Məhkəmə qərarları › İş №2(103)-110/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-110/2024

24.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-110/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “evə köçürülmə tələbinə dair” və İddiaçı Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Cavabdeh2 nümayəndəsivəkili tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər RİH-nin (keçmiş Əzizbəyov RİH) 2487 sayı xx.xx.1999-cu il tarixli sərəncamı ilə Şüvəlan qəsəbəsində 877 saylı sahədə fərdi ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinə və onun üzərindəki tikiliyə köçürülməsi, Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanmış müqavilə əsasında həmin torpaq sahəsində və üzərindəki tikilidə quraşdırılmış mühafizə siqnalizasiya sisteminin onların hesabına sökülərək ləğv edilməsi, həmin torpaq sahəsi və üzərindəki evdən Cavabdeh3 və ona məxsus əşyaların çıxarılması, həmin torpaq sahəsi və üzərindəki evdən X2 məxsus olan əşyaların çıxarılması, Cavabdeh1 tərəfindən onun həmin torpaq sahəsindən istifadə və sahiblik edilməsinə yaradılan maneələrin aradan qaldırılması və hər hansı maneə yaratmağın ona qadağan edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, yalnız Cavabdeh2 cavabdeh qismində qeyd etməklə sözügedən torpaq sahəsində inşa olunmuş 125 kv.m sahədən ibarət 4 otaqlı evə (tikiliyə) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(003)-2595/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və F.F.Babayev) iddiaçının apellyasiya şikayəti tam, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia təmin olunmuş, iddiaçının Bakı şəhəri, Xəzər rayon İHB-nın 30 dekabr 1999-cu il tarixli, 2487 saylı sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 877 saylı sahədə fərdi ev tikmək üçün ona ayrılmış 1200 kv.metr torpaq sahəsində inşa edilmiş 4 otaqlı, 125 kv.metr sahədən ibarət evə (tikiliyə) köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2(102)-5514/2022 saylı qətnaməsi ilə (hakimlər İ.Xəlilov (məruzəçi), M.Əhmədova və Ə.Əliyevdən ibarət tərkibdə) Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 mart 2022-ci il tarixli 2(103)-1193/2022 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İddiaçı Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması tələbinə dair” mülki işdən görünür ki, İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon İcra Hakimiyyətinin Nümayəndəliyi tərəfindən ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsindəki 877 saylı ümümi sahəsi 1200 kv.m olan torpaq sahəsində və orada inşa edilmiş evdə ölçü işləri aparılmasına maneənin aradan qaldırılaraq həyət qapısının açılaraq şəraitin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-234/2023 nömrəli 08 may 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işlərin birləşdirilməsi qərara alınmışdır. Hazırda Cavabdeh2 nümayəndəsi-vəkili ərizə ünvanlayaraq İddiaçı “evə (tikiliyə) köçürülmə” və “maneənin aradan qaldırılması, həyət qapısının açılaraq sxem çəkilməsinə şəraitin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə bir icraatda birləşdirilmiş işin icraatına xitam verilməsi məsələsinə baxılmasını xahiş edərək, göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsində (sədrlik edən hakim Aytən Oruczadə) işə baxılarkən İddiaçı məhkəməyə notarial qaydada təsdiqlənmiş rəsmi ərizə təqdim edərək cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışın verilməsi” tələbinə dair iddiasından və apellyasiya şikayətindən imtina etmişdir və bu səbəbdən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə işin icraatına xitam verilmişdir. Eyni zamanda, İddiaçı “evə (tikiliyə) köçürülmə” və “maneənin aradan qaldırılması, həyət qapısının açılaraq sxem çəkilməsinə şəraitin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə Xəzər Rayon Məhkəməsində verilmiş iddialarından və həmin işlər üzrə məhkəmə qətnamələrindən vermiş olduğu apellyasiya şikayətlərindən də imtina etməsinə dair notarial qaydada təsdiqlənmiş ərizələr vermişdir. Həmçinin, İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük Sovxozunda 1200 kv.metr torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 2487 nömrəli sərəncamındn imtina edərək onun ləğv edilməsi barədə Xəzər Rayon İcra Hakimiyyətinə rəsmi notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili ərizənin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı (nümayəndə) məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Təqdim edilmiş iddiaçı tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədə göstərilmişdir ki, hazırki mülki iş üzrə tərəfindən Cavabdeh2 qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmış “evə köçürülməyə dair” tələbi ilə bağlı 2(003)-2595/2021 nömrəli və “maneələrin aradan qaldırılmasına dair” tələbi üzrə 2(003)-234/2023 nömrəli mülki işlərə baxılması Bakı Apellyasiya Məhkəməsinin icraatındadır və hər iki iş apellyasiya məhkəməsində bir icraatda birləşdirilmişdir. Məhkəməyə bu ərizə ilə rəsmi olaraq bildirir ki, o, Cavabdeh2 qarşı hər iki iddiasından, yəni “evə köçürülməyə dair” və “maneələrin aradan qaldırılmasına dair” tələblərindən və həmin işlər üzrə tərəfindən verdiyi hər iki apellyasiya şikayətlərindən də imtina edir. Kollegiya iddiaçının iddiadan imtina barədə ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qəbul edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnamələri ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina qəbul olunmalı, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamələr ləğv edilməli və hər iki iddia üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş iddiadan imtina qəbul edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(003)-2595/2021 saylı qətnaməsi ləğv edilsin və İddiaçı Cavabdeh2 qarşı “evə köçürülmə tələbinə dair” mülki iş üzrə icraata xitam verilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(003)-234/2023 nömrəli qətnaməsi ləğv edilsin və İddiaçı Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar