Məhkəmə qərarları › İş №2(103)-1103/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1103/2022

11.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1103/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3 və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-129/2021 saylı, 24.08.2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən paylı mülkiyyət hüququ ilə ona və Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən evin bazar qiymətinə uyğun olaraq dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi və ya bu mümkün olmadıqda isə fərdi yaşayış evinin açıq hərracda satılaraq, əldə edilmiş pul məbləğinin cavabdeh və onun arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Daha sonra, iddiaçı məhkəməyə ərizə verib iddia tələbini dəqiqləşdirərək məhkəmədən paylı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 39 ünvanında yerləşən evin naturada bölünməsi və əgər naturada bölünmə mümkün olmadıqda ona çatacaq payın açıq hərracdan satılaraq əldə edilmiş gəlirin cavabdehlə aralarında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ev xüsusi və paylı mülkiyyət hüququ ilə 1/2 payda ona, 1/2 payda Cavabdeh məxsusdur. Lakin bu gün cavabdeh mülkiyyətlərində olan evə dair hüquqlarının həyata keçirilməsinə qərəzli maneə yaradır. Belə ki, hal-hazırda o, həmin evdə cavabdehlə birlikdə yaşaya bilmir. Ona görə ki, həmin evdə cavabdehdən başqa onun ailə üzvləri də yaşayır. Ona görə də o, nə həmin evdə cavabdehlə və ailə üzvləri ilə birlikdə yaşaya bilir, nə də ki, özünə düşən payın əsl dəyərinə uyğun pul məbləğini cavabdehdən ala bilir. Bu isə onun mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Belə ki, mübahisəli ev mərhum atasına məxsus olmuş, qanuni əsaslarla evə payı tanınmışdır. Onun cavabdehlə və onun ailəsi ilə yaşaması mümkün deyil. Başqa yaşayış üçün yeri yoxdur. O, dəfələrlə cavabdehə ya onun cavabdehə pul ödəməsi, ya da cavabdehin ona pul ödəməsi yolu ilə mübahisəni həll etməyi təklif etsə də cavabdeh onu qane edən məbləği deyil, ona düşən paya bugünkü bazar qiymətindən olduqca az məbləğ təklif edir. O, bu məbləğlə razılaşmamış və cavabdehə bundan da artıq məbləğ təklif etmişdir. Lakin cavabdeh bu şərtlə razılaşmamışdır. Bu isə onun (iddiaçının) vəziyyətini daha da çətinləşdirir. Məsələnin belə açıq qalması onun yox, tamamilə cavabdehin mənafeyinə xidmət edir. Buna görə də o, cavabdehlə paylı mülkiyyətində olan evin satılmasını və bundan əldə edilən pula özü üçün başqa yerdə ev və ya mənzil almaq istəyir. Hal-hazırda o, həmin fərdi yaşayış evinin məhkəmə tərəfindən indiki bazar qiyməti ilə qiymətləndirilməsini, ona çatacaq pul məbləğinin cavabdeh tərəfindən ona ödənilməsini, o da mümkün olmadığı halda açıq hərracda satılmasını və ona düşən paydan özünə şəxsi mənzil almağa nail olmaq istəyir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-129/2021 saylı, 24.08.2021-ci il tarixli qətnaməsi ilə iddiа təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı 45500 (qırx beş min beş yüz) manat məbləğində kompensasiya ödənilməsi və bu kompensasiya müqabilində İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 13 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərindəki payının ayrılması, İddiaçı kompensasiyanı aldığı andan ümumi əmlakdakı paya hüquqununun itirmiş hesab edilməsi qət edilmişdir (sədrlik edən: Səlimə Miriyeva). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Bakıxanov küçəsi ev 13 (yeni qaydalarla ünvan 4 ünvanında yerləşən 202.9 kv. metr sahəsi olan, 3 (üç) otaqdan ibarət fərdi yaşayış evi 1/2 hiisəsədə cavabdehin və 1/2 hissədə iddiaçı Mirzəyeva (əvvəlki soyadı Osmanova) Səbinə Mirzə qızının paylı mülkiyyətindədir. Onların həmin evə paylı mülkiyyət hüququ 12.02.2019-cu ildə Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışla tam təsdiq olunur. İddiaçı cavabdehin qardaşı qızıdır. Həmin ev əvvəllər iddiaçının atasına məxsus olmuşdur. Ailə həyatı qurandan sonra iddiaçı öz ailəsi ilə birgə ailəsinə məxsus olan və başqa ünvanda yerləşən evində yaşayır. Ölən günə kimi isə iddiaçının atasına, yəni cavabdehin dayısı Mirzəyə özü baxmış, onun bütün problemlərini özü həll etmiş, onun bütün qayğılarını özü çəkmişdir. Bu səbəbdən də ölməmişdən əvvəl iddiaçının atası 39 saylı evi qızına, yəni iddiaçıya yox, cavabdehə vəsiyyət etmişdir. İddiaçı sonradan notariusa müraciət edərək həmin evdən məcburi pay tələb etmiş və ondan sonra 39 saylı ev üzərində payı müəyyən edilmişdir. İddiaçı hazırda da ailəsi ilə birgə öz evlərində yaşayır. Uzun müddətdir ki, 39 saylı evdə yalnız cavabdeh öz ailə üzvlərimlə birgə yaşayır. Evin bütün kommunal xərclərini cavabdeh ödəyir. Evlə bağlı bütün problemləri cavabdeh və ailə üzvləri həll edir və evin bütün cari təmir işlərini də cavabdeh və ailə üzvləri edirlər. İddiaçı gəlib 39 saylı evdə yaşamasına nə cavabdehin, nə də ailə üzvlərimin heç bir etirazı yoxdur. Lakin o, həmin evə gəlib yaşamaq istəmir. Cavabdehin və ailəsinin başqa yerdə evi yoxdur. Yeganə yaşayış yeri həmin evdir. Cavabdehə paylı mülkiyyət hüququ ilə məxsus olan 39 saylı evin 55000-60.000 (əlli beş,altmış min) manat məbləğində qiyməti ancaq olar. Ondan artıq dəyəri yoxdur. Cavabdeh iddiaçıya 39 saylı evdəki payına görə indiyə kimi dəfələrlə 25.000 (iyirmi beş min) manat pul təklif etmişdir. Lakin o, bu məbləğlə razılaşmır. Cavabdehdən 60.000-70.000 manat məbləğində pul tələb edir. Cavabdehin isə həmin məbləği ona verməyə maddi imkanı yoxdur. Məhkəmədə də iddiaçı izahat verən zaman payına görə ən azından 60.000-70-000 manat məbləğində kompensasiya tələb etmişdir. Onun bu tələbindən sonra məhkəmədə izahat verən zaman cavabdehinnümayəndəsi X4, eyni zamanda nümayəndəsi və vəkili Vəkil1 məhkəmənin nəzər və diqqətinə çatdırmışdır ki, iddaçıya istədiyi məbləğdə kpompensasiya verməyə heç cür imkanı yoxdur və ona daha kompensasiya vermək istəmir.Əgər evin naturada bölünməsi mümkündürsə ev bərabər paylarla onıların arasında bölünsün, əgər evin naturada bölünməsi mümkün olmayacaqsa, onda həmin ev açıq hərracda satılsın və satışdan alınan məbləğ bərabər şəkildə bölünsün. İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində və iddia ərizəsinə verdiyi dəqiqləşmədə paylı mülkiyyət hüququ ilə ona və cavabdehə məxsus olan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Bakıxanov küçəsi ev 39 ünvanında yerləşən evin naturada bölünməsi və evin naturada bölünməsi mümkün olmadıqda, həmin evin açıq hərracdan satılmasını, satışdan əldə edilmiş gəlirin tərəflər arasında bərabər şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə də işə baxılan zaman İddiaçı verdiyi iddianı müdafiə etmiş, payına görə ona ən azından 60.000-70.000 manat məbləğində kompensasiyanın ödənilcəyi təqdirdə payından imtina edəcəyini, 60.000-70.000 manatdan az kompensasiyanın ona ödənilməsi ilə razı olmadığını və həmin məbləğdən az kompensasiya istəmədiyini bildirmiş, paylı mülkiyyət hüququ ilə mənə və ona məxsus olan 39 saylı mənzilin naturada bölünməsi mümkün olmayacağı təqdirdə həmin evin açıq hərrac yollu ilə satılmasını və əldə olunacaq məbləğin aralarında bərabər şəkildə bölünməsini məhkəmədən tələb etmişdir. Suraxanı rayon məhkəməsi isə çıxarmış olduğu 24.08.2021-ci il tarixli qətnamədə həm cavabdehin, həm də iddaçı İddiaçı dediklərini təhrif edərək qətnamədə qeyd etmişdir. Belə ki, qətnamənin 5-ci səhifəsinin 5-ci abzasında məhkəmə qeyd etmişdir ki, məhkəmə iclaslarında iştirak etmiş iddiaçının evin bazar qiymətinə uyğun olaraq payına münasib pul kompensasiyasının cavabdeh tərəfindən ona ödənilməsinə heç bir etirazı olmamışdır. Eləcə də cavabdeh tərəf də evin bazar qiymətinə uyğun iddiaçının payına mütənasib kompensasiya ödənməyə hazır olduqlarını bildirmişdir. Göründüyü kimi iddiaçı payına uyğun kompensasiya almağa, cavabdeh də bu kompensasiyanı verməyə razıdır. Qətnamədə bu barədə yazılanlarla cavabdeh qətiyyən razı deyil. Ona görə ki, həm cavabdehin, həm də iddiaçının məhkəmədə dedikləri fikirlər əhəmiyyətli dərəcədə təhrif edilərək qətnamədə yazılmış və sonda isə mənkəmə tam qanunsuz və əsassız olaraq cavabdehdən iddiaçının xeyrinə 45.500 (qırx beş min beş yüz ) manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul etmişdir. Belə ki, evin naturada bölünməsinin mümkün olmaması məlum olandan, həmçinin iddiaçı ilə cavabdeh kompensasiyanın məbləği barədə razılışa bilməyəndən sonra hər ikisi paylı mülkiyyət hüququ ilə onlara məxsus olan evin açıq hərracdan satılıb əldə olunan vəsaitin bərabər şəkildə aralarında bölünməsini məhkəmədən tələb və xahiş etmişlər. Lakin işə baxan məhkəmə bunları nəzərə almamış, istədiyi kimi hərəkət etmişdir. Bü cür hərəkət etməklə işə baxan məhkəmə qanunun tələblərini ciddi və kobud şəkildə pozmuş, səlahiyyətlərini aşmışdır. Belə ki, iddiaçı tərəfindən verilən iddia ərizəsində kompensasiyanın ödənilməsi barədə tələb irəli sürülməmiş, məhkəmədə də izahat verən zaman ən azından ona 60.000-70.000 manat məbləğində kompensasiya verilməyəcəyi təqdirdə kompensasiya istəmədiyini, evin açıq hərracda satılmasını və əldə ediləcək məbləğin bərabər paylarla mənimlə onun arasında bölünməsini tələb etmişdi. Eynilə cavabdehin nümayəndələri və vəkili də məhkəmədə izahat verən zaman iddiaçının tələb etdiyi məbləği ona ödəməyə maddi imkanının olmadığını, ona görə də kompensasiya ödəmək istəmədiyini, 39 saylı evin hərracda satılmasını və əldə ediləcək məbləğin aralarında bərabər şəkildə bölünməsini tələb və xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb irəli sürmədiyi halda, iddia tələbinin həddlərindən kənara çıxmış, məhkəmə öz təşəbbüsü ilə məcburi şəkildə cavabdehdən iddiaçının xeyrinə 45000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə tam qanunsuz və əsassız qərar qəbul etmişdir. Bu isə kökündən qanuna zidd olan bir haldır. Ona görə də çıxarılmış qətnamə qanuni və əsaslı sayıla bilməz və ləğv olunmalıdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili H.Hacıbalayev apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 13 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 202.9 m2 sahəsi olan fərdi yaşayış evi Cavabdeh (1/2 hissədə) və X5 (1/2 hissədə) paylı mülkiyyətindədir. Hər ikisinin ev üzərində mülkiyyət hüquqları 12.02.2019cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 15.11.2019-cu il tarixdə verilmiş AZ-İ 338447 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarait qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 və X6 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 15.11.2019-cu il tarixdə 430 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Mirzəyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30.04.2021-ci il tarixli, 10/327 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 39 ünvanında yerləşən fərdi yaşayış evinin (yaşayış otaqlarının, sanitar qovşağının, mətbəxin, mansard mərtəbəsinin) yerləşmə vəziyyəti nəzərə alındıqda tədqiq olunan evin İddiaçı məxsus 1/2 hissə payın naturada təcrid mənzillər şəklində bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*nun 2.2-ci bəndinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 01.02.2021-ci il tarixli “fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabat”dan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 13 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hesabatın verildiyi tarixə olan bazar dəyəri 90000 (doxsan min) manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 05.07.2021-ci il tarixli, 300/E nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 39 ünvanında yerləşən yaşayış evinin bazar dəyəri 91000 (doxsan bir min) manat təşkil edir. Hüquqi dəyərləndirmə: Mülki Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə görə, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Birinci instansiya məhkəməsində icraat zamanı ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30.04.2021ci il tarixli, 10/327 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 39 ünvanında yerləşən fərdi yaşayış evinin (yaşayış otaqlarının, sanitar qovşağının, mətbəxin, mansard mərtəbəsinin) yerləşmə vəziyyəti nəzərə alındıqda tədqiq olunan evin İddiaçı məxsus 1/2 hissəsinin naturada təcrid mənzillər şəklində bölünməsinin, İnşaat Norma və Qaydaların 2.08.01.89*-nun 2.2-ci bəndinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, mübahisəli əmlakın naturada bölünməsinin mümkün olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi qənaət işin hallarına və Mülki Məcəllənin tələblərinə uyğun olmuşdur. Daha sonra, birinci instansiya məhkəməsi MMnin 220.3-cü maddəsinə əsasən mübahisəli əmlakın cavabdehin payının dəyərinin iddiaçıya ödənilməsi yolu ilə mülkiyyət hüququna xitam verilməsini qərara almışdır. Bu səbəbdən, əmlakın dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə təyin edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 01.02.2021-ci il tarixli “fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabat”dan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 13 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hesabatın verildiyi tarixə olan bazar dəyəri 90000 (doxsan min) manat təşkil edir. Məhkəmə 90000 manatın 2/1 hissəsinin 45000 manat olmasını nəzərə alaraq, həmin məbləğin cavabdehdən tutulub iddiaçıya ödənilərək mülkiyyət hüququnun itirilməsi qənaətinə gəlmişdir. Lakin, Cavabdeh apellyasiya şikayətində iddiaçıya kompensasiya ödənilməsinə razılıq vermədiyini, onun izahatlarının birinci instansiya məhkəməsi tərəfindən təhrif edildiyini, mübahisəli əmlakın dəyərinin yarısının ondan alınıb iddiaçıya verilməsinə deyil, satılaraq, satışından əldə olunan məbləğin aralarında bölünməsinə razı olduğunu bildirmişdir. Kollegiya cavabdeh tərəfin kompensasiya ödəməsinə razılığının olmamasına dair şikayətində göstərdiyi və məhkəmə prosesi zamanı şikayətində qeyd etdiklərini təsdiqlədiyini nəzərə alaraq hesab edir ki, hazırki mübahisənin həllində MM-nin 220.6-cı maddəsi tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Kollegiya hesab edir ki, cavabdehin kompensasiya məbləğini ödəməyə razılığının olmaması gələcəkdə qətnamənin icrasını mümkünsüz edir. Qeyd edilən hüquq normasının tələbindən də görünür ki, paylı mülkiyyətçi tərəfindən kompensasiya onun razılığı ilə ödənilməlidir. Cavabdehin kompensasiya ödəmək iradəsinin olmaması apellyasiya şikayətində öz əksini tapdığından, kollegiya hesab edir ki, Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən, mübahisəli əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul vəsaiti əmlakın mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə (2/1) bölünməlidir. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 39 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracdan satılaraq, satışdan əldə edilən pul vəsaiti iddiaçı və cavabdehin hər birinin 2/1 hissədə payına mütənasib bölünməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-129/2021 saylı, 24.08.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-129/2021 saylı, 24.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 39 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracdan satılaraq, satışdan əldə olunmuş məbləğ 2/1 hissədə paylarına mütənasib olaraq, İddiaçı və Cavabdeh bərabər qaydada verilsin. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar