Məhkəmə qərarları › İş №2(103)-1103/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1103/2025

10.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1103/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Ləman Elmar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Hərbi Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, e-2(006)-2778/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, X13 Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib 6 il müddətinə, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib 9 il müddətinə, CM-nin 127.2.2ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə, CM-nin 133,2.1, 133.2.3, 133.2.4, 133.2.6cı maddələri ilə təqsirli bilinib 4 il müddətinə, CM-nin 134-cü maddəsi ilə təqsirli bilinib 1 il müddətinə, CM-nin 341.2.1, 341.2.2, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Fuad Ağayevin cəza çəkməsinin əvvəli 19 iyun 2017-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş; X7 CM-nin 125-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 5 il müddətinə, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə, CM-nin 133.2.1, 133.2.3, 133,2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə, CM-nin 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qurban Cümşüdovun cəza çəkməsinin əvvəli 18 iyun 2017-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş; X5 CM-nin 125-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 5 il müddətinə, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə, CM-nin 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəli 18 iyun 2017-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş, mülki iddialar baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Şəfahət İmranovun 04 may 2018-ci il tarixli ********* nömrəli cinayət işi üzrə «Sübutların qiymətləndirilməsi və cinayət təqibinə xitam verilməsi haqqında» qərarından görünür ki, N nömrəli hərbi hissənin 2-ci taborunun sabiq komandiri vəzifəsində, polkovnikleytenant hərbi rütbəsində xidmətdə olmuş mərhum X6 düşmənlə əməkdaşlıq etməsi öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası CM-nin 274-cü və ya digər maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilmədiyindən mərhum X6 barəsində Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı iddia ərizəsində cavabdeh Azərbyacan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına mənəvi zərərə görə onun xeyrinə 1.000.000 manat məbləğində pul tutulması, eləcə də maddi ziyana görə 497.073 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 408.000 manat məbləğində kompensasiya və mənəvi zərərə görə isə 1.000.000 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 497.073 manat məbləğində kompensasiya və mənəvi zərərə görə isə 1.000.000 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı polkovnikleytenant X10 2017-ci ilin mart ayına kimi N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət göstərib. 2017-ci ilin martında ordudan tərxis olunmaq üçün 90 günlük məzuniyyətə buraxılmışdır. Ailəsi ilə birlikdə Qəbələ rayonunda olan zaman 04 may 2017-ci il tarixdə saat təxminən 23.00 radələrində polislər evə gəlmiş, Saleh Qafarovu N saylı hərbi hissənin köhnə qərargah binasına gətirmiş, orada ona qarşı sürülmüş saxta ittihamı etiraf etməsi üçün ağır işgəncələr verilmiş və o, bu səbəbdən vəfat etmişdir. İddiaçının həyat yoldaşı «Tərtər işi» kimi tanınan və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən istintaqı təzələnərək aparılan iş çərçivəsində Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq altında olmuş və verilmiş işgəncə nəticəsində dünyasını dəyişib. Təqsirləndirilən şəxslər X13, X7 və X3 rəis və vəzifəli şəxs kimi bir qrup şəxs halında, silah tətbiq etməklə, müntəzəm olaraq digər şəxsi marağa görə qulluq səlahiyyətlərini aşması və öz qulluq mövqeyindən sui-istifadə etməsi ağır nəticələrə səbəb olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirab, habelə işgəncə verməklə əzab vermiş, icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmiş, ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma və ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmış, aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə insan həyatı üçün təhlükəli olan, sağlamlığın başqa cür pozulmasına və əmək qabliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuş, eləcə də təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə səbəb olmuşlar. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)-7/2019 saylı hökmünə əsasən X13 Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib 6 il müddətinə, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 134cü maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.2.1, 341.2.2. 341.2.3-cü maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X13 qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, X7 Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 133.2.1, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X7 qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin, X5 Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X5 qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)-7/2019 saylı hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hökmdən görünür ki, X6 Cinayət Məcəlləsinin 274-cü və digər maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən 04 may 2018-ci il tarixdə Saleh Qafarov barəsində cinayət təqibinə bəraətverici əsasla, Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Faktiki olaraq Saleh Qafarov 1 (bir) il ərzində CMnin 274-cü və digər maddələri üzrə təqsirləndirilən qismində olub. Müdafiə Nazirliyi iddiaçıya bildirib ki, Saleh Qafarov 2017-ci ilin aprel ayında ordudan tərxis olunub. Müdafiə Nazirliyinin dediyi əsas götürülsə Saleh Qafarov 34 il müddətində pensiya alacaqdı. Belə ki, Saleh Qafarov işgəncə nəticəsində həlak olduğu zaman 40 yaşı var idi. Azərbaycanda orta ömür həddi 74 il olaraq müəyyən edilib. Saleh Qafarov ən azı 34 il yaşayacaqdı. Polkovnik-leytanant olan Saleh Qafarov minimum aylıq 1000 manat pensiya alacaqdı (34 il x 12 = 408 ay). İddiaçıya dəyən maddi ziyanın məbləği 408.000 (dörd yüz səkkiz min) manatdır (408 ay x 1.000 manat). İddiaçının ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı heç şübhəsiz ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilən (hökmdə öz əksini tapan) qanunsuz hərəkətlər nəticəsində ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının ölməsi faktı ilə yanaşı, həmçinin həyat yoldaşının barəsində istər xidmət yoldaşları, istərsə də yaşadıqları rayonda (kənddə) əhali arasında yaranmış mənfi fikir və şübhələr də iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, e-2(006)- 2778/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərə görə 50.000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)-7/2019 saylı hökmü ilə X8 əməllərinə hüquqi qiymət verildiyindən və həmin hökm ona aid hissədə qanuni qüvvəyə mindiyindən, hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Həmin hökmdə göstərilmişdir ki, «051 saylı hərbi hissəsinin hərbi qulluqçusu, ədliyyə mayoru X13 digərləri ilə bir qrup şəxs halında ... Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən Cinayət Prosessual Məcəlləsinin, habelə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş, «Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları»nın və digər rəhbəredici sənədlərin tələblərinə zidd, xidməti vəzifələrinin icrasına aid olmamasına, eləcə də prosessual şəxs olmadığından cinayət təqibi aparmaq, istintaq və prosessual hərəkətləri yerinə yetirmək, təhqiqat və ya istintaq altında olan şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, hərbi prokurorluğa vaxtında məlumat vermədən özbaşına qanunsuz iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış hərbi qulluqçuları sorğu-sual prosesinə məruz qoyması, ... Fuad Ağayevin özünün qismən etirafedici ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla, yəni zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, tanınmaya təqdim etmə, üzləşdirmə, baxış keçirilməsi və ifadənin yerində yoxlanılması haqqında, protokollar, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərlə həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir.» Göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində, ədliyyə mayoru rütbəsində hərbi xidmətdə olarkən rəis və vəzifəli şəxs kimi bir qrup şəxs halında, silah tətbiq etməklə, müntəzəm olaraq digər şəxsi marağa görə, qulluq səlahiyyətini aşmaqla və öz qulluq mövqeyindən sui-istifadə etməklə X13 tərəfindən N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X6 dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə sorğu-sual edilməsinə, sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurulmasına məruz qalması və nəticədə ölməsi işin mübahisəsiz halıdır. Məhkəmə hesab etmişdir ki, baxılan iş üzrə iddiaçının ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı heç şübhəsiz ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilən (hökmdə öz əksini tapan) qanunsuz hərəkətlər nəticəsində ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının ölməsi faktı ilə yanaşı, həmçinin həyat yoldaşının barəsində istər xidmət yoldaşları, istərsə də yaşadıqları ərazidə (şəhərdə, rayonda və s. yaşayış məntəqələri nəzərdə tutulur) əhali arasında yaranmış mənfi fikir və şübhələr də iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçıya mənəvi zərərin vurulması halı öz təsdiqini tapır. Məhkəmə, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddiasının əsaslı olması qənaətinə gəlsə də, zərərin əvəzi olaraq iddia edilən 1.000.000 manat məbləği ağlabatan hesab etməmişdir. Məhkəmə, mənəvi zərərin həcmini müəyyən edərkən iddiaçının (həyat yoldaşının) məruz qaldığı hüquqa zidd əməlin növünü, dərəcəsini, şiddətini, davam etdiyi müddəti, hüquqa zidd əməlin hansı şəraitdə və mühitdə baş verməsini, hüquqa zidd əməlin iddiaçının həyat yoldaşının ölümünə səbəb olmasını və bunun nəticəsində onun keçirdiyi mənəvi sarsıntının və iztirabın dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab etmişdir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 50.000 (əlli min) manat məbləğində pul tutulması ədalətli və ağlabatandır. Odur ki, mənəvi zərərin ödənilməsi tələbi həmin həcmdə təmin olunmalı, qalan hissədə rədd edilməlidir. Məhkəmə göstərilən nəticəyə gələrkən oxşar işlərlə bağlı mənəvi zərərin kompensasiya məbləğinin müəyyən edilməsinə dair vahid məhkəmə təcrübəsinə əsaslanmışdır və hesab etmişdir ki, təyin edilən mənəvi zərərin məbləği Bakı Apellyasiya Məhkəməsinin analoji işlər üzrə təcrübəsinə (misal üçün iddiaçı X2 cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-1481/2022 nömrəli qətnaməsi və s.) uyğundur. Məhkəmə, hazırki halda vurulmuş zərərin ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına, dövlətin bu kimi səlahiyyətlərinin isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirməsinin qanunvericiliklə tənzimlənməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya (onun həyat yoldaşına) qarşı qanunsuz hərəkətlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilsə də, hazırki iddia üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşımır. Belə olan halda zərərin əvəzi dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmalıdır. İddia tələbinin vurulmuş maddi zərərin əvəzinə 497.073 manat məbləğində kompensasiya ödənilməsinə dair hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının qeyd edilən tələbi ehtimallara əsaslanır, mücərrəddir. Belə ki, iddiaçı maddi zərərin vurulması barədə iddia tələbi irəli sürərkən, real tələblərlə (real olaraq sərf edilmiş məsrəflər və s.) çıxış etməmiş, insanın yaş həddi barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik məlumatlarına, həyat yoldaşının bu hadisə səbəbi ilə bağı vəfat etməsəydi müəyyən dövr ərzində pensiya təminatından yararlanacağına və s. barədə ehtimallara əsaslanmışdır. Bu isə iddianın təmin edilməsi üçün qanuni əsas deyil. İddia tələbi konkret olmalı, mötəbər sübutlara dayanmalı, ehtimallar üzərində deyil, real faktlar üzərində qurulmalı və möhkəm hüquqi əsaslara malik olmalıdır. Hazırki iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi tələbi isə qeyd edilən xüsusiyyətlərin heç birinə (mötəbər sübuta, real faktlara, möhkəm hüquqi əsaslara) malik deyil və təmin edilə bilməz. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının tələb etdiyi 1.000.000 manat mənəvi zərər həm özünün, həm də mərhum həyat yoldaşının yaşadığı ağrı acının əvəzidir. Mənəvi zərərə görə ödənilən təzminat ailə üzvünün ölməsi nəticəsində şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılması və pozulan mənəvi tarazlığın bərpa edilməsi üçündür. Təzminat, yaxınını itirməsi nəticəsində şəxsin keçirdiyi sarsıntı və iztirabı unutdurmaq, yaşama sevincindəki azalma və mənəvi narahatlığı aradan qaldırmaq üçün olan mənəvi dəstəkdir. 1.000.000 manat eyni zamanda iddiaçının mərhum ərinə verilmiş bəraətin nəticəsində almalı olduğu kompensasiyadır. Məhkəmə peşəkar zabit, ermənilərlə döyüşlərdə fəal iştirak etmiş, nümunəvi və qüsursuz xidmətlərinə görə dəfələrlə orden və medallarla təltif olunmuş, dövlət orqanının vəzifəli şəxslərinin ağır işgəncələri nəticəsində ölən, özü də “Vətən xaini” kimi ölən, Azərbaycan Silahlı Qüvvələrinin şərəfli zabitinin, mərhum polkovnik-leytenant S.Qafarovun həyat yoldaşının çəkdiyi mənəvi zərəri cəmi 50.000 manat məbləğində dəyərləndirib. Məhkəmə mənəvi təzminatın həcmini müəyyən edərkən iddiaçı ilə mərhum əri arasındakı şəfqət və mənəvi bağlılığın möhkəmliyini, keçirilmiş iztirabın və sarsıntının dərəcəsini nəzərə almayıb. İddiaçının ailəsi gəlirdən məhrum olub, iddiaçı həyat yoldaşını itirib, övladı atasız qalıb. Hakimin daxili inamı ərini itirən, onu artıq şəkillərdə və baş daşında görə biləcək qadın üçün necə bu məbləği ədalətli və ağlabatan hesab edə bilib. Hakimin daxili inamı atasını itirən azyaşlı uşaqları heç düşünməyib. Hakimin qərarı ədalətlilik və mütənasiblik meyarlarına qətiyyən uyğun deyil, ola da bilməz. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı tətbiq etsə də, maddi hüquq normasını səhv təfsir edib. Həmin qərara əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir. Məhkəmə qətnamə qəbul edərkən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əmlak vəziyyətini nəzərə almayıb. Məhkəmə bu işə cavabdehin fiziki şəxs olduğu digər işlər kimi yanaşıb. Halbuki, fiziki şəxsin əmlak vəziyyəti ilə dövlət qurumunun, xüsusilə də ölkənin Maliyyə Nazirliyinin əmlak vəziyyəti eyni ola bilməz. Məhkəmə məhz cavabdehin əmlak vəziyyətini nəzərə alıb iddiaçının mənəvi zərərə görə 1.000.000 manat təzminat tələbini təmin etməli idi. Digər tərəfdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsində hərbi xidmət üçün son yaş həddi 63 olaraq müəyyən edilib. Mərhum S.Qafarov öldüyü zaman 40 yaşında olub. Yaşayacağı təqdirdə ən azı 23 il hərbi xidmət keçəcəkdi və maddi gəliri 341.274 (23 il x 12 ay x 1236,50 manat) manat olacaqdı. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda kişilər üçün gözlənilən ömür uzunluğu 2017-ci il üçün 73.6 yaş müəyyən edilib. Mərhum S.Qafarov 63 yaşında hərbi xidmətdən pensiyaya çıxsa idi, ən azı 13.6 yaş yaşayacaqdı. Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.14.1-ci maddəsinə əsasən, S.Qafarovun 2017-ci il tarixinə təminat xərcliyinin 100 faizi məbləğində pensiya almaq hüququ olub. Yəni, yaşasaydı mərhum S.Qafarovun 10 il yarım pensiya almaq imkanı olacaqdı və 155.799 (10.6 x12 x1236,50 manat) manat gəlir əldə edəcəkdi. Ona görə də iddiaçıya vurulmuş maddi ziyanın ümumi məbləği 497.073 (dörd yüz doxsan yeddi min yetmiş üç) manat təşkil edir. Göründüyü kimi məhkəmə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə tələbi qanunsuz olaraq təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdi. Məhkəmə kollegiyaslnln sonuncu iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının həddi: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Cinayət Prosessual Məcəllə: 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.1. bəraət almış təqsirləndirilən şəxs; 56.0.2. bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs; 56.0.3. Bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs; 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.2. müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 58.3.3. ödənilmiş məhkəmə xərcləri; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği; 58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə. 60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.

63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.

«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz.

Mülki Məcəllə:

21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

Mülki Prosessual Məcəllə:

4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı

«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iddiaçı cavabdeh Azərbyacan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına mənəvi zərərə görə onun xeyrinə 1.000.000 manat məbləğində pul tutulması, eləcə də maddi ziyana görə 497.073 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Hazırda iddiaçı apellyasiya şikayətində bildirir ki, məhkəmə peşəkar zabit, ermənilərlə döyüşlərdə fəal iştirak etmiş, nümunəvi və qüsursuz xidmətlərinə görə dəfələrlə orden və medallarla təltif olunmuş, dövlət orqanının vəzifəli şəxslərinin ağır işgəncələri nəticəsində ölən, özü də “Vətən xaini” kimi ölən, Azərbaycan Silahlı Qüvvələrinin şərəfli zabitinin, mərhum polkovnik-leytenant S.Qafarovun həyat yoldaşının çəkdiyi mənəvi zərəri cəmi 50.000 manat məbləğində dəyərləndirib. Məhkəmə mənəvi təzminatın həcmini müəyyən edərkən iddiaçı ilə mərhum əri arasındakı şəfqət və mənəvi bağlılığın möhkəmliyini, keçirilmiş iztirabın və sarsıntının dərəcəsini nəzərə almayıb. İddiaçının ailəsi gəlirdən məhrum olub, iddiaçı həyat yoldaşını itirib, övladı atasız qalıb. Hakimin daxili inamı ərini itirən, onu artıq şəkillərdə və baş daşında görə biləcək qadın üçün necə bu məbləği ədalətli və ağlabatan hesab edə bilib. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi zərərin vurulmasına dair hissədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində, ədliyyə mayoru rütbəsində hərbi xidmətdə olarkən rəis və vəzifəli şəxs kimi bir qrup şəxs halında, silah tətbiq etməklə, müntəzəm olaraq digər şəxsi marağa görə, qulluq səlahiyyətini aşmaqla və öz qulluq mövqeyindən sui-istifadə etməklə X13 tərəfindən N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X6 dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə sorğu-sual edilməsinə, sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurulmasına məruz qalması və nəticədə ölməsi işin mübahisəsiz halıdır. Göründüyü kimi, baxılan iş üzrə iddiaçının ailə başçısının, yəni həyat yoldaşının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı heç şübhəsiz ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının əsaslı olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzi olaraq cavabdehdən tutulmalı olan məbləği 50.000 manat məbləğində müəyyən etməklə maddi və prosessual hüquq normaların tətbiqində səhvə yol verməmişdir. Belə ki, qanunvericiliyə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi iddiaçının həyat yoldaşının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması (həbsdə qalması, məhkəmə çəkişmələrinə cəlb edilməsi) faktının özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi təzminatın həcmini müəyyən edərkən iddiaçı ilə mərhum əri arasındakı şəfqət və mənəvi bağlılığın möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsini iddiaçının ailəsinin gəlirdən məhrum olması, iddiaçının həyat yoldaşını itirməsi, mühüm və diqqətə layiq halları nəzərə alaraq mənəvi ziyanın həcmini 50.000 manat məbləğində dəyərləndirmişdir. Belə ki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Məhkəmə kollegiyası hüquqazidd əməlin iddiaçının həyat yoldaşının ölümünə səbəb olsa da, iddiaçının (həyat yoldaşının) mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan tələb olunan 1.000.000 manat məbləğində ona vurulmuş mənəvi zərəri aradan qaldıracağının inandırıcı və ağlabatan olmamasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır və qeyd edir ki, məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Eləcə də, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını rəhbər tutmalıdırlar. Həmçinin həmin Qanunun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik hakimə həm araşdırmanın nəticəsi ilə yanaşı sərbəst daxili inam əsasında da qərar qəbul edilməsi səlahiyyəti vermişdir. Kollegiya qeyd edir ki, mənəvi ziyanla bağlı nəticə məhkəmə təcrübələri əsasında formalaşmış hüquqi mövqe əsasında ədalətlilik və mütənasiblik meyarlarına uyğun olmuş, birinci instansiya məhkəməsi mənəvi zərərin həcmini müəyyən edərkən iddiaçının həyat yoldaşının məruz qaldığı hüquqa zidd əməlin növünü, dərəcəsini, şiddətini, davam etdiyi müddəti, hüquqa zidd əməlin hansı şəraitdə və mühitdə baş verməsini, hüquqa zidd əməlin iddiaçının həyat yoldaşının ölümünə səbəb olmasını və bunun nəticəsində onun keçirdiyi mənəvi sarsıntının və iztirabın dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq düzgün olaraq hesab edir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 50.000 (əlli min) manat məbləğində pul tutulması ədalətli və ağlabatandır. Bu baxımdan, məhkəmə kollegiyası mənəvi zərərin həddi ilə bağlı birinci instansiya məhkəməsinin qiymətləndirməsini əsaslı, iddiaçının bu hissədə apellyasiya şikayətinin dəlillərini isə əsassız sayır. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə tələbi qanunsuz olaraq təmin etməməsi kimi dəlili ilə razılaşmır. Belə ki, apellyator bu dəlilini mərhum S.Qafarovun öldüyü zaman 40 yaşında olması və yaşayacağı təqdirdə ən azı 23 il hərbi xidmət keçməsi və maddi gəlirinin 341.274 (23 il x 12 ay x 1236,50 manat) manat olacağı, onun 63 yaşında hərbi xidmətdən pensiyaya çıxsa idi 10 il yarım pensiya almaq imkanı olacağı, və 155.799 (10.6 x12 x1236,50 manat) manat gəlir əldə edəcəyi və buna görə də iddiaçıya vurulmuş maddi ziyanın ümumi məbləği 497.073 (dörd yüz doxsan yeddi min yetmiş üç) manat təşkil etməsi ilə əsaslandırmağa çalışmışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göründüyü kimi, maddi zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olubolmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır. Mənəvi zərərin indeksləşməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə mənəvi ziyanın indeksləşdirilməsi nəzərdə tutulmamışdır (Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Qanunun 3-cü maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı maddi zərərin vurulması barədə iddia tələbi irəli sürərkən, real tələblərlə (real olaraq sərf edilmiş məsrəflər və s.) çıxış etməmiş, insanın yaş həddi barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik məlumatlarına, həyat yoldaşının bu hadisə səbəbi ilə bağı vəfat etməsəydi müəyyən dövr ərzində pensiya təminatından yararlanacağına və s. barədə ehtimallara əsaslanmışdır. Bu isə iddianın göstərilən hissəsində təmin edilməsi üçün qanuni əsas deyildir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, hazırki iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi tələbi qeyd edilən xüsusiyyətlərin heç birinə (mötəbər sübuta, real faktlara, möhkəm hüquqi əsaslara) malik deyil və təmin edilə bilməz. Buna görə də kollegiya iddia tələbini vurulmuş maddi zərərin əvəzinə 497.073 manat məbləğində kompensasiya ödənilməsinə dair hissəsinə rədd edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. Məhkəmə kollegiyası iddiaçı tərəfin kollegiyayının iclasında istinad etdiyi analoji işlər üzrə mənəvi zərər məbləğinə aid hissədə 50.000 manatdan yuxarı məbləğdə qətnamə qəbul edilməsi ilə bağlı dəlillərinə qiymət verərək hesab edir ki, qeyd edilən qətnamə mövcud olduğu təqdirdə belə həmin iş üzrə işin halları fərqli ola və hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməyə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, e-2(006)- 2778/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar