmiş, iddiaçı cavabdehin ailə üzvlərinə qarşı tələb irəli sürsə də, bu şəxslərin kimlər olduğunu, onların adlarını və ünvanlarını qeyd etməmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, nə iddia ərizəsinə əlavə edilməli olan sənədlərin siyahısının sadalandığı Mülki Prosessual Məcəllənin 150-ci maddəsində cavabdehin telefon nömrəsi ilə bağlı məlumatın bu sənədlər arasında yer almalı olduğu, nə də iddia ərizəsinin geri qaytarılması institutunu tənzimləyən 152-ci maddədə bu cür məlumatın olmamasının ərizənin geri qaytarılmasına əsas təşkil etdiyi nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsi, işdə iştirak edən şəxslərin adlarının, onların yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) haqqında məlumatın iddia ərizəsində göstərilməli olmasını tələb edir; iddiaçı isə cavabdehin həm qeydiyyat ünvanını, həm də faktiki yaşayış yerini qeyd etməklə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehin ailə üzvlərinə, yaxud digər şəxslərə qarşı hər hansı tələb irəli sürməmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytardığı zaman prosessual qanunvericiliyin tələbini pozmuş və əsassız nəticəyə gəlmiş, iddiaçının məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olan qanunsuz qərar çıxarmışdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6851/2021 saylı iş üzrə 27 avqust 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar