Məhkəmə qərarları › İş №2(103)-11029/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11029/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11029/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6273/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6273/2021 saylı, 21.09.2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, iddiaçıya göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin yazıldığı tarix (07.09.2021) üçün, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən 07.09.2021-ci il tarixində 30,40 (otuz, 40) manat miqdarında dövlət rüsumu ödənilmiş və iddia ərizəsinə əlavə edilən sənədlərlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6273/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin dəlillərini müdafiə edərək əlavə olaraq bildirdi ki, iddia ərizəsi birinci instansiya məhkəməsinə göndərilərkən, dövlət rüsumu ödənilmiş və iddia ərizəsinə qoşma edilməklə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, kollegiya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Kollegiya izahatı dinləyib, apellyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqla hesab etmişdir ki, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmadığına görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Kollegiya aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsinin “qoşma” hissəsində dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin olduğu qeyd edilsə də, Nəsimi Rayon Məhkəməsinin dəftərxana işçiləri tərəfindən tərtib edilmiş 14.09.2021-ci il tarixli akta əsasən Nəsimi Rayon Məhkəməsinə "xxxx" ASC tərəfindən poçt vasitəsilə daxil olmuş zərf açılan zaman iddia ərizəsində dövlət rüsumunun aşkar edilmədiyi məlum olmuşdur. Lakin şikayətə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, dövlət rüsumu 07.09.2021-ci il tarixdə ödənilmişdir, iddia ərizəsi isə birinci instansiya məhkəməsinə 14.09.2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı tərəfindən dövlət rüsumu, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən qabaq ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki şikayət təmin edilməklə, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə iddia ərizəsinin icraata qəbul edilmə məsələsinin yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6273/2021 saylı, 21 sentyabr 2021ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş iddia ərizəsinin icraata qəbul edilmə məsələsinin yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar