Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10974/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2665/2021 saylı, 23 avqust 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən avtomobilə vurulmuş 28.100 manat məbləğində ziyanın alınaraq İddiaçı1 verilməsi, cavabdehdən avtomobilin gündəlik kirayəsi üçün 50 manat olmaqla, ümumilikdə 2.450 manat icarə haqqının və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı2 MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2665/2021 saylı, 23 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi - Cavabdeh 16.800 (on altı min səkkiz yüz) manat məbləğində vurulmuş ziyanın əvəzi və iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun 9 (doqquz) manatının tutularaq İddiaçı1 ödənilməsi; iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatın 60 (altmış) manatının Cavabdeh, 40 (qırx) manatının isə İddiaçı1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, o, müqavilə ilə razılaşmaya əsasən İddiaçı2 MMC-dən günlük 50 manat olmaqla avtomobil kirayəyə götürərək istifadə etmişdir. Ona 22.12.2020-ci il tarixdə 3 günlük etibarnamə də verilmişdi. 23.12.2020-ci il tarixdə o, anidən idarəetməni itirərək qəzaya uğradı. Bu qəzanın nəticəsində isə avtomobilə ziyan dəydi. Lakin iddiada və məhkəmə ekspertizasının gəldiyi nəticədəki qədər deyil. Ekspertizanın rəyinə əsasən onun vurduğu ziyanın məbləği 16.800 manat müəyyən edilmişdi ki, bu, faktiki olaraq mümkün deyil. O, elə həmin dəqiqə tanıdığı ustalarla məsləhətləşdi və vurulan ziyanın məbləğinin təxminən 9000-10000 manat arası olacağını müəyyən etdilər. İddiaçı isə həmin məbləğlə razılaşmır. Eyni zamanda, həm aralarındakı müqavilədə, həm də məhkəmə qərarında da öz əksini tapmışdır ki, icarəçi avtomobili idarə edərkən içkili, müxtəlif narkotik vasitələrdən istifadə etmiş vəziyyətdə olarsa və yaxud hadisə zamanı qəza yerindən qaçarsa, bütün məsuliyyət kasko sığortanın deyil, icarəçinin öhdəliyinə qoyulur. O, isə bu halların heç birinə yol verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 675, 700.1, 1096.1, 1097.1-ci maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 9/3371 nömrəli ekspert rəyindən görünür ki, 2014-cü il buraxılışlı “Kia Forte” markalı, **-VN-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 16.800 (21.000 manat – 20%) manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.15 fevral 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçıların nümayəndəsi və vəkili tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı2 digər İddiaçı1 məxsus “Kia Forte” markalı, **-VN-*** dövlət nömrə nişanlı avtomobili 22 dekabr 2020-ci il tarixdə 3 gün müddətinə Cavabdeh istifadəsinə vermiş, 23 dekabr 2020-ci il tarixdə cavabdeh yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobil yararsız vəziyyətə düşmüşdür. İş üzrə keçirilmiş ekspertizanın rəyinə əsasən dəymiş maddi ziyanın məbləği təxminən 16.800 manat məbləğində müəyyən edilir. Hazırda İddiaçı1 28.100 manat məbləğində ziyanın cavabdehdən alınaraq ona ödənilməsini, İddiaçı2 isə 1 günü 50 manat olmaqla 49 gün üçün hesablanmış 2.450 manat məbləğində icarə haqqının cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. İş materiallarından müəyyən olunduğu kimi, cavabdehin təqsirli, hüquqa zidd əməli nəticəsində İddiaçı1 maddi ziyan dəymişdir. Həmin ziyanın məbləği ekspert rəyinə əsasən 16.800 manat məbləğində təşkil edir. Ona görə də məhkəmə, ekspert rəyini mötəbər sübut kimi qəbul edərək belə nəticəyə gəlir ki, iddia tələbi Cavabdeh 28.100 manat ziyanın alınaraq İddiaçı1 ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh 16.800 manat məbləğində vurulmuş ziyanın əvəzi tutularaq İddiaçı1 ödənilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı2 MMC cavabdehə avtomobili günü 50 manat olmaqla icarəyə verdiyini iddia etsədə, icarə haqqının məbləği ilə bağlı tərəflər arasında razılaşmanı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçı avtomobili cavabdehin istifadəsinə 3 gün müddətinə verdiyi təqdirdə, 49 gün üçün ödənilməmiş icarə haqqını tələb edir. Halbuki, avtomobil icarəyə verildiyi günün növbəti günü yararsız hala düşmüş və onun istifadəsi qeyri-mümkün olmuşdur. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin təmin edilən hissədə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdehin İddiaçı1 məxsus avtomobilə zərər vurması işin mübahisəsiz halıdır. Cavabdeh bunu inkar etmir. Mübahisələndirdiyi hal zərərin məbləği ilə bağlıdır. Məhkəmə zərərin məbləğinin müəyyən edilməsi üçün iş üzrə xüsusi biliyə malik şəxsin, yəni ekspertin köməyindən də istifadə etmişdir. Ekspert zərərin məbləği barədə tələb ediləndən xeyli aşağı olması barədə rəy vermişdir. Məhkəmə də tələb ediləni deyil ekspertin müəyyən etdiyi zərər məbləğinin əsas götürərək iddianı qismən təmin etmişdir. Ancaq cavabdeh ekspertiza rəyi ilə müəyyən edilən zərərin məbləğini də qəbul etmir, məsləhətləşdiyi ustaların deməsinə görə zərərin daha az, yəni 9000-10000 olduğunu deyir. Lakin özü də zərərin məbləği barədə hansısa sübutu məhkəməyə təqdim etmir. Çünki, bəyan etdiyi bu halsı sübut etmək yükü artıq onun üzərinə düşür, o, isə mstinad etdiyi halları sübut edə bilmir. Demək, yalınz şikayət xatirinə bu fikirləri səsləndirmək onun həqiqi olduğunu təsdiq etmir və buna görə də bu dəlillər şikayətin təmin edilməsi üçün də əsas ola bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehin mübahisələndirdiyi hissələrdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2665/2021 saylı, 23 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10974/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10974/2021
13.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver