Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11038/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pulun tutulması, ipoteka qoyulmuş əmlaka tələb yönəldilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi və mənzildən çıxarılmaları» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-85/2021 saylı iş üzrə qəbul etdiyi 17 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və məhkəməyə müraciət edərək, LPO İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 noyabr 2016-cı il tarixli 453/E saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 62.844 manat əsas borc, 22.947 manat 96 qəpik faiz, 5.000 manat cərimə olmaqla, cəmi 90.791 manat 96 qəpik pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi; tutmanın İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan 25 noyabr 2016-cı il tarixli 453/EG saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 579 nömrəli reyestr kitabının 53269 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri Nərimanov rayonu X1 prospektində mülkiyyətində olan, 0,11737 ha torpaq sahəsində yerləşən 31 nömrəli 9 mərtəbəli binada yerləşən 54,0 m2 ümumi sahədən ibarət 4 otaqlı 14 nömrəli mənzilə yönəldilərək açıq hərracdan satılıb borcun ödənilməsinə yönəldilməsi; qarşılıqlı razılaşma əsasında mənzilin ilkin satış qiymətinin 130.000 manat qiymətləndirilməsi; qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi; ən geci bir ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-85/2021 saylı iş üzrə qəbul etdiyi 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, LPO İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında 25 noyabr 2016-cı il tarixli 453/E saylı kredit müqaviləsinə əsasən 61.688 manat 06 qəpik əsas borc, 22.947 manat 96 qəpik faiz, 500 manat cərimə olmaqla, cəmi 85.136 manat 02 qəpik və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X1 prospektində mülkiyyətdə olan, 0,11737 ha torpaq sahəsində yerləşən 31 nömrəli 9 mərtəbəli binada yerləşən 54,0 m2 ümumi sahədən ibarət 4 otaqlı 14 nömrəli mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 135.000 (yüz otuz beş min) manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin LPO İddiaçı ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması, qiymətləndirmə xərci olan 250 manatın Cavabdeh1 tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi, ekspertiza xərci olan 300 manatın Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi və iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 02 noyabr 2015-ci il tarixdə İddiaçı ASC-yə müraciət edərək 70.000 manat kredit götürmək istəmişdir. Aralarında müqavilə bağlanmış və ilik 22 faiz olmaqla həmin bankdan 70.000 manat pul götürmüşdür. Bildirmək istəyir ki, həmin vaxt bir ABŞ dolları 1 man 04 qərik təşkil edirdi. Əvvəlki kreditindən 25.000 manat borc qaldığından faktiki olaraq bank xərclərini çıxdıqdan sonra bankın kassasından 40.000 manat pul almışdır. Müqavilədə hansı səbəbdən 70.000 ABŞ dolları məbləğinin göstərildiyini soruşduqda, bildirdilər ki, guya manat kreditləri yoxdur, ona görə də kreditin məbləğini dollarla göstəriblər. Ancaq, yuxarıda qeyd etdiyi kimi, ona manat lazım idi və bankın kassasından da ona pul manatla verilib. Bundan sonra vaxtı-vaxtında ödənişlərini edirdi. Lakin, bir müddətdən sonra manat devalvasiyaya uğradı və bir dollar 1,70 manata bərəbər oldu. Başa düşdü ki, Bank tərəfindən aldadılmışdır və Bank bilərəkdən manat əvəzinə ona verilmiş krediti ABŞ dolları ilə rəsmiləşdirib. Banka gəlib iradını bildirəndə, ona dedilər ki, yeni müqavilə bağlayacaqlar və dollar kreditini manatla əvəz edəcəklər və həmçinin bildirdilər ki, manat kreditinin illik faizi 18 olacaqdır. Bundan sonra, 25 noyabr 2016-cı il tarixdə onunla 100525 manat məbləğinə yeni kredit müqaviləsi bağlandı. Bir müddət banka krediti vaxtıvaxtında ödəyirdi. Lakin, sonradan çətinliklər ucbatından gecikmələri oldu. Bunun səbəbi olaraq Bank məhkəməyə müraciət etdi. Məhkəmədə sənədlərlə tanış olanda gördü ki, Bank tərəfindən yenə də aldadılmışdır. Belə ki, 25 noyabr 2016-cı ii tarixli müqaviləni bağlayarkən ona deyilmişdi ki, həmin müqaviləni illik 18 faiz olmaqla bağlayırlar, ona görə də müqaviləyə fikir verməmişdir. Lakin, məhkəmə ərəfəsində sənədlərə baxanda gördü ki, müqaviləyə əsasən ona kredit illik 24 faizlə verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər, Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq, xətsə olduğu üçün iclasda iştirak edə bilmədiyini və iclasın təxirə salınmasını xahiş etsə də, bu barədə hər hansı sübut təqdim etmədiyindən, kollegiya tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının Cavabdeh1 münasibətdə yoxlanılması təşkiledir, belə ki, iddia tələbi qismən təmin edilsə də qətnamə iddiaçı tərəfindən mübahisəlndirilməmiş, eləcə də qətnamə digər cavabdehlər tərəfindən də mübahisələndirilməmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.11.2016-cı il tarixli 453/E saylı kredit müqaviləsindən görünür ki, LPO İddiaçı ASC Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 24 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100.525 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 25.11.2016-cı il tarixli 453/EG saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 digər cavabdeh Qubadov Həmzə Məhəmməd oğlu kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Bakı şəhəri Nərimanov rayonu X1 prospektində mülkiyyətində olan, 0,11737 ha torpaq sahəsində yerləşən 31 nömrəli 9 mərtəbəli binada yerləşən 54,0 m2 ümumi sahədən ibarət 4 otaqlı 14 nömrəli mənzilini banka ipotekaya qoymuşdur. Müqaviləsinin 2.3-cü bəndinə əsasən həmin mənzil 130.000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 08.06.2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan bildiriş məktublarından görünür ki, LPO İddiaçı ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə və ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2019-cu il tarixli 16663 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında izahlı maliyyə arayışı məlumatların və 25 noyabr 2016-cı il tarixli 453/E saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 27.02.2019-cu il tarixə (iddia tarixinə) 73.614 manat 42 qəpik: Əsas borc üzrə – 61.688 manat 06 qəpik; Faiz üzrə – 11.926 manat 36 qəpik. Qeyd edilir ki, tərəflər arasında bağlanmış 25 noyabr 2016-cı il tarixli 453/E saylı kredit müqaviləsi üzrə təqdim edilmiş izahlı maliyyə arayışı məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən Cavabdeh1 cərimə hesablanmamışdır. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2020-ci il tarixli 9/484 saylı ekspert rəyindən görünür ki, hazırki ekspertiza tədqiqatı zamanı iş materiallarında olan izahlı maliyyə arayışı məlumatların və 25 noyabr 2016-cı il tarixli 453/E saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 27.02.2019-cu il tarixə (iddia tarixinə) 73.614 manat 42 qəpik: Əsas borc üzrə – 61.688 manat 06 qəpik; Faiz üzrə – 11.926 manat 36 qəpik. 25.11.2019-cu il tarixə (müqavilə müddəti bitən tarixə) 84.636 manat 02 qəpik: Əsas borc üzrə – 61.688 manat 06 qəpik; Faiz üzrə – 22.947 manat 96 qəpik. Qeyd edilir ki, tərəflər arasında bağlanmış 25 noyabr 2016-cı il tarixli 453/E saylı kredit müqaviləsi üzrə təqdim edilmiş izahlı maliyyə arayışı məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən Cavabdeh1 cərimə hesablanmamışdır. "xxxx" MMC-nin 13.04.2021-ci il tarixli rəyindən (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, ipoteka predmeti olan mənzilin hazırda likvid qiyməti 135.000 (yüz otuz beş min) manat təşkil edir. Qiymətləndirmə xərci 250 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Həmin hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Digər tərəfdən göründüyü kimi borclu Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan LPO İddiaçı ASC ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, borcalanın maddi vəziyyətinin pisləşmiş olması iddiaçı qarşısında yaranmış öhdəliklərindən onu azad etmir. Digər tərəfdən Cavabdeh1 iddiaçı tərəfindən aldadılaraq, ilk öncə “manat” krediti eləcə də sonradan kredit müqaviləsinin illik faiz dərəcəsinin 18 faiz kimi razılaşdırmalarını qeyd etsə də bu həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmiş, qətnamənin Cavabdeh1 münasibətdə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-85/2021 saylı iş üzrə qəbul etdiyi 17 may 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-11038/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11038/2021
01.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver