Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11046/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(002)-244/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, “Opel Astra” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 443 manat sığorta ödənişi və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Chevrolet Aveo” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobil AE332538 nömrəli şəhadətnamə əsasında 03.03.2016-ci il tarixdən 02.03.2017-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh 10.10.2016-cı il tarixdə saat 13:20 radələrində Bakı şəhəri Binəqədi rayonu, Biləcəri dairəsi ilə idarə etdiyi “Chevrolet Aveo" markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır, nəticədə “Opel Astra” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə 443 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə DİN Binəqədi RPİ-nin DYPŞ tərəfindən qeydə alınmış, araşdırma nəticəsində cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında KYP 566785 nömrəli Protokol tərtib olunmuşdur. “Opel Astra" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 443 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən avtomobilə dəymiş zərər 443 manat məbləğində pul vəsaiti zərərçəkənin bank hesabına ödənilmişdir Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(002)- 244/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmiş və ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi, ekspertiza xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki iddia tələbi ilə, yəni vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı iddia müddəti ümumi iddia müddətinə aiddir, bu müddət isə 10 ildir. Məhkəmə isə 3 illik iddia müddətini tətbiq etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən **-OV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Aveo” markalı avtomobili Cavabdeh idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Opel Astra” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı **-BX-*** dövlt qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bununla yanaşı, Cavabdeh barəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Həmçinin cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, o, hadisə yerindən yayınmışdır. İş materiallarından məlum olur ki, “Chevrolet Aveo” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r və Cavabdeh adına nəqliyyat vasitəsinin idarə edilməsinə dair 06.02.2023-cü il tarixədək etibarnamə verilmişdir. 20.10.2016-cı il tarixli arayışın məzmunundan görünür ki, “Opel Astra” markalı **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində qabaq bufer, sağ qanad hissələrinə zərər vurulmuşdur. 106 nömrəli 08.11.2016-cı il tarixli hesab məlumatından görünür ki, “Opel Astra” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı ehtiyat hissələri 85 manat, təmir xərci 358 manat olmaqla, ümumi ödənilməli məbləğ 443 manat məbləğ təşkil edir. İş materiallarında olan qüsur aktının məzmunundan aydın olur ki, “Opel Astra ” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 443 manat məbləğidə maddi zərər vurulmuşdur. İş materiallarına əlavə olunmuş 15.11.2016-nı il tarixli sığorta aktından görünür ki, “Opel Astra” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 443 manat məbləğində zərər vurulmuşdur. 15 noyabr 2016-cı il tarixli ödəniş tapşırığının məzmunundan aydın olur ki, 443 manat məbləğində pul vəsaiti 08.11.16-cı il tarixli akta əsasən zərərin ödənişi qismində "xxxx" ASC tərəfindən X2 ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin 9/604 nömrəli rəyinin məzmunundan aydın olur ki, “Opel Astra” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 443 manat müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsində isə göstərilmişdir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilirsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Qanunun 63.1-cü maddəsinə əsasən həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinin tələbinə görə yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İşin müəyyən edilmiş hallarına görə sığorta haqqında qanunvericiliyin tələbinə əsasən sığorta ödənişini həyata keçirmiş iddiaçının yol nəqliyyat hadisəsini törətmiş və hadisə yerindən yayınmış olan cavabdehdə qarşı sığorta ödənişinə dair subroqasiya hüququ yarandığından, iddiaçının hazırki tələbi qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə təqdim edilmiş, məhkəmə də belə nəticəyə gəlmişdir ki, tərəflər arasında sığorta müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır, mülki qanunvericiliyin tələbinə əsasən isə müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan, hazırki mülki iş üzrə iddiaçı tərəfindən mülki qnaunvericiliklə müəyyən edilmiş üç illik iddia müddəti ötürülmüşdür. Kollegiya qeyd edir ki, məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, hazırki halda öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəldiyi üçün bu cür iddialara Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti (10 il) şamil edilir. Belə olan halda da iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi aydın olur. Məhkəmə Kollegiyasi qeyd edilən hüquq normalarına əsaslanaraq hesab edir ki, sığorta ödənişi vermiş iddiaçı subroqasiya qaydasında sığorta ödənişini tələb etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-244/2021 saylı iş üzrə 16 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 443 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11046/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11046/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver